Üç xatirə
I fəsil
Axşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf baxdıq. İndi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki, elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
Bu – Almaniya Demokratik Respublikasının ordusu idi.
Mən isə, Qərbi Berlinə tərəf baxırdım və təzə-təzə yanmağa başlayan o işıqlar nə qədər yaxın və eyni zamanda da nə qədər əlçatmaz idi...
O dəm mənə elə gəlirdi ki, yalnız Berlin yox, yalnız Almaniya və alman xalqı yox, Şiller də iki yerə bölünüb, Motsart da, Bax da, Bethoven də, Heyne də iki yerə bölünüb və mən bu bölünməni, parçalanmanı indi, az qala, cismani hiss etdim: insan bədəni ortadan iki yerə parçalanıb, qan axır...
Drozd da Qərbi Berlinin işıqlarına baxırdı və öz-özünə dodaqaltı nəsə pıçıldayırdı.
– Volodya, sən nə hiss edirsən? – soruşdum.
Drozd:
– Dəhşətdi!.. – dedi.
– Mənim xalqım da beləcə bir dəhşət içindədi... – dedim.
Brandenburq qapıları haçansa açılacaqmı?
24 sentyabr 1987.
Şərqi Berlin.
II fəsil
Günorta rəssam Ə. Behkalamın emalatxanasına gedəndə Berlin divarı boyunca xeyli addımladıq və mən tez-tez ayaq saxlayıb o divara çəkilmiş şəkillərə baxırdım. Divarın o tərəfi Şərqi Berlin idi. Kənardan da Brandenburq qapıları görünürdü.
Yadıma gəlir, iki il bundan əvvəl orada (o tayda!) dayanıb bu tərəfə baxırdım...
Eyni bir şəhəri – Berlini bütöv görmək üçün iki dəfə uzun səfərə çıxmaq lazımmış...
Birinci dəfə Bakıdan Moskvaya, Moskvadan da Şərqi Berlinə uçmuşdum və oradan piyada gəzə-gəzə bura gələ bilmək əvəzinə, buranı görmək üçün ikinci bir marşrut lazım imiş: təzədən Bakıdan Moskvaya, Moskvadan Dyüsseldorfa, Dyüsseldorfdan da Qərbi Berlinə.
Yadıma gəlir, orada əsgərlər şübhə ilə, daxili bir gərginliklə mənə baxırdı, ətrafda var-gəl edirdi, barmaqları da sinələrindən sallanmış avtomatın tətiyi üstündə...
Burada isə heç kim yoxdu. Almaniya Demokratik Respublikasına qaçmaq istəyirsən? Qaç! Xoş gəldin!..
Uşaqlar, həvəskarlar, peşəkarlar, bacaranlar və bacarmayanlar sonu görünməyən o Berlin divarına rəngbərəng, cürbəcür şəkillər çəkiblər: gülməli heyvanlar, təlxəklər, güllər-çiçəklər... Amma bu dəm mənə elə gəlir ki, o heyvanlar, o təlxəklər, o gül-çiçək, hətta o rənglər də – qırmızı da, yaşıl da, göy də, çəhrayı da əslində bir matəm içindədi...
Görəsən, elə bir vaxt gələcəkmi bu divar sökülsün? Yoxsa, bu Berlin divarında bir zindan əbədiliyi var?
2 iyun 1989.
Qərbi Berlin.
III fəsil
Bu gün səhər bərk külək əsirdi, qar yağırdı, bir sözlə, əməlli-başlı qasırğa idi, amma o küləyə, o qara, çovğuna baxmayaraq səhər-səhər maşınla Brandenburq qapılarına tərəf getdik, sonra maşından düşüb piyada Berlinin şərq hissəsinə keçdim, təzədən qərbə gəldim, yenə şərqə getdim...
Bir azdan Berlindəki Dünya Mədəniyyət Evində mənim mətbuat konfransım başlayacaqdı, amma qəribə idi, mən bu yerdən ayrıla bilmirdim.
Bax, burada vaxtıyla əli avtomatlı əsgərlər gəzişərdi və o əsgərlərin şübhəli baxışları indiki kimi yadımdadı. Hətta mənə elə gəlir ki, o əsgərləri indi də görsəm, sifətdən tanıyaram...
Brandenburq qapıları bu qədər adi imiş... Adi şəhər qapıları...
Amma mən nə üçün bu adilikdən qopa bilmirəm? O çovğunda şərqdən qərbə, qərbdən şərqə addımlayıram...
5 fevral 1991.
Berlin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-uc-xatire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də sahilə çıxarıb, geri qaytarırdı…Bakıya axşam düşmüşdü.
İkinci hissə, 32Nöyüt lampası yanan yarıqaranlıq otaqda qollarını çırmalamış iki nəfər knyaz Sisianovun mundirinin paqonlarından yapışıb, onun, yoğun və uzun taxta parçalarından düzəldilmiş taxtın üstündə uzadılmış meyitini irəli çəkdi, çənəsini yuxarı qaldırdı, mundirinin yaxasını aşağı dartdı.Knyaz Sisianovun boynu tamam açıq idi.
İkinci hissə, 33Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi.
İkinci hissə, 34Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: İbrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı.İbrahim xan o iki nəfərə baxa-baxa deyirdi:
Стихи других поэтов
Hicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil