14. Əbdül Qafarzadə
Страница 8 из 10 · 70%
Orduxanın dostları o qış gününün get-gedə bərkiyən şıdırğı yağışına baxmayaraq, gedib hərbi hissədən nəhəng bir çadır alıb gətirdilər, həyətdə qurdular, içinə işıq çəkdilər, soba yandırdılar, qonşuluqdakı məktəbdən xeylaq kürsü, miz gətirib çadıra düzdülər və özləri də səhərə kimi həmin çadırda oturdular.
Əbdül Qafarzadə bütün gün ərzində bir tikə də çörək yeməmişdi, bircə qurtum da su, çay içməmişdi və gecə saat bir radələrində cənazə qoyulmuş o böyük otağın bir küncündə oturub özündən asılı olmayaraq, mürgü döyən Mürşüd Gülcahani gözünü açıb təzədən ətrafa baxdı, otaqda oturanların xeylaq seyrəldiyini gördü və ərkiçatan adam kimi yerindən qalxdı, cənazənin yanında oturub boz gözlərini çeşməyinin arxasından naməlum bir nöqtəyə zilləmiş Əbdül Qafarzadəyə yaxınlaşdı, əyilib kişinin qulağına pıçıldadı:
– Get bir stəkan çay iç, bir tikə çörək ye... Belə olmaz axı... Sabah da bütün günü ayaq üstə olacaqsan.
Əbdül Qafarzadə boz gözlərini o naməlum nöqtədən çəkdi, başını çöndərib Mürşüd Gülcahaniyə baxdı və həmin an yazıçı Mürşüd Gülcahaniyə elə gəldi ki, qudası onu başa düşmədi və ümumiyyətlə, onu heş tanımadı da; bütün qohumluqları ərzində Mürşüd Gülcahaninin bu adama ilk (və sonuncu!) dəfə yazığı gəldi, təkrarən pıçıldadı:
– Get bir stəkan çay iç, bir tikə çörək ye...
Əbdül Qafarzadə elə-eləcə Mürşüd Gülcahaniyə baxdı və birdən gülümsədi və oğlunun cənazəsi yanında oturmuş qudasının o gecəki həmin təbəssümündən Mürşüd Gülcahaninin kürəyinə bir üşütmə düşdü, yazıçının yuxusu qaçdı, daha bir söz deməyib küncdəki kürsüsünə tərəf qayıtdı.
Əbdül Qafarzadə isə ayağa qalxdı, o böyük otaqdan çıxdı, qadınlar oturan otağın (ağlamaqdan, qışqırmaqdan səsi batmış Qaratel elə hey inildəyirdi)
qabağından keçib yataq otağına girdi və qapını ardıyca açarla bağladı – Əbdül Qafarzadəgilin beşotaqlı mənzilində hər otağın qapısının da ayrıca açarı var idi; sonra işığı yandırıb, çarpayıların arasından keçdi, divara vurulmuş kitab rəflərinin qarşısında dayandı. Bu həmin kitablar idi ki, Əbdül Qafarzadə yuxuya getməzdən əvvəl bəzən onları varaqlayardı, bəzisini oxuyardı və bu rəfləri də üç-dörd il bundan əvvəl usta çağırıb öz layihəsi ilə divarın içinə saldırmışdı.
Ayaq üstə hərəkətsiz dayandı, elə bil, nəyəsə qulaq asırdı, yaxud nəfəsini dərirdi, özünü ələ alırdı; sonra cəld və qəti hərəkətlə yuxarıdan üçüncü rəfin şüşələrini açdı, həmin rəfdəki tarixə, dinin (o cümlədən, xristian və yəhudi dinlərinin də) şərhlərinə aid kitabları bir-bir çıxarıb Qaratelin güzgülü tualet mizinin üstünə yığdı, sonra iki əli ilə boş rəfin kənarlarından yapışıb sərt bir hərəkətlə özünə tərəf çəkdi və rəf divarın içindən çıxdı, Əbdül Qafarzadə həmin rəfin arxasındakı nazik sellofan bağlamaları çıxartdı və həmin bağlamaları qucağında tutub bir müddət yenə də hərəkətsiz dayandı, yağışın bayırdan gələn şırıltısına qulaq asdı.
Həmin üçüncü rəfin arxasındakı o sellofan bağlamalardan heç kimin, hətta Qaratelin də xəbəri yox idi. Bağlamalarda 500000 (beş yüz min) manat pul, 100000 (yüz min) dollar, əlli ədəd (Əbdül Qafarzadə bütün bu rəqəmləri dəqiq bilirdi) qızıl Nikolay onluğu, əlli ədəd qızıl Nikolay beşliyi, əlli adda da ləl-cəvahirat var idi: brilyant üzük və sırğalar, daş-qaşla bəzədilmiş boyunbağılar, bilərziklər...
Bu – qara günün varidatı idi, dünyanın işlərinə etibarı olmayan Əbdül Qafarzadənin ehtiyatı idi (hər halda, özü belə düşünürdü) və mənzilində saxladığı bu ehtiyat Əbdül Qafarzadəyə rahatlıq vermirdi, həmin üçüncü rəfin arxasındakı o gizli yer həmişə Əbdül Qafarzadəyə, əslində, etibarsız bir yer kimi görünürdü, o yerin o etibarsızlığı həmişə kişini səksəkə içində saxlayırdı.
Əbdül Qafarzadə qucağındakı sellofan bağlamaları çarpayıya tökdü, içində 500000 manat pul olan bağlamanı götürüb rəflərin arasında əvvəlki yerinə atdı, tumbanın üstündəki ortası çəllək kimi şişman büllur güldanı götürdü və səliqə ilə sellofana bükülüb iplə bağlanmış həmin bağlamaları – dolları, qızılları, ləl-cəvahiratı bir-bir gülqabının içinə yığmağa başladı və sonuncu bağlamanı gülqabının içinə pərçim eləyəndə Əbdül Qafarzadənin bütün içindən dəli bir ehtiras baş qaldırdı: əli ilə hiss edirdi ki, bu sonuncu bağlamanın içindəki, qızıl Nikolay beşlikləridir və Əbdül Qafarzadə o gecə yarısı, o şıdırğı yağış şırıltısının müşayiəti ilə həmin qızıllara baxmaq, həmin kiçik qızıl sikkələri gözü ilə görmək istədi; bu – qarşısıalınmaz bir ehtiras idi, bu ehtirası heç cürə boğmaq mümkün deyildi.
Bütün bu dəqiqəyəcən hər bir işi, elə bil ki, əvvəlcədən yüz dəfə məşq edibmiş kimi, soyuqqanlıqla, sürətlə görən Əbdül Qafarzadənin birdən-birə ürəyi şiddətlə döyünməyə başladı, kişi nəfəsini dərib qapıya tərəf baxdı, ona elə gəldi ki, ürəyinin döyüntüsü bütün otaqlara yayılıb, sonra elə bil ki, qəflətən dərin bir sükut çökdü, bayırdakı o şıdırğı yağışın şırıltısı da eşidilməz oldu və Əbdül Qafarzadə o dərin sükutun yaratdığı daxili bir çəkisizlik içində titrəyən barmaqları ilə o sonuncu bağlamanın ipini ehtiyatla açmağa başladı.
Əbdül Qafarzadə sağ əlinin ovcunu qarnının üstündə tutub, sol əli ilə bağlamadakı qızıl Nikolay beşliklərinin bir qismini ehtiyatla ovcuna boşaltdı. Qızıl Nikolay beşlikləri bir yerdə ağır idi, amma eyni zamanda, ayrı-ayrılıqda o qızıl sikkələrdə qəribə bir yüngüllük, qəribə bir zəriflik, hətta nəvaziş var idi. Əbdül Qafarzadəyə elə gəlirdi ki, yenə də uşaq vaxtlarındakı kimi o qalın yorğanın altındadır və o nəvaziş də həmin yorğanın içindəki nəvazişdir, həm də o qalın yorğan Əbdül Qafarzadəni hamıdan, hər şeydən, ağlasığan və sığmayan bütün qüvvələrdən qoruyurdu. Kişi ovcunu tərpətmədən (qorxurdu ki, qızıl sikkələr yerə dağılar) başını aşağı əyib qalın çeşməyinin ardından o Nikolay beşliklərinə baxırdı və həmin gecə yenə də bu adamın içindən dəli bir ehtiras baş qaldırdı: o bir ovuc qızıl beşlikləri və ümumiyyətlə, güldana pərçim edib doldurduğu bütün o qızılı təzədən saymaq istədi, amma bu dəfə bu dəli ehtirası üstələyə bildi və ovcundakı qızılı elə-eləcə büllur güldanın içinə boşaltdı, ovcunda qalmış sonuncu sikkəni işığa tərəf yuxarı tutub diqqətlə baxdı – bu dəm Əbdül Qafarzadə üçün dünyada heç kim və heç nə yox idi, yalnız II Nikolayın o sapsarı, donmuş siması var idi. Həmin sonuncu sellofanın içində qalmış qızıl beşlikləri də tələsik büllur güldana boşaltdı, sonra o sellofanla güldanın ağzını örtdü, ip ilə bərk-bərk bağladı (elə bil, içinə mürəbbə yığılmış balonun ağzını bağlayırdı), paltar dolabını açıb həmişə üst gözdə saxlanılan təzə dəyişiklərin, təzə köynəklərin sellofanını cırıb çıxartdı, büllur güldanı bu sellofanlara səridi, sonra əlinə keçən bir köynəyi – bu, Qaratelin həmişəki kimi, valyuta dükanından aldığı fransız gecə köynəyi idi – dolabdan götürüb, güldanı sellofanların üstündən o köynəyə bükdü və o böyük bağlamanı sağ əli ilə böyrünə sıxıb qətiyyət və eyni zamanda, ehtiyatla qapını açdı, yataq otağından çıxdı, Qaratelin inildədiyi otağın, sonra boş mətbəxin qabağından keçib girişdəki asılqandan paltosunu götürdü, şlyapasını başına qoydu və üçüncü mərtəbədəki mənzilindən çıxdı.
Qaratelin iniltisi eşidilməz oldu, hər tərəfi o şıdırğı yağışın şırıltısı bürüdü və yağışın o səsi, elə bil ki, özü ilə bir sərinlik gətirdi, Əbdül Qafarzadə sinədolusu nəfəs aldı, paltosunu cəld əyninə geydi, ağır və iri güldanı bərk-bərk böyrünə sıxıb qaranlıq pilləkənləri aşağı düşdü.
Həyət qaranlıq və adamsız idi. Orduxanın yoldaşları, cavanlar hamısı çadırın içinə yığılmışdılar və çadırdan gələn işıq həyət boyu bir-birinin yanında dayanmış maşınları – Orduxanın dostlarının, qohum-əqrabanın, Vasilinin, Mirzəibinin, Ağakərimin maşınlarını güclə işıqlandırırdı. Əbdül Qafarzadə qaranlıq ağaclığın arası ilə sürətlə addımlayıb həyətdən çıxdı və eləcə sürətli addımlarla da öz küçələrindən uzaqlaşdı.
Yağış Əbdül Qafarzadənin bütün üst-başını, ayaqlarını islatmışdı, amma hərdənbir yanından ötən taksiləri saxlamırdı, çünki taksi sürücüləri onu tanıya bilərdilər. Külək yağışı Əbdül Qafarzadənin sifətinə çırpırdı, amma həmin dəm bu adam nə yağışın, nə də o qış küləyinin soyuğunu hiss edirdi, əksinə, tərləmişdi və bütün içi buğlanırdı, elə bil, qızdırma içində idi, hərarət bütün daxilini bişirirdi; eyni zamanda, o böyük və ağır güldanı böyrünə sıxmış Əbdül Qafarzadə gecənin o çağında, yağışın altında, Bakı küçələrinin adamsızlığı içində qətiyyən qorxu və tərəddüd hissi keçirmirdi – qərara almışdı, vəssalam, belə də olacaqdı.
Nəhayət ki, qarşıdan gələn iri bir maşın faralarının işığı o şıdırğı yağışı yararaq Əbdül Qafarzadənin üstünə düşdü və Əbdül Qafarzadənin sövq-təbii ilk istəyi bu oldu ki, qaçıb həmin işıqdan gizlənsin – ona görə yox ki, qorxurdu, ona görə ki, elə bil, o işıq bütün bu gecə əməliyyatına yad və yabançı idi; Əbdül Qafarzadənin həyata keçirməyə başladığı bu əməliyyatla işıq bir-birinə tamam zidd idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-14-ebdul-qafarzade
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Ağabəyim AğaAxır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Стихи других поэтов
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Gözəl insanBir gözəl qız yaramaz bir dəli ceyran kimidir,Çırpınan odlu könüllər ona heyran kimidir.
MaralSəhər-səhər çeşmə üstəDurur boyu bala, Maral,