Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.

Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.


İndi belə tutaq ki, kəndli bir tövrnən dəmir yol stasyonunun kassasında Yevlaxda, ya Ucarda, ya qeyri bir yerdə özünə bilet aldı.

Mən deyirəm, “belə tutaq” – o səbəbə ki, bilet almaq da yollarda hamı xoşbəxtə müyəssər olan iş deyil.

Bəli, tutaq ki, aldı.

İndi görək o əlibiletli kəndli vaqona nə cür minəcək.

Maşın gəlib dayanan kimi xurcunu atacaq çiyninə və iki əlində şeyləri qaçacaq vaqonların qabağına. Məlumdur ki, hər vaqonun qapısı ağzında kəndlinin dilini bilməyən bir adam durub. Bu adam haman vaqonun rəisidir. Bunun burada durmaqda vəzifəsi odur ki, mümkün olduqca hər bir dil bilməz miniyə desin ki, “isti suya”; yəni sən axtardığın vaqon deyil. Xüsusən gecənin qaranlığında vaqonu tanımaq kəndli üçün asan da deyil.

Bəli, getdi o biri vaqonun yanına. Burada duran vaqon naçalnikinin vəzifəsi haman kəndliyə cavab verməkdir ki, sənin vaqonun bu deyil; yəni “get soyuq suya”.

Çox vaxt elə olur ki, kəndli vaqonu axtara-axtara maşın hərəkət eləyir və bu da biletə verdiyi pulun xatirəsi üçün və birdən yoldan qalmamaqdan ötrü əlini uzadır yapışır bir vaqonun qapısının əl tutacağından. Çox vaxt burada kəndli asıla-asıla bir qədər yol gedir. Elə də olur ki, bu qorxulu bir halətdə miniyimiz bir mübarizəyə də rast gəlir. Vaqondan yıxılmaq və təkər altına düşmək dəxi heç bir çətin və namümkün məsələ deyil.

Böhtan olmasın deyə, çox da inad etmirik; ancaq bu yazılan macəralar hər gün və hər saat bizim dəmir yollarda üz verməkdədir.

Güman edirəm ki, bu hal ta o vaxta kimi davam edəcək ki, xah qatar rəisi və xah vaqon konduktoru bu etiqada gələ ki, yeri və göyü yaradan tək onlar deyil və haman stasyon naçalniki və qeyri bir məmurun vaqona daxil olub minikləri yerbəyer etməyə ixtiyarı ola. Və nə qədər ki, yoxdur, qatar və vaqon rəisləri öz Allahlıqlarından əl götürməyəcəklər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 20 noyabr 1926, №47

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Həmidə! (30 iyul 1923)

Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.

1 мин
Əzizim Həmidə! (12 avqust 1923)

Bakı*Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım.

1 мин
Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

1 мин
Əzizim Həmidə! (28 avqust 1923)

Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil

1 мин

Стихи других поэтов · Сатира