7. Qonaqlıq
Страница 12 из 12 · 92%
Xıdır gör nə günə qalmışdı ki, ona kömək əlini uzadan yeganə adam, tramvaysürən Əflatun müəllim idi... Düzdü, tramvaysürən Əflatun indi məktəb müdiri idi, amma fərqi yox idi, tramvaysürən Əflatun lap nazir də ola bilərdi, amma tramvaysürənliyində də qalacaqdı, ondan artıq bir şəxsiyyət olmayacaqdı. Xıdır gərək özü özünü o mərtəbəyə qaldıra biləydi ki, həmin mərtəbə tramvaysürən əflatunlar üçün əlçatmaz bir priz yüksəkliyində olaydı.
Xıdırın biliyi, Xıdırın qorxmazlığı, Xıdırın qabiliyyəti tək özünə yox, bütün Azərbaycan idmanına lazım idi və Xıdır özü hərəkət eləməliydi, bu qeyrətsiz, bu vicdansız Xosrovun ifşası Xıdır üçün məşq olmalı idi, Xıdır hücuma keçməli idi, məqsədə doğru hücuma keçməli idi və bu məşqdən sonra, böyük oyunlar başlamalı idi. Və Xıdır cəmiyyəti düşmənlərdən təmizləyəcəkdi. Xıdır Azərbaycan idmanına rəhbərlik edəcəkdi! O qarlı qış gecəsi Xıdır müəllimin içində elə bir qətiyyət yarandı ki, o qətiyyət, elə bil, onsuz da, həddən artıq sağlam və güclü olan bu adamın bədəninə daha artıq bir güc verdi, qarın içi ilə addımlarını daha möhkəm, daha iti atdı və gəlib evə çatanda Əbdülü həmişəki kimi oyaq gördü. Əbdül həmişəki kimi qardaşının yolunu gözləyirdi.
Xıdır müəllimin atası Orduxan inqilabdan əvvəl və inqilabın ilk illərində Bakının məşhur hamballarından biri idi və bəzən hətta tərsanələrdə gəmilərə yük daşıtdıran sahibkarlar, şirkətlər hambal Orduxanı Bakının ən məşhur hambalı, əfsanəvi hambal Dadaşdan da artıq tuturdular. Əbdülün anadan olduğu il – 1929-cu ilin bir yay günü Kömürçü meydanında yüz iyirmi kilo soğan kisəsinin altında hambal Orduxanın ürəyi birdən-birə partlamışdı, sonra Xıdır müəllimin anası vəfat etmişdi və Xıdır müəllim kiçik qardaşı Əbdüllə tək qalmışdı. Əbdülün əsl adı Əbdüləli idi, amma hamı onu Əbdül çağırırdı və bütün bu illər ərzində Xıdır Əbdülə həm atalıq eləmişdi, həm də analıq. Əbdül böyük qardaşını adicə olaraq çox istəmirdi, onunla fəxr edirdi, qürurlanırdı və Xıdır elə eləməliydi ki, kiçik qardaşı özündən də qat-qat uca mərtəbələrə qalxsın, qoy hamı görsün ki, hambal Orduxanın oğlanları heç kimin köməyi olmadan, öz güclərinə hansı yüksəkliyə qalxıblar! Xıdır hücuma keçəcəkdi! Xıdır öz istədiyini dartıb həyatın boğazından çıxaracaqdı, istədiyinə nail olacaqdı və həmin gecə çarpayıda uzanıb yalnız səhərə yaxın yuxuya getməzdən əvvəl Xıdır müəllim o qarlı qış soyuğunda adamın canını qızdıran bir xəyal aləmində Azərbaycan idmanına rəhbərlik etdi, yeni stadionlar tikdi, yeni komandalar yaratdı, yeni idmançılar yetişdirdi; tribunada partiya və sovet rəhbərləri ilə bir yerdə dayanıb idmançıların paradını qəbul etdi, böyük xitabət kürsülərindən nitqlər dedi, hətta... Mixail İvanoviç Kalinin Kremldə Xıdır Qafarzadəyə bədən tərbiyəsi sahəsində görkəmli xidmətlərinə görə orden təqdim etdi və Mixail İvanoviç Kalinin Kremldə Xıdırın əlini sıxdığı məqamda çəkilmiş fotoşəkil Sovet İttifaqının bütün qəzetlərində, o cümlədən, əlbəttə, «Krasnıy sport» qəzetində çap olundu...
Bəlkə... Bəlkə lap yoldaş Stalinin özü Xıdırı tanıyacaqdı, çünki yoldaş Stalin idmançıları çox sevir! Düzdü, idmançıların arasında da elə əclaflar var idi ki, yoldaş Stalinə xain çıxırdılar (o ki qaldı bu düşmən Xosrov müəllim ola!..). Ode, Nikolay Kovtun!.. Vaxt var idi ki, Kovtunun adı çəkiləndə Xıdırın ürəyi sevinclə dolurdu, çünki Kovtun birinci sovet idmançısıydı ki, 2 metrdən hündürə atdanmışdı, dünya rekordçusu olmuşdu! «Krasnıy sport» da şəkli çıxırdı!.. Ancaq nə oldu? Əclaf, xalq düşməni çıxdı! Yoldaş Stalinə nankor çıxdı! Ay əclaf, yoldaş Stalin olmasaydı, sən 2 metr 01 santimetr hündürlüyə atdana bilərdin?! Ona görə də indi adını nifrətlə çəkirlər. İnişil tutub basdılar əclafı, getdi!.. Bu Xosrov müəllimi isə stadiona çıxartsan, heç bir metr də hündürlüyə atdana bilməz, ancaq elədiyi qələtə bax!.. Xıdır sayıq olacaqdı, hətta ən məşhur idmançıların da maskasını sifətindən dartıb çıxaracaqdı, idmançıları yoldaş Stalinin adına layiq tərbiyə edəcəkdi.
Xıdır müəllim belə narahat və eyni zamanda, xəyallar aləmində şirin bir gecə keçirmişdi və indi müdir otağının qapısı ağzında dayanıb qəzəblə Ələsgər müəllimə baxa-baxa:
– Ələsgər müəllim, – dedi, – o cür düşməni qanad altına almaq olmaz! Ancaq siz onu qanad altına alırsız! Elə bilirsiz dünən başa düşmədim ki, siz niyə təzədən Mir Cəfər Bağırov yoldaşın haqqında sağlıq dediz? Ona görə ki, o düşmənin hərəkətini ört-basdır eləmək istəyirdiz! Belə zaşitaya keçməklə mənim vicdanımı susdura bilməzsiz! Mən açıq adamam, rinqdə də həmişə açıq vuruşmuşam. Məsləhət görürəm sizə ki, o düşmənə qəyyumçuluq eləməyin! Özünüzə pis olar! Mən bu işi belə qoymayacağam! Lap Mir Cəfər Bağırov yoldaşın özünün qəbulunacan gedib çıxacağam!
Xıdır Qafarzadə otaqdan çıxdı və qapını da ardınca çırpdı.
Yazıq professor Fazil Ziya müayinə etdiyi adamlara, müalicə etdiyi xəstələrə deyirdi ki, tez-tez teatra gedin!.. Yazıq gözəl insan, tez-tez teatra getmək heç onun özünün karına gəlmədi...
Ələsgər müəllim ən dərin bir pərişanlıq içində idi, eyni zamanda həmin anlarda dəhşətli bir nigarançılıq bu adamın bütün varlığını didib dağıdırdı; bu nigarançılığı yalnız qorxu hissi, vahimə yaratmamışdı; Ələsgər müəllim, görünür, həmin anlarda bir azdan görəcəyi işin nigarançılığı içində idi...
Xıdır müəllim, əlbəttə, gedib lazımi orqanlara xəbər verəcəkdi, Xosrov müəllimin dünənki hərəkətini şeytanlayacaqdı, buna Ələsgər müəllimin daha heç şübhəsi yox idi və onda... və onda...
Ələsgər müəllim dibçəkdəki o gözəl, o zərif güllərə baxa-baxa yenə də Qazaxıstanın o kimsəsiz çöllərində, o qar çovğununun içində, o şəhvətli kişi baxışları altında o köməksiz iki nəfəri, o ana-balanı – Firuzə ilə Arzunu gördü... Yox... Tələsmək lazım idi... Başqa əlac yox idi... Qabaqlamaq lazım idi... Bu köpək oğlu Xıdır Qafarzadəni qabaqlamaq lazım idi... Yoxsa Ələsgər müəllimi də dinc buraxmayacaqdılar və o zaman Firuzə ilə Arzu, doğrudan da, çöllərə düşəcəkdi... O köpək oğlunu qabaqlamaq lazım idi, Xosrovun hərəkətini Ələsgər müəllim özü xəbər verməli idi... Xosrov onsuz da məhkum idi, ona kömək eləmək mümkün deyildi... Orqanlara məlumatı Ələsgər müəllim özü çatdırmalı idi... Özü çatdırmasaydı, bu alçaq Xıdırın xəbərçiliyndən sonra, Ələsgər müəllimi də, o biri müəllimləri də Xosrov müəllimə qata bilərdilər... Xosrova kömək etmək mümkün deyildi, özünə kömək etməliydi, Firuzəyə, Arzuya kömək etməliydi, o birilərinə kömək etməliydi... Özü... Özü çatdırmalı idi... Özü deməliydi... Orqanlara yox... Raykoma... Cümşüdlüyə...
Və Ələsgər müəllim gözlərini o dərdli güllərdən çəkib tamam taqətsiz halda, ürəyi döyünə-döyünə mizə yaxınlaşdı, titrəyən əli ilə telefonun dəstəyini götürdü...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-7-qonaqliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:
XIX fəsilAbşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.
XX fəsil... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...