Müsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”.

Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar.

İki polis nəfəri kənardan durub laqeydanə baxırdılar. Meydanın bir tərəfindəki uçuq evin divarının üstünə çoxlu qadın və çocuq yığılıb hadisəyə tamaşa edirdilər.

Bir nəfərə yavıqlaşıb xəbər aldım:

– Qardaş, bu nə mərəkədir?

– Nə mərəkə olacaqdır? Bu İki nəfər filan-filan olmuşlar bizim hamımızı binamus eləyiblər. Biz Nəsir bəyi görəndə xəcalətimizdən başımızı qovzayıb onun sifətinə baxa bilmirik.

İki nəfər cavan müsavat zabiti ortalığa atılıb qışqırdılar: “Camaat, sizin işiniz yoxdur, biz İki qardaş bu saat bunların cəzasını sizin gözünüzün qabağında verərik”.

Qardaşlar hər ikisi şaşqalarını sivirib hücum etdilər.


Əhvalatı başdan söyləyək.

Şəhərdə Nəsir bəyi və onun qohum-əqrəbasını tanımayan və onlardan qorxmayan yoxdur. Vay o şəxsin halına ki, Nəsir bəyin, ya onun qohuməqrəbasının haqqında bir nalayıq söz danışsın və ya küçədə getdiyi yerdə təsadüfən onların birisinə toxunsun, yainki küçədə salam verməsin.

Belə adam iki günün içində yox olacaqdı.

Nəsir bəy özü, ya əqrəbası adam öldürməzdilər, belə işlər üçün onların xüsusi “adamları” var idi. Bu adamları mehmanxanalarda, restoranlarda, çayxanalarda, hamamlarda... hər yerdə tanıyardılar. Restorana daxil olub, nahar yeyib, durub gedərdilər. Xidmətçi gəlib pul istəyəndə restoran sahibi qəzəbli deyərdi:

– A gədə, işin yoxdur, bunlar Nəsir bəyin adamlarıdır, mənim əziz qonaqlarımdırlar. Xoş gəldiniz, göz üstə gəldiniz, bu restoran sizə qurbandır.

Restorançının, sözü yox ki, dili dediyini ürəyi demirdi.

Bu tədbir bəylərə gözlədikləri nəticəni verdi. Bəy bunlarla yoldaşcasına, zarafatyana söhbətlər edərdi. Söhbət arasında birdən deyərdi:

– Ay uşaqlar. Siz filan oğlu filankəsi tanıyırsınızmı?

Bir nəfər cavabında durub deyərdi:

– Bəli, mən tanıyıram, bizim qonşuluqda olur... Necə, bəy?

– Heç mənim xoşuma gəlmir. Deyəsən o da qoçuluq fikrinə düşübdür.

Mənim yanımdan bu gün belə təşəxxüslə ötdü ki, guya alçaq dağları o yaradıbdır. Papağı endirib gözünün üstünə, təmkinlə qədəmlərin ataraq yeriyir, guya bu adamları gözü görmür. Ona bir qulaq burması eyb eləməz.

Sabahdan şəhərə bir xəbər düşəcəkdi ki, filan oğlu filankəsi bu gecə öldürüblər.

Belə adamlardan hər ay, ayda bir neçəsi öldürülərdi və hamısının da qanı arada gedərdi. Çünki polis idarələri hamısı bəyin əlində idi: hamı pristavlar bəyi görəndə ikiqat baş endirərdilər. Bəy faytonla getdikcə qaradovoylar şux ona “çest” verərdilər və bəy də bunun müqabilində pul çıxarıb onların üstlərinə atardı.

Nəsir bəy şəhərin yavıqlığında vaqe bir kəndin “quru bəylərindən” idi. Demək olar ki, haman kəndin əhalisinin əksəri onun kimi “quru” bəylərdən və qohum-əqrəbasından ibarət idi. Bunların adları bəy idi.

Zahirən hamısı sadə kəndli sifətində, hamısı əkinçi, cibləri boş, yavan çörəklə dolanan, amma bəyliklərinə həmişə fəxr edən və sair camaatdan özlərinə ehtiram gözləyənlərdəndilər. Camaat ehtiramı isə ancaq onların adlarına bir “bəy” ləfzi qoşmaqdan başqa bir şey deyildi. İttifaqən bu bəylərin əkin yerlərində neft göründü. Bəylərin özlərində pul töküb quyu vurdurmaq, ya buruq qoydurmaq məqduru yox idi. Bu yerdə sair mədənçilər bunların köməyinə gəldilər. Bəylərin yerlərini çıxacaq neftdən müəyyən faiz vermək şərti ilə icarəyə götürdülər və qabaqca da bir qədər “avans” verdilər.

Bir neçə sənədən sonra gördüyümüz quru bəylər hamısı milyonçu oldular. İndi bunların “təşəxxüsləri yer yırtırdı”. Bununla belə, camaatın ehtiramını yenə qazana bilmədilər. Bəylər fikrə getdilər: “Bu yaramaz.

Biz milyonçu adamlar, öz yerimizin camaatı nə üçün bizim hörmətimizi saxlamasın, görəndə baş əyməsin, buna bir tədbir gərək”.

Çox fikirləşdikdən sonra qət etdilər ki, hər birisi başına bir neçə qoçu cəm edib, onlara məvacib təyin edib, sair camaatı qorxuda saxlasınlar. Onlardan boyun qaçırdanları öldürüb ortalıqdan çıxartsınlar, pul zoru ilə polis qulluqçularını əllərində saxlasınlar.

Bu tədbir bəylərə gözlədikləri nəticəni verdi. Həqiqət, camaat qorxusundan bunların məclislərdə tərif edib, görəndə ikiqat baş əyməyə başladılar. Nə etməli, can şirin olar! Xülasə, pul zoru ilə bəylər tamam şəhəri və həvalini dəhşət içərisində saxladılar.

Şəhər əhalisindən Nəbi İsmayılov adlı bir şəxsin bir vəcihə qızı var idi. İsmayılov, fəqir, öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı.

Köməksiz olduğundan, qızını bir nəfər qoçaq cavan oğlana nişanlamışdı.

Qız bir qədər rus-türk məktəbində oxuyub savadlanmışdı və çadradan qaçıb açıq gəzirdi.

Nəsir bəyin zabit oğlu bu qızı görüb öz ürəyində onu ələ gətirməsini qət etdi.

– Mən adam göndərib Nəbinin qızını istəyərəm. Kəndlinin birinə verincə mənim kimi bəy oğluna versin. Verməzsə, pulum var, zorum var, atasını yandırıb alaram.

Cavan bəy oğlu çox xərc çəkdi. Şəhərin məşhur “yengələrini” qızın və atasının yanına göndərdi. Bir nəticə vermədi. İş qaldı zora.

Bir gün zabit bir nəfər ifritəni qızın yanına göndərib belə bir sifariş elədi:

– Ya gərək bu gecə mənimlə bahəm restoranda vaxt keçirəsən, yainki atanın, ananın və adaxlının başından keçəsən. Təklifim qəbul olunmasa, bu gecə onların hamısını qıracağam, gecə saat onda filan yerdə səni gözləyəcəyəm.

Qız xəlvətə çəkilib bir qədər ağladı. Başına döydü. Axırda fikir etdi, o mənə nə edə bilər, ata-anamın xatirəsi üçün, gedib onunla şam yeyib qayıdaram evimizə.

Qızın ata-anası yatandan sonra xəlvət evdən çıxıb, müəyyən yerə gəlib, orada Nəsir bəyin oğlunu tapıb, onunla bir yerdə getdilər restorana.

Nəsir bəyin oğlunun, qızının dalına düşdüyünü və onu istədiyini adaxlısı bilirdi. Ona görə də gecə-gündüz nişanlısının evinin ətrafında dolanıb qarovul çəkirdi. Nişanlısının Nəsir bəyin oğlu ilə faytona mindiyini görüb, özü də bir faytona oturub bunların arxasınca çapdı. Bunları restorana girən görüb, o da daxil oldu. Qulluqçudan bunların tutduğu kabineti bilib, gəlib qapını döydü. Zabit durub qapını açanda, onu itələyib içəri daxil olub, başına İki güllə vurub çıxıb getdi.


Sübh Nəsir bəyin oğlunun öldürülmək xəbəri şəhərə yayıldı. Şəhərin cəmi qoçuları bir-birinə dəydilər; hamısı oğlanın qanını almağa “əl-Quran” etdilər.

Hər bir qoçu, Nəsir bəyin ondan razı olması üçün heç bir “fədakarlından” çəkinməzdi. Qoçular dəstələrini cəm edib, gedib qatili və qardaşını tutub, yuxarıda göstərdiyimiz meydana gətirdilər.

Burada onları əhatə edib ancaq föhş verib, ağızlarına gələn latailatı deyirdilər. Bunlar də ölümlərini gözlərinin qarşısında tutub cavabdan çəkinmirdilər. Axır bir nəfər köhnə qoçu ortalığa atılıb qışqırdı:

– Ay camaat, daha söyüş-möyüş kifayət edər. Bu it oğlanlarının dillərini kəsmək lazımdır.

Bu halda iki cavan qardaşlar, hər ikisi zabit, ortalığa çıxıb dedilər:

– Yoldaşımızın qanını özümüz alacağıq.

Bu sözlə tapançalarını çəkib qatilin və qardaşının cansız cəsədlərini meydanın ortasına yıxdılar.

Sonra böyük qardaş, şaşqasını sivirib, qatilin başını kəsib Nəsir bəyə ərməğan apardı.


Nəsir bəy öz otağında məyus oturmuş idi. Hərdənbir dəsmalını çıxardıb gözlərini silirdi. Ətrafında əyləşən beş-on nəfər xahan ona təsəlli verirdilər.

– Biz ölməmişik ki, sənin oğlunun qanı yerdə qalsın. Onu öldürənlərin tamam nəslini yer üzündən götürəcəyik.

Bu halda qapı açıldı, cavan zabit daxil olub qatilin başını atdı Nəsir bəyin ayağının altına və çəkilib kənarda durdu.

Nəsir bəy başını qaldırıb məyus bir tərzdə dedi:

– Çox sağ ol, oğlum, səndən çox razı oldum.

Cəm olanlar hamısı ona afərin dedilər.

Zabit qəhrəmananə bir vəziyyətlə Nəsir bəyin evindən çıxdı.

Nəsir bəyin hüsn-rəğbətini qazanmaq böyük səadətdi!

Küçə qapısında cibindən bir gümüş papiros götürüb yandırdı. Sonra bir fayton çağırıb, əyləşib buyurdu:

– Kazinoya sür!

Söyüş
İstəyənlər, dostlar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ədalət qapıları

Dram iki şəkildəİştirak edənlər

1 мин
Birinci şəkil

Vaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri*əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək*

5 мин
İkinci şəkil

Qara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında*qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır.*

5 мин
Ata və oğul

Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.

27 мин

Стихи других поэтов