Əminə xanım nə qədər səbrli-qərarlıydısa, nə qədər hərəkətsiziydisə, Bəşir müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə qərar tuta bilməyən, civə kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını əyninə geyib tez-tez həyətə düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə gəzirdi. Bu kişinin şakəri hinin qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib:

– Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə.

Bəşir müəllim Ağababaya deyirdi:

– Əşşi, toyuqların da dadı qaçıb indi. Ələlbət, belədir! Sənin canın üçün, –

Bəşir müəllim ətli, qalın dodaqlarını qabağa çıxarırdı, guya ki, Bəşir müəllimin bu sözlərinə etiraz eləyən var – bay, dünya-aləm canına qurban sənin, bizim rayonda toyuqlar vardı, dünyanın hansı rəngini deyirsən, bu toyuqlarda idi. Ələlbət! İndi

hərdən yolum düşür o tərəflərə, ələlbət, baxıb görürəm ki, həyət-baca ağappaq

inkubator toyuqlarıdı! Noldu, ə, o toyuqlar, pah ataynan! Ə, belə də müsibət olar?! Ə, toyuq da vermişel supu yeyər?!

Hərdən Bəşir müəllim həyətdəki tutun altındakı taxta skamyada otururdu və qollarını geniş açıb sərinləyirdi. Bəşir müəllimin xüsusi sərinləmə qaydası var idi, o da bundan ibarət idi ki, Bəşir müəllim bir nazik stəkan dolu arağı birdən çəkirdi

başına, sonra otururdu həyətdəki taxta skamyada, çünki Bəşir müəllim deyirdi ki, belə isti havalarda gərək adamın xarici kimi, daxili də isti olsun və guya onda adam yaxşıca sərinləyir. Bəşir müəllim çox danışırdı, çünki çox danışmasaydı, skamyanın üstündə beləcə dinc otura bilməzdi.

Bəşir müəllim Ağababaya deyirdi:

– Atam, – Allah ölənlərinə rəhmət eləsin, – üç şey vəsiyyət eləmişdi mənə ki, gizlətmək lazımdır. Ələlbət, üç şey! Birincisi bu idi ki, pulunu gizlət! Ələlbət, gizlət, çünki pul düşmən qazandıran şeydi, kimin nəyinə gərəkdi sənin nəyin var?! İkincisi, ələlbət, arvadını gizlət! Üçüncüsü də bu idi ki, səfərini gizlət! Ələlbət, gizlət! Şamaxıya gedirsənsə, ələlbət, de ki, Şəkiyə gedirəm, qoy səni Şəkidə axtarsınlar, ələlbət, Şəkidə pussunlar səni!..

Ağababa Bəşir müəllimin üzünə baxa bilmirdi, çünki əvvəllərdə dediyimiz kimi, Bəşir müəllim başına və bığına rəng qoyurdu, özündən də həmişə ətir iyi gəlirdi və Ağababanın belə şeylərdən xoşu gəlmirdi; hər halda, bu rəng və ətir məsələsinin Ağababaya dəxli yox idi, çünki bu, Bəşir müəllimin öz işi idi, özü bilərdi, amma bir iş də var idi ki, bu lap betər idi və bunun dolayı yolla Ağababaya da dəxli var idi, çünki Bəşir müəllim və Bəşir müəllimin arvadı Ağababanın evində yaşayırdılar və onlar gərək bu evdə təmiz yaşayaydılar.

Ağababa Bəşir müəllimin öz pulunu və səfərini gizlətməsi barədə bir söz deyə bilməzdi, amma o ki, qaldı arvada, Kələntər müəllimin Bəşir müəllimgilə tez-tez gəlib-getməsindən Ağababanın heç xoşu gəlmirdi. Əlbəttə, burası məlum idi ki, Kələntər müəllim ona görə hər gün bura gəlib-gedir ki, Bəşir müəllimin oğlunu instituta düzəldirdi, dostluq xatirinə, ya bir başqa işə görə, özləri bilərdi, bunun Ağababaya dəxli yox idi, amma Kələntər müəllimin hərdən Əminə xanımın arxasınca baxmasından Ağababanın heç xoşu gəlmirdi və burasından da Ağababanın heç xoşu gəlmirdi ki, deyəsən, Əminə xanımın özü də Kələntər müəllimin bu baxışlarının, udqunub-udqunub iri hulqumunun aşağı-yuxarı getməsinin mənasını başa düşürdü.

Ağababa və ümümiyyətlə, bu tərəflərin kişiləri elə adamlardı ki, hər şeyə dözərdilər, amma namus məsələsində heç bir şeyə dözməzdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов