Söyüdlü arx
Страница 11 из 39 · 26%
– HES-i böyüdərik-böyütmərik, özümüz bilərik. Qoy Çıraq oğlu Murad Söyüdlü arxdan gözünü çəksin. Sən də dünən şeş, bu gün beş atlanıb öz kəndini çapma.
Rayon icraiyyə komitəsinin sədri isə, eyni sakitliklə, sözünə davam edirdi:
– Quzeylilər yayın bu isti günlərində mal-qaralarına quyudan şor su çəkib verirlər. Bir dəstə göyərtiyə həsrət qalıblar.
– İndi mən nə təhər eləyim? Dünyada nə çox Quzey qışlaq kimisi. Bunun hamısının dərdini Güney qışlaq çəkə bilməz ki.
– Əgər, çəkə bilərsə, çəkməlidir. Bəs, qonşu qonşunun nə günündə lazımdır?
Mən onun üzünü görmürdüm, lakin sözlərinin Nəriman əmiyə təsirini hiss edirdim.
– Ay kişi, – deyə Qərənfil bacı mübahisəyə qarışdı. – Vallah, Hümmət yaxşı söz deyir.
Nəriman əmi qışqırdı:
– Çıraq oğlu Murad nə vaxtdan sizin əziz-xələfiniz olub, Qərənfil?
– Ay Nəriman, sənin də acığın tutanda üzünü görmə. Burada Muradlıq nə var? Hümmət camaatdan danışır.
– Arx güneylilərindir. Birdəfəlik bunu bilin!
– Yaxşı, dayı, indi ki, belədir, icazə ver, yığışıb bir camaatla məsləhətləşək.
Bu dəfə sədri yaman od götürdü:
– Yəni, özünə o qədər arxayınsan? Neynək, sözüm yoxdur, yığılaq danışaq. Doğru deyirsən, danışaq...
Nəriman əminin ayaqlarını döşəməyə bərkdən vuraraq, taxtaları cırıldada-cırıldada aşağı düşdüyünü eşidəndə, mən yavaş və cəsarətsiz addımlarla eyvana çıxdım. Elə bil, indicə eşitdiyim qızğın mübahisə mənim haqqımdaydı. Elə bil, Nəriman əmi mənə böyük bir pislik etmək istəyir, Hümmət isə, mənə acıyır, məni müdafiə edirdi.
Qərənfil bacı eyvanın aşağı başında çay dəmləyirdi. Qulu yox idi. Hümmət isə, sütuna söykənərək susurdu. Məni görərkən şən və açıq bir təbəssümlə:
– Sabahınız xeyir, Nuriyyə xanım, – dedi. – Yəqin ki, bizim səsküyümüz sizi səhərin şirin yuxusundan elədi.
– Xeyr, – dedim, – mən özüm də tezdən durmağa adət etmişəm.
Bu zaman Nəriman əmi qaşqa ürgəni tövlədən çıxarıb, ağaca bağladı. Lap körpəlikdən mən gözəl atları dəlicəsinə sevərdim. Yadımdadır, mərhum atamın hündür boz atı var idi. Mən onun boynunu, üzünü o qədər tumarlayıb oxşamışdım ki, yanına gedən kimi başını aşağı əyib mənə tərəf uzadar, üz-gözümü qoxlardı. İndi də tünd-şabalıdı rəngdə olan qaşqa ürgənin ceyran ayağı kimi incə ayaqları, uzun durna boynu, şahanə məğrur duruşu, sağrısının qəşəng mərbutluğu məni valeh etmişdi. Bunu Hümmət də hiss etdiyi üçündür ki, ata işarə ilə:
– Xalis Qarabağ cinsidir, – dedi, – dayım bunu özündən çox istəyir.
Nəriman əmi yəhəri atın belinə qoyarkən, Hümmət aşağı düşüb ona yaxınlaşdı:
– Sən dayan, dayı, mən yəhərləyərəm.
– Lazım deyil, lazım deyil. Böyük adamsan, görüb elərlər, sonra yaxşı düşməz...
Hümmət:
– Mən ölüm, sən dayan! – deyib yəhərdən yapışdı.
Nəriman əmi acıqlı halda geri çəkildi. Hümmət bir dəqiqənin içində qaşqa ürgəni yəhərləyib, tapqarlarının möhkəm olub-olmadığını yoxladı.
Qərənfil bacı eyvanın təkyəsinə yaxınlaşaraq:
– Əşi, heç olmasa, bir stəkan çay içəydin.
– İstəmirəm, Qərənfil...
Sədr cilovu ağacdan açıb atın üstünə çevirdi və ayağını üzəngiyə qoyub yaşına uymayan bir cəldliklə atın belinə qalxanda Hümmət digər üzəngidən yapışdı. Azərbaycan kəndlərində bir adamın atının üzəngisini basmaq ən böyük hörmət əlamətidir. Nəriman əmi atın üstündə oturandan sonra üzünü eyvana tutub birdən-birə dəyişilən mülayim səslə:
– Qərənfil, qayıdıb çay içərəm, – deyərək ayaqlarını yavaşca tərpətdi.
Qaşqa ürgə başını dik tutaraq, ağacların kölgəsində addım-addım gedib darvazadan çıxan kimi, gözəl yorğası ilə yola düzəldi. Nəriman əminin gedişi ilə mən özümü, nə isə, ağır bir şeyin təzyiqindən qurtarmış kimi hiss etdim. Halbuki indicə əyləşib onun çörəyini yeyəcəkdim.
Mən stolun üstünə ağ süfrə salan Qərənfil bacıya və qayıdıb eyvana çıxan Hümmətə baxdım. İndi onlar mənə təəccüblü dərəcədə yaxın, doğma və əziz görünürdülər. Elə bil, mənim aydın dərk etmədiyim duyğular çoxdan bizi qəlbən bir-birimizlə bağlamışdı. Mən tamam qeyri-şüuri olaraq dönüb bir qədər aralıdan keçən Söyüdlü arxa baxdım. Mənə elə gəldi ki, söyüdlərin kölgəsi ilə səssizcə axan suyun incə şırıltısını eşidirəm. Elə bil, sərin səhər mehi ilə titrəşən narın yarpaqlar uzaqdan mənə mehriban sözlər söyləyirdi.
Qərənfil bacını zorla kənar edib, başında çaynik olan iri ağ samovarı yüngül hərəkətlə götürərək stolun üstünə qoydum. Stəkanları bir dəqiqənin içində yuyub tərtəmiz sildim. Qırmızı təndir çörəyini doğrayıb nimçəyə yığdım. Bütün bu müddətdə mən Hümmətin nəzərlərini tez-tez öz üzərimdə hiss edərək fövqəladə bir fərəh duyurdum. Belə anların birində qəflətən başımı qaldırıb düz onun gözlərinə baxdım. Özünü azca itirən kimi oldu, halbuki mənim məqsədim onu pərt etmək deyildi. Təqsirkar bir təbəssümlə soruşdum:
– Çayınıza süd tökümmü?
– Çox sağ olun. Mən süd içmirəm.
Yanında gümüş qaşıq olan stəkanda ona çay süzdüm.
– Özüm rəngli xoşlayıram deyə sizinkini də tünd elədim.
– Yaxşı elədiniz. Mən də tünd içirəm.
Sonra həyətdə maşını silib-təmizləməklə məşğul olan şoferi səsləyib, üzünü Qərənfil bacıya tutdu:
– Ay dayıdostu, elə hey durna kimi o yan-bu yana süzürsən, gəlib otursana.
Mənə elə gəldi ki, o daha mənimlə tək qalmamaq, mənim nəzərlərimlə rastlaşmamaq üçün belə edir. O, çayına baxaraq susurdu. Lakin mən istəyirdim ki, o danışsın.
Söyüdlü arxın qırağında bitmiş yaşıl yarpızlar sərin küləkdə sevinclə yırğalanırdı.
Mən istəyirdim ki, icraiyyə komitəsinin sədri danışsın. Söyüdlü arxdan danışsın.
Şofer Kərim süfrəyə yaxınlaşanda motosikl səsi eşidildi. Çay əlimdə elə titrədi ki, dərhal stəkanı yerə qoyub, qorxmuş halda, Hümmətlə Kərimə baxdım. Yaxşı ki, onlar yaxınlaşmaqda olan motosiklə tərəf baxırdılar. Darvaza açıldı. Qıçlarım sözümə baxmırdı. Çevrilib tələsik addımlarla içəri girdim. Çarpayının üstündə oturub dərindən nəfəs aldım. Qız ürəyi necə zəif olurmuş. Yoxsa, mənimki belə idi?
– Vallah, bura gəlməkdə qurd ürəyi yemisən, – deyə Hümmət zarafatyana səsləndi.
Pilləkənin taxtaları cırıldadı. Mən məhz həmin bu anda onun üzünü görmək üçün pəncərəyə yaxınlaşıb, pərdənin yanından baxdım. Onun iri qara gözləri narahat halda eyvanı dolandı, mən geri çəkilərək, taqətsiz halda divara söykəndim. Mən zəifliyimə qalib gələ bilmədiyim üçün özümü məzəmmət edirdim. Mənə elə gəlirdi ki, ürəyim yerindən qoparaq, nəhayətsiz boşluq içində hey aşağı düşməkdədir.
Bu dünyada hər halın bir sonu vardır.
Nəhayət, divardan aralanaraq, saçlarımı səliqəyə saldım, üzümə mümkün qədər şən və qayğısız bir ifadə verməyə çalışaraq, bayıra çıxdım:
– Xoş gəlmisiniz, Murad.
Mən onun üzünün bir an necə işıqlandığını, gözlərinin necə həyəcanla üzümə dikildiyini duyaraq, onun nə cavab verdiyini eşitmədim, sehrə tutulmuş kimi, dönüb eyvanın aşağı başında səhər yeməyi hazırlayan Qərənfil bacının yanına getdim.
Hümmət Murada nə isə danışırdı.
– Mən sənə dedim ki, dünyasında razı olmaz, – deyə Murad bərkdən cavab verib, Söyüdlü arxa baxdı.
Söyüdlərin salxım-salxım sallanan yarpaqları heç bir zaman mənə bu qədər biganə və uzaq görünməmişdi.
Qərənfil bacının çəkdiyi yeməyi gətirib stolun üstünə qoyarkən, o, nəzərlərini Hümmətdən çəkib, təkrar mənə baxdı. Mənim baxışlarımsa onun gözlərinin qara şəfəqi içində itib getdi. O gülümsədi:
– Nuriyyə xanım, – dedi, – siz lap ev sahibi olmusunuz. Xahiş edirəm mənə bir stəkan çay verəsiniz. Yeməyə meylim yoxdur.
– Yaxşı, – deyə mən, fərəh və xoşbəxtliklə pıçıldadım.
Qərənfil bacı ona yaxınlaşıb:
– Bura bax, Murad, – dedi, – elə bilmə ki, kürdük, qanmırıq, neçə dəfədir bu evə gəlirsən, bir tikə kəsmirsən.
Murad mənim uzatdığım stəkanı qabağına qoyaraq, zarafatla cavab verdi:
– Susuz adam necə çörək yesin? Ərin yezid kimi bizi susuzluqdan qırır.
Arvad bir neçə saniyəlik sükutdan sonra yenidən dilləndi:
– Vallah, doğru deyirsən. O gün oğlunu görmüşəm. Maşallah, adam baxdıqca, baxmaq istəyir. Kök, qəşəng... Babası Çıraq kimi şaqqalı olacaq... Ay Səadət, dedim, sən Allah, bunun qoluna bir gözmuncuğundan-zaddan bağla.
Hümmət bərkdən güldü:
– Ay arvad, sən də elə şeylərə inanırsan?
– İnanıram. Mən bədnəzərdə gördüyümü görmüşəm.
– Balaca oğlanın adı nədir? – deyə mən soruşdum.
– Əlimərdandır.
Qərənfil bacı uşağı sevirmiş kimi təkrar etdi:
– Əlimərdan kişi.
– Nə böyük adı var, – deyə Murada baxaraq gülümsədim.
– Çıraq kişi atasının adını qoyub.
Murad kimsənin üzünə baxmadan papiros çıxarıb yandırdı.
– Səadətin kefi necədir? – deyə Qərənfil bacı soruşanda, o, başını aşağı salıb, yavaş və mülayim səslə “yaxşıdır” – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-soyudlu-arx
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik