Bu başlanğıc axtarışından
Salamat qalmış qəlpələrdir.
Yaxud başlanğıcda görsənmiş
Bir mənzərədir.
Haşiyəsi budur ki,
“Tarixin səadət səhifələri
Boş səhifələrdir”

...O vaxta kimi istər ayrı-ayrı milli dinlərin və istərsə böyük dünya dinlərinin başlanğıcları tarix səhifəsinin çox dərinində cərəyan etməmiş və hələ də qaranlıq içindən çıxmayıbsa üçüncü və sonuncu dünya dini olan İslam artıq tarixin ön səhnəsində və tarixin gur işığı altında doğulmuş, beləliklə eramızın yeddinci yüz illiyinin ikinci yarısında yer üzündə islam tufanı başlanmışdı.

Rəvayətə görə o gecə ki, islamın banisi Sərvəri-Kainat anadan olmuşdur, o gecə yığın-yığın ərəb tayfalarının yüz illərdən bəri sitayiş etdikləri 360-dan artıq çox çeşidli və çox şəkilli bütləri, sənəmləri və yaxud əldəqayırma tanrıları Məkkə şəhərindəki Kəbə adlanan (çox qədim məbəddir) tirlərindən qopub üzü üstə yerə sərilmiş, məşriqdəki qüdrətli sasanilər İranında adil şah adlanan Nuşirəvanın möhtəşəm ağ sarayı sarsılıb lərzəyə gəlmişdi, onun uca tağlarından bir neçəsi uçub tökülmüşdü və atəşpərəstlərin min illərdən bəri fars iqlimində yanan ulu atəşləri titrək bir şam kimi sönmüşdü. Halbuki o vaxta qədər o əbədi məşəlin bir dəfə də olsun sönməyini heç kəs görməmişdi.

Sonra yenə o gecə məğribin hökmdarları və Bizans hökmdarı vahimə dolu röyalarından qan-tər içində oyanmışdı.

Və nəhayət, o gecə yamanlıq bayraqdarı İblis bütün qoşunlarını başına yığıb fəryad eləmişdi ki, bilin və agah olun ki, bu gecə bizim ən böyük və ən amansız düşmənimiz anadan olmuşdur. İndi zaman ilə məkan əllərini sinələri üstə tutub iki qulam kimi o şəxsin hüzurunda dayanıblar...

Miladi tarix ilə 570-ci ildə atasının ölümündən sonra Məkkədə dünyaya gələn və “Dürr-yetim” adlanan İslam peyğəmbəri qırx yaşında “dini inqilaba” başlayaraq yeni dinin ehkamlarını təbliğ edir ki, ürəyi iman və etiqadının ehtirasıyla yanan vücudu zaman-zaman epilepsiya həmlələri ilə sarsılan bir xəyalpərvər kimi idi və yeni əxlaq carçısı olaraq bütpərəst Məkkə aristokratiyası tərəfindən məruz qaldığı bütün təqiblərə, hədə-qorxulara, acı istehzalara, zəhərli həcvlərə və həyatına sui-qəsd təşəbbüslərinə cavab olaraq elan eləmişdi ki, əgər günəşi sağ ovcuma və qəməri sol ovcuma qoysalar belə mən yenə öz haqq yolumdan dönməyəcəyəm.

Lakin günəş, ay, ulduz kimi kosmik hədiyyələr müqabilində belə haqq yolundan dönməyəcəyini elan edən tanrı elçisi əgər Məkkə şəhərində adsız-sansız bir kimsəsiz idisə, sonra ölümcül təhlükələrdən qurtulmaq üçün doğma şəhərindən didərgin düşüb, gizli olaraq Mədinə şəhərinə hicrət eləyəndə və orda hər gün yeni dinə iman gətirənlərin sayı artıb-çoxalanda, şöhrətli və döşü təpərli ərəb cəngavərləri bir-birinin dalınca əldəqayırma tanrılardan üz çevirib qılınclarını sərvəri-kainatın ixtiyarına verəndə Məkkənin dünənki qurğun peyğəmbəri Mədinədə hərbi səfərlər təşkilatçısı bir hökmdara çevrildi. “Din və hakimiyyət əkizdir” dedi və beləliklə, ilk islam qoşunları dünya tarixinin aynası qarşısında dayandı...

Və o Mədinə ki, qurğun bir peyğəmbərin sığnağı idi, sonralar kafirlərə qalib gəlmiş hökmdar peyğəmbərin qurduğu böyük İslam dövlətinin ilk paytaxtı oldu və Sərvəri-Kainat həyatını orda başa vuraraq, miladi tarixilə 632-ci ildə vəfat edərkən orda dəfn edildi, sonra qəbri yanında dəfn olunmaq şərəfi yalnız birinci xəlifə Əbubəkr ilə ikinci xəlifə Ömərə nəsib oldu. Amma müqəddəs məzar yanındakı üçüncü bir yer isə boş saxlandı: islam qənaətinə görə xaçpərəstliyin banisi və cəfakeşi, çarmıxa çəkilmiş tanrı oğlu İsa ikinci dəfə bu dünyaya gələcəkdi və ikinci dəfə bu dünyadan gedəndə islam peyğəmbərinin qəbri yanında dəfn ediləcəkdi.

Peyğəmbərin vəfatından sonra əmirəlmöminin, yaxud möminlərin əmiri ləqəbli xəlifələr dövrü və İslam ordularının böyük işğalçı hərbi səfərlər dövrü başlandı ki, müəyyən fasilələrlə bir-birini təqib edən iki qüdrətli istila dalğasının zərbəsi ilə İslam qılıncı bir tərəfdə Zərdüşt dinli İranın qocaman sasanilər imperatorluğunu tarımar edib yerə sərdi, digər tərəfdən xristianlıq dinli Bizans imperatorluğundan bir çox Asiya və Afrika vilayətlərini qopardıb öz hakimiyyəti altına aldı. Lakin bu dəfə kükrəmiş emosiya siyasəti dayanmadı və daha da şiddətlənərək Doğarıda¹ Asiyanın sinəsi İrandan aşıb keçərək Çin sərhədlərinə dirəndi. Batarıda² quzey Afrikanı ağzına aldı. Ordan Avropaya sıçradı, İspaniyada qotların krallığını darmadağın elədi və nəhayət, Fransa torpaqlarında ən uca zirvə nöqtəsində tükəndi, dayandırıldı və geri atıldı...

Beləliklə, o torpaqlarda ki, bir zamanlar Midiya çarları, İran şahları, makedoniyalı İskəndərlər və Roma qeysərləri silah gücüylə yığın-yığın pərakəndə xalqları və ölkələri vahid siyasi bir orqanizmdə birləşdirmişdilər və böyük cahan dövlətləri qurmuşdular, sonra içəridən çürümüş, zavala uğramış, çökmüş və məhv olmuşdular, bu dəfə də eyni coğrafi rayonlarda xilafət adlanan nəhəng İslam imperatorluğu tarixin üfüqlərində baş qaldırdı...

...Lakin dünya xalqlarının tarixi müqəddəratında paradoksal hadisələr az deyil və o qüdrətli, möhtəşəm keçmişli İran ki, yalın ayaqlı, əbaları yamaqlı ərəb qoşunları tərəfindən darmadağın edilmişdi və qılınc gücünə, islamı qəbul etməyə məcbur olmuşdu, sonra üçüncü dünya dini islamın istinadgahına döndü. İranlı din sahibi ərəbdən daha artıq mömin müsəlman oldu və qalib gələnlər məğlubiyyətə uğrayanların şagirdinə çevrildi.

Buna görə idi ki, əgər vaxtilə Əməvi xəlifələrindən biri hüzuruna çağırdığı bir iranlıya müsəlman olmağı təklif edib rədd cavabı alanda qəzəblənərək haman iranlının baldırından kəsdirdiyi əti kabab elətdirmişdimsə və ötkəm iranlıya öz ətindən bişirilmiş kabab yedirmişdisə digər bir Əməvi xəlifəsi iranlılar qarşısında duyduğu heyrət hissini ümumiləşdirmişdi və demişdi: “Mən bu iranlılara heyrət edirəm. Bunlar min il hakimiyyət başında oldular, amma bir saat da olsun bizə ehtiyacları olmadı. Biz isə cəmisi yüz ildir hökmranlıq edirik, amma bir saat da olsun bunlarsız keçinə bilməmişik”.

Və bu Əməvi xəlifələrinin yüz illik hakimiyyətinə son qoyularkən, İran həlledici rol oynadı, Xorasanlı Əbumüslümün qaradonlu, qaraçalmalı və qara bayraqlı alayları qara bir sel kimi Doğarıdan Batarıya

¹ Şərqdə

² Qərbdə axaraq “dinsiz” Əməvi xəlifələrini Suriyada taxtdan saldılar və peyğəmbərin əmisi Abbasın nəslindən olan “dindar” Abbas xəlifələrini İraqda taxta çıxartdılar.

Beləliklə, Abbasilər xilafəti ərəb xəlifələrilə iranlı vəzirlərin dövlətinə çevrildi, xilafətin paytaxtı İrandan uzaq olan Suriyadan, yaxında, İranla qonşu olan İraqa köçürüldü və Dəclə çayı sahilindəki Bağdad adlı kiçik bir İran kəndinin yerində ucalan yeni bir şəhərin – Bağdadın şöhrəti bütün iqlimlərə yayıldı və əgər min il əvvəl Babil Şərq dünyasının paytaxtı hesab olunurdusa, indi də Bağdad Şərq dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlalı ilə bütün dünyanı heyrətə saldı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ananın ölümü

Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.

8 мин
Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин

Стихи других поэтов