Söylə, Tanrı, bu boş qalan yollardan,Gecə vaxtı kimlər keçdi, kim qaldı?Yarı-yardan hankı əllər ayırdı,El içində ayrılığı kim saldı?Min əməklə çiçəklənən yurdumuz,Bir gecədə nə tez solub-saraldı?

Ellər köçüb, yurdlar oldu viranə,Bu yerləri sürən, əkən harda bəs?Xəzan olmuş meşələrin içindən,Eşidilməz nə bir səda, nə bir səs...Həyatımız, o gül açan hədiqə,Sərab imiş, – yoxsa Tanrı, boş həvəs?

Şaxta düşdü, duman basdı dağları,Ailələr matəmlərə büründü.O yerdən ki, ilıq yellər əsirdi,Tufan qopub, aclıq, ölüm göründü.Gözəl qızlar, kiçik, körpə uşaqlarQapı-qapı dilənərək süründü...

Söylə, Tanrı, köçüb gedən ellərin,Bu dünyada bir də üzü güləcək?Gələcəyə şirin ümid bəsləyənKönlümüz açacaqmı, gül-çiçək?Viranədə susacaqmı bu bayquş,Verəcəkmi bahar, dünyaya bəzək?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе