Страница 3 из 4 · 50%

Axırda Kərbəlayı Məmmədəli təvəqqə elədi ki, yazdığını bir dəfə oxusun. Molla başladı yazdığını oxumağa. “Əvvələn salam-dua… və saniyən…Ya rəbbül-aləmin…Ay ana, deyirlər İrana hürriyyət veriblər. Dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. İndi, ay ana, mənim payıma hər nə düşsə, göndər və bir də mənim əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev adamının kefi necədi və hamı qohum-əqrəbaya dua göndərirəm. Vəssəlam”.

Kağızı oxuyub qurtarandan sonra Məşədi Molla Həsən bu kağızı da qoydu Usta Cəfərin kağızının yanına, günün qabağına. Bu heyndə Usta Cəfər əlində bir çirkli paket gəldi, Məşədi Molla Həsən Usta Cəfərin kağızını və qələmi verdi ki, qol qoysun. Usta Cəfərin gözü sataşdı Kərbəlayı Məmmədəliyə yazılan kağıza və əyilib haman kağıza diqqətlə baxıb dedi ki:

– Ay Məşədi Molla əmi, öz aramızdı, amma bu kişinin kağızını mənim kağızımdan yaxşı yazmısan? Bax mənim kağızımın xətti o qədər gözəl deyil, amma o kağızın xəttinə bax…

Bu sözləri deyə-deyə Usta Cəfər Kərbəlayı Məmmədəlinin kağızını əlinə götürüb başladı ikisini də bir-biri ilə tutuşdurmağa. Kərbəlayı Məmmədəli də başını uzadıb əvvəl öz kağızına baxdı, sonra Usta Cəfərin kağızına baxdı və bir söz demədi. Məşədi Molla Həsən bu kağızları əlinə alıb, hər ikisinə eynəyinin altından diqqətlə baxa-baxa dedi:

– Pəh-pəh… Afərin belə xəttə, bir-birindən gözəldi.

Bu sözləri deyəndən sonra Məşədi Molla Həsən Kərbəlayı Məmmədəliyə yazdığı kağızı səhvən verdi Usta Cəfərə, Usta Cəfərə yazdığı kağızı qoydu günün qabağına. Usta Cəfər bilməyə-bilməyə Kərbəlayı Məmmədəlinin kağızını molladan aldı, qələmi götürdü, kağızı qoydu sol dizinin üstə və hıqqana-hıqqana, kəhildəyə-kəhildəyə on dəqiqənin müddətində yaman-yaxşı adını yazdı, sonra yazdığı yerə bir çimdik torpaq töküb paketi qoydu qoltuğuna və ayağa durub, “xudahafiz” deyib getdi.

Usta Cəfər uzaqlaşandan sonra Məşədi Molla Həsən Kərbəlayı Məmmədəliyə də dedi ki, gedib paket alıb gətirsin. Kərbəlayı Məmmədəlinin fikri bu idi ki, kağızı paketə qoymamış aparsın əvvəl Pərinisəyə göstərsin, sonra qoysun paketə. Məşədi Molla Həsən Usta Cəfərə yazdığı kağızı dörd qat büküb verdi Kərbəlayı Məmmədəliyə və dedi ki:

– Sonra nə vaxt paketini gətirsən, üstünü yazaram.

Kərbəlayı Məmmədəli kağızı götürdü əlinə və qələmi alıb hıqqana-hıqqana bir belə cızma-qara çəkdi: Məmməd ələd. Guya ki: Məmmədəli. Sonra dörd qat büküb qoydu qoltuq cibinə və durdu getdi.

Kərbəlayı Məmmədəli gəldi evinə, kağızı qoltuq cibindən çıxarıb uzatdı arvadına və dedi:

– Bax, Pərinisə, gedib kağız yazdırdım, göndərəcəyəm anama. Yazmışam ki, mənim hürriyyət payımı göndərsinlər. Həyə inanırsan, heç; inanmırsan, al apar kağızı hər kəsə istəyirsən oxut, gör belədi, ya yox.

Pərinisə kağızı aldı əlinə, o tərəfinə baxdı, bu tərəfinə baxdı, sonra büküb qoydu taxçaya. Axşam vaxtı arvad kağızı götürüb qoydu qoltuğuna və getdi qardaşı Kərbəlayı Rzanın evinə. Kağızı çıxartdı verdi qardaşına və dedi:

– Dadaş, sən Allah bu kağızı apar ver bir adam oxusun, görək burada nə yazılıb?

Kərbəlayı Rza əvvəl kağızın əhvalatını bacısından soruşdu və bir qədər fikirləşib dedi:

– Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş.

Pərinisə soruşdu:

– Niyə, dadaş?

Qardaşı cavab verdi:

– Ay axmaq, bir fikir elə gör İrannan da bura hürriyyət gələr?

Pərinisə dedi:

– Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi ki, gəlməsin? “Ərəblər” kəndi odur a… Arazın qırağındadı. Nə bir uzaq yoldu ki? Burdan ora üç-dörd günlük yoldu.

– Yaxşı deyirsən, Pərinisə, “Ərəblər” çox uzaq yer deyil. Amma axı İrannan bura hürriyyət gələr?

Pərinisə bir az acıqlı kimi dedi:

– Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi gəlmiyə? Sən elə mənim hər sözümü axmaq hesab eləyirsən. Oxutmursan, ver mənə kağızı, mən özüm aparıb oxudaram.

Kərbəlayı Rza kağızı vermədi və gülə-gülə dedi:

– Yaxşı, Pərinisə, mən kağızı sabah aparıb oxudaram. Qoy Kərbəlayı kağızı göndərsin, amma vallah genə axırda mən deyən olacaq; çünki, axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr; yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş eliyəni də mən eşitməmişəm.

Pərinisə bir az fikir eləyəndən sonra genə qardaşından təvəqqə elədi ki, kağızı aparıb bir adama oxutsun. Qardaşı söz verdi ki, kağızı sabah oxudar.

Sabah oldu və Kərbəlayı Rza kağızı apardı əvvəl Molla Orucəlinin yanına. Molla Orucəli iki ildi burada bir məktəb açıb və başına beş-on uşaq yığıb oxudur.

Molla Orucəli kağızı aldı və diqqətlə baxandan sonra dedi ki:

– Bu kağız tərəssül xətti ilə yazılıb. Çox qarışıq yazılıb. Mən bu xəttə aşina deyiləm. Apar elə bir adama oxut ki, bu xəttə aşina olsun.

Kərbəlayı Rza kağızı aldı, apardı rus-müsəlman məktəbinin müəllimi Mirzə Həsənə nişan verdi və təvəqqə elədi oxusun. Mirzə Həsən həmin məktəbdə müsəlman dərsinin müəllimidir və özü də “seminariya” deyilən müəllimxanada təhsil eləyib. Mirzə Həsən kağıza diqqətlə baxıb dedi ki:

– Bu kağızı yazanın əlləri çolaq olsun! Elə narın və rizə yazıb ki, oxumaq mümkün deyil.

Kərbəlayı Rza kağızı Mirzə Həsəndən aldı və bilmədi daha kimin yanına getsin və kimə oxutsun. Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, Əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola; çünki çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. Həmişə Məşədi Hüseyn danışanda Kərbəlayı Rza öz-özünə deyərdi ki: “Yəqin Məşədi Hüseyn alim adamdır”.

Kərbəlayı Rza Məşədi Hüseynin dükanına yetişib, gördü ki, Məşədi tərəzinin bir çanağına bir parça nabat qoyub çəkir və müştəriyə bu sözləri deyir:

– Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik babam həmişə məni qucağına alanda atama deyərmiş, bax, oğlum, Kərbəlayı İsmayıl, bu uşaqdan müğayat ol, bunun gözlərindən elm yağır. Bu uşaq əvvəl-axır alim olacaq. İndi mən baxıram ki, həqiqət də rəhmətlik babam bilirmiş ki, mən axırda nə olacağam. Amma, söz yox ki, elm elə bir şey deyil ki, öz-özünə gəlsin girsin adamın başına. Elmi təhsil eləmək lazımdır, sümük sındırmaq lazımdır; yoxsa elm bir elə şey deyil ki, öz-özünə gəlib girsin adamın başına. Elmi təhsil eləyincə insanın anadan əmdiyi süd adamın burnunun dəliklərindən gəlib tökülür. Heç bilmirsən başıma nə işlər gəlib, ayaqlarıma nə qədər çubuqlar dəyib, nə qədər kötəklər yemişəm. Axırı ki, gözümün nuru tökülüb, bir tövr alimlər cərgəsinə daxil olmuşam. Yoxsa, qadan alım, bu işlər zarafat deyil və bir də insanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun. Hamı oxuyan alim olmaz.

Kərbəlayı Rza yetişib kağızı tutdu Məşədi Hüseynin qabağına və dedi:

– Məşədi əmi, Allah atana rəhmət eləsin, bir bax görək bu kağızda nə yazılıb?

Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı və başladı diqqətlə baxmağa. Bir azdan sonra dedi:

– Bu kağızı kim yazıb?

Kərbəlayı Rza cavab verdi ki:

– Bilmirəm kim yazıb. Gərək ki, məscid qabağında kağız yazan molla yazmış ola.

Məşədi Hüseyn başladı kağızı oxumağa: “Əvvələn: ümdeyi-mətləb səlamətiyi-vücudi-zicudi-şümast. Və saniyən, əgər əhvalati-in canibra xastə başid, əlhəmdulillah səhih və səlamət həstim və nigarani nədarim sivai-duri-əz şüma. Xüdavəndi-aləm səbəbi sazəd və vəsileyi-xeyr əngizəd ki, didari-şərifi-şümara bəxeyrü-xubi didar nümayim. Amin, ya rəbbülaləmin!.. və bəd…”.

Məşədi Hüseyn kağızı buraya kimi oxuyub burada dayandı və genə kağıza diqqətlə baxıb çətinliklə bu sözləri oxudu: “Qürbət vilayət”. Sonra genə duruxdu və kağızı işığa tutub başladı o tərəf-bu tərəfə çöndərməyə və genə diqqətlə baxıb hıqqana-hıqqana bu sözləri oxudu: “Çünki”…

Bir-iki dəfə də Məşədi Hüseyn “çünki”, “çünki” deyib dayandı; kağızı qoydu tərəzinin çanağına və üzünü tutdu Kərbəlayı Rzaya:

– Balam, bu kağızı yazanı mən tanıyıram. Bunu yazan Məşədi Molla Həsəndir. Zalım oğlu, zalım, yazdığı kağızı heç kəs oxuya bilməz; çünki Məşədi Molla Həsən doğrudan dərin molladı. Mən deyirəm Təbrizdə də belə oxumuş adam az tapılar və Məşədi Molla Həsən yazdığı kağızı az-az adam oxuya bilər. Maşallah kağız yazana! And olsun Allaha, kişiyə deyəsən vergi verilib. Bir xəttə bax, xəttə bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Məmmədəli! (9 oktyabr)

Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.

1 мин
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!

Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.

1 мин
Əzizim Baba! (Bakı, 7 iyun)

Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.

1 мин
Həmidə!

Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.

1 мин

Стихи других поэтов