İstifadə
Страница 1 из 3
– Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...
İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə bazlıqdır.
Müəllimə təbiiyyatçı idi, ali təhsili vardı. Öz-özümə dedim: "Yəqin yenə təbiiyyat elmindən danışacaq, səhər-səhər sürünənləri, fəqərəliləri, məməliləri və qəlsəməliləri yığıb üstümüzə tökəcək".
Müəllimə gəldi. Narıncı ipək paltar geyinmişdi. Qapıdan girən kimi işıqlı bir dalğa duydum. Deyəsən otağı bəzədilər, hər şey mənə zərif, gözəl və sevimli göründü. Dodaqaltı salam verib, kresloya əyləşdi.
Paxıllıqdanmı, nəzakətsizlikdənmi, nədənsə yoldaşlarım məni müəllimə ilə tanış etmədilər. Onsuz da utancaqlıq məni boğurdu. İlk dəfə idi ki, belə bir qadınla qarşılaşırdım. O danışırdı. Lakin nə danışdığını bilmirdim. Mən onun üzünə baxırdım. Zahiri təntənəsinə, əda, gülüş və nəzakətinə görə bir o qədər gözəlliyi yox idi.
Dəyirmi, mütənasib üzü vardı, ağzı balaca, boyalı dodaqları nazik, gözü yekə, qara qaşları qalın idi. Burnu aşağı getdikcə çadır kimi yayılır, sanki dodaqlarındakı boya qurumasın deyə kölgə salırdı.
Üzündən aşağı endikcə tənasüb pozulur: boynu yoxdu. Deyəsən, ağır bir qapaz vurulmuş, boynu qınına girmişdi. Ağ, açıq qolları hər iki tərəfdən mərmər sütun kimi sallanırdı. Sinəsi daş ayna kimi parlayırdı.
Səadət xanım məclisi qat-qat şənləndirdi. Hamı özünü yığışdırdı. İdris tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı. Yolçu yuyundu, gəldi, mən də bürküyə baxmayıb, yaxamı düymələdim.
Mən yanılmışdım. Səadət xanım təbiiyyatdan danışmadı. O mənim istəmədiyim, lakin maraqlandığım şeylərdən söhbət açdı.
– Qadın qəlbi qapalı bir bağçadır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb, tapmalı, bağçaya isə, yaz çağı, küləksiz bir səhərdə, həm də ayaqyalın girməli, iyləməklə kifayətlənməli...
Səadət xanım utandığımı, ya qəribliyimi hiss etdi, tez-tez mənə atdığı baxışlarla kifayətlənmədi:
– İdris, heç qonağın danışmır? - dedi. Yolçu hazırcavablıq elədi:
– Sən macal verdin ki!
Hamı güldü. Səadət xanım qollarını açaraq, tələbkar bir əda ilə:
– Pajalusta, - dedi.
Mən danışmadım, sözüm də yoxdu. "Bəli", "xeyr" ilə, ya da heç nə demədən dişlərimi ağartmaqla başımı girləyir, məclisimizin bitməsinə tələsirdim.
Başını pəncərədən uzadan bir göy köynək kişi İdrisə bilet verdi:
– Vaxta qırx dəqiqə var, hazırlaş, - deyib, tələsik ötdü.
İdris Şamxora gedəcəkdi. Yolçu da kimi isə gözlədiyi üçün vağzala çıxmalı oldu.
Mən də qalxdım. Həyətə çıxanda İdris dedi:
– Səadət xanımı evlərinə qədər ötür.
Biz xiyaban kənarında əkilmiş cavan tut ağaclarının kölgəsi ilə gedirdik. Onun ilk sualı bu oldu:
– Yəqin siz Gəncədə çalışırsınız?
– Bəli!
– Təzə qurtarıbsınız, eləmi?
– Birinci ildir!
Səadət xanımın sualları məni cəsarətləndirdi, mən bu suallarda cavab arayan bir adamdan artıq sual arzulayan bir həsrət ruhu duyurdum.
Bir az fikirləşdim. Ürəyimdə sualı sərf-nəhv cəhətcə yoxlayıb dilləndim:
– Buraya təzəmi gəlmişsiniz?
O güldü, dodaqlarını büzüb, başı ilə "yox" işarəsi etdi, dili ilə də dedi:
– Yooox! Yooox a... a!..
Gülüşü elə qaynayırdı ki, deyəsən qarqara eləyirdi. Mən başqa bir sual hazırlamaq fıkrində ikən, cavabın davam etdiyini görüb dinlədim:
– Yooox... Səhviniz var. Mən üç ildir ki, buralarda ləbbəyk deyirəm... Nə edim? Mən xanım adamın birisi idim. Başıma işlər gəldi, işləməyə məcbur oldum. Allah kəssin siz kişilərin vəfasını...
Heç mən bunu gözləmirdim. Bir tərəfdən onun "başına gələn iş", o biri tərəfdən də mən yaşda bir uşağı "kişi" adlandırması məni təəccübləndirdi, ona bir çəpinə baxdım.
– Mənim kimi kişilərdəki vəfanı haçan ölçdünüz?
– Bəli, bəli, siz kişilərin vəfasızlığı... Kimə deyəsən ki, bir arvadı, altı ayın gəlinini...
Bunlardan sonra müəllimə mənim qarşımda ucuz bir kitab kimi açıldı. Mən onu köhnə əlifba kimi ötəri oxudum. Səadət xanım Gəncə bəyzadələrindən birinin arvadı imiş.
Əri cüzi qısqanclıq üstündə onu evdən qovmuş, sonra peşman olub, nə qədər çağırmışsa, bu getməmiş, "Eşşək nə bilir zəfəran nədir?" – deyə rədd etmiş. İndi rayon uşaq bağçasında mürəbbiyədir. Neçə-neçə mötəbər yerlərdən onu istəyən var, getmir. Çünki heç birisi xasiyyətinə uymur. Vağzalda bütün mötəbər adamların yanında xüsusi hörməti var. Hətta naçalnik onun şərəfinə bir ziyafət də vermişdir. "Hansı ki" orada İdris də tost deyibmiş...
Bunları eşidəndə mən vicdanən sıxıldım. Belə bir qadına evlənmiş adamın yorulub, yarı yolda qalmağına acıdım. Bunu gizləyə bilmədim:
– Məncə, Səadət xanım, siz nahaq inad edirsiniz. Ürək verdiyiniz adam ilə başacan olmalı idiniz... Hər kiçik ixtilaf ailəni pozarsa, onda nə olar?
Bu söhbətlərlə biz vağzal yanında yeni tikilmiş evlərə çatmışdıq. Səadət xanım burada güllər, sarmaşıqlarla örtülüb, üfuqləri açıq bir həyətdə yaşayırdı. Qapıda dayandım, axşama az qalırdı. Günəş batırdı, batmasından da acıqlanmış kimi qızarmışdı. Buna baxan kim idi; dağlardan, meşələrdən uzanıb gələn böyük, qara kölgələr üst-üstə mindikcə qatılaşır, qaralır, günəşin bozarmış ətəklərini qamçılayırdı. Günəş çəkilib, yuvasına getdi.
Mən əl verib Səadət xanımla vidalaşmaq istərkən, o bir az duruxdu, əlimi buraxmadı. Pambıq kimi yumşaq, ağ əllərinin hərarəti ürəyimə qədər işlədi.
Qatar gəldi. Mən öz kupemə getdim. Səadət xanımdan ayrıldım. O, bufetin qabağında dayanıb, qırmızı haşiyəli əl yaylığını oynadırdı...
İki gün sonra Səadət xanımdan məktub aldım. Zərif kağız, göy astarlı zərf, bənövşəyi mürəkkəb. Bunların hamısı, nədənsə, nəcib, təmiz, saf bir qəlbin nişanəsi kimi mənə çox xoş gəldi. Stansiyadakı görüşü xatırladım. Məktubunda, nigaran qaldığını yazırdı "Tənəzzül buyuraramsa", ona "təskini-qəlb" üçün balaca bir cavab yazmağı xahiş edirdi.
Onun xahişinə əməl etdim. Bir açıq məktub göndərdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-istifade
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təmərrə nə bayəd ki, çəndən könəd,*Ki sahibkərəmrə peşiman könəd!*
Kənd “uşaqları”Kəndin geniş, sərbəst mühiti, azad, əngin-zəngin təbiəti, şimşək çaxması, çayların şaqqıltı ilə axması, quşların cəh-cəhi bir aləm, şəhərin izdihamlı həyatı, asfaltlı küçələri, bir-birini çağıran maşın səsi başqa bir aləm!Kənddən ilk dəfə gətirilən "uşaqlar" bir müddət burada qəriblik, biganəlik duyub heyrətlə ətrafa baxınır, ora-bura boylanır, uca daş hasarları aşmağa qol-qanad atırlar...
Bir qəlbin yanğısı– Ay doktor, üstünüzə sağlıq, ürəyim qəfəs quşu kimi hey çırpınıb durur, sakit olmur. Mənim bu dərdimə bir əlac!– Nə olub məgər?
İntizarSevda nadir, bilməzdim.*O da gəldi başıma.*
Стихи других поэтов
Sazaq əsdi dağdan, hava bulandı,Xəzan oldu bağlar, yarpaq saraldı.
کو خدا کیست خدا چیست خدابی جهت بحث مکن، نیست خدا
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda