XIV fəsil
Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.
Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.
Hətta addımların səsi də eşidilmirdi burada – hər tərəfi bürümüş xəzəl yaş idi və mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli çılpaq ağacların arası ilə çayın axarı boyu addımladıqca bu yerlərin səssizliyinə, təmizliyinə, saflığına bir xələl toxunmurdu; bu dəm burada insanla təbiət üzbəüz idi və bu dəm burada insan təbiətin işlərinə qarışa bilmirdi.
Gündüz Kərimbəyli əllərini kürkünün cibinə salıb, asta-asta xəzəl basmış cığırla addımlayırdı. O, çaya baxırdı, ağaclara baxırdı, böyürtkən, itburnu kollarına baxırdı və burası da açıq-aşkar hiss olunurdu ki, bu saat o, bütün varlığı ilə bu səssiz, təmiz, saf təbiətin qoynunda idi, fikirləri də yəqin bu yerlərdə dolanırdı; bəlkə də başqa şey fikirləşirdi, fikirləşirdi ki, bir halda ki, dünyada belə bir səssizlik var, təmizlik, saflıq var, niyə adam adam öldürür, niyə bir nəfər başqa birisinin qanına bais olur?
Fazil müəllimlə Səadəti birinci o gördü; onlar yavaş-yavaş addımlaya-addımlaya Gündüz Kərimbəyliyə tərəf gəlirdilər; uzaqdan onların yerişində bir biganəlik hiss olunurdu, elə bil ki, bütün bu yerlərlə və ümumiyyətlə, bütün dünya ilə küsülü idilər; sonra Fazil müəllimlə Səadət onu gördü və bir-birlərinə nəsə dedilər; nə dedikləri məlum deyildi, amma bu lap yaxşı məlum idi ki, təbiətin bu kimsəsizliyində birdən-birə mühüm işlər müstəntiqi ilə rastlaşmalarına sevinmədilər...
Onlar üzbəüz dayananda, təbii ki, salamlaşdılar və Gündüz Kərimbəyli gülümsəyərək dedi:
– Mənə inanın ki, bu görüşümüz tamam təsadüfdür.
Nə Fazil müəllimin, nə də Səadətin onun gülümsəməyinə gülümsəməklə cavab vermək halı yox idi. Fazil müəllim dedi:
– Hər şey elə təsadüfdən başlanır...
– Hə, təsadüfdən çox şey asılıdı. – Bunu da Gündüz Kərimbəyli dedi.
Səadət müəllimə isə sağollaşdı:
– Sağ olun. Mən getdim.
Mühüm işlər müstəntiqi bu dəfə özünü birtəhər hiss etdi:
– Mən öz yolumla gedirəm... Sizə maneçiliyim olmayacaq...
Fazil dedi:
– Onsuz da, buralarda bir-birimizdən ayrılırıq... Rayonda bizi bir yerdə görəndə qeybət ikiqat artır...
Səadət müəllimə bir daha:
– Sağ olun, – dedi və onlardan uzaqlaşdı.
Fazil müəllim Gündüz Kərimbəylinin yanında dayandı. Bir müddət heç biri heç nə demədi. Sonra Gündüz Kərimbəyli əyilib yerdən bir çubuq götürdü və çaya baxa-baxa yavaş-yavaş addımlamağa başladı. Fazil müəllim də onun yanınca getdi.
Gündüz Kərimbəyli soruşdu:
– Sizin mənə bir sözünüz var?
– Yox, mənim... mənim elə bir sözüm yoxdu. Amma sizin yəqin yenə mənimlə işiniz var... Sabah da yəqin mənim üçün məktəbə gələcəkdiniz...
Gündüz Kərimbəyli yenə də məxsusi təbəssümüylə gülümsədi və:
– Acığınız tutmasın, – dedi. – Səadət müəllimə ilə bugünkü söhbətimiz faydalı oldu.
– Bir şey öyrənə bildiniz? – Fazil müəllimin sualında əməlli-başlı rişxənd vardı.
– Öyrəndim, əlbəttə...
– Məsələn, nə öyrəndiniz?
– Məsələn, öyrəndim ki, – Gündüz Kərimbəyli ani olaraq Fazil müəllimə baxdı,
– o sizi çox istəyir.
Fazil müəllim əvvəlcə bir söz demədi və yəqin burasını da birdəfəlik başa düşdü ki, bu adamla danışanda rişxəndi qatlayıb cibə qoymaq lazımdı, çünki bu adam nə məktəb direktorudu, nə də rayon maarif şöbəsinin inspektoru. Sonra dedi:
– Məlumat üçün çox sağ olun.
Görünür ki, belə bir söhbət Gündüz Kərimbəylinin ürəyinə yatmırdı və onun səbri tükəndi:
– Bura baxın, cavan oğlan! – Ayaq saxlayıb düz Fazil müəllimin gözlərinin içinə baxdı. – Elə bilirsiniz ki, mənim xoşuma gəlir camaatın işinə qarışım, görüm kim kimi istəyir, kim də kimi istəmir? Kimin qardaşı necə adamdı?
Fazil müəllim cavab vermədi.
Gündüz Kərimbəyli yenə asta addımlarla yoluna davam etdi və bu dəfə həmişəki mülayimliyi ilə:
– Amma, – dedi, – sizə, doğrudan da, sözüm var... Bir şey soruşacağam, daha doğrusu, təzədən soruşacağam.
O susdu və əlindəki çubuğu oynada-oynada bir müddət heç nə deməyib irəlilədi.
Yavaş-yavaş qaş qaralırdı.
– Yaxşı yadınıza salın. Sizin deyəcəklərinizdən çox şey asılıdı. Babanız qatardan düşəndən sonra, – Gündüz Kərimbəyli bu sözləri xüsusi bir vurğu ilə tələffüz etdi, – otağınıza girdiyiniz vaxta qədərki müddətdə kiminlə rastlaşdınız, kimi gördünüz? Çalışın ki, həmin gecəni bütün təfərrüatı ilə yadınıza salasınız, bütün təfərrüatı ilə, tələsməyin.
Onlar yanaşı addımlayırdı və Fazil müəllim gözlərini ayaqlarının altına dikib bir söz demirdi; nəhayət ki, dilləndi:
– Heç kimlə rastlaşmamışıq...
– Heç kimi də görməmisiniz?
Fazil müəllim yenə bir müddət susduqdan sonra:
– Yox! – dedi.
– Axı, bu ola bilməz ki, heç kimi görməyəsiniz?
– Qışda hava pisdi, gecə vaxtıydı özü də... Adam olmur rayonda bu vaxt... Yəni küçədə, çöldə deyirəm...
– Vağzalda heç kim yox idi?
– Yox...
– Bəs vağzalın işçiləri?
– İşçiləri? Yəqin ki, orada idi...
– Bax, görürsüz...
– Tanımadığım adamlardı, bəlkə də yan-yörəmizdə olublar, fikir verməmişəm...
– Bəs küçə boyu? Evə gələndə?
Mühüm işlər müstəntiqinin bu cür cidd-cəhdlə verdiyi suallar Fazil müəllimi düşündürürdü və o, addımladıqca həmin gecənin təfərrüatını yadına salmağa çalışırdı.
– Fəttah dayını – qarovulçunu kitab mağazasının yanında gördüm, salamlaşdıq da...
– Görürsünüz, bir-bir yada düşür. Sonra kimi gördünüz? Bax, bu cür fikir vermədiyiniz adamlardan?
Fazil yenə bir müddət susduqdan sonra:
– Ayna xalanı, – dedi. – Salamlaşıb qalxdıq yuxarı. Sonra Ayna xala çay gətirdi, gördü ki, babam çıxıb evdən, təəccüb elədi ki, bu havada hara belə?..
– Bax, bu iki nəfər... Sonra kimi?
Fazil müəllim dayandı və gözlənilmədən:
– Bilirəm siz nə fikirləşirsiniz, – dedi.
Gündüz Kərimbəyli də ayaq saxladı və gülümsəyə-gülümsəyə dedi:
– Qəribədi. Siz bilirsiniz, amma mən özüm öz fikirlərimdən baş açmıram hələ. Fazil müəllim yəqin ki, bu sözləri də növbəti bir fənd hesab edib dedi:
– Məni çox da sadəlövh bilməyin. Mənim işlərimin babamın ölümünə dəxli yoxdur.
– Burası hələ məlum deyil...
Fazil müəllim, qulaqlarına inanmırmış kimi, mühüm işlər müstəntiqinə baxdı və nə isə demək istədi, amma Gündüz Kərimbəyli onun danışmağına imkan vermədi:
– Burası da məlum deyil ki, sizin işlərinizin bizim indiki söhbətimizə nə dəxli var?
Fazil müəllim artıq qaranlıq düşdükcə yavaş-yavaş işıldamağa başlayan çaya tərəf baxdı və dedi:
– İmaş vağzalda idi.
– Bax, bu üç nəfər...
Fazil müəllim bu dəfə də təəccüblə mühüm işlər müstəntiqi Gündüz Kərimbəyliyə baxdı. Əlbəttə, o, heç cür gözləmirdi ki, dediyi bu sözlər, verdiyi bu xəbər beləcə sakit qarşılanacaq.
Gündüz Kərimbəyli soruşdu:
– Bunu nə üçün gizlədirdiniz?
– İstəmirəm Səadəti bu məsələyə qarışdırsınlar. İstəmirəm onun adı rayonda dildən-dilə gəzsin.
– İmaş vağzalda nə edirdi?
– Kassanın yanında dayanıb bizə baxırdı.
– Sizinlə üzbəüz idi?
– Hə.
– Sonra?
– Sonra çıxıb getdi.
– Daha onu görmədiniz?
– Yox. – Fazil müəllim bir az çətinliklə də olsa əlavə etdi. – Amma onun bu işə dəxli yoxdu... Səadəti çox istəyir o. Belə iş tutmaz... Soyublar babamı...
– Siz oxatma dərnəyi düzəltmisiniz məktəbdə?
Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı:
– Bəli. Nədir ki?
Gündüz Kərimbəyli yenə nə isə soruşmaq istədi, amma bu vaxt arxadan Mürşüd onu hayladı:
– Gündüz əmi! Gündüz əmi!
Mürşüd qaça-qaça gəlib onlara çatdı və tövşüyə-tövşüyə:
– Bizim prokuror sizi axtarır, – dedi. – Evə adam göndərmişdi. Maşını da küçələri dolaşır sizinçün...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ox-kimi-bicaq-xiv-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
15 iyun 1806-cı il. Şuşa yaxınlığındakı Xankəndi. Xanınyay iqamətgahı.
İkinci hissə, 3823 fevral 1806-cı il. Sankt–Peterburq. Qış sarayı.İmperator I Aleksandr iş otağında yazı mizinin arxasında oturmuşdu.
Hakim oxucudurBu kiçik ön sözü yazmaq istərkən fikrimə bir sual gəldi: mən ilk hekayəmi nə vaxt yazmışam?Nə vaxt?
ProloqGecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.
Стихи других поэтов
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Narın üzə bilmərəmEy dost, sənin bağın cənnət, narın üzə bilmərəm,Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,