Страница 4 из 10 · 30%

Bu vaxt hardansa birdən-birə fotoqraf Əbülfəz peyda oldu, elə bil, qəbirlərdən birinin içindən çıxdı və o saat da fotoaparatı gözünün qabağına tutub bulağın yanında Əbdül Qafarzadə ilə Molla Əsədullanın şəklini çəkdi:

– Çox gözəl dayanmışdız, Əbdül Orduxanoviç, əsl bədii foto olacaq! Bir azdan gətirib sizə verəcəyəm!

Molla Əsədullanın o ikibaşlı sözlərindən sonra, fotoqraf Əbülfəzin birdən-birə beləcə peyda olması və onların şəklini çəkməsi iki gün bundan əvvəl Əbdül Qafarzadəyə pis təsir etdi. Əbdül Qafarzadə, ümumiyyətlə, şəkil çəkdirməyi xoşlamırdı, şəkil çəkdirdiyi anlarda, elə bil ki, gələcəyin təəssüfünü, gələcəkdəki yoxluğu hiss edirdi: haçansa kimsə bu şəklə baxıb deyəcək: «–Bu, Molla Əsədulladır, əclafın, alçağın biri idi, indi yəqin sümükləri də çürüyüb qəbirdə!.. Gorbagor olsun! Yetim-yesirin puluyla bəslədi özünü də, uşaqlarını da... Bu da Əbdül Qafarzadədi, bir vaxtlar Bakıda Tülkü Gəldi Qəbiristanlığı var idi, həmin qəbiristanlığın müdiri idi...»

Sonra nə deyəcəkdilər?

Gör fikir onu hara aparıb çıxartdı...

Hə, sonra, sonra nə deyəcəklər?

İki gün bundan əvvəlki o görüşü niyə indi beləcə yadına saldı?

Həmin aprel günü Əbdül Qafarzadə az qala qaça-qaça özünü bu bulağa yetirdi, çeşməyini tələsik gözündən çıxartdı, ovcunu su ilə doldurub üç-dörd dəfə üzünə çırpdı, yaş əlini boynuna-boğazına çəkdi. Bulağın suyu elə bil ki, o qumu yuyub apardı, o quruluq hissinə də bir nəmlik gətirdi, elə bil, qumu malaya çevirdi (dəfn mərasimi zamanı qəbirlərin üstünü, bax, belə mala ilə hamarlayırdılar), Əbdül Qafarzadənin fikrinə, rəyinə bir genişlik gətirdi və kişi elə bil, bir balaca özünə gəldi; bayaqkı o gözlənilməz (və xoşagəlməz) hissin – həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə, professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi ilə bu qəbir daşları arasındakı yaxınlıq, doğmalıq hissinin ürəyində özünə yer tapmış çöküntüsü də, deyəsən, yavaş-yavaş yox olub gedirdi...

Ancaq... Sonra, sonra nə deyəcəklər?

– Nə deyəcəklər?..

Əbdül Qafarzadə həmişə birdən-birə qəflətən doğan bu cür suallardan qaçırdı və bu dəfə də tələsik fikirləşdi ki, mollalar açıq-aşkar qudurub; düzdü, indi keşişlər də mollalardan geri qalmırdı, neçə il idi ki, Əbdül Qafarzadəgilin qonşuluğunda bir keşiş yaşayırdı, səhərdən axşamacan araq içib qarımış bacısı ilə söyüşürdü, amma Tülkü Gəldi Qəbiristanlığına keşiş gəlmirdi, molla gəlirdi və bulaqdan uzaqlaşıb qəbiristanlığın içinə doğru gedən Əbdül Qafarzadə fikirləşdi ki, bu mollaların (Molla Əsədulla qarışıq) dərsini vermək lazımdı, onları daha artıq sıxmaq lazımdı, lap sıxıb sularını çıxarmaq lazımdır.

Əbdül Qafarzadə, əlbəttə, mollaları yaddan çıxarmamışdı və bu işi çilingər Ağakərimə tapşırmışdı. Çilingər Ağakərim hər bazar günü Tülkü Gəldi Qəbiristanlığına gəlib-gedən mollaların (təxminən on beş molla idi) hər birindən iyirmi manat pul alırdı və hamısını bir yerə yığıb bazar ertəsi işə gələn Əbdül Qafarzadəyə verirdi, Əbdül Qafarzadə də kefinə düşəndə o pulun üstündən bir dənə, kefinə düşəndə iki dənə, hətta bəzən üç dənə iyirmibeşlik götürüb Ağakərimin cibinə basırdı. Mollaların hər birinin hər həftə verdikləri o iyirmi manat, bir növ, yer pulu idi, verməzdilər, Ağakərim də onları Tülkü Gəldi Qəbiristanlığından qovardı, qoymazdı ki, bir də ayaqlarını bura bassınlar. Mollalar kimə şikayət edəcəkdilər? Heç biri rəsmi molla kimi məsciddə qeyd olunmamışdı, kim idi bu əldəqayırma mollaların şikayətinə baxan? Gedib hökumətə şikayət edəcəkdilər, hökumət də Qəbiristanlıq İdarəsinin müdirinə bir dənə təzə Fəxri Fərman verəcəkdi ki, ictimaiyyətə yad ünsürlərə qarşı yaxşı mübarizə aparırsan! Mollalar bunu yaxşı bilirdi və belə bir soyğunçuluğa görə ürəklərində həm hökuməti, həm də Tülkü Gəldi Qəbiristanlığının sahiblərini söyə-söyə pulu Ağakərimə verirdilər.

İndi əllərini arxasında birləşdirib, sinəsini qabağa verə-verə qəbirlərin arası ilə gedən Əbdül Qafarzadə tamam qət etdi ki, bundan sonra bu lotu-potu mollaların (o cümlədən, Molla Əsədulladan) hər birindən həftədə iyirmi manat yox, otuz manat (hələlik, otuz manat, sonrasına hələ baxacaq...) alacaq, kim də bu pulu vermək istəmədi, it kimi qovduracaq buralardan...

Bu əldəqayırma mollalar, əslində, elə sümsük it kimi bir şey idilər və həftədə gətirib o otuz manatı verməkdən başqa əlacları yox idi. Dilənçiləri də sıxmaq lazım idi... Düzdü, Ağakərim Tülkü Gəldi Qəbiristanlığının daimi dilənçilərindən də həftədə on beş manat pul yığırdı, amma dilənçilər də qudurmuşdular və Əbdül Qafarzadənin eşitdiyinə görə, onlardan biri əvvəllər– inzibati orqanlarda işləmiş Məmmədağa Ələkbərov adlı, arvada oxşayan alçaq gizlincə bir «Jiquli» almışdı (hökumətdən də pensiya alırdı)... Dilənçilərin də vergisini mollalar kimi həftədə otuz manata qaldırmaq lazım idi!..

Əbdül Qafarzadə həmişə qəti bir qərara gələndə özünü yüngül hiss edirdi, indi də belə oldu. Bayaqkı o quruluq hissi keçib getmişdi və Əbdül Qafarzadə Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərin arası ilə addımladıqca başdaşlarına həkk olunmuş şəkillərdə bəzən tanış sifətlər görürdü, gözü tanış adlara sataşırdı – bu adamlardan kiminləsə yaxın, kiminləsə uzaq tanış idi və indi onların hamısı torpağa tapşırılmışdı; əlbəttə, bu, kədərli bir təəssüb hissi doğururdu, amma o kədərli təəssüf hissi ilə bərabər, bu dəm Əbdül Qafarzadə birdən-birə nəsə bir nikbinlik, bir ruh yüksəkliyi də hiss etdi: o yaxın və uzaq tanışlar, heç tanış da olmayan bütün bu adamlar indi torpağın altında idi, amma Əbdül Qafarzadə on il, iyirmi il, otuz il bundan əvvəl olduğu kimi, sağ və salamat idi; elə ola bilərdi ki, indi bu adamlardan biri beləcə gəzərdi, Əbdül Qafarzadə isə qara torpağa qarışmış olardı, amma belə deyildi, sağ adam Əbdül Qafarzadə idi və bunun özündə də, görünür, bir naxış, bir bəxt var idi, o naxışı, o bəxti bəzi vaxtlar Əbdül Qafarzadə az qala cismani hiss edirdi; düzdü, Əbdül Qafarzadənin çətin günləri olmuşdu, lap dəhşətli günləri də olmuşdu, amma hər halda, o naxış, o bəxt həmişə onun taleyinin üstündə idi və həmişə də belə olacaqdı – Əbdül Qafarzadə buna tamam inanırdı. Bayaqkı o quruluq hissindən sonra, indi keçirdiyi bu hiss, bəzi uşaqların özlərinin, ya atalarının, analarının heç vaxt ölməyəcəyinə, həmişə yaşayacaqlarına inam hissinə bənzəyirdi və Əbdül Qafarzadə özü də ürəyinin hansı bir dərin nöqtəsində isə bunu başa düşürdü, amma o dərin nöqtəyə enmək istəmirdi.

Hər bir yaxşı, işgüzar mer, bələdiyyə rəisi, sovet sədri şəhərin, qəsəbənin bütün küçələrini, dalanlarını, binalarını tanıdığı kimi, Əbdül Qafarzadə də Tülkü Gəldi Qəbiristanlığındakı təzəli-köhnəli bütün qəbirlərin, demək olar ki, hamısını tanıyırıdı, qəbirlərarası torpaq yollara, cığırlara bələd idi. Bu qəbiristanlıq köhnə olduğu üçün, sahəsi bitib-tükəndiyi üçün burada yer götürmək, ölünü dəfn etmək çox çətin iş idi. Bəzi ölülərin burada ata-baba sahəsi var idi və onları gətirib həmin sahədə dəfn edirdilər. Bu ölü sahiblərinin xərci də az çıxırdı, amma o adamların ki, burada yeri yox idi, xərcləri beşqat, bəzən lap onqat artıq çıxırdı. Təzə salınmış sadə və səliqəli qəbiristanlıq şəhərdən xeyli uzaqda idi və o qəbiristanlığın şəhər sakinləri arasında heç bir qiyməti-hörməti yox idi. Bakı sakinləri şəhərin mərkəzində, dənizə yaxın yerlərdə mənzil alıb yaşamaq istədikləri kimi, ölülərini də Tülkü Gəldi Qəbiristanlığında dəfn etmək istəyirdilər, təzə salınmış o səliqəli-səhmanlı qəbiristanlıq isə elə bil ki, panel binaları bir-birindən seçilməyən mikrorayonlar idi və o mikrorayonlarda yalnız köməksiz, yuxarılarla əlaqəsi olmayan, əsasən, kasıb adamlar yaşayırdı...

Tülkü Gəldi Qəbiristanlığında ölülərini basdırmaq üçün yer almaq istəyən adamlar ya Ağakərimlə, ya Mirzəibi ilə, ya da Vasili ilə danışıqlar aparırdı, sayılan, hörmətli adamlar isə bilavasitə Əbdül Qafarzadənin özünə müraciət edirdilər. Əbdül Qafarzadə bu adamlara qəbir yeri götürməyə icazə verəndən sonra, onları yenə də ya Ağakərimin, ya Mirzəibinin, ya da Vasilinin üstünə göndərirdi, çünki özü bilavasitə pul haqq-hesabı eləmirdi. Əbdül Qafarzadə qəbiristanlıqda görümlü yerdə olan, rahat yollu (yəni o yeganə asfalt yolun kənarlarında) su kəmərinin yaxınlığındakı qəbir yerlərinin qiymətini çox baha müəyyən eləmişdi və bu yerlər, adətən, mağaza və restoran müdirlərinə, əli pulla oynayan başqa adamlara qismət olurdu.

Qəbiristanlığın mərkəzində basırıq olmayan geniş bir sahəni isə Əbdül Qafarzadə vəzifəli adamların qohum-əqrəbası üçün saxlamışdı və bu sayaq ölülər üçün qəbir yerini Fərid Kazımlı zəng çalıb sifariş verirdi, tək-tük hallarda isə Rayon Partiya Komitəsinin birinci katibi M.P. Qəribli özü zəng edirdi – bu baxırdı ölmüş adamın yaxınının, qohumunun vəzifəsinin yüksəkliyinə, Əbdül Qafarzadə vəzifəli adamların ölülərinə verilən qəbir yerindən ötrü, əlbəttə, özünə bir qəpik də pul götürmürdü, bu ölülər qanunla dəfn olunurdu, hansı xidmət göstərilirdisə mühasibatda dövlət pereskurantı ilə pulu alınıb qəbzi verilirdi. Əslində, Qəbiristanlıq İdarəsininm mühasibatı yalnız bu zaman – vəzifəli şəxslərin ölüləri dəfn olunarkən bilavasitə ölü sahiblərindən qəbir yeri üçün, xidmət üçün pul alıb qəbz verirdi, qalan vaxtlar isə mühasibat öz işini yalnız Ağakərimin, ya Mirzəibinin, ya da Vasilinin göstərişlərinə əsasən, qururdu, planı doldurmaq üçün gündəlik nə qədər qəbz lazımıydısa, yazılıb mühasibat dəftərində qeydiyyatdan keçirilirdi, surəti saxlanır, əsli isə cırılıb tullanırdı (guya ki, müştəridədir) və hər ayın axırında da baş mühasib Yevdokiya Stanislavovna maaşdan əlavə yenə də ya Ağakərim, ya Mirzəibi, ya da Vasili vasitəsilə Əbdül Qafarzadədən 500 manat, kassir Marqarita İosifovna isə 300 manat pul alırdı. Bu əməliyyat illərdən bəri elə qurulub qaydasına düşmüşdü ki, hər şey Bədurə xanımın 50 yaşının tamam olması münasibətilə Əbdül Qafarzadənin hədiyyə alıb bu qadına bağışladığı yapon qol saatı kimi dəqiq işləyirdi (Bədurə xanımın 50 yaşının tamam olmasını isə Əbdül Qafarzadədən başqa Tülkü Gəldi Qəbiristanlığında heç kim bilmirdi – Bədurə xanım bunu faciəli bir sirr kimi gizlədirdi).

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов