Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələri
Qış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.
Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
– Bax, armud ağacı!
– Bax, alma ağacı!
– Bax, alça ağacı!
Həyətdə bostan da var idi. Bostanda qarğıdalı əkmişdilər, pomidor, xiyar əkmişdilər, amma bunların arasında bir dənə də gül uzanmışdı, saplağı elə uzun idi, bir Günay, bir də Humay – ikisi boyda! Özü qoğal kimi girdə idi, sapsarı ləçəkləri var idi və Günayla Humay bilmirdi ki, bu boy-buxunda, bu uzunluğunda, bu girdəliyində, bu sarılığında bu nə güldü belə?
Günay soruşdu:
– Bu nə güldü?
Günayın anası dedi:
– Yox, bu gül deyil, Günay, bu günəbaxandı. Yəqin bostana bir dənə toxumu düşüb, beləcə uzanıb...
Humay təəccüblə çiyinlərini çəkdi:
– Günəbaxan nədi?
Düzdü, Günay da bilmirdi ki, günəbaxan belə olur, amma Günay bilirdi ki, günəbaxan nədi, çünki Günay yaman çoxbilən qız idi, axı Günay, zarafat deyil ha, ikinci sinifə keçmişdi!..
Günay tez dedi:
– Humay, günəbaxan bilirsən nədi? Bax, biz ki, hərdən tum çırtlayırıq ha, günəbaxan odu, bildin?
Humay başını tərpətdi:
– Hə, hə, bildim! Tez onu çırtdayaq!
Axı, Humay hələ balaca idi. Axı, Humayın hələ cəmi-cümlətanı beş yaşı var idi. Günayla Humayın anası dedi:
– Yox, Humay, günəbaxan hələ gərək lap böyüsün, yetişsin, sonra dərərik, tumlarını çıxardarıq, tavada qovurarıq, bir yerdə oturub çırtlayarsız. Amma qabığını yerə tökməzsiz ha!
Bundan sonra Günayla Humay hər gün həmin tək günəbaxanın dibinə su tökdülər.
Humay balaca beli ilə hər gün günəbaxanın dibini bellədi, Günay tez-tez baxdı ki, keçilər, buzovlar gəlib onların bu günəbaxanını yeməsin.
Günəbaxan hər gün bir balaca, hər gün bir balaca böyüyürdü, lap yekə olurdu... Günayla Humay hər gün səhər tezdən yuxudan duran kimi ən birinci yerlərindən boylanıb pəncərədən həmin günəbaxana baxırdı.
Günlər keçdi, günəbaxan yekə, lap yekə, lap gözəl bir günəbaxan oldu. Qapqara iri tumları var idi.
Bakıya qayıtmaqlarına iki gün qalmış Günayla Humayın anası dedi:
– Bu gün günəbaxanı dərəcəyik!
Humay qışqırdı:
– Ay can, ay ca-an!..
Günay dedi:
– Yaxşı da, Humay, bərkdən qışqırma...
Günay belə dedi, çünki Günayın həmin günəbaxana bir az yazığı gəlirdi...
Günəbaxanı dərdilər, Günayla Humay günəbaxanın tumlarını çıxartdılar, anaları günəbaxanın tumlarını tavada qovurdu. Günayla Humay hərəsi bir nəlbəki gətirdi, anaları qovrulmuş tumu yarıya bölüb nəlbəkiləri doldurdu.
Günayla Humay çoxdan bəri gözlədikləri qovrulmuş isti tumdan bir ovuc götürüb həyətə qaçdılar ki, ləzzətlə çırtlasınlar.
Bir az keçdi.
Birdən Günayla Humay qaça-qaça evə gəldilər.
– Biz tumları cücələrə verdik!
Anaları güldü.
– Axı, cücələr tum yeməz...
Həyətdəki hində qırt toyuğun yeddi cücəsi var idi. Cücələr dörd gün idi yumurtadan çıxmışdılar, lap balaca idilər. Hər birisi bir yumurta boyda idi, təkcə nazik qılçaları, cıqqılı da ayaqları var idi. Belə bapbalaca cücələr iri tum dənələrini necə yeyə bilərdi?
Günay, Humay ikisi də bir ağızdan dedi:
– Cücələrə anaları tum verir. Gəl, bax!.. Gəl, bax!..
Günayla Humay anaları ilə birlikdə hinin qabağına gəldilər, açıq pəncərədən içəri baxdılar.
Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəzişirdi, cücələri də civildəyə-civildəyə onun dalınca qaçışırdı. Qırt toyuq hinin açıq pəncərəsindən adam görüb daha bərkdən qaqqıldadı.
Humay dedi:
– Ay cücələr!.. Ay cücələr!.. Alın!..
Humay hinə bir dənə iri tum atdı.
Qırt toyuq qaqqıldaya-qaqqıldaya gəlib dimdiyi ilə həmin tumu yerdən götürdü. Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə, itələşə-itələşə analarının qabağına yığışdı.
Qırt toyuq dimdiyinin ucundakı tumun qabığını sındırdı, tumun ağ ləpəsi sıçrayıb yerə düşdü. Cücələr yenə civildəşə-civildəşə, itələşə-itələşə ağ ləpənin üstünə qaçışdı, amma ağ ləpə iri idi, bərk idi. Qırt toyuq qaqqıldaya-qaqqıldaya ağ ləpəni təzədən dimdiyinə aldı, sonra ağ ləpəni dimdiyində əzə-əzə xırdaladı, yerə səpələdi. Cücələr bircə göz qırpımında tum ləpəsinin qırıntılarını dimdikləyib yedilər.
Humay qışqırdı:
– Gördün!
Bu dəfə Günay hinə bir tum atdı və cücələr bu tumun da ləpəsini beləcə yedilər. Qırt toyuq başını qaldırıb pəncərəyə baxırdı, cücələr civildəşirdi, tum ləpəsi, deyəsən, cücələrin yaman xoşuna gəlmişdi və qırt toyuq da qaqqıldaya-qaqqıldaya elə bil deyirdi ki, ay qızlar, nə durmusuz, görürsünüz tumun ləpələri balalarımın necə xoşuna gəlir, yenə verin də!..
Günay dedi:
– Mən öz tumlarımın hamısını cücələrə verəcəyəm!
Humay da dedi:
– Mən də tumlarımın hamısını cücələrə verəcəyəm!..
Günay ovcundakı tumların hamısını bir-bir cücələrə atdı. Humay da ovcundakı tumların hamısını bir-bir cücələrə atdı, təkcə bir dəfə dedi:
– Günay, olar mən özüm də bir dənə tum yeyim?
Günay Humaya baxdı, başını buladı, dərindən nəfəs aldı və dedi:
– Yaxşı, Humay, bir dənəsini ye...
Nə etmək olardı, Humay hələ balaca idi də... O da cücələr kimi, tum ləpəsi yemək istəyirdi...
Sonra Günayla Humay cücələrə yenə tum gətirdilər, sonra yenə gətirdilər və beləcə tumların hamısını cücələrə verdilər. Humay özü isə, doğrudan da, ancaq bircə dənə tum çırtladı.
Cücələr başlarını qaldırıb hinin açıq pəncərəsinə baxırdı. Günayla Humayı görən kimi, bərkdən civildəşməyə başlayırdı, yəni ki, yaxşı tumdu, biz yenə istəyirik!..
Ancaq hayıf ki, o günəbaxan cəmi bircə dənə idi...
Sonra Günayla Humay anaları ilə birlikdə, ataları ilə birlikdə Bakıya qayıtdılar. Sonra yay qurtardı, payız gəldi, ağacların yarpaqları saraldı, yağışlar yağdı, quşlar uçub isti ölkələrə getdi, təkcə sərçələr yağışın altında islanıb civildəyə-civildəyə soyuqdan şikayət etdi, sonra qış gəldi, qar yağdı, amma o qovrulmuş tum ləpəsi yeyən balaca cücələr heç vaxt Günayla Humayın yadından çıxmırdı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-gunay-humay-bir-dene-gunebaxan-ve-qirt-toyugun-cuceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
VII fəsilBakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
VIII fəsilİş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?