Şaqqulunun xeyir işi
Страница 1 из 3
Payız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər gölgə kibi görünürdülər. Səs, küy yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan əzan səsi gəlirdi. Bir az keçib, qaranlıq düşdü; küçədən gedən adamların da ayağının şappıltısı kəsildi: xalq evlərinə çəkildi. Nalbənd Kərbəlayı Qurban da dükanını bağlıyıb «halva bazar»dan evə gəldi. Küçə qapısını yumuruq ilə döyüb, deyirdi:
– Köpək oğlunun yerində elə bil tufan qopub!
Və bərk-bərk kürkə bürünürdü. Kərbəlayının arvadı, Nənə xanım səsə qapının dalına gəlib, soruşdu:
– Kimsən?
Kərbəlayı acıqlı səs ilə cavab verdi:
– Hələ kimsən də deyir, axmaq qızı axmaq! Tez ol qapını aç soyuq məni kəsdi!..
Nənə xanım qapını açıb, qayıtdı evə. Kərbəlayı Qurban da içəridə başmaqlarını çıxardıb, sitildiyə, sitildiyə qaçıb, evin ortasındakı ocağın qırağında oturdu və başladı əllərini qaynayan pitinin buğunda qızdırmağa. Soyuq kişini belə vurmuşdu ki heç oğlu Şaqqulunun evdə olmamağını da anlamırdı. Kərbəlayı Qurban əllərini qızdırıb ayaqlarını da ocağın qırağına uzatdı, və pitini iki qılçasının arasına aldı. Görünürdü ki, kərbəlayı bir balaca qızışmışdı; çünki isti vurdukca burnunun suyu dayanmırdı, kişini təngə gətirirdi. Axırda başını əyib, ocağın qırağına burnunu belə bərk sildi ki kül duman kibi qalxıb, Nənə xanımın başına töküldü.
– A kişi, dəli olmamısan, nə qayırırsan?
– Eh! axmaq qızı axmaq! Məyər çöldən xəbərin yoxdur; köpək oğlunun yerində elə bil tufan qopub!
Bir azdan sonra kərbəlayı dəstəmazdan ötrü su istədi. Nənə xanım soyuğa baxmayıb, getdi həyətə quyudan su çəkməyə. Kərbəlayı Qurban bir az bikar qalıb, sonra başladı köynəyinin qoltuqlarındakı və ətəklərindəki cücülərdən daşıyıb, ocağın qırağında qırmağa. Biçara heyvanlar ocağın qırağında pərakəndə olub, hər tərəfə qaçışırdılarsa da, yenə kərbəlayının dırnağına rast gəlib, zəif canlarını ona qurban edirdilər.
Nənə xanım suyu gətirib, aftabada küncə qoydu və palasları geri qatladı. Kərbəlayı durub küncdə dəstəmaz aldı, və cəld namaz qılıb, arvada tapşırdı bozbaşı çəksin. Arvad dedi:
– A kişi, bircə səbr elə qoy oğlun da gəlsin, bir yerdə yeyək, cümə axşamıdır elə ölülərimizin də ruhu şad gedər.
Nənə xanımın sözü kişinin ağlına batdı; sakit gəldi ocağın qırağında oturub, fikrə getdi və bir iki dəqiqədə başını tərpədib, üzünü arvada çöyürüb, başladı:
– Belə olmaz, gecənin yarısına kibi gəzməzlər, nəyə demirsən «oğul, vaxtında evə gəl»?
– Nəyə gəlsin, a kişi? Evdə nə var? Qoy cahıldır gəzsin! Evə gətirib, ev toyğu qayırmıyacaqsan ki?
– Qandı da, qandı da! Axmaq qızı axmaq! Mən sənə demirəm ki gətir ev toyğu qayır. Deyirəm ki gündüz bikar-bikar dükanlar qabağında gəzdiyi bəsdir: gündüz qumarxanalarda küllənib, evin şeylərini aparıb uduzduğu kifayət elər. Barı, gecə olanda xarabaya tez qayıtsın...
– Uduzmağının sənə dəxli yoxdur! Sənin şeyini aparmır ki; öz atam evindən gətirdiyim şeylərdir. Özüm verirəm ki aparıb, nə eliyir eləsin, təki qəm yeyib, ürəyinə xal salmasın. Bircə ondan savayı, kimim var: elə əkib, biçdiyim odur, tayna. Bu da məktəbə qoymaq oldu ki, başını böyüdəsən....
– Heç bilirsən, Nənə xanım, mənim başıma nə gətirdin? İstəmişəm məktəbə qoyam qaradan başı çıxsın-demisən: vay bircədir oxuyar ürəyi qısılar, ölər; məktəbdən çıxarmışam. İstəmişəm sənətə qoyum ki, avara qalmasın-demisən ki o neylir sənəti, cavan uşaqdı, qoy böyüsün. İndi də belə, Nənə xanım? İndi də belə?.. qoyarsan ki murtəd qızı, murtəd, oğlum mənim sözümə baxsın; onu eləmisən mənə düşman...
– Yaxşı eləmişəm! Bir də yaxşı eləmişəm; əlimin də içindən gəlib. Ağzını təmiz saxla!
Kərbəlayı Qurban durub, «köpək qızının cavabına bax» deyə-deyə Nənə xanımın başına bir neçə yumuruq vurdu və istədi belinə də bir iki təpik salsın.... ayağı pitiyə ilişib bozbaşı ocağa tökdü. Bir dəqiqədə kül və tüstü evi bürüdü....
Sabah kərbəlayı Qurban tezdən durub, namaz da qılmamış istədi bazara getsin, arvad onu tutub dedi:
– A kişi, evdə çay, qənd yoxdur. Pul ver aldırım.
Kərbəlayı arvadı geri itəliyib, söyə-söyə evdən çıxdı. Nənə xanım bir az fikirə gedib, pəncərənin qabağına yeridi – gün çıxıb, ağacların başına şəfəq salmışdı; hava təmiz və çox soyuq idi. Bir də geri qayıtdı, əsniyə-əsniyə dalına bir çirkli və cırıq yorğan salıb, oturdu. Ocağın halına baxdıqca gecəki işlər Nənə xanımın yadına düşürdü və öz özünə deyirdi:
– Şaqqulunun gəzməyinin üstə mənim başıma çox iş gələcək... bir yana da baxanda kişi pis demir: «Gəzən ayağa daş dəyər». Gərək daha yavaş-yavaş onun ipini çəkəm. Özünün də avara gəzdiyi bəsdir; gedim bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Onun başına cilov keçəndən sonra mən də rahat olaram; daha kişinin kötəyini yemərəm. Həmi də gəlini olmaq da elə bir yaxşı işdir. Dünya da ölüm, itim, dünyasıdır; bəlkə azarladım, bəlkə başıma bir iş gəldi; onda mənə kim qulaq asar. Gəlinim olmasa, damın oltında qalasıyam ki qalasıyam!...
Bu halda qapı açılıb, Şaqqulu içəri girdi. Şaqqulu iyirmi üç yaşında bir oğlan idi. Uzun burnu soyuqdan qızarmışdı, və xırda gözləri yorğun baxırdılar. Nənə xanım oğlunu görəndə yerindən atılıb, başladı:
– Bıy, ay, balam, haradasan? Nəyə bikefsən, qurban olum?
Şaqqulu evi görəndə mat qaldı: bir tərəfdə çirkli mütəkkələr tökülüb, bir tərəfdə palaslar qovzanmışdı, və ocağın ortasında piti yıxılıb, bozbaşın ətləri külə tökülmüşdü.
– Yenə yoxsa kişi ilə dava-dalaş eləmisiniz, ay, nənə! Nə üstə oldu de görüm?
– Nə üstə olacaq, sənin üstündə! Deyir niyə gecələr gəzir... Şaqqulu acıqlanıb nənəsinin sözünü kəsdi:
– Onluq nə var? Gəzirəm özümə. Vallah boğazını quş boğazı kibi üzərəm!
Şaqqulu yuxusuz olmağa görə paltarlı yerə uzandı, üstünə bir çirkli yorğan çəkib, gözlərini yumdu və bir də başını qovzuyub, «vallah boğazını quş boğazı kibi üzərəm» deyib, yatdı.
Bir neçə vaxt keçdi. Payız qurtardı. Qışda yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Bahar yavıqlaşdı: dağlar, səhralar yuxudan ayılıb, göyərməyə başladı; ağaclar çiçək açdı; hava qızdı. Nənə xanım da evdə oturmurdu: cəhrəsini çıxardıb, həyətdə armıd ağacının dibində qurmuşdu; axşamadək vızıldadırdı. Kərbəlayı Qurban isə getməyəndə həyətdə bir yerdə çay da içirdilər və çay içəndə fikirlərindən çox çox şeylər də keçirdi. Məsələn: arvad deyirdi:
– A kişi, heç bir Şaqqulunu evləndirmədin axır.
Kişi də ona cavab verirdi:
– Doğrudan arvad bir halal süd əmmişini tapsa idin yaxşı olardı.
Bir gün yenə söhbət vaxtı Nənə xanım dedi:
– Ay kişi, ömür getdi, gün getdi, bircə toy eləmədin. Allaha heç rəva deyil ki mənim taylarım hamama gedən də buxçasını, gəlini gətürsün, canın sürtsün, yuyundursun, çıxanda da başmağını cütləsin; amma mənim gəlinim olmasın! Yox, belə olmaz, gərək Şaqqulunu evləndirək.
Bunun cavabında Kərbəlayı Qurban soruşdu:
– De görüm sandığında nəyin var?
– Ay kişi, atayın goru haqqı, heç zadım yoxdur. Nəyim var ki, ay başı daşlının oğlu.
– Mənim özün bilirsən ki heç zadım yoxdur. Bəs nə qayıraq?
Bir neçə dəqiqə fikrə gedəndən sonra birdən Nənə xanım əllərini qovzuyub dedi:
– Tapmışam! Bir artıq palazımız var onu satak toy eliyək.
Kərbəlayı Qurban çubuğu doldurub, almışdı ağzına və hərdən bir hayxırıb, ağacın dibinə tüpürürdü və arvadın sözünə qulaq asmıyıb, deyirdi:
– Axı, mən də kişiyəm, qoy bir fikir eliyim.
Və sonra şahadət barmağını alnına qoyub, və gözünün altınca arvada baxırdı:
– Bilirsən nə var, yoxsa yox?
Nənə xanım soruşdu:
– Nə var, ay kişi?
– Hələ dur, – dedi və neçə vaxtdan sonra: – arvad da olsan yaxşı fikir eləmisən... ya... xşı.... fi.... kir... di. Satak getsin! Mən palazı satım, sən də sabah məşşatəni tap, götür get qız axtarmağa. Bildin?
– Neyəcə bilmədim, ay kişi!
Sabah ertə idi. Gün təzəcə çıxmışdı. Gözləri şeh ilə dolmuş çiçəklər yavaş-yavaş açılırdılar. Armıd ağacının dibində palas salınıb və üstə çirkdən qaralmış bir samavar qaynayırdı.
Kərbəlayı Qurban, Nənə xanım və bir ayrı arvad oturmuşdular.
Bu arvad gödə boy, adətdən kanar yoğun bir adam idi. Başı ağ, üzü qırışmış, burnunun qabağı da həmişə burnotu çəkməkdən göy olurdu. Bunun sənəti məşşatəlik idi. Yeri düşəndə noxud ilə fala da baxırdı; çəpçülükdə də mahir idi. Belə camaat arasında məşhur olmuşdu ki, yanına tez-tez azarlı da gətirirdilər. Bunlara məşşatə baxıb, deyirdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-saqqulunun-xeyir-isi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
BİR CAVANIN DƏFTƏRİ*22 mayis, 1905. Deyəsən atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör atam nə deyir:
MillətpərəstlərMəşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:– Qızım, sən kimin qızısan?
VətənMənsur şeirPəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...
HərracBöyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:
Стихи других поэтов
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.