Страница 8 из 8 · 88%

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrinin – «ümumittifaq ağsaqqalı» M.Kalininin müavini Sultan Məcid Əfəndiyevi isə Mir Cəfər Bağırovun orqanlarındakı ən yaxın silahdaşlarından, inandığı adamlardan biri – Borşev və «Boksyor» ləqəbli müstəntiq Musatov dindirirdi və vurduğu hər zərbədən sonra «Boksyor» ləzzətlə soruşurdu: «–Hə, «prezident», boynuna alırsan terrorçuluğunu, yoxsa yox?..»

Sadəlövh Sultan Məcid... Elə bilirdi Bağırovun əlindən qurtara biləcək, yoldaş Stalinə arxalanırdı... Yoldaş Stalinlə 1907-ci ildən tanış idi, Bakıda birlikdə gizli fəaliyyət aparmışdılar, sonralar – Sovet hakimiyyəti qurulduqdan sonra Sultan Məcid Moskvada Şərq Xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosu sədrinin müavini idi və yenə də yoldaş Stalinlə birgə işləyirdilər. Elə ki, Mir Cəfər Bağırov Sultan Məcidi sıxışdırmağa başladı, bu sadəlövh qoca yoldaş Stalinə və Kalininə məktublar yazdı, arvadı Zivər xanımın vasitəsilə Moskvaya göndərdi, məktublar ünvana yetişdi, Zivər xanım köhnə tanışları N.Krupskaya ilə görüşüb söhbət etdi, N.Krupskaya xüsusi olaraq yoldaş Stalinin yanına getdi və bütün bunların nəticəsi o oldu ki, Sultan Məcidi burjua millətçisi və terrorçu kimi güllələdilər, çıxıb getdi işinin dalınca... Sadəlövh qoca... Kalininə ümid edirdi... Kalinin öz canının hayında idi və imkan tapanda da, tapmayanda da yoldaş Stalinə yaltaqlanırdı. Mir Cəfər Bağırov isə kefinin kök vaxtlarında Kalinini «Keçisaqqal» deyə çağırırdı.

37–38 daha qurtarmışdı, daha Qəzənfər Musabəyov, yaxud Sultan Məcid Əfəndiyev kimi tanınmış və nüfuzlu adamlar qalmamışdı, onların hamısı cəzasına çatıb ləğv edilmişdi, ailələri sürgünə göndərilmişdi. İndi həbs edilən xalq düşmənlərinin ifadəsində Mir Cəfər Bağırovun adına rast gəlmək olmurdu, rast gələndə də məhbuslar bu adı ehtiramla çəkirdilər, onlar barədə qaldırılan cinayət işinin əsassız olduğunu yoldaş Mir Cəfər Bağırova çatdırmağı xahiş edirdilər. Bugünkü məlumat isə bir az başqa cürə idi.

Komissar əlindəki kağıza baxa-baxa udqundu və:

– Bu gün bir nəfər, xalq düşməni kimi həbs olunub... – dedi. Mir Cəfər Bağırov çeşməyinin girdə şüşələri arxasından diqqətlə Komissara baxdı və sidq-ürəkdən təəccüb etdi, yəni nə olsun ki, bir nəfər xalq düşməni həbs edilib.

Komissar bu naqolay vəziyyəti hiss etdi və nəsə demək istədi, amma cümləsini dəqiq qura bilmədi:

– Sizlə... Sizi...

Mir Cəfər Bağırov birdən-birə gülümsədi:

– Nədi, söyüb məni?– soruşdu.

Komissar tələsik:

– Yox, yox, – dedi. – Sizin sağlığınıza içməkdən imtina edib.

Mir Cəfər Bağırov eləcə gülümsəyə-gülümsəyə o bir dəstə karandaşı yenə də iri əllərinin arasına alıb, bir-birinə sürtdü.

– Kimdir?

Komissar gözlərini kağızdan çəkməyərək:

– Müəllimdir. – dedi. – Xosrov Ələkbərli...

– Hardandır?

– Əsli Hadrutdandır, özü indi Bakıda yaşayır...

– Hadrutdan?

– Bəli.

– Bu cür düşmənlər idi də, Hadrutda taunu yayan... – Mir Cəfər Bağırov ayağa qalxıb kabinetdə var-gəl eləməyə başladı və bu adamın kobud cizgili sifətində bayaqkı təbəssümdən əsər-əlamət qalmamışdı.

– Harada olub bu əhvalat?

– Dünən axşam. Məktəb müdirinin qızının ad günündə.

– Kim çatdırıb?

– Bu gün məktəb müdirinin özü zəng eləyib rayon partiya komitəsinə xəbər verib.

Bu dəfə karandaşların şaqqıltısı, elə bil ki, daha da bərkdən gəldi və hələ də özü ilə bağlı şübhələrdən yaxa qurtarmamış Komissar susub Mir Cəfər Bağırovun növbəti sualını gözlədi.

– O kimdir?

– Məktəb müdiri, Mir Cəfər Abbasoviç? Famili Babazadədir.

Mir Cəfər Bağırov ayaq saxladı:

– Nə?

– Famili Babazadədir, Mir Cəfər Abbasoviç. – Komissar gözünü kağızdan çəkib Mir Cəfər Bağırova baxdı və başa düşdü ki, yoldaş Bağırov bu adamı tanıyır.

Mir Cəfər Bağırov soruşdu:

– Ələsgər Babazadə?

– Bəli, Mir Cəfər Abbasoviç. İyirmi ilə yaxındır ki, məktəb müdiri işləyir... – Komissar məktəb müdirinin Mir Cəfər Bağırovla yerli olduğunu da qeyd etməyi lazım bildi (məlumat üçün bu kabinetə girməmişdən əvvəl burada adı çəkiləcək adamlarla bağlı bütün göstəriciləri öyrənirdi): – Əsli qubalıdır. Yoldaşlar onu çox yaxşı xarakterizə edirlər...

Qəribə idi, neçənci hadisəydi ki, kimsə birdən-birə Mir Cəfər Bağırovun yadına düşür, axşam, ya gecə isə, eləcə də gözlənilmədən həmin adamın adı pırtlayıb bu cür qovluqların, kağızların arasından çıxırdı.

Yenə birdən-birə o uzaq uşaqlıq çağları yada düşdü. «Qulliverin səyahəti» kitabının bütün bu illər ərzində unudulub getməmiş xoş təsirini yenidən hiss etdi, amma o xoş təsirdə bir nisgil var idi və həyətdəki alma bağının bir küncünə qısılıb hirsindən ağlayan o uşaq, Mir Cəfər Bağırovun gözlərinin qabağına gəldi. Düzdü, Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, amma hərdən uşaqlıq çağlarını xatırlayanda bütün içinə bir həsrət yayılırdı və illər keçdikcə bu həsrət də artırdı: o gözəl, o qayğısız uşaqlıq çağları bir də heç vaxt geri qayıtmayacaqdı, çünki əbədi bir keçmişdə qalmışdı...

Mir Cəfər Bağırov təzədən yazı mizinin arxasına keçdi və hər dəfə Komissarı üşüdən soyuq ifadə ilə:

– O necə məktəb müdiridir ki, terrorçuları evinə yığır?– soruşdu.

Komissar dərhal:

– Düzdür, Mir Cəfər Abbasoviç, – dedi, elə bil ki, söhbət indicə təriflədiyi adamdan getmirdi.

Komissar üçün hər şey aydın idi: məktəb müdiri terrorçu kimi güllələnməli idi. Məsələ burasında idi ki, 1 dekabr 1934-cü il qanununa görə terrorçuluqda təqsirləndirilən adamlar dərhal güllələnirdi, onların müdafiə olunmağa, bağışlanmaq haqqında müraciət etməyə ixtiyarı yox idi. Mir Cəfər Bağırovun orqanlarda işləyən yaxın silahdaşlarından biri – Atakişiyev, tabeliyində olan əməliyyat işçilərindən həmişə tələb edirdi:

«– Dayte v priznaniyax kusoçek terrora.» Mir Cəfər Bağırovun, eləcə də Beriyanın Azərbaycandakı şəxsi düşmənlərinin hamısı terrorçu kimi güllələnmişdi.

... Həmin gecə saat bir ilə iki arası, Mir Cəfər Bağırovun «Azneft»in rəhbərləri ilə hələ də müşavirə apardığı vaxt Ələsgər müəllim də, Kələntər müəllim də, Firidun müəllim də, Əlibaba müəllim də və Xıdır müəllimin özü də bir-bir evlərində yuxudan oyadılıb terrorçu kimi həbs olundu və ailələri bir daha o adamları görmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов