Mən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:

– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.

Qaraca mənə təəccüblə baxaraq dedi:

– Niyə yıxılır?

Mən soruşdum:

– Sən də yıxılmazdın?

– Yox.

– Yalan demə!

– Yalan niyə deyirəm, ay tanrısız. İstəyirsən, gedək çapım.

– Gedək!

Biz daş atdığımız dərəni keçib Dəvəuçan dağının döşündə otlayan ilxının yanına qalxdıq.

Qaraca atlardan birinə yaxınlaşaraq yalından tutdu.

At başını qaçırmaq istəyəndə Qaraca bir anda tullandı onun belinə. At bir-iki dəfə yerində o yana-bu yana sıçrayaraq birdən üzü enişə – Əhmədalının çapdığı Altıntaxta düzünə tərəf götürüldü. Qaraca əyilib hər iki əli ilə atın yalından yapışmışdı. At Altıntaxtaya çatmamış uca qayanın dalına burularaq görünməz oldu. İlxının qabağında otlayan ayğır başını dik tutaraq Qaracanın minib çapdığı atın dalınca baxırdı. Birdən məni vahimə basdı, mənə elə gəldi ki, ayğır indicə başını döndərib mənim üstümə cumacaq. Mən çevrilib obaya tərəf qaçmaq istədikdə, dağın bu biri tərəfindən Qaraca atın üstündə yoxuşu qalxaraq ilxıya çatıb yerə tullandı. Bu vaxt Qaracadan bir az böyük bir oğlanın bizə tərəf yüyürdüyünü gördüm. O, bizim otuz-qırx addımlığımıza çatdıqda:

– Ə, qancıq oğlu, – dedi, – niyə bizim atı minib qaranəfəs eləyirsən?!

Qaraca dedi:

– Qancıq oğlusan da, köpək oğlusan da.

Oğlan əlindəki sapanda daş qoyub atdı. Sapand tapança kimi şaqqıldadı, daş Qaracanın lap qulağının dibindən keçdi. Qaraca da yerdən daş götürüb ona tərəf cumdu. Oğlan yerindən tərpənməyib yenə də sapandla Qaracanın başını tuşlayıb atdı və bu dəfə daş tappıltı ilə Qaracanın alnına dəyib yerə düşdü. Qaracanın üz-gözünü qan bürüdü, bunu görən oğlan çevrilib qaçdı. Qaraca qanı axa-axa onun ardınca yüyürüb iki daş atdısa da, heç biri oğlana çatmadı. Qaraca dayanıb bir xışma at peyini götürərək yarasına basdı, sonra yerə çömbəlib bir dəstə ot qopararaq üzünün qanını sildi. Mən ona dedim:

– Nahaq yaranın üstünə peyin basdın, gedək anam yod vursun.

Qaraca qıyqacı baxıb soruşdu:

– Yod nədi?

– Dərmandı.

– Lazım deyil. Sən heç kəsə demə.

– Nə üçün?

– Ay tanrısız, dedim, demə dayna!

Sonra biz qayaların arası ilə enib getdik Eşşək bulağına. Bulağın səhər işığında şəfəq saçan soyuq suyu qayadan çıxıb, muncuq kimi rəngbərəng xırda daşların üzərinə tökülərək yabanı yarpızların, nanələrin, baldırğanların arası ilə axıb gedirdi. Qaraca yarasının üstündəki peyini götürüb tullayaraq üz-gözünün qanını yudu, sonra biz balaca cığırla obaya tərəf qalxdıq. Qaraca yolda quzuqulağı, yemlik yığıb mənə də verirdi, özü də yeyirdi.

Biz obaya çatanda mən komanın açıq qapısından gördüm ki, Əhmədalı içəridə oturub tapançasını təmizləyir, Qaracadan ayrılıb onlara getdim. Xaynamaz da komada oturub Əhmədalı ilə zarafatlaşa-zarafatlaşa öküz gönündən çarıq tikirdi.

Əhmədalı məni görəndə gülümsəyib dedi:

– Hə, qaqaş, gördün ki, dayının durbinini necə uddum?

Mən soruşdum:

– Sən bu gün yenə xörək yeyəcəksən?

Əhmədalı da, Xaynamaz da bərkdən güldülər.

Əhmədalı dedi:

– Niyə yemirəm, qaqaş.

Sonra bayırda şal toxuyan gəlinini səsləyib dedi:

– Az, gəl uşağa qaymaq qoy!

Lakin elə bu zaman onun əlindəki tapança açıldı, barıtın tüstüsü komaya dolduğu üçün mən bir neçə saniyə heç nə görmədim.

– Ə, mənə güllə dəydi! – deyə Xaynamazın heç də həyəcanlı olmayan səsi eşidildi və tüstü çəkilən kimi gördüm ki, o, iki əli ilə qarnından yapışıb çıxdı bayıra.

Adamlar yüyürüb yığıldılar onun başına. Eyvaz əmim Xaynamaza yaxınlaşıb, heç nə olmamış kimi, sakit halda dedi:

– Əlini qarnından çək görüm!

Sonra yaranı nəzərdən keçirib dedi:

– Bekara şeydi, güllə dərini üzdən deşib keçib...

Obada ən kasıb adam olan Xaynamaz ortaboylu, sarıbəniz, qumralbığlı bir adam idi. «Xay» sözünün nə demək olduğunu heç kəs bilmirdi. Hamı da Xaynamazla zarafat edirdi, məni də Əhmədalı qaldırıb, Namazın eyzən aralıqda otlayan kor atının üstünə qoyurdu, kor at da mənim onun üstündə olub-olmadığıma əhəmiyyət verməyərək gəzə-gəzə otlayırdı. İndi də cavanlar zarafatla Namaza sataşırdılar:

– Ə, Əhmədalı, kişinin qarnını dəlik-deşik eləmisən, su-zad dayanmayacaq.

Amma Namaz da qorxaq adam deyilmiş, arvadına dedi:

– Aaz, yeri, Ballı qarını çağır, gəlsin, bu yaraya məlhəmdən-zaddan qoysun.

Bunu deyib Namaz getdi öz komalarına, birdən anam mənim yaxası açıq pencəyimə baxıb, həyəcanla dedi:

– Bura baxın! Bura baxın, güllə uşağın pencəyinin yaxasından keçib.

Atam qəzəblə mənə dedi:

– Axı sən niyə gedib xalqın komasına dürtülmüşdün?

Səkinə nənə atama dedi:

– Danlama uşağı, Allaha şükür ki, salamat qurtarıb.

Sonra qarı mənim üzümdən öpüb dedi:

– Səkinə nənən sənə qurban kəsəcək!

İndi hamı mənim başıma yığılmışdı. Qarnına güllə dəyən oğlan yaddan çıxmışdı.

Fatma nənəm əlindəki gümüş pulları mənim başıma dolandırıb dodağının altında nə isə pıçıldadı.

Doğrusu, bütün bunlar məni sıxırdı. Hamının güllə dəyən adamı kənarda qoyub mənimlə maraqlanması məni heç də şad eləmirdi. Hətta mən öz-özümdən utanırdım, ona görə də adamların arasından çıxıb komaların dövrəsinə balaca qarım çəkən Qaracanın yanına qaçdım. (Belə qarımı ona görə çəkirlər ki, yağış yağanda sel komaya dolmasın).

Mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib dedim:

– Bura bax, Qaraca, gör güllə haradan keçib?

Qaraca güllə deşən yerə çəpəki bir nəzər salıb:

– Nə olsun, – dedi, – verərsən, anan gözüyər.

Onun bu işə təəccüb eləməməsi məni pərt elədi. Sonra o, pıçıltı ilə məndən soruşdu:

– Anangilin qayçısı var?

– Var, neyləyirsən?

O mənim sualıma cavab verməyib dedi:

– Get, qayçını xəlvətcə gətir, sonra aparıb qoyarsan yerinə.

Mən soruşdum:

– Axı neyləyirsən qayçını?

– Ay tanrısız, – dedi, – görəcəksən dayna neyləyirəm, yeri gətir.

Mən yüyürüb anamın iynə-sap qutusundan qayçını xəlvətcə götürüb gəldim.

Biz obadan çıxıb, dar cığırla bir xeyli gedərək dağın o biri üzündə otlayan ilxıya çatdıq. Qaraca diqqətlə o yana-bu yana baxandan sonra arxadan atlardan birinə yaxınlaşıb ehtiyatla quyruğundan bir çəngə tük kəsərək üzü geri götürüldü, mən də onun ardınca qaçmağa başladım. Biz dağı hərlənib uzaqlaşandan sonra Qaraca daşlıq bir yerdə dayanıb yerə oturdu, mən də onun yanında yerə çöküb təngnəfəs soruşdum:

– Niyə qaçırdın?

– Bəs qaçmayıb neyləyəydim? At İmamverdinindi, görsə, güllə ilə vurardı, quduz adamdı.

– Axı niyə kəsirdin atın quyruğunu?

O, tükləri üçbir, dördbir ayıraraq dedi:

– Cələ qayıracağam.

– Neyləyirsən cələni?

O mənə qıyqacı baxıb dedi:

– Cələni neyləyərlər?

Sonra xoş ifadə ilə əlavə etdi:

– Sənin üçün kəklik tutacağam, burda çox olur.

Mən sevinclə soruşdum:

– Doğru deyirsən?

Qaraca bu dəfə mənə cavab verməyərək dörd-beş halqadan ibarət bir cələ qayırıb, yerə iki balaca ağac basdıraraq hər ucunu birinə bağladı, sonra cibindən bir ovuc çörək qırıntısı çıxarıb səpdi halqaların arasına. Elə bu zaman uzaqdan atamın məni çağırdığını eşitdik. Qaraca atama tərəf qaşqabaqlı baxıb dinmədi, mən qalxıb yüyürdüm. Atam qulağımdan yapışıb elə dartdı ki, mən qışqırdım, sonra məni elə qulağımdan darta-darta alaçığa aparıb qəzəblə dedi:

– Vejələnin biri vejələ, çolaq Qaraca sənin tayın-tuşundu?

Qulağımın dibində atamın silləsi tapança kimi səsləndi, gözümdən od parladı, anam əsəbi halda məni tutub kənara çəkərək atama qışqırdı:

– Az döy-danla uşağı! Qaraca yetim olanda nə olar?! Onun atası səndən əskik adam deyildi!

Anamın məni və Qaracanı müdafiə eləməsi mənə təsir elədi, mən yana-yana ağladım; axı Qaraca mənə şaqqıldayan sapand hörmüşdü, mənim üçün kəklik tutmaqdan ötrü xalqın atının quyruğundan tük kəsərək cələ qurmuşdu!

Eyvaz əminin oğlu Güloğlanı yaxşı geyindirib-gecindirirdilər, ancaq o mənə yapışmırdı ki, yapışmırdı, duzsuzun biri idi. Ona görə də yanıma gələndə xəlvətə salıb qırmızı yanaqlarını çimdikləyirdim, o, gözləri yaşarsa da, ağlamırdı, təəccüblə mənə baxırdı. Anam mənim üstümdə atamla dalaşandan sonra alaçıqdan çıxıb, yastı qayanın üstündə Nuru dayımın başına toplaşmış oba cavanlarının yanına getdi, mən də onun ardınca. Anam deyib-gülməyi, zarafatı, qonaq gedib-gəlməyi xoşlayırdı, oba cavanları ilə açıq-saçıq zarafatlaşır, gülüşür, saatlarca söhbət edirdi. Belə vaxtlarda atam da qaşqabaqlı halda ya alaçıqda əyləşib papiros çəkir, ya da yaşca özündən xeyli böyük kişilərin yanına gedib onların söhbətinə qulaq asırdı, özünün cavan olmasına baxmayaraq, obanın bu şən gənclərilə qaynayıb-qarışmırdı, gənclər də atamın onlara uyuşmamasına, kənar gəzməsinə əhəmiyyət vermirdilər.

Qaraca onunla oynamağımın üstündə atamın məni danlayıb döyməsini görəndən sonra mənimlə heç danışmaq da istəmirdi, məni görəndə soyuq, məğrur bir görkəm alıb uzaqlaşırdı. Amma mən də ondan əl çəkmirdim. Onun bu hərəkəti də, mənim həmişə təzə paltar geyinməyimə, yaxşı yeyib-içməyimə, obada hamının məni əzizləməyinə zərrə qədər əhəmiyyət verməməsi də ona olan marağımı artırır, onu mənim nəzərimdə, nə isə əsrarəngiz bir məxluqa döndərirdi, məndə ona qarşı qəribə bir ehtiram hissi doğururdu. Mən onda yazıqlıq, yetimlik deyil, möhkəm qürur hiss edirdim. Bir dəfə mən ona konfet vermək istədim, o mənim uzatdığım konfetə ani, soyuq bir nəzər salıb dedi:

– Bəbə döyüləm ki, şirni yeyim?

Mən görürdüm ki, heç kəs Qaracaya əhəmiyyət vermir, heç kəs ona xoş bir söz demir, heç kəs onun nə yeyib-içdiyi ilə maraqlanmır, sanki o da bunların hamısına tüpürüb heç nəyi vecinə almırdı, heç kəsdən heç nə ummurdu, heç kəsdən kömək, mərhəmət gözləmirdi. Sözün düzü, mən yaxşı şeylər yeməyi, həmişə təzə paltar geyməyi xoşlayırdım, mən istəyirdim ki, hamı məni sevsin, amma Qaracanın bütün bunlara bir qəpiklik əhəmiyyət verməməsi mənə toxunurdu, məni öz gözümdə kiçildirdi, mən özüm-özümə zəif bir məxluq kimi görünürdüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов