Zəhrimar
A kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.
Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.
Aha, heç dinmə, bir şey yadıma düşdü.
Axır, bizim Şah Abbas məscidi bir az dardır. İçində şəbih gətirmək olmur və həyəti də heç yoxdur ki, dəstələr tutub baş yarasan. Aha, heç dinmə, gəl gedək hökumətdən izn alaq ki, mövqufat pulu ilə məscid tikdirək. Vallah ki, bundan savayı o zəhrimarın özgə əlacı yoxdur. Hökumətin də ki, nə borcudur: o özü də Allahdan istəyir ki, bu zəhrimarın mərəkəsi kəsilsin. İzn, əlbəttə, verər, pulu alarıq və yavaş-yavaş başlarıq məscidin himlərini açmağa. Qalanını da ki, sən özün bilirsən: maşallah arifsən.
Oxucularımıza gərək xəbərdar eləyək ki, injenerin hesabına görə, təzə məscidin tikilməyi üç yüz min manat ilə başa gəlir. Məscidin də həştad min manatı var. İndi bundan belə məlum olur ki, məscidi tikib başa gətirməkdən ötrü ya gərək çatmayan iki yüz iyirmi min manat biçarə müsəlman camaatından yığıla, ya da gərək məscidin divarları adam boynuna qalxanda fəhlələr dağılıb gedələr işlərinə və bir neçə ilin müddətində də yağışın, qarın altında divarların kərpicləri yavaşyavaş çürüyüb tökülə yerə.
Bu yazılarımızdan aşkar görsənir ki, hər bir ağıl və tədbir sahibi gərək məscid məsələsini qoya kənara; ondan ötrü ki, kasıb camaatdan bu qədər pulu yığmaq günahdır; yarımçıq divarları da qarışqa yuvası qayırmaq namərdlikdir. Amma bu zəhrimar həştad min manat yenə qoymur ki, mən rahat evimdə oturum: vallah, lap elə gəlib durub gözlərimin qabağında.
Tiflis xəzinəsində həştad min manat mövqufat pulu var. Əgər məscid tikilməyə başlasa, bu həştad min manatı hökumət verəcək şeyxülislamın və onun yanındakı mollaların ixtiyarına. Bu həştad min manatın iyirmi beş min manatı çatacaq injenerə. Qalanını da başlayacaqlar yavaş-yavaş xərcləməyə. Məscidə də üç yüz min manat lazımdır ki, tikilib başa gəlsin.
Həmişə xəzinənin qabağından şeyxülislam keçəndə haman həştad min manat gəlib durur bunun gözünün qabağında. Həmişə xəzinənin qabağından injener keçəndə haman həştad min manatın iyirmi beş min manatı gəlib durur bunun gözünün qabağında. Məlum şeydir ki, dərdlinin də dilini dərd əhli bilər. Bir gün şeyxülislam əbasını çəkəçəkə gedib injenerin zəngini çalar, bir gün də injener faytonu minib, gələr şeyxülislamın idarəsinə. Zəhrimar həştad min manat bu kişiləri lap xarab eləyib. İnjener şeyxülislamı görəndə belə deyir:
– Ay şeyx, vallah, mən müsəlmanları çox dost tuturam. Hərçənd məscid tikilsə mənə iyirmi beş min manat çatacaq, amma and olsun şeyx Ramazanovun moizəsinə ki, mənim çalışmağım əsla puldan ötrü deyil, məhz müsəlmanları istəməyimdəndir.
Buradan bir balaca haşiyə çıxaq.
İdareyi-ruhaniyyəyə hökumət tərəfindən verilən qərardada görə qazıların ixtiyarı var ki, hər bir məscidin yanında bir məktəb açsınlar. Sözü çox uzatmaq istəmirik, ancaq müsəlmanlarımız bunu bilsinlər və həmişə nəzərlərində saxlasınlar ki, hər bir qazı istəsə hökumətdən dəxi dübarə izn almamış bir məktəb aça bilər.
Qazılarımızın Tiflisə gəlib idareyi-ruhaniyyədə şeyxlərimizlə görüşüb evlərinə qayıtmalarını mən çox görmüşəm.
– Əssəlam əleyküm, şeyxəna.
– Ay əleyküməssəlam, xoş gəlibsiniz.
Təzə təşrif gətirən qazı əgər Qarabağ tərəfindəndir, – söhbət həmişə Qarabağ fərşlərindən düşüb və Ağdam narında qurtarıb; qazı əgər İrəvan tərəfindən gəlib, – söhbət Naxçıvan pendirindən düşüb, Qarxun soğanında qurtarıb. Əgər qazı şimal tərəfindən gəlibsə, danışıq Şirvan şallarından başlayıb, Şəki şabalıtında qurtarıb və bu söhbətlər içində yağ, bal, corab və bu cür sözlər də olub, amma nəinki məktəb və mədrəsə söhbəti.
Allahü əkbər! Bu zəhrimar həştad min manat qoymur bir saat asudəlik ilə nəfəs çəkəm. Vallah, dəxi bilmirəm ki, nə eləyim.
Dəxi kifayətdir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 30 noyabr 1908, №48; 7 dekabr 1908, №49
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-zehrimar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
Təzə dəyirmanEşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*
Üç çərəkBiz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
Стихи других поэтов · Сатира
Mixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
Hər nə versən, verБудь щедрым - что скупиться? Но бедным ни грошаПри виде нищих татов пусть не болит душа.
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,