Страница 2 из 4 · 25%


Firuzə təzəcə dəmlədiyi çayı, yağı, pendiri, çörəyi gətirib Fətullanın qabağında mizin üstünə qoyanda, Fətulla hiss elədi ki, Firuzə, nəsə, gözlənilməz bir şey deyəcək və soruşanda ki:

– Deyirdün sözün var mənə?

Firuzə də:

– Çayuvu iç, sonra deyərəm... – deyəndə, Fətulla lap yüz faiz bildi ki, Firuzənin sözü nəsə təzə bir söz olacaq, amma o təzəlik necə olacaq? yaxşı olacaq? pis olacaq?

– bunu bilmirdi.

Firuzə o sözü deməyə tələsirdi, amma, eyni zamanda, elə bil ki, ürək eləmirdi və Fətulla fikirləşdi ki, bəlkə qızlarla bağlı nəsə bir xəbər var? amma nə olacaqdı? əgər təzə nəvə xəbəriydisə, burda ehtiyat eləməli təzə bir şey yox idi – altıncı nəvə olacaqdı – başqa bir səbəb isə, Fətullanın ağlına gəlmirdi.

Və elə ki, həmişəki pendir-çörəyi yedi, şirin çayı içdi:

– Hı?– dedi.– Nə olub?

Firuzə:

– Heç nə...– dedi.– Nə olacaq ki, Allaha şükür, hər şey yerindədi...

– Deyirdün axı sözün var...

Firuzə ona yaxınlaşdı və biləyindən tutub:

– Bir bura gəl...– dedi və Fətullanı ardıyca, otağın həyət qapısına tərəf çəkdi.

Düz otuz altı il idi ki, evli idilər və bu otuz altı ildə hər dəfə Firuzənin əli onun əlinə dəyəndə, Fətullanın bədənindən bir cərəyan keçirdi, elə bil...

elə bil...

elə həmin qalın qoşa hörüklü qızın əli idi, o əlin hərarəti, o əlin gətirdiyi hissiyyat idi...

Fətullagilin həyət qapılarının qarşısında, gövdəsi yoğunlayıb qocalmış bir sarı şanı üzüm ağacı var idi və bu ağacın yaşı Fətullanın yaşından çox idi, ağacın budaqlarını Fətullagilin birmərtəbəli binalarının damına qaldırmışdılar və damda o budaqlardan talvar düzəltmişdilər və elə ki, yaz gəlirdi, o budaqlar yarpaqlamağa başlayırdı, bir azdan damdakı o talvar məhəllənin cənnət guşələrindən biri olurdu, yay günortasının cırhacır istisində də yarpaqların sıxlığından o talvara gün şığıya bilmirdi, ən gözəli isə bu idi ki, o qoca üzüm ağacının elə təzə-tər yarpaqları olurdu, elə bil, yetmişinci, səksəninci dəfə deyildi açmağı, birinci dəfə açılıb dünyaya gəlirdi və o qədər də sapsarı şanısı olurdu ki, Firuzə bütün ilin abqorasını, sirkəsini düzəldirdi, doşabını bişirirdi, bal kimi şanıdan vedrə-vedrə qızlara göndərirdi, yarpaqlarını duza qoyurdu və qışda da, payızda da o yarpaq dolmasını bişirirdi ki, Fətullanın aləmində, dünyada heç kim o dadda yarpaq dolması bişirmirdi və bişirə də bilməzdi.

Firuzə Fətullanı ardıyca çəkib həyətə çıxartdı və yamyaşıl yarpaqları, az qala, ovuc içi boyda böyümüş üzüm salxımlarını göstərib:

– Görürsən, Fətulla?.. – dedi.

Fətulla, hər halda, sənətkar idi və bu yaz səhəri Firuzənin onu həyətə çıxarıb yamyaşıl bir gülüşlə adamın üzünə gülən bu üzüm budaqlarını göstərməsi, doğrusu, Fətullanı əməlli-başlı həyəcana gətirdi və Fətulla lap o cavanlıq çağlarındakı kimi, həyətin ortasında Firuzəni qucaqlayıb sinəsinə sıxmaq istədi, amma bu vaxt Firuzə deyəndə ki:

– Bilirsən, Fətulla, bir söz deyəcəyəm, ancaq... hirslənmə...

Fətullanın ürəyi, elə bil, bir boşluq içində uçunan kimi oldu və Fətulla yüz faiz başa düşdü ki, nəsə, çox pis bir söz eşidəcək.

Firuzə dedi:

– Fətulla... bilirsən... istəyirəm... istəyirəm bu yarpaqları yığım... aparım bazarda satım...

Əvvəlcə Fətulla elə bildi ki, Firuzənin dediklərini düz başa düşmədi, amma elə ki, bu sözlər şapalaq kimi onun beyninə çırpıldı, Fətullanın sifəti nə günə düşdüsə, Firuzənin rəngi ağappaq ağardı və Fətulla:

– Nə?– deyə xırıldayanda, Firuzə:

– Hirslənmə, Fətulla, sən Allah, hirslənmə!..– dedi.

Fətulla eyni xırıltıyla:

– Mənim arvadım gedib bazarda yarpaq satacaq? – soruşdu və elə bil, o, bu sualı, Firuzəyə yox, özünə verdi, əslində heç özünə də yox, Fətulla bu sualı naməlum bir varlığa verdi...

bəlkə taleyə verdi?..

Allaha verdi?..

kimə verdi?..

bilmirdi, amma orasını tamam aşkar bilirdi ki, həyatının bu məqamına gəlib çatmaqdansa, o qoşa hörüklü qızı otuz altı ildən sonra, belə bir ehtiyaca ürcah etməkdənsə, o, yəni, Fətulla, ölsəydi, bundan min qat yaxşı idi.

Firuzə, Fətullanın bircə anın içində bərəlmiş gözlərinə, qıpqırmızı qızarmış sifətinə baxa-baxa əməlli-başlı qorxuya düşdü, axır vaxtlar, onsuz da, Fətullanın qan təzyiqi yuxarı idi (hərdən 110 – 170-ə olurdu) və Firuzə sidq-ürəkdən gələn bir yalvarışla:

– Fətulla, qurban olum sənə, sözdü də, dedim... qurban olum, Fətulla... fikir vermə, deməmiş olum, Fətulla... vallah, day bir də belə söz demərəm... – Firuzə yenə Fətullanın biləyindən tutdu və bu otuz altı ildə birinci dəfə Fətulla sərt bir hərəkətlə qolunu dartıb:

– Əlüvü çək mənnən!.. – dedi.


Miss Merilin Consonun əlli bir yaşı var idi, amma indiyə qədər ərə getməmişdi və bu zənci qadın həddən artıq gombul idi. ABŞ-da bu cür kök adamlara tez-tez rast gəlmək mümkündü və əlbəttə, bu cürə köklüyün səbəbi qidanın tərkibindəki süni maddələr idi.

Yemək – miss Merilin Consonun həyatının əsas problemi idi və artıq əsas da məqsədə çevrilmişdi və bu mənada miss Merilin Conson sonuncu iş yerindən çox razı idi.

Miss Merilin Conson Nyu-Yorkda, Manhettimdə, BMT-nin lap yaxınlığındakı «Reqal Y.N. Plaza» oteli ilə üzbəüz binanın 23-cü mərtəbəsində, tanınmış və nüfuzlu bank işçisi mister İsaak Blyumentallın evində qulluqçu işləyirdi və mister Blyumentallın özü də, missis Blyumentall da yeməklərinə xüsusi fikir verən və azyeyən adamlar olduğu üçün, mağazadan alınan, sifariş gətirilən ərzağın çoxu tökülüb qalırdı və miss Merilin Conson evin işlərini görməklə bərabər, dəyirman dən üyüdən kimi, səhərdən axşama kimi, ekoloji cəhətdən çox təmiz və buna görə də çox baha olan həmin ərzaqları yeməklə məşğul olurdu.

Mister və missis Blyumentallar sonsuz idi, azdanışan, sakit, rahat, qayğısız həyatı sevən adamlar idi.

Missis Blyumentallın ağappaq bir pudeli var idi və o pudellə daha çox danışırdı, nəinki mister Blyumentalla, yaxud da miss Consonla, iti tez-tez təmiz havaya çıxarırdı, onu özü təmizləyirdi, özü çimizdirirdi, özü pudeli xüsusi bərbərin yanına aparıb yeni dəblə qırxdırırdı, qıvrım tüklərini özü darıyırdı, onu özü yedizdirirdi və miss Conson bu itlə bağlı heç bir əziyyət çəkmirdi.

Mister Blyumentall maliyyəçi dairələrdə məşhur və nüfuzlu bank işçisi olmaqla bərabər, məşhur da kolleksiyaçı idi, qədim musiqi alətləri yığırdı və işdən gəlib yüngülcə bir şamdan sonra, gecənin yarısına qədər vaxtını, ideal bir səliqə ilə kolleksiyanı topladığı ayrıca üç otaqda keçirirdi, zəngin kolleksiyasındakı nadir nümunələrdən birini götürüb rahat kreslosunda əyləşirdi, böyüdücü şüşə ilə baxa-baxa o nümunəni santimetr-santimetr tədqiq edirdi, cürbəcür məlumat kitablarına, kataloqlara baxırdı və sairə.

Kolleksiyadakı nümunələrin, o cümlədən, Q. da Salonun bir, A. və N.Amatilərin bir, Stradivarinin isə iki (!) skripkasının tozunu da mister Blyumentall şəxsən özü alırdı və bu baxımdan da missis Consonun heç bir qayğısı və qorxusu yox idi ki, birdən nəsə əlindən yerə düşər, əzilər, zədələnər, nəyəsə toxunar...


Firuzənin nə təqsiri var idi? hə? nə təqsiri var idi? heç nə... gör sən bu evi, bu yazıq Firuzəni hansı günə gətirib çıxarmısan ki, meynənin yarpaqlarını yığıb aparıb bazarda satmaq istəyir... sənin o atan ki, bu meynəni bu həyətdə əkmişdi, əkəndə heç onun ağlına gələrdi ki, haçansa oğlunun ailəsi o günə qalacaq ki, arvadı gedib bazarda meynə yarpağı satmağa möhtac olacaq?.. o rəhmətlik papaqçı Cəfər ki, o qoşa hörüklü qızı zurnaçıya vermək istəmirdi (yaxşı da eləyirdi!), klarnetçalana verdi (çox da səhv bir iş tutdu!), indi qızının bu gününə qəbirdə tərpənməsin, nə eləsin?.. axmaq oğlu, axmaq, Firuzənin əlini itələməkdənsə, get, öz başını divara vur də, Firuzə neyləsin?..

... və mizin arxasında dinməzcə oturub, barmaqlarını sındıran Fətulla, görəndə ki, Firuzə həyət qapısından otağa girdi və Firuzənin gözləri də ağlamaqdan qıpqırmızı qızarıb, özünü güclə saxladı ki, durub Firuzəni qucaqlamasın, «sənin nə günahın var, əzvayın biri mənəm!»– deməsin, amma Fətulla özünü saxladı və qorxdu ki, birdən Firuzənin yanında gözləri dolar, ona görə də gözlərini mizin üstündə eləcə ovuşdurduğu barmaqlarından çəkməyə ürək eləməyib təkcə elə:

– Axı, nədi e?.. – soruşdu.

Firuzə də ona baxmadı, mizin üstündəki çay-çörək qalığını yığışdıra-yığışdıra titrək bir səslə:

– Uşağın kiçik toyu olacaq də... – dedi.

... indi başa düşdün, kütbeyin oğlu, kütbeyin, başa düşdün, ya yox?.. hədiyyə almaq istəyir də, uşağa, nə ilə alsın?.. gedib nə eləsin?.. sənin o klarnetin elə sənin başına dəysin!.. nə gətirirsən evə?.. gətirdliyini elə öz qarnına tıxırsan də!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов