III
Deyilməyə görə usta Ağabala Əli-Əsgər ağa ilə siğə qardaş imiş və Ağa Ustanın xətrini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da və’d etmiş imiş. Bir gün axşam çağı usta Ağabala evə gələndə arvadına dedi: Ə, bilirsən nə var?
(Usta Ağabala arvadını adı ilə çağırmağa utanardı. Həmçinin arvad da ona «Ağabala» deməyə utanardı. Onun üçün bir-birini «Ə!» deyib çağırardılar. Birdən gördün quzu mələşən kibi səs gəldi, onda bilirdin ki, usta ilə arvadı söhbətə məşğuldurlar).
Arvad cavabında:
– Ə, nə var?
– Ə, vallah qorxuram deməyə.
– Yox qorxma!
– A kişi, vallah qorxuram!
Arvad qorxa-qorxa:
– A başı daşdının oğlu, yoxsa vay xəbəri gətirmisən?
– Yox a kişi yox! Belə işdir amma vallah… Burada arvad kişinin sözünü kəsib.
– Ə indi mən sənin əlindən almıyacağam ki, de görüm nə tapmısan?
Usta bu sözlərdən sonra ətrafa diqqət ilə nəzər yetirib başını arvada tərəf əydi və yavaş səs ilə:
– Ə, bax heç kəsə demə ha Ağa-Əli-Əsgər-ağa…
Kişi bir az duruxub geri çəkildi.
– Ə, sən də elə çox çörək yeyirsən ki, heç səndən gözüm su içmir!
Arvad donuxmuş,
– A kişi, dəli olmamısan, çörək nədir? De görüm yoxsa qardaşlarımın başına bir şey gəlib!
– Ə-yox!
– Ə bəs nə var de görüm?
Usta bu səfər bir az cür’ət ilə başını arvada tərəf əydi və yenə cəld çəkib dedi
– Vallah sən də elə çox çörək yeyirsən ki, elə deyəcəksən mənə buğda, mənə buğda! İkimizi də sürüyüb Adam ilə Həvva kibi, çölə salacaqlar!
Arvad yenə bir şey başa düşmüyüb kişinin dəli olmağından şübhələndi.
– A kişi cin zad vurub ağlını zadını şaşdırmıyıb ki, hədərən pədərən danışırsan, buğda nədir?
Usta bir az fikirə gedib sonra acıqlı, «vallah sən çörəyi çox yeyirsən, mən sənin oduna yana bilmərəm» deyib evdən çıxdıqda arvad cəld yüyürüb onu dutdu.
– A kişi dəli olmamısan de görüm nə demək istəyirsən?
– Yox vallah deməyəcəyəm!
– Ə sən allah!
– Vallah deməyəcəyəm!
– Yox deyəcəksən!
– Hə mən sənə deyəcəyəm, oraya gedəndə elə arvadlığına salıb deyəcəksən, mənə buğda, mənə buğda.
– A kişi dəli olmamısan, bircə de görüm nə olub?
Çox deyişdikdən sonra, kişi arvadını müxbir etdi. Arvad, əllərini biribirinə çırpıb, həddən artıq şadlıq ilə:
– Bıy, bunda nə var, vallah çörək yemə deyərlər yeməram. Deyirəm görəsən nə deyəcək? Bir də orada yeməb yoxdur ha, orada, hər bir şeyi iyliyib doyurlar.
Kişi papağını alnına yeridib, gülə-gülə:
– Amma arvad keyfimiz olacaq ha!
– Deyirəm, ə həmişə orada olacayıq dayna?
– Həmişə, həmişə belə keyf var keyf.
Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu;
– Ə bircə burda otur, səndən bir iki söz xəbər alacağam. Bircə de görüm, orada da çəhrə yun zad var, yoxsa…
– Yox a kişi, heç zad yoxdur, yaxşı huri ğılman belə şeylər var. Belə keyf! Özü də ayrı adamları oyara qoymazlar, biz ağanın səbəbinə gedəcəyik: ya özü aparacaq, ya qəbz verəcək. Heç kəsə demə ha!
«Qəbz» sözündə arvad bir az fikirə getdi:
«Behişt imdi bir hamam kibi yerdir. Necə ki isti su hovuzunun qapısına camadar qoyurlar ki, arvadlar suyu dağıtmasın, imdi orada da qapıya bir adam qoyacaqlar ki, içəri erməni və ya rus girməsin. Biz ki, ağanın qəbzini göstərəcəyik, onda qapını açıb bizi içəri buraxacaqlar…»
Burada arvad dadlı bir gülümsəndi və üzünü usta Ağabalaya dutub sual etdi:
– Ə orada yə’ni deyirsən ğılman zadda var dayna?
Kişi acıqlı cavab verdi ki, var.
– Ə sən atanın goru, acığın dutmasın bircə də görüm bəs onlar nə yeyir?
– Arvadın başı olmaz, budur də! onlar neyniyir yeməyi, onların özünü yeyirlər, xa-xa-xa!
– A kişi vallah ağanın macalı olmaz dalınca o qədər adam gedəcək ki, onda vallah qıl körpüdən keçə bilmərik, hamımız təküllük (dilim ağzım qurusun) cəhənnəmə!…
Hmmm! Allahu-əkbər, deyir Ağa-Əli-Əsgər-ağanın yanında biz cəhənnəmə düşəcəyik. Ə istiğfar elə, qoyarmı, düşək. Vallah yüz min adam ola düşmərik, elə bir əbasının ucu bizdə olsa bəsimizdir.
– Vallah a kişi yaxşısı budur ki, elə bir kağız versin. Bax sənə və’də verib, vaxtkən get al, sonra yadından çıxar!
Arvadın bu sözləri deyəsən usta Ağabalanın ağlına batdı: bir az saqqalını tumarlayıb dedi:
– Onda gərək gedim qabaqca hamama, yoxsa napak almaq olmaz.
Arvad cavabında:
– Yaxşı, nə edirsən elə amma bir az tez get?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-cennetin-qebzi-iii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
KamalOnun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
Soyuq busəHə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.
“Fokusnik”dənŞərq nağılıYaqubun arvadı ona deyir:
Стихи других поэтов
Qarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Şikayətin sonuZalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,