Bu xatirə də Əcəmi dilindəndir
Страница 1 из 2
Darvazanın çaxçaxını üç dəfə döydüm, əhəmiyyət verən olmadı. Bu həyətdə də ud çalırdılar... Bir də döydüm. Udun səsi birdən kəsildi. Qapının arxasında ayaq səsləri eşidildi: “Kimdir?” Sualı verən Zəhra idi, cingiltili səsindən tanıdım. “Mənəm... Özgə adam deyil... Qapını aç Zəhra”, Cariyə qız adını eşidən kimi qapının cəftəsini yuxarı qaldırdı. Qapı açılan kimi özümü içəri saldım. Zəhra qəsdimi bilib məni arxayın etdi: “Şeyx evdə yoxdu...” Xəbər xoşuma gəldi:”Bu ki oldu nurələnnur...” Başa salmaq üçün dedim: “Bir gün sənə “nurələnnur” barədə danışaram...” Zəhra zarafata keçdi: “Kişisiz evlərə gəlməyi haçandan öyrənmisiz, usta?” Söz məni tutdu: “Mən səni kişi qeyrətli qız bilib gəlmişəm... Şeyx evdə olmasa, qız ki, evdədi... Sözüm var... Sözüm var deyəndə ki...”
Bu anlarda elə bil tamam başqa bir aləmə düşmüşdüm. Hökmdar üçün hazırladığım hədiyyəni gətirəndə darvazada əş-şeyx ər-rəislə qarşılaşdığıma görə onun həyətini görməmişdim. Hatib ibn Mübarəkin verdiyi haqqı könülsüz alıb kor-peşiman geri qayıtmışdım... Zəhmət haqqımı bir həftə cibimdə gəzdirəndən sonra bir bəhanə tapıb yenidən bu həyətin darvazası qabağında peyda olmuşdum... Bu dəfə heç bir təklif gözləmədən astanadan adlayıb içəri girmişdim. Əş-şeyx ər-rəisin nə gözəl həyəti var idi! Burada gül-gülü çağırırdı, bülbül bülbülü... həyətə elə bil üstünə buta, zanbaq, nilufər, qərənfil işlənmiş xalı salınmışdı. Üzüm tənəkləri talvarın üstünə sərilib həyəti çətir kimi tutmuşdu. Talvarlardan sallanan qəfəslərdəki bülbüllərin, kəkliklərin, qumruların səsləri bir-birinə qarışmışdı, həyətin ortasındakı böyük tut ağacının altında səliqəli bir bənnanın işi olan fəvvarəli hovuzdakı ayna kimi duru suda balaca balıqlar üzürdü. Bir ucu tut ağacına, başqa ucu cavan söyüdə bağlanmış kəndirdən asılan yelləncəkdə Dəryanur rahat-rahat uzanıb mürgü vururdu. O, məni hovuzun başında görən kimi: “Zəhra, Zəhra!”-deyərək özünü yığışdırmaq istədi. Cariyə qız cəld onun yanına qaçdı, kömək edib onu yelləncəkdən düşürdü. Başım hərləndi, həyətdəki güllər də, çiçəklər də elə bil əriyib bir anın içərisində yox oldu, quşlar səsini kəsdi, fəvvarələrin suyu qurudu...
İndi mən yaşıl Təbriz ipəyindən tikilən dar donun içərisində ancaq Dəryanuru gördüm. Gur qara saçları topuğunu döyən bir qənirsiz gözəlin sifəti də, iri qara gözləri də elə bil od tutub yanırdı.
Dəryanur cariyə qızın əlindən qurtulub pillələri tez-tez yuxarı qalxdı, özünü pəncərələri gündoğana baxan otağına saldı. Pilləkənləri qalxanda mənə elə gəldi ki, böyük bir balığı kimsə dəryadan çıxarıb quruya atıb, balıq da özünü ora-bura vurub su axtarır, çay, dəniz gəzir. “Balıq” yoxa çıxıb qapı örtülən kimi həyətin işığı da azaldı...
Zəhra mənə baxıb bic-bic qımışdı, üstəlik də göz vurdu. Səndəl ağacı əlimdən yerə düşdü, əyilib götürdüm... Zəhra zarafatla soruşdu: “Hə, kefiniz necədi, usta?” Dilim topuq vurdu: “Nə dedin?” Zəhra güldü: “Eşitmədiniz?” Dedim “Yox”. Cariyə qız əyilib qulağıma pıçıldadı: “Deyirəm kefiniz necədi, usta?” Suala sualla cavab verdim: “Kefim?” Zəhra səsini uzatdı: “Hə...”Dedim: “Yaxşı deyil”. Zəhra qoluma toxundu: “Gəlin əyləşin... Yaxşı kətildi, qamışdan toxunub, çox rahatdı... Gördüz... indicə su sonası da gələr...” Xəbər aldım: “Kimdi elə su sonası?” Zəhra göz qaşını süzdürdü: “Əş-şeyx ər-rəisin qızı... Hatib ibn Mübarəkin ceyran balası”...
Yadımda deyil hansısa şeirdən bir beyt dedim. Sonra dönüb cariyə qıza baxdım, o çiyinlərini çəkdi. Soruşdum: “Bilirsən şair nə deyib?” Zəhra yenə çiyinlərini çəkdi:”Yox bilmirəm”. İzahat verdim: “Şair deyib ki, qüdrətinə alqış, ey yaradan! Gör sən necə qadirsən ki, bir damladan belə bir gözəl xəlq eləmisən, belə ilahi vücud yaratmısan!..”Zəhra sözümü kəsdi: “Gəldi gözəl vücud!..”
Dəryanur pillələri yavaş-yavaş endi. O, indi ayrı paltarda idi. Yasəmən rəngində Xorasan şalından oyma geymişdi, nazik belinə yaşıl məxmərdən tikilmiş kəmər bağlayıb, üzünə niqab salmışdı. Axırıncı pillədən düşən kimi soruşdu: “Bilmək olar, usta cariyə qıza qoşulub nəyə gülür?” Sözü azdırdım. “Bu gün ən gözəl gündü”. Dəryanur maraqlandı: “Niyə” Haradansa ağlıma gəldi: “Gecəynən gündüz tən yan olur...” Dəryanur güldü: “Hardan bilirsiz?” Dedim: “Münəccimlər belə müəyyən ediblər”. “Amma onun bu həyətə dəxli-zadı yoxdu”. Bu sözləri deyən Zəhra idi. Bu dəfə mən maraqlandım: “Niyə?” Zəhra bic-bic göz vurub dedi: “Çünki bu həyətin öz Ayı var, gecələr onun işığı bu həyəti nura qərq edir”... Özümü saxlaya bilmədim: “Mərhəba, Mərhəba!..”
Dəryanur söhbətin səmtini dəyişmək istədi: “Ustanın gəlməkdə məqsədi nədir?” Bir az duruxandan sonra dedim: “Mən evdə xeyli fikirləşəndən sonra belə qənaətə gəlmişəm ki, hökmdar Atabəy Şəmsəddin Eldəgəz üçün hazırladığım hədiyyəyə görə atanız... Hatib ibn Mübarək cənabları mənə zəhmət haqqını çox veribdir... Gətirmişəm onun yarısını geri qaytarım...” Dəryanur güldü: “Elə buna görə usta təşrif gətirib?.. O artığı şagirdinizə verə bilməzdiniz, gətirsin?” Dedim: “Niyə verə bilməzdim, əlbəttə, verə bilərdim... Diribaş oğlandı mənim şagirdim Cəmil”. Bu dəfə sözlərimi Zəhra təsdiq etdi: “Bilirik...” Dedim: “Amma özüm istədim ki...” Sözlərimin ardını demədim. Dəryanur nə başa düşdüsə Zəhraya dedi: “Yeri şərbət gətir... Meyvə də şirniyyat da...”
Cariyə qız əlilə sağ gözünü qapayıb, o birisilə göz vurdu, qaçaqaça pillələri qalxıb otağa keçdi. Dəryanurla üz-üzə dayandım: “Xatun, mənim indi nə gecəm var, nə gündüzüm...” Dinmədi. İstədim əlimi atıb onun niqabını qaldırım, ay üzünə doyunca tamaşa edim. Mane oldu, niqabı özü geri atıb iri gözlərini mənə zillədi. Heyran-heyran baxıb nə edəcəyimi bilmədim, əllərimi ona tərəf uzatdım. Bir an keçməmiş onun yaraşıqlı əllərimi ovuclarımın içərisində gördüm. Özümü saxlaya bilməyib onları dodaqlarıma sıxdım. Dəryanur geri çəkildi: “Lazım deyil!” Dedim: “Lazımdı...” Demədim nə gecəm, var nə gündüzüm?..” Baş şeyxin qızı dedi: “Bundan sonra olar”. Başa düşmədim Dəryanuru. Soruşdum: “Necə yəni bundan sonra?”... Sözümü azdırdı: “Özünüz demədiniz ki, bu gün... gecə ilə gündüz yarı olur?..”
Hovuzun kənarından fırlanıb tut ağacının altına keçdik. Əlimi atıb budaqlardan birini aşağı əydim, iki dənə tut dərdim, birini Dəryanura verdim, birini də ağzıma atdım: “Tut mənim ən çox sevdiyim meyvədi... Gördüm... nəfsimi öldürmək üçün gərək heç olmasa birini dərib yeyəm”. Dəryanur yenə ikibaşlı danışdı: “Kişilərin nəfsi güclü olur?! Etiraz etdim: “Yox xatun... Mən nəfsi bütöv kişilərdənəm... Hər meyvə üçün sinov gedən deyiləm. Xoşuma gələn meyvəni yeməmiş rahat ola bilmərəm...” Dəryanur özünü bilməməzliyə vurdu: “Onda alın... Mən öz payımı sizə bağışlayıram.”. Aldım: “Bu da şirindi...” Dəryanur güldü: “Niyə?” Dedim: “Çünki şeyx qızının öz şirinliyi ona qarışdı...”
Səndəl ağacını qurşağıma keçirdim, cibimdən qələm, kağız çıxardım. “Gəl əyləş rəsmini çəkim.” “Etiraz etdi: “Yox, yox... şəriət buna yol vermir... Şeyx hə, hə atam deyir ki, insan surətini kağıza köçürmək Quranı başqa dilə çevirmək kimi günahi-əzimdir. Allah-Təala bunu yasaq edib. Mənə başqa rəsm çəkin...” Soruşdum: “Məsələn nə?” Fikirləşib dedi: “Məsələn, əbhər¹, verdi², zanbaq... Məsələn, quş... göyərçin, qumru... lap elə ceyran...” Dedim: Nə çəksəm sənə oxşayacaq. Soruşdu: “Niyə?” Cavab gözlənilməz oldu: “Ona görə ki, ürəyimdə təkcə sənsən, gözlərimdə təkcə sənin surətindi... çəkimmi?..” Əvvəlki kimi dedi: “Yox, yox!” Qələmi də, kağızı da qaytarıb cibimə qoydum, səndəl ağacını qurşağımdan çıxarıb ucu ilə yanağımı qaşıdım: “Ürəyinizcə deyilsə, israr etmirəm... Mən istərəm ki, hər şey Dəryanurun öz ürəyincə olsun... Onun ürəyincə olmayan hər bir istək, arzu mənim də ürəyimdə özünə yer tapa bilməz...”
Dəryanur başını aşağı dikdi, sonra boynunu sol çiyni üstünə əyib mayıl-mayıl mənə baxdı: irəli yeridim, istədim onu qucaqlayıb bağrıma basım. Dəryanur aşağı əyildi, qolumun altından keçib tut ağacının arxasında gizləndi və soruşdu: “Şeyx bizi belə görsə ona nə deyərsiz?” Güldüm: “Deyərəm ki, deyərəm ki, mən sizin qızınıza vurulmuşam... Onun dərdindən olmuşam Məcnun... əlim işdən soyuyub..” Şeyxin qızı dedi: “Sevənlərin əli işdən soyumamalıdı, usta! Sevənlərdə Fərhad
¹ Nərgiz çiçəyi
² Qızılgül dəyanəti olmalıdı. Onlar gecələri gündüzə qatıb Şirin yolunda dağ çapmalıdırlar...” Sözlər ürəyimə yatdı: “Deyirlər ki, iki gözəllik bir yerdə olmaz. Amma bu səhv imiş. Əş-şeyx ər-rəisin qızı gözəl olduğu qədər də ağıllıymış!.. Getməyəcəm, qoy atanız gəlib məni burada görsün”. Dəryanur başını sol çiyninə əyib dedi: “Birdən xəbər alsa ki, ey cavan burda nə işiniz?.. Onda nə deyərsiniz? Yəqin ki, heç bir söz tapa bilməz usta.”. Dedim: “Taparam... hələ üstəlik deyərəm ki, deyərəm ki, elçiliyə gəlmişəm, qızın Dəryanurdan ötrü...”
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-bu-xatire-de-ecemi-dilindendir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cahan Pəhləvan bir aya yaxın idi ki, Həmədandan çıxıb Azərbaycan Atabəylər dövlətinin tabeliyində olan şəhərlərə – İsfahana, Mazandarana, Xızıstana baş çəkəndən sonra ən böyük şəhərə – Gəncəyə gəlmişdi. Gəncə səfərindən sonra isə oradan birbaşa Naxçıvana təşrif gətirmişdi, özü də qəfil, təmtəraqsız, heç kimə xəbər vermədən, bir dəstə şəxsi xidmətçi və mühafizəçiləri ilə. Onsuz da Şərur məliki Oğuzun əhvalatından sonra bütün əmirlər, məliklər, rəislər ondan bərk ehtiyat edir, xüsusi mürasilələr¹ almamış, xüsusi çaparlar gəlməmiş hüzuruna təşrif gətirmirdilər, imkan daxilində sarayla əlaqədən, onun sahibi ilə ünsiyyətdən kənar qaçırdılar. Həm də Cahan Pəhləvan son vaxtlar yaman səbirsiz olmuşdu. Onun ova çıxanda təntiklik etməsindən, fərman verəndə tələsməsindən, hökm çıxaranda özünü dalıqaçaraq göstərməsindən, saray adamlarını tez-tez cəzalandırmasından, şuluqluq salan kəndliləri, hərbi qaydanı pozan döyüşçüləri zindanlara saldırmasından, saraydan, darülmülkdən kənarda söz-söhbət gedir, dedi-qodular artırdı. Bəziləri bunu şahın yaşlanmasına yozur, bəziləri əsəbiliyinin artması kimi baxır, bəziləri də Eldəgəzlər nəslindən olanların çox yaşamaması kimi mənalandırırdılar...Amma həqiqət bu idi ki, Əcəmi darıxan kimi, hökmdar da darıxırdı.
Ay işığındaAylı yay gecələrindən biri idi. Havadan elə bil od-alov yağırdı... Ancaq bir az keçəndən sonra hava yavaş-yavaş sərinlədi, Yəzdi-Kürd tərəfindən əsən meh bürkünü qovub içəri küçələrdən, həyətlərdən, sonra da şəhərdən uzaqlaşdırmağa başladı...Şəhdigül yataqlarını axşam həyətdəki kətildə salmışdı, bürküdən darıxdıqları üçün Əcəmi balaca kilimi də, yorğan-döşəyi də çiyninə alıb pilləkənlə damın üstünə qaldırmışdı. Onun dalınca pillələri qalxan ev sahibəsi yatacağı yer-yurd eləmiş, sonra ərinin yanına uzanaraq gözlərini bədirlənmiş aya dikib dərin fikrə getmişdi. Əcəmini yorğun bildiyi üçün onu sual-cavaba da tutmamışdı. Fikirləşmişdi. “İşinin qızğın çağıdı... tez gedib, gec qayıdır... qoy yatıb dincəlsin...” Ancaq Əcəminin döşəkdə tez-tez böyrünü dəyişdiyini görüb Şəhdigül yenə dinc durmadı:
PişgahdaNaxçıvandan təzəcə qayıdan Cahan Pəhləvanın yanına bəzi məliklər çağırılmışdı.Hamı təzim edib yerlərin tutandan sonra hökmdar adəti üzrə çənəsini sol ovucunun içərisindən qaldırıb pişgaha toplaşanları bir-bir nəzərdən keçirdi və birbaşa məqsədini bəyan etməyə başladı:
Üz-üzə, göz-gözə...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”
Стихи других поэтов
Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım,Günbəgün artux ğəmi-eşqində sərgərdanlığım.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.