Birinci hissə, 6
Страница 2 из 2 · 50%
O sakitcə atdan endi. Tüfəngin çaxmağını hərləyib gülləni lülədən çıxartdı. Atın tərkinə bağladığı xurcunu götürdü. Onun hərəkətlərin; göz qoyan nökərə üzünü belə çevirmədən:
– Atın yəhərini al, həyətdə bir az gəzdir, - dedi, - tərlidir.
O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. Neçə gündən bəri əli qoynunda, səksəkəli qalan anasına "xoş gördük" - deyib içəri keçdi. Arvad oğluna nə cavab verəcəyini düşünə-düşünə onun ardınca getdi. Allahyar xurcunu taxtın üstünə atdı. Tüfəngi yuxarıda, buxarının yanında, divara söykəyib qoltuqaltısını çıxartdı. Anasının kömək etməsinə razılıq verməyib, uzu boğaz çəkmələrini özü soyunmalı oldu. O, sağ ayağındakı dar xrom çəkməsinin dabanını sol çəkməsinin burnuna dayayıb dartdı və heç xəbəri yoxmuş kimi gözünü otaqda gəzdirib:
– Mələk hanı? Çağır gəlib çəkmələrimi çıxartsın, - dedi.
Arvad dinmədi. Gözləri oğlunun üzünə zilləndi. Deyəsən, gədənin nədən xəbəri yoxdur. İndi mən nə edim? Başıma haranın daşını salım? deyə öz-özünə söyləndi. - Bəlkə heç açıb-ağartmayım? Qoy rahat yatsın, sabah onsuz da eşidəcək. Bir də, axşamın xeyrindən sa-bahın şəri yaxşıdır.
– Nə bilim, yenə hansı cəhənnəmdəsə yıxılıb yatır. Qoy özüm soyundurum.
Allahyar razı olmadı. Birtəhər çəkmələrini çıxartdı. Yuxarı başa keçib, mütəkkəyə dirsəkləndi.
– Aclığın varmı, dərdin alım? Ürəyin nə istəyir, gətirim.
– Heç nə lazım deyil. Bəs gəlin hanı?
– Dedimki, bilmirəm.
– Neçə gündü yoxa çıxıb?
Arvad ancaq indi məsələni başa düşdü. Demək, oğlu hər şeyi bilirmiş. Bəlkə elə ona görə də gecə ikən atı çapıb kəndə qayıdıb. - Ela sən gedəndən.
– İzi-tozu qalmayıb? -Nə bilim, ay bala, axşamüstü səhəngi götürüb suya getdi. Qaranlıq qarışdı, gəlmədi. Mal-qara örüşdən qayıtdı, əl-ayaq yığışdı, heyvanları rahatlayıb, itlərə yal verdim, yenə qayıtmadı. O gecə səhərəcən eşiyə çıxıb, içəri girməkdən yoruldum. Yolu qara gəlmiş cımbata vəkildi. Heç gördüm deyən olmadı. Obaşdan gədəni Kürün qırağına göndərdim. Səhəngi tapıb gətirdi. Aralığa sükut çökdü. Hardasa lap yaxında, deyəsən buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa başladı. Bu hüznlü səs otağı başına götürdü. Allahyar öləziməkdə olan lampaya baxıb daha da darıxdı. Bəlkə, atasının dağılmışına qaçıb? Nə bilim vallah, adamın gümanı hər yerə gəlir. Sən də ki, evin tikilsin, getdiyin yerdən qayıtmaq bilmirsən. Qalmışam evdə tək. Qonum-qonşuya da çıxa bilmirəm. Açıb-ağardılası dərddimi ki, deyəsən!
Arvad oğlunun bərk tutulduğunu görüb sözünü dəyişdi.
– Elə sən deyən olacaq. Yıxıl yat. Sabah öyrənərsən.
Anası ona yer saldı. Allahyar özünü sakit göstərməyə çalışsa da səhərə qədər yata bilmədi. Gözünü qaranlıqda tavana zilləyib dayandı. Başının altındakı yastıqdan Allahyara tanış bir qoxu gəlirdi. O, Mələyin sinəsindən və saçından gələn mixək iyinə bənzər rayihəni hələdə unuda bilmirdi. Əslinə baxsan, Allahyarı əvvəlki arvadlardan Mələyə daha çox bağlayan qızın bədəninin ətri idi. Ənlik-kirşan çəkməyən üstünə gül suyu çiləməyən bu gəlinin bədənində onu ən ağır dəqiqələrdə belə məst edən, xoş bir qoxu vardı.
Mələyin ətri yorğan-döşəyə hopmuşdu. Allahyar əvvəllər buna o qədər fikir verməmişdi. Amma indi, arvadının xəbərsiz-ətərsiz yoxa çıxdığı bir vaxtda, yastığa çökmüş tanış və bir qədər də doğma bir insanın ətri ona rahatlıq vermirdi. Allahyara elə gəlirdi ki, Mələk onun yanındadır. Yanaşı uzanıbdır. Arvadının saçı onun üzünə toxunur.
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır. Hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir. İndi Allahyar da belə idi. O, ömründə ilk dəfə doğma bir adamın yoxluğunu duyurdu. Əgər bu saat Mələk yanımda olsa, onunla bir yastığa baş qoysa, nə gözəl olardı! Allahyar onun saçını sığallayıb, sinəsini qoxulamazdımı? Səhər şəfəqləri pəncərə şüşələrində oynayana qədər onun mışıltısına qulaq asmazdımı?!
Allahyar yerin içində çevrilir, öz-özünü tanıya bilmirdi. Ona nə olmuşdu? İndiyə qədər qəlbinə yad olan bu hisslər hardan gəlib çıxmışdı? Nə üçün o titrəyirdi? Məgər Mələyi azmı döymüşdü? Onun gözünün yaşını azmı axıtmışdı? Azmı onun sinəsini yumruqlamışdı? Bəs indiyəcən onun ətrini niyə duymamışdı? Hələ şəhərdən arvadının yoxa çıxması xəbərini eşidəndə dişini-dişinə sıxıb söyüş söyən, "əlimə keçən kimi səni tikə-tikə doğrayacağam", - deyən o deyildimi? Elə bircə saat bundan əvvəl yol uzunu onu asıb-kəsmirdimi? İndi birdən-birə ona nə oldu? Yoxsa Mələyi sevirdi? Yoxsa indiyəcən qəlbinin harasındasa mürgüləyib yatan hisslər çılğın bir ehtirasla oyanıb baş qaldırmışdı?
Allahyar heç nə anlamırdı. Gözünü tavana zilləyib xəyalən arvadını axtarırdı. Gah onu sağ-salamat tapıb gətirir, gah da çiləkənlərin altından, burulğanlardan dartıb çıxardırdı.
Ətraf səssiz idi. Onun qulaqları güyüldəyirdi. Arabir buxarının yanındakı qarafatmaların cırıltısı eşidilirdi.
Allahyar səhər tezdən, nökəri yola salandan sonra, atı minib Kürün sahilinə endi. Yarğanların dibini, çiləkənlərin ətrafını, yulğun kolluğunu saymazyana axtardı. Atını sürüb çay aşağı uzaqlara getdi.
Balaca adacıqları, suyun şıldır yerində qurulayan qaraltıları nəzərdən keçirdi. Tez-tez atının başını saxlayıb, göyün üzündə fırlanan quşlara baxdı. Qarğa-quzğunun bir yerə toplanıb-toplanmadığını yoxladı. O hələ hec kəsə heç nə açmaq istəmirdi. Bəzən öz-özünü danlayır, nahaq bu fikrə düşdüyünə söylənirdi. O, arvadının ölümünə inanmırdı. Axşamüstü nökərin geri qayıdacağını və Mələyin əmisigildə olduğu xəbərini gətirəcəyini gözləyirdi. "Yaxşı, bəs niyə belə xəlvəti gedib! Nə üçün anama bir şey deməyib? Əgər gedibsə, bəs niyə evinə qayıtmir?". Şübhələr yavaş-yavaş onun qəlbinə hakim olurdu. "Yəqin başi əlində deyil. Yoxsa bir xəbər çıxardı. Bəlkə heç özünü suya atmayıb? Birdən ayağı sürüşüb? Axı o üzmək bilmirdi. Axmış olsa bir yerdə qurulamazdımı?"
Allahyar atını sürür, o tərəf-bu tərəfə boylanırdı. Suda çimib, qumluqda eşələnən uşaqların yanında bəzən ayaq saxlayıb, onları dilləndirirdi. Uşaqlar axan meyit görsəydilər, dərhal deyərdilər.
Allahyar axşama qədər bəri üzü axtarmağı qərara aldı. "Əgər nökər əliboş qayıtsa, sabah o biri sahili də gəzərəm", - deyə düşündü.
Günün qulağı əyilib axşama dönəndə Allahyar geri qayıtdı. Birdən yulğunluqların o tərəfində, yarğanın dibində, qarğa-quzğun dolaşdığını gördü. Ürəyi az qaldı ki, oynayıb yerindən qopsun. Rəngi saraldı. Atını mahmızlayıb Kürdən ayrılan balaca qoldan keçdi. Yulğun kollarını yara-yara quşların firlandığı yerə yaxınlaşdı. Qarğalar onu görüb kənara qaçdılar. İri bir quzğun isə özünü suya çırpır, yenə də havaya alxırdı. Allahyar atdan düşdü. Ürəyi əsə-əsə gölməçəyə yaxınlaşdı.
Orada nə isə qaralırdı. Quşlar dimdiklədikcə çırpınıb, suyu şappıldadırdı. Allahyar iri bir naqqanın quruladığını görüb sakitləşdi. Görünür, daşanda balaca qola gəlib bu gölməçəyə düşən naqqa geri qayıda bilməmişdi. Quşlar onun belini didib parçalamışdılar.
Allahyar atını minib uzaqlaşdı. Qarğa-quzğun yenidən balığın üstünə töküldü...
O nökərlə bir vaxtda evə çatdı. Eşitdiyi xəbərdən məyus oldu. Dinməz-söyləməz içəri keçib üzüqoylu taxtın üstə döşəndi.
Üç gündən sonra Kürün lap aşağısında, binələrin bərabərində, bir qadın meyitinin qurulaması xəbəri kəndə yayıldı. Deyilənə görə, malı sulamağa aparan uşaqlar heyvanların böyrüşüb geri qaçdığını görmüş və hürkən mallardan qabaq özləri təngnəfəs halda binəyə qaçmışdılar. Onun söylədiklərinə qulaq asan qocalardan bir neçəsi sahilə gəlmiş köpüklü suyun kənarında uzanan meyitə baxmışdılar. Ləpələr cəsədi kənara atmışdı. Suda çox qaldığından qaralan və şişən meyit tanınmaz hala düşmüşdü. Əynindəki paltardan nişanə qalmamışdı. Sualtı daşlar baş-gözünü əzmişdi. Qadının ayaqları hələ də suda idi. Ləpələr tərpətdikcə cəsəd yırğalanırdı.
Qoca bu kimsəsiz meyiti kənara çəkmiş, elə oradaca, qumun içinə basdırmışlar. "Bir gün sahibi gəlib çıxar", - deyə arxayınca evlərinə dağılışmışlar.
Bu hər şenliyə yayılan kimi pıçıldaşmalar başladı. Allahyar nə qədər çalışsa da sirr açılmış, Mələyin yoxa çıxması hamıya məlum olmuşdu. Əlində çatı, buzovu mala qatan arvadlar bir-birini görən kimi xosunlasırlar.
– Mələyin başına gələni eşidibsənmi?
– Esmişəm. Deyirlər yazıq özünü yarğandan atıb.
– Heç ağlım kəsmir.
– Bəs nə olar?
– Kim bilir?
– Yəni deyirsən...
– Olar olar. Elə kişidən hər nə desən çıxar.
– Allah sən saxla, hələ çox şey görəcəkmişik.
– Yaxın heç kimi yoxdur.
– Elə həmişə yetimin başı qapazlı olar.
– Barı meyitini gətirib basdıraydılar.
Çay kənarında, qaynar başında da bu cür söhbətlər olurdu. Bu xəbər şenliyə yayılan günün axşamı kəndin ağsaqqallarından biri Allahyarı kənara çəkib danladı:
– Ay bala, namusu itə atıblar, it yeməyib, bəs sənin qeyrətin hanı? Niyə gedib qadını axtarmırsan?
– Gəzmədiyim yer qalmayıb, - deyə Allahyar sakitcə dilləndi.
– Deyilənə görə, aşağılarda bir meyit tapılıb. Get yoxla, bəlkə elə sənin arvadındır.
Allahyar ertəsi günü tezdən binələrə yola düşdü. Qocalar cəsədi basdırdıqları yeri ona nişan verdilər. Allahyar qumu qazdı. Meyit indi daha da tanınmaz olmuşdu. Yarım saata qədər cəsədi diqqətlə nəzərdən keçirən Allahyar arvadına oxşar bir nişanə tapa bilmədi. Nə əynindəki paltar paltara, nə də cəsəd insana bənzəyirdi. Amma boy-buxununa uyğun gəlirdi: görünür, qadın həm cavan, həm də ətli-əndamlı imiş. Nəhayət, onun barmağındakı üzük Allahyarı çaşdırdı. O, cəsədi aparmağı qərara aldı. Allahyar evə çatıb meyiti gətirmək üçün araba sazladığı vaxt doqqazda bir atlı onu çağırdı. Onlar yarım saata qədər xısın-xısın söhbət etdilər. Atlı içəri keçmədi. Allahyar tələsik geri qayıtdı. Arabanı qoşan nökərə: "Heç nə lazım deyil, öküzləri aç, arabanı da yerinə çək. Tez ol, atı yəhərlə", - dedi. Özü isə evə keçib, tüfəngini və qoltuqaltısını götürdü. Atın belinə qalxdı. Sual dolu gözərini onun üzunə dikən anasına heç nə demədi.
Atlılar kənddən uzaqlaşdılar. Allahyarın dodaqları astadan tərpənir, titrək barmaqları tüfəngin tətiyində oynayırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-deli-kur-birinci-hisse-6
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
20Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
21Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
Стихи других поэтов
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın