Страница 2 из 3 · 33%

– Nə buyuracağam, dadaş! Bir gecəlik qonağıq, ev sahibi nə versə ona da şükür. İndi ki soruşursunuz, nə eybi, deyə bilərəm. Bir-iki fərə çığırtması pis olmaz. Bəlkə, iç qovurmasından da bir tikə ağzıma qoydum. Bir də o ətin yumşaq yerindən quyruq qarışıq bir kabab hazırlasınlar, işdir, birdən ürəyimiz istəsə yeyərik, çünki payız gecəsinin işini bilmək olmaz.

Mübaşir Məmməd onun sözünü kəsdi:

– Doğrudan da, dünyada bu payız gecəsindən pis şey yoxdur. O qədər uzundur ki, qurtarmaq bilmir ki, bilmir. Yeyirsən, içirsən, durub gəzirsən, kart oynayırsan, dərviş nağılına qulaq asırsan. Ləndəni¹ tutursan, yenə gecə gəlib keçmir. Bura bax, ay Musa kişi, bir-iki şüşə abco² tapsan necə olar? Hə? Sən öl, gecəni xoş keçirmək üçün abco-

¹ London

² Pivə dan yaxşı şey yoxdur. Bəlkə, sən tiryək çəkirsən? O da var. Bax bu tiryək məndən! Sən də yeri, abco tap!.. Musa kişi bərk xataya keçdiyini gördü.

– Ağalar, – dedi, – insaf eləyin, burada abco nə gəzir. Kənd yerində abco içən kimdir? Tiryəkiniz də özünüzün olsun. Çəkin nə qədər çəkirsiniz. Ancaq insafı yerə qoymayın!..

Mübaşir Məmməd israr etdi:

– Abcosuz o əti yemək haramdır! Adamın canına sinməz! Gərək iştahaçan, qızışdıran bir şey olsun ki, yeyə biləsən!.. Səni and verirəm o getdiyin Xorasana. Musa kişi, bizi naümid eləmə, bir-iki şüşə o zəhrimardan tap!

Əli əmniyyəbaşı Musa kişinin ümidsiz nəzərlərini görüb sözə qarışdı:

– Musa kişi, sən zəhmət çək o xurcunun gözünü aç, orada bir-iki şüşə var. Onları bura gətir!

Mübaşir Məmməd narazı bir səslə:

– Nədir, abcodur? – deyə soruşdu.

– Yox, dadaş, abco da içkidir ki, xurcuna qoyub kəndbəkənd gəzdirəsən. Konyakdır, xalis firəngi konyak!..

Mübaşir Məmmədin üzü yenidən güldü:

– Yox canım üçün, mən abcosuz dilimə şey vura bilmərəm!

Əli əmniyyəbaşı Musa kişiyə:

– Sən hələ bir xurcundakıları gətir! – deyə əmr etdi.

Musa kişi qaranlıq həyətə çıxdıqda Əli əmniyyəbaşı təəccüblə mübaşir Məmməddən soruşdu:

– Nə tutmusan abconun yaxasından. Konyak da var, Şiraz şərabı da!..

Mübaşir Məmməd güldü:

– Cavansan, cavansan, ağayi-mən! Dünya görməmisən!

– Abconu ingilis konyakından, Şiraz şərabından üstün tutmaq cavanlıq isə, mən cavanam.

Mübaşir Məmməd bu dəfə lap ucadan güldü.

– Gördün, dadaş, cavansan! Əzizim, dərd abco dərdi deyil. Mətləb bu qara qurumsağı evdən yayındırmaqdır. Dərd Gülnazın dərdidir!.. Mən də bilirəm ki, Şiraz şərabı abcodan ləzzətlidir. Mən də bilirəm ki, kənd hara, abco hara. Ancaq mənim fikrim bu kişini başdan eləməkdir. İndi mültəfit oldun, yox?

Musa kişi xurcunu gətirib içəri qoydu. Artıq onun hərəkətlərində bir qətiyyət və təmkin vardı. Səriyyəni çağırdı:

– Arvad, su gətir, ağalar əllərini yusunlar, sonra süfrəni aç.

Səriyyə tas və aftafanı gətirib, mübaşir Məmmədin və Əli əmniyyəbaşının əllərinə su tökdü. Sonra süfrəni açdı. Çörək və qabları düzüb çıxdı. Musa kişi iç qovurmasını ortalığa qoydu.

– Hələlik bir qəlyanaltı eləyin!

Əli əmniyyəbaşı konyakı açıb, piyalələrə doldurdu. Birini mübaşir Məmmədə uzatdı:

– Buyur, Musa kişinin sağlığına!

Musa kişi “lənətullah” deyib, başını yana çevirdi. Onlar birnəfəsə piyalələri başlarına çəkib, iç qovurmasını bürmələyib yedilər. Mübaşir Məmməd qapının ağzında ayaq üstə durmuş Musa kişiyə döndü. şişkin ordlarını tərpədə-tərpədə:

– Ay Musa kişi, bəlkə, bir şüşə abco tapıldı? – deyə soruşdu.

Musa kişi qəti cavab verdi:

– Bu kənddə abco olmaz!

– Burdan şəhərə çox olsa yarım ağac ancaq ola. Musa kişi, gəlsənə bizə bir yaxşılıq eləyəsən. Min mənim boz atımın belinə, sür birbaş şəhərə! Onca şüşə abco al, qayıt. Buyur, bu da pulu. On tüməndir. Abco eləyir dörd tümən, qalanı da sənin. Durma, tərpən!..

Musa kişi ani bir fikirdən sonra:

– Baş üstə gedərəm. Ancaq pulunuzu cibinizə qoyun, mənim evimə qonaq gəlmisiniz, hər xərci də məndəndir. Pulunuzu cibinizə qoyun, – dedi və qəti hərəkətlə dönüb otaqdan çıxdı. Mübaşir Məmməd arxayınlaşmaq üçün qapıda durub, onun dalınca baxdı. Musa kişi birbaş tövləyə getdi. Boz atı yəhərlədi və həyətə çəkdi. Belinə sıçrayarkən Gülnaz ona yaxınlaşdı, titrək səslə soruşdu:

– Ata, bu gecəgözü hara?

Musa kişi sərt bir səslə:

– İşin olmasın, qızım! Siz qonaqlara qulluq eləyin, – dedi və Səriyyəni kənara çəkib nə isə qulağına pıçıldadı. Sonra boz atı məhmizlədi. Azca keçməmiş atın ayaq səsləri qaranlıq və sakit payız gecəsinin qoynunda itib getdi.

Onlar arxayınlıqla içib yeyirdilər. Əli əmniyyəbaşı içdikcə ilhama gəlib danışan adamlardan idi. Ona görə də mübaşir Məmmədə fürsət vermədən başına gələn kənd macəralarından nağıl edir, bir xatirəni qurtarmamış, o birisini başlayırdı:

– Səndən naxış, bu Nəmin tərəfdə çox gözəl gəlinlər olur. Bir dəfə minagərdən, sağrısı ət bağlamış birisi gözümə dəydi. Ərə getdiyidə bircə ay ola-olmaya. Gördüm keçməli can deyil. Göz-göz eləyib, bir gecə özümü saldım həyətlərinə. Əri çölə, taxıl suvarmağa getmişdi. Evdə qoca qarı və körpə uşaqlardan başqa heç kəs yox idi. Gözlədim, hamı yatdı. Gördüm gəlin yerini uşaqlarnan qaynanasının arasından salıb, gördüm, onu da yuxu apardı. Gecənin bir aləmində yavaşca yerimdən tərpəndim, girdim gəlinin qoynuna, ayılanda istədi hay sala, dedim, özünü də ölmüş bil, ərini də. Yalvardı, ilan kimi dil çıxartdı ki, mənə əl vurma. Qulaq asan kimdir. Məgər ilan ağzından qurbağa qurtarar? Dan söküləndə atın belinə minib, kənddən çıxdım.

Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. Qız başını aşağı saldı. Mübaşir qalxıb, qolundan tutdu:

– Otur, xanım qız, otur, bizimlə xörək ye! Nə olar, bircə tikə yesən? – dedi və qızı özünə tərəf çəkdi. Qız sivişib, onun qolları arasından çıxdı, otağın ortasında durub, gözünün içinə baxdı:

– Heç elə fikirlərə düşməyin! ağa! Mən siz deyənlərdən deyiləm!

– Səndən də uca uçanları vurub, yerə salmışıq!

– Şərafətiniz varsa, ağa, bu qapıdan içəri qonaq kimi girmisiniz, qonaq kimi də çıxıb gedin. Duz-çörək sizi tutar!..

Gülnaz mübaşir Məmmədin cavabına qulaq asmadan otaqdan çıxdı. Əli əmniyyəbaşı qızın gözəlliyini sanki indi hiss etdi:

– Amma mən heç beləsinə rast gəlməmişəm. Dünyaya dəyər.

Mübaşir Məmməd bir rəqib kimi ona baxdı, gözlərində bir qısqanclıq gördü və onun tamahını kəsmək istədi:

– Doğrusu, mən bu qızı almaq istəyirəm. Fikrim ciddidir. Kəndli qızı olanda nə olar? Yaman ürəyimə yatıb.

Əli əmniyyəbaşı onun çənəsindən tutub silkələdi:

– Bu kələkləri kimə gəlirsən, dadaş?.. Lazım deyil, qorxma, arxayın ol, mənim işim yoxdur. Mən tamah dişimi çəkdim.

Onlar bir piyalə də içdilər. Əli əmniyyəbaşı:

– Doğrudan da, keçməli xanım deyil! – deyə mızıldandı. Mübaşir Məmməd onunla dalaşacağından qorxaraq, hiylə işlətmək istədi:

– Əli, heç yaxşı deyil ki, bir adamın çörəyini yeyəsən, arvad-uşağına da xəyanət gözü ilə baxasan... Gəl lənət şeytana deyək, tökək bu daşı ətəyimizdən. Özü də cavan qızdır, yazıqdır. Heç bu namərdliyi eləmək kişilikdən deyil. Gəl ömrümüzdə bir dəfə biz də kişi kimi hərəkət edək!

Mübaşir Məmməd Əli əmniyyəbaşını içirib yuxuya vermək, Gülnazı fikrindən daşındıraraq yatırmaq və sonra istədiyinə nail olmaq xəyalında idi. Əli əmniyyəbaşı bunu duyaraq:

– Əzizim, mübaşir Məmməd, – dedi, – bu biclikləri mənə gəlmə. Belə işə birinci dəfə düşürəm ki, məni tovlayasan? Mən özüm çoxlarını bu cür aldatmışam. Amma indi sənə kişi sözü verirəm. Üç saat qız sənin ixtiyarında, nə bacarırsan elə. Maneçilik yoxdur. Üç saatdan sonra istəyir Allah da gəlsə, mənim qabağımda dura bilməz. Vəssəlam!.. Mənim şərtim budur, de görüm razısan, ya yox?

Mübaşir Məmməd əlini onun üzünə vurdu:

– Gədə, sən məndən də həyasızsan, razıyam!..

Çığırtmanı da yeyib, konyak və şərab şüşələrini boşaltdıqdan sonra mübaşir Məmməd Əli əmniyyəbaşıya:

– İndi zəhmət çək, sən yat! – dedi, – vaxtında mən özüm səni oyadaram.

Əli əmniyyəbaşı:

– Zəhmət çəkmə, özüm də oyanaram, – dedi və soyunmadan yatağa uzandı. Çox keçməmiş Gülnaz süfrəni yığışdırarkən, onun xorultusu evi bürüdü. Kənddə məzar sükutu vardı. Yalnız kəsik-kəsik hürən kənd itlərinin səsi eşidilirdi. Mübaşir Məmməd qayıdıb, içəri girdi. Qabları tələsik yığıb, getmək istəyən Gülnazı qucaqladı. Qız yenə çırpınıb onun əlindən çıxdı. O, qapını kəsdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi yeddinci fəsil

Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.

31 мин
İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 мин
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 мин
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин

Стихи других поэтов