Bir gün var idi, bir gün yox idi, bir Tiflis var idi və bu Tiflisdə hər bir şey var idi, bircə mədrəseyi-ruhaniyyə yox idi və bu Tiflisdə millət dərdi çəkənlər də var idi və bu millət dərdi çəkənlər istədilər ki, mədrəseyi-ruhaniyyə də Tiflisdə olsun və Tiflisdən savayı bir Bakı da var idi və bu Bakıda çox pul da var idi.

Bir gün bu millət dərdi çəkənlər Bakıya gedib dedilər: Bizim Tiflis gözəl yerdi və Tiflisdə Şeytanbazar adında bir gözəl müsəlman məhəlləsi var və orada hər bir şey var: amma bircə mədrəseyiruhaniyyə yoxdu. Gəlin pul verin, orada bir mədrəseyi-ruhaniyyə açaq və bakılılar dedilər ki, baş üstə və bakılılar altmış min manat vədə elədilər və on min manatını qabaqca verdilər və komissiya təyin olundu və yer alındı və inciner çağrıldı və incinerə iki min manat verildi ki, mədrəsənin planını çəksin və iki min manat da girdi inciner rəfiqimizin cibinə və plan girdi millət dərdi çəkənlərin cibinə və on min manat girdi padşahlıq xəzinəsinə və o xəzinədə yüz on beş min manat mövqufat pulu da rəxtixab içində rahat yatırdı və bu on min manat da gedib girdi haman 115 min manatın rəxtixabına və başladılar bir yerdə yatmağa, necə ki, bizlərdə bir yorğan-döşək içində bir ana yatar, bir ata yatar, bir əmcək uşağı yatar, üç yaşında Gülsüm yatar, bir yeddi yaşında Heydər yatar, bir 11 yaşında Murad yatar, bir on dörd yaşında Qurban yatar, sonra on doqquz yaşında Cəfər gəlib yorğanın bir ucunu qovzar və paltarını soyunmamış girər şərakətli yorğan-döşəyə. Xəzinə də bir cüt rəxtixabdı. Orada mövqufat pulu da yatar, mədrəseyiruhaniyyə pulu da yatar, məscid pulu da yatar, məktəb pulu da yatar, orada daha bilmirəm nələr yata bilər…

Bəli, mətləbdən uzaq düşdük. On min manat da girdi 115 min manatın yanına. Günlərin bir günü bu pulların hamısı verildi, prosent kağızları alındı, yəni bank biletləri alındı.

A başınıza dönüm, günlərin bir günü rus pulları sınmadımı? Elə sındı ki, səsinə az qaldılar İsfahanda və Gilanda yatan iranlılar oyansınlar, amma incəvara oyanmadılar.

Qərəz, hə başınızı ağrıdım, bizim mövqufat pulları və mədrəsə pulları bir ilin içində otuz beş min manat ziyan elədilər.

Amma bunlar hamısı keçib gedər, çünki dünya malı dünyada qalacaq.

Bu işlər mənə yuxu kimi görsənir, çünki belə məzəli işləri yuxuda görmək olar.

Mən heç bir şeyə inanmamışam, amma keçən il mən millət dərdi çəkənləri elə bir çalışan gördüm ki, yəqin eləmişdim ki, Tiflisdə mədrəseyi-ruhaniyyə açılacaq.

İndi də mən Şeytanbazardan keçəndə hər bir müsəlmandan soruşuram: harada mədrəsənin imarətini tikirlər?

Dünən mənə birisi belə cavab verdi:

“Get ay batandan sora gəl,
Pullar yatandan sora gəl”.

“Molla Nəsrəddin”, 1 dekabr 1906, №35

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира