18
Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.
– Getmə, səninlə işim var.
İmran onun arxasınca tövləyə girdi.
Bir azdan atlanıb yola düşdülər. Kənddən çıxandan sonra Nəsib dayı atın başını döndərib, Alagöz çayına doğru uzanan cığıra saldı. İmran atını onunla yanaşı sürdü. O, gözlərini partiya təşkilatçısının tutqun sifətindən ayırmasa da, heç nə soruşmurdu. Gözləyirdi ki, Nəsib dayı sözü açsın. Lakin İmran səbr edə bilmədi. Dərəyə enib çayın sahilinə çatanda soruşdu:
– Biz hara gedirik?
Nəsib dayı yüyəni boşaltdı. At çayın daşlarını şaqqıldadaraq dərinə girdi, dodaqlarını suya yapışdırdı. Sonra başını qaldırıb o taya baxdı və bərkdən kişnədi. Nəsib dayı cilovu yığışdırdı va ancaq bu vaxt İmrana cavab verdi:
– Pis işləyirik, bala, çox pis işləyirik. Kolxozda otururuq, ancaq işimizdən xəbərimiz yoxdur.
– Axı nə olub?
– Nə olacaq, Kosaoğlu yenə bildiyini eləyib, meşədə artıq yer əkdirib.
İmran təəccüblə qaşlarını çatdı. Nəsib dayı xəbəri məhmizləyib qabağa düşdü. At özünü suya salıb qulaqlarını şəklədi və fınxıra-fınxıra üzdü. İmran atını bir az aşağıdan sürdü. Onlar qarşı sahildə yenə birləşdilər. Atların islanmış yanbızları parıldayırdı. İmranla Nəsib dayı suya batmışdılar. Lakin yayın isti havasında bu, onlara xoş gəlirdi.
Meşənin dərinliyinə gedən cığıra düşəndə Nəsib dayı atın cilovunu buraxıb papiros yandırdı və sözünə davam etdi:
– Mən bunu ancaq bu səhər eşitmişəm.
İmran elə əsəbiləşmişdi ki, nə oxuyan quşların səsini, nə də meşənin xışıltısını eşidirdi. Başqa vaxt olsaydı, dayanıb iri palıd ağaclarına, baş-başa verən qoca qovaqlara doyunca tamaşa etməmiş keçməzdi. Ancaq indi onun gözləri atın yalına zillənmişdi.
Onlar talada əkilmiş panıbıq sahəsinə çatdılar. Kollar xeyli qalxmışdı. Bir dəstə qadın alaq vururdu. Nəsib dayı ilə İmran tarlanın kənarındakı palıdın yanında düşüb atları ağaca bağladdar. Qadınların yanına getdilər.
– İşiniz avand olsun, - deyə Nəsib dayı işləyənləri salamladı.
– Ömrün uzun olsun. Axır ki, bizi də yada saldınız.
Nəsib dayı bu sözdən tutulsa da, üstünü vurmadı.
– Manqabaşçınız kimdir?
Yaşlı bir qadın:
– Mənəm, - dedi.
– Bəs bu nədir, ay Yasəmən, belə də pambıq becərərlər? Alaq qurşağa çıxır.
– Nə qayırım, - arvad yanıqlı-yanıqlı səsləndi, - gətirib tullayıbsınız meşənin ortasına, nə traktor var, nə də kultivator. Kətmən vurmaqdan yorulmuşuq.
Doğrudan da pambığın yavaş-yavaş çiçək açmasına baxmayaraq, hələ kətmənləmə qurtarmamışdı. İmran kolların dibini yoxlayıb şaxlara baxırdı. Torpaq daş kimi idi. Cərgələrin arası isə yetmiş santimetr idi. O, başını bulayıb manqabaşçısına baxdı.
– Bəs niyə seyrəltmə aparmayıbsınız?!
– Dərdin alım, kimdi bizə baxan? Nə qədər çalışdıqsa, Kazım razı olmadı. Elə Kosaoğlu özü də onun tərəfini saxladı. Dedi bura xam torpaqdır, heç nə lazım deyil. Üstəlik bizi tovladı ki, buranın pambığını yığıb-yığışdıra bilməyəcəksiniz. Amma işin təhərindən görürəm ki, zəhmətimiz hədər gedəcək.
– Kazım buralara gəlirmi?
– Gəlir, niyə gəlmir, - deyə Yasəmən cavab verdi və Nəsib dayını bir kənara çəkdi. - O gün Kosaoğlu da gəlmişdi. Pambığa baxdılar. Sonra Qarabulağın üstünə getdilər. Beş-altı dənə qırqovul vurmuşdular.
Nəsib dayı daha heç nə soruşmadı. Arvaddan aralanıb, pambığın içində dolaşan İmranı səslədi.
– Gördün bunlar başımıza nə oyun açıblar? - Nəsib dayı yola düşəndə hirsli-hirsli sözə başladı. – Kəndə çatan kimi təftiş komissiyasının sərdini, briqadirlərdən birini, bir də bizim komsomol Həsəni götürüb geri qayıdarsan. Yeri ölçüb akt bağlayarsan.
Onlar idarənin yanında ayrıldılar.
...Elə həmin gecə əhvalatdan xəbər tutan Kazım özünü Kosaoğlunun yanına saldı.
– Qurban qağa, amanın bir günüdür, qoyma akt bağlasınlar. O, nəfəsi tutula-tutula əhvalatı danışdı. Kosaoğlu təşvişə düşdüsə də, özünü sındırmadı.
– Get işində-gücündə ol, hay-küy salma. Özüm hər şeyi düzəldərəm.
Kosaoğlu o gecə səhərə qədər yerin içində çöyrükdü. "İndi mən neyləyim? İmrana bir söz demək olmaz. Ona baxanda yenə Nəsib yaxşıdır. Köhnədən bır yerdə işləmişik, tay-tuşuq. Bəlkə o, sözümə baxdı. Bircə bu zəhrimar pambığın üstünü basdırsaq, hər şey düzələrdi.
Məsələ böyüyüb bir də yuxarılara gedib çıxsa, bütün rayonda biabır olaram. Bəs Nəsibi necə yola gətirim? Gedib desəm ki, ay Nəsib, bu işin üstünü vurma, mənim xətrimə keç, onda necə olar? Deməzmi ki, hərif qorxur? Yox, yox, mən Kosaoğlu Qurban onlara boyun əymərəm. Bes necə olsun?"
O, bu cür düşüncələr içində səhərəcən yata bilmədi. Səhər tezdən isə idarəyə yollandı. Partiya tsşkilatçısının kabinetinə çatanda dayanıb gözlədi. Boğazını arıtlayıb qapını açdı. Nəsib dayı onun salamını çox könülsüz aldı. Kosaoğlu stul çəkib oturdu. Pencəyinin cibindən qutunu çıxarıb arxayın-arxayın papiros eşdi.
– Eşitdiyimə görə, dünən o taya gedibsənmiş.
– Sənin əməllərinə baxmağa getmişdim.
– Mənim niyə olur, elə sənin də əməlindir. Sabah bir şey olanda kolxoza məndən qabaq sən cavab verəcəksən, elə deyilmi, yoldaş siyasi rəhbər? Odur ki, adam bir şey görəndə məsləhətləşər.
– Səninki məsləhətdən keçib.
– Bax, bu olmadı. Uşaq ha deyilsən. Bir iş görəndə adamdan soruşarlar. Yoxsa bu nədir? Kolxozun sədri mənəm, heç nədən xəbərim yoxdur. Amma siz özbaşına qəmisiyə düzəldirsiniz, akt bağladırsınız.
Biz də bir kişiyik, ya yox, kolxozun işini mən də bilsəm olmazmı?
– Sən bu işləri çoxdan bilirsən, - deyə Nəsib dayı sakitcə cavab verdi. - O yerləri ki, özün əkdiribsən...
– Əvvəla, bu işdən mənim xəbərim yoxdur. İkincisi də, sən ora gedəndə gərək İmranı yox, məni aparaydın. - O, İrəli əyilib səsini alçaltdı. - Ə, bu kolxozun yiyəsi sənlə mənəm. Gərək sirrimiz də bir olsun. Yoxsa İmran nə uşaqdır ki, onunla əlbir olursan? Sabah bir iş olsa, sənin dalında mən duracam ey, mən!... Nəsib dayı Kosaoğlunun qızarmış sifətinə baxıb üzünü turşutdu. - Yaxşı, de görüm nə istəyirsən? - Aktı ver görüm, orda nə yazılıb. - Komissiya gələndə biləcəksən. Özün də qol çəkəcəksən!
– Düz şeyə niyə qol çəkmirəm?! O yeri kim əkdiribsə, cəza da verərik.
– Əlbəttə verəcəyik. Birinci cəzanı sən alacaqsan!
– Nədən ötrü?
– Kolxozun idarə heyətinin qərarına tabe olmaq istəmədiyin üçün.
– Ə, nə kolxoz, nə idarə heyəti?! - deyə Kosaoğlu səsini ucaltdı.
– Kazım o yeri özbaşına əkməyib, Kosaoğlu! Qurban qağası deməsəydi, o bu qələti eləməzdi.
– Ə, sən nə təhər adamsan? Sənə dedim mənim xəbərim yoxdur. Bu saat o Kazımın atasun dalına şələləməsəm, məndən pis adam yoxdur!
Kosaoğlu ayağa durdu, qapıya yaxınlaşıb üzünü həyətdə dayananlara tutdu.
– Ə, görün o Kazım ölmüş buralarda varmı?
O, geri qayıdıb yerində oturmamış, Kazım özünü içəri saldı.
– Nə deyirsən, Qurban qağa?
– Canına dərd deyirəm, boğazına boğma! Ə, gərək elə həmişə sənin üstündə başımız ağrısın? Ə, nə özbaşınalıq eləyirsən? Sənə kim demişdi ki, gedib meşədə pambıq əkibsən? Səni adam yerinə qoyanda gərək boynumuza minəsən? Utanmaz!.. Təqsir məndədir ki, sənin kimi axmağı briqadir qoymuşam. Səndən briqadir-zad olmaz. Di rədd ol burdan!
– Qurban qağa...
– Kəs səsini, haramzada! Sənin burada qağan-zadın yoxdur! İtil gözümdən!
Kazım Kosaoğlunun özündən çıxdığını görüb dinməz-söyləməz idarədən getdi. Qurban bir xeyli otaqda gəzindi. Papirosunu yanıqlı-yanıqlı sümürüb atdı. Sonra Nəsib dayı ilə üz-üzə oturdu.
– Beləsini adam yerinə qoyursan, sonra da səni biabır eləyir. Əslinə baxsan, sən düz deyirsən, gözündən boğazlanası haramzadadır.
İstəyirsən, elə bu saat briqadirlikdən qovaq, getsin işinə.
– Onu qovmaqla hər şey düzələcəkmi?
– Niyə düzəlmir?
– Bəs əkilən pambıq?
– Eh, rəhmətlik oğlu, ona nə var! Beş on hektar yerdir, heç bır yazı-pozuya da düşməyib, elə billik, heç əkməmişik. Kim nə bilir bizim meşədə pambığımız var?
– Bəs öz vicdanın?
– Ə kişi, qoy görək sən də!.. Nə vicdanbazlıqdır?! Bir də, balam, artıq yer əkiləndə hökumətə nə zərər olur?
– Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən ki, hökuməti aldadıb gözdən pərdə asmaq ən böyük cinayətdir?!
– Ə, qanmaz ha deyiləm, niyə başa düşmürəm? Mən dedim hazır pambıqdır, əkilib, qoy dursun, indi ki razı deyilsən, sabah bir çeteze göndərərəm. Hamısını alt-üst elər.
– Yox, Kosaoğlu, - Nəsib dayı ayağa durdu, - o arşınla sənə heç kəs bez verməz. Pambıq əkilib, özü də becəriləcək.
– Mən də onu deyirəm də. Qoy dursun. Aktı da cıraq.
– Qurban, bəsdir özünü bilməməzliyə vurduğun. Bu iş kolxozun işidir. Komissiya gələr, heyət qərar çıxardar, ona müvafiq də hərəkət edərik.
– Bəs sənin öz fikrin nədir?
– Mənim fikrim budur ki, akt bağlayıb həmin yeri kolxozun planına daxil edək.
– Yox, Nəsib, mən buna qol qoya bilmərəm. Sənin fikrin bizi bütün rayonda biabır eləməkdir.
– Bunu gərək əvvəlcədən fikirləşəydin.
Kosaoğlu ayağa durdu, onun alt dodaği sallandı.
– İndi nə demək istəyirsən?
– Bəs sən nə demək istəyirsən?
– Mən dedim, gəl bu işi açıb-ağartma. Öz aramızda Kazımın cəzasını verərik.
– Bu işdə müqəssir təkcə Kazım deyil.
– Yoxsa məni də ona qatmaq istəyirsən? Yox, Nəsib, onu bacarmazsan. Səninlə belə yavaş danışmağıma baxma. Mən istəyirəm aramızda ziddiyyət olmasın. İndi ki belədir, özünü gözlə, mənə də Kosaoğlu deyərlər!
– Kosaoğlu, - deyə gözlənilmədən Nəsib dayı qımışdı. - Gəl sən artistlik eləmə. Mən sənin bu üzündən baxanda o üzünü görürəm.
Ümumi iclasda məlum olar.
– Məni iclasla qorxudursan?.. Mən elə şeyləri çox görmüşəm. Qoy olsun. Gərək camaat kimin tükünü didəcək. Sizin, yoxsa mənim!
– Qurban, bunları çox eşitmişik, təzə sözün varsa, onu de.
Kosaoğlu qapını hirslə çırpıb çıxdı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-18
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. Yüngül addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir, Salatın isitməli adamlar tək titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları görsə də dinmədi, sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. Beynində ildırım sürətli fikirlər gəlib keçdi. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox, elə-belə, əliboş gedəcəm. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!"O, ehmalca tüfəngi götürüb əlində hərlədi. Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi.
Birinci hissə, 13Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.
İkinci hissə, 1Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
İkinci hissə, 2Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
Стихи других поэтов
از غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:
Demə, zahida, sərgüzəşti-behiştDemə, zahida, sərgüzəşti-behişt,Yoxumdur mənim meyli-gəşti-behişt.