“Poylu körpüsü” poemasından fəsil¹

... Nizami, millət də bəzən tək qalır,onu da tək görüb hərifləyirlər.Unu ələyirlər, bir kəpək qalır,unu yox, kəpəyi tərifləyirlər.

Vətənə arxadı igid oğullar,bir ata zəhmi var oğul səsində.Mənim ilhamımı dandı çuğullar,ögeylər, doğmalar zəmanəsində.

Yerdə təklədilər, mən göyə çıxdım, –məni yıxanları yıxa bilmədim.Amma mən göründüm, kürsüyə çıxdım,heç sətir altından çıxa bilmədim...

* * *

Mamoğlu yatmırdı baş ağrısından,dilinin altında sözü “eh!” idi.Millət sürülmüşdü yurd-yuvasından,cavab istəyənlər cavabdeh idi.

Bir az da söyürdü o, haqtərəfi,– haqqı tapdayırlar, axı, nə haqla?!

¹ Bu əsərin maraqlı yaranma tarixi oldu. Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri var. Bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin olmayıb. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub. Mən, 1949-cu ildə Ağstafanın Hasansu (keçmiş Kirovka kəndi) orta məktəbində oxuyurdum. Bibim oğlu (biz tərəflərdə mamaoğlu deyirik) Yolçiyev Məmmədəli Ermənistandan köçürülən ailələrdən birinə öz ailəsində yer verdi, ona ev ayırdı. Ümumiyyətlə, əsər həmin illərdən bəhs edir (Müəllif).

Bizim Ağstafa, Qazax tərəfi,Gəncə tərəfi də dolmuşdu xalqla.

Gördüm ki, millətin yoxdu arxası,səsinə qəm çöküb, gözünə hiddət.Yanında uşağı, bar-barxanasımillət qapısında qalmışdı millət!

Hamı doğma idi, hamı yad idi,dözmür dağ adamı Aran yerinə.Raykomda “İnsanlıq” təbliğatıydı,insan qoyulmurdu insan yerinə.

Mamoğlu çox şeyi düz anlayırdı,deyirdi nəydi bəs millətin suçu?!Siyasi Büronu yamanlayırdı,bizə dil verirdi guya “dilucu”.

Ermənixasiyyət biri çaşırdı,qarşıya çıxmışdıq çörəklə, suyla.Erməni dilində xosunlaşırdı,İrəvandan gələn bir qonşusuyla.

Neyləyim, dilimdə dondu sualım,mənası başqaydı bu köçhaköçün.Pis adam – o saat tanınır, oğlum,yaxşıya – il gərək tanımaq üçün.

Sapand daşı kimi bir söz tulladıarada şumladı, əkdi Mamoğlu.Bir araq dalınca uşaq yolladı,nəyi var, süfrəyə tökdü Mamoğlu.

Ailə içində “gəlmə” ailə,kişiylə nərd vurdu qaş qaralınca.Bir otaq ayırdı dil-ağız ilə,o evdə qaldılar bir ev alınca.

Qaynadı-qarışdı evlər-eşiklər,əkdilər-biçdilər, qaldılar orda.Təzə yurd saldılar köhnə kişilər,təzə qəbristan da saldılar orda.

Nizami, əminlə bu söhbət oldu,Zəlimxan kəndində çay süzdü anan.Ev-evə qovuşdu,el qürbət oldu, –köhnə el-obanı xatırlayana.

– Gərək uşaqları aparım özüm,gəzib dolaşsınlar dərədə, düzdə.Dolu tüfəng idi əmində dözüm,əli tətikdəydi, gözü yol üstə.

Apara bilmədi “aparım” deyən,Dərəniz düz oldu, düzünüz dərə.Kirvəlik görmədi “kirvə” söyləyən,kişilik ar gəldi bu kişilərə.

Millətin üstünə bərk düşmüşdülər,evə buraxmışdıq biz Əhriməni.Təbrizdən, Vedidən tökülmüşdülər,ordan fars qovmuşdu, burdan erməni.

Bu biri “Demokrat”, o biri “Köçkün”,bizim bir millətin iki adıydı.Vedili Vediyə dönəcək bir gün,təbrizli Təbrizə qayıtmalıydı.

Gözümdə o Sahil, bu Sahil ağlar! –məni soraqlayın Araz, Kür boyu.Dostundan ayrılan – yeddi il ağlar,vətəndən ayrılan – bir ömür boyu.

Demə, Moskvaymış işləri quran,dinib-danışanın yanırdı içi.

Erməni şovinist, fars aravuran,biz də Kirovkada beynəlmiləlçi!

Haram süfrələrdə yeyib doyanlar,aşağı-yuxarı boylanırdılar.Kirovun büstünü kəndə qoyanlar,Nərimanov deyəndə xoflanırdılar.

O il açılmışdı bir yalanımız,amma vəziyyətdən çıxmalıydılar.Tamam dolmamışdı yun planımız,yunu camaatdan yığmalıydılar.

O illər beş ilə keçilməliydi,“hey başa salırdı” başbilənimiz.Siyasi Büroya seçilməliydi,xalqı soymaq ilə seçilənimiz.

Biz də fəxr eləyib əl çalmalıydıq,tərbiyə bu idi, əxlaq beləydi.Mal-qoyun yerinə qoyulmalıydıq,bizimki olsa da, bu xalq beləydi.

Adam göndərmişdi yun idarəsi,döşəyin içini boşaltdı anam.Bir kasıb qadının buydu töhfəsi,bu da partiyaya hörmət, ehtiram.

Qatdadı döşəyin boş üzlüyünü,əlinə keçəni yığırmış anam.Apardı gəlninin cehizliyini,yun yox, tük qırxırdı Düdəmə Bayram.

O axşam sıxıldı, üzü gülmədi,dəmir məngənəymiş əli həyatın.Mənim də üzümə baxa bilmədi,guya günahkardı biçarə qadın.

Dan üzü Poyludan piyada çıxdım,yollar uzandıqca, min dərd verirdi.O gündən məktəbdə “əla” oxudum,Anam oxuyana qiymət verirdi.

Yaşadım bu hissi şeir yazalı,bilmədim, taleyin niyyəti nəydi.Mənim doğulduğum Poylu vağzalı,Kürün qırağında bir qəsəbəydi.

Çox ölkə dolaşdım, çox eli gəzdim,Poylunun heç yerdə əvəzi yoxmuş.“Poylu” deyiləndə ürəyim əsdi,belə pak deyilən “P” səsi yoxmuş.

Gah sola əyilir, gah sağa yollar,canlı xəritədi göz qabağında.Pompeylə vuruşdu qədim poylular,min il bundan qabaq Kür qırağında.

Gözüm yox heç kəsin ev-eşiyində,gördüyüm o yerlər olubdu mənim.Vağzal bələyində, Kür beşiyindətəkərlər laylamı çalıbdı mənim.

* * *

Nizami, taleyin xoşbəxt sirrisən,sirlər dünyasında yaşa sən, oğlum.Yaşda – cavanlardan sən də birisən,başda – Gəncəviylə yaşıdsan, oğlum.

Tarixi şifahi deyirdi əmin,keçirdi millətin keçdiyi yolu.Bax, adın qoyulan nizamilərin“Xəmsə”si bu dərddən yarandı, oğlum.

Əsrin ortasında sənin millətin,Qazax çöllərinə sürülməliydi,sayı pambıq kimi seyrəlməliydi,ya kal meyvə kimi tökülməliydi,sapları çürüyüb sökülməliydi...Buydu Moskvanın Qafqaz töhfəsi,buydu İrəvanın iblis hiyləsi,içi, içalatı, ödü, ciyəri,Var ol Azərbaycan, Odlar ölkəsi.

Demirəm, tələsik get, qılınc götür,paqonun ya məxmər, ya zərli olsun.Əmin dediyinə sən iman gətir,qələmin qılıncdan kəsərli olsun.

Atabəy dövləti bir ailədə,Zəlimxan kəndində tutubdu qərar.Qardaşın – Arslandan, bacın – Afaqdan,sən də – Nizamidən bizə yadigar.

* * *

Mamoğlu sevməzdi qəmi, kədəri,dedi zarafatım qoy yadda qalsın:– Qulu qardaşımı sürübdülər ki, –bizim Zəlimxandan gəlib qız alsın.

– Niyə, qız Vedidə tapılmadımı?– Burdan aparaydın gərək adamı,özün istəsəydin yox deyərdilər,işi ermənilər tez əyərdilər!

Gözəllə dolsa da bütün bir ölkə,gözəllik taledi, yazıdı bəlkə.Savad da – qızların ən gözəliydi,O, Kür qırağının kənd gözəliydi.

Bu da qəm içində zarafat idi,hər nəslin taleyi bir həyat idi.Gərək o həyatı sürəsən, oğlum,gərək öz gözünlə görəsən, oğlum.Nəzəri məntiqlə yaşamaq olmur,bir taya yığırsan, bir qucaq olur.

Mamoğlu arada üzr istədi,köhnə biliyini gətirdi yada:– Rafael deyib ki, çəkmək istədim,bir gözəl tapmadım İtaliyada!

Bilmədim heç hardan gəldi ağlına,haqqın səsinəmi o qulaq asdı?!Mən sual versəydim Mamam oğluna,bəlkə Rafaeli o tanımazdı.

Yəqin bir söz qalıb onun yadında,təzə söz oldumu, deyir Mamoğlu.Gözəllik axtarır qızda, qadında, –qələm götürəndən şair Mamoğlu.

Fikir aparmışdı Qulu kişini,– hardan misal çəkdi belə, tanrısız?!Mamoğlu bilirmiş yəqin işini:– Bizim Zəlimxanda tapıldı o qız!

Milləti bir əsr necə qırdılar,evi uçuq qaldı, qapısı bağlı.Doğub törədilər, şükür, artdılar, –ata Vediliydi, övlad Qazaxlı.

Onda Savad qızım cavan qız idi,kənddə o elçisiz, filansız idi.Nizami hardaydı, Allah bilirdi,Nizami ordaydı, o ocaqdaydı –Allah bilirdi,

Nizami müqəddəs bir qucaqdaydı –Allah bilirdi.

Alim cərgəsinə qatılmamışdı,qələm döyüşünə atılmamışdı.Hələ olmamışdı uç deyən ona, –Zəlimxan kəndindən Vaşinqtona.Qədim türk dilinə yiyəlik etmək,hələ yazmamışdı alnına fələk.Ya Milli Məclisin gedib adından,danış deməmişdi ulu Yaradan.Ona istedadı hədiyyə verən,bircə şey demişdi: daima öyrən.

* * *

Nizami, çoxalır “Nizami” deyən,Möhlət istəyirəm mən də ömürdən.Allahdan bir az da pay istəyirəm,özüm əkdiyimi biçim, – deyirəm.Gərək Nizami tək meydan açasan,mənim də başımı sən ucaldasan...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине