Üçüncü pərdə
Страница 2 из 4 · 25%
Səttar xan — Bunu sözdə deyil, işdə görməliyik.
General — Çar konsulxanası imperator hökuməti namindən sizin salamatlığınızı tə’min edir.
Səttar xan — (generala) Buyurun, cənab general.
General — Silahları yığıb konsulxana nümayəndələrinə təhvil verməlisiniz.
Cavad ağa — (tələsik gəlir) Cənab Sərdar, xəbər verirlər ki, düşmən Xiyaban tərəflərində şiddətli top atəşinə başlamışdır.
Səttar xan — (generala) Təbrik edirəm, general! Top səsləri vəd etdiyiniz sülhün xəbərini verir. Cənab general, zəhmət çəkibsiniz. Bizim aldanmağa vaxtımız yoxdur. Həyat mübarizə tələb edir.
General — Qəti cavab?
Səttar xan — Azərbaycan xalqı silahı ancaq qələbədən sonra yerə qoyacaq.
General — Mən imperator hökumətinin tələblərini dedim.
Səttar xan — Mən də xalqımın arzularını söylədim. (General gedir. Səttar xan Cavad ağaya) Çar konsulxanasının sülhünə inanmaq üçün ya xain, ya da dəli olmaq lazımdır. Cavad ağa, sən burada ol, telefonla səsləyən olsa, deyərsən ki, Sərdar tezliklə qayıdacaq (gedir).
Hacı Salman — (dışarıdan danışa-danışa gəlir) Canım, belə olmaz axı. Biz inqilabçıyux ya yox?
Cavad ağa — Nə olub hacı, nə var ki?
Hacı Salman — Nə olacaq. Biz böyük bir şəhəri ac qoya bilmərux ki?
Hacı Mehdi — (gəlir) Hanı cənab Sərdar?
Cavad ağa — Sərdarı neyləyirsiniz?
Hacı Mehdi — Şəhərdə əlli çörəkçidən ikisi açıqdır. Biz camaatın qeydinə qalmalıyux ya yox?
Cavad ağa — Əlbət ki, qalmalısınız. Sizə bu barədə kim mane ola bilər?
Hacı Salman — Boynumuzda məs’uliyyət var axı.
Hacı Mehdi — Kəklik kimi başımızı soxmuşuq qara, eşikdən xəbərimiz yox. Belə inqilab olmaz axı?
Hacı Salman — Biz xalqı acından qıra bilmərux ki!
Cavad ağa — Allaha şükür, taxılın və yemək şeylərinin hamısı tacirlərin əlindədir. Siz özünüz də əyalət şurasında tacirlərin nümayəndəsisiniz. Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun.
Hacı Salman — Bu sözü bizim yanımızda dedin, bir də ayrı yerdə demə, görünür ki, siyasətdən bixəbərsən. Bu sözdən əksinqilab iyi gəlir.
Hacı Mehdi — Bu cür sözlər tacirlərin hüququna təcavüz etməkdir. Buna inqilab yol verməz.
Hacı Salman — Bəs hanı cənab Sərdar?
Cavad ağa — Cənab Sərdar tezliklə qayıdacaq. (Hacılar gedir, Cavad ağa onların dalınca): Haramzada köpək uşağı. Mən sizi Araz qırağından tanıyıram.
Dilrüba — (tələsik daxil olur). Bunlar nə üçün gəlmişdilər?
Cavad ağa — Şəhərin aclığından şikayət edirlər, deyirlər ki, çörəkçi dükanları bağlıdır.
Dilrüba — (Hacı Mehdi və Hacı Salmanın dalınca) Bu gün səhərdən taxılları əksinqilab məhəlləsinə daşıtdırırlar. Tülkü haramzadalar! Görəsən Sərdar tez qayıdacaq ya yox!
Tağı bəy — (gəlir) Cənab Sərdar hanı?
Cavad ağa — Cənab Sərdarla nə işin var?
Tağı bəy — Necə yəni nə işin var? Biz bu inqilabda iştirak edirik ya yox? Dünyanı aclıq içində həlak edə bilmərik. İndi ki, iş apara bilmirik, tapşıraq başqaları aparsın (gedərkən). Əşi, sən öləsən, yaxamız bir dəstə oğul-uşağın əlində qalmayıb? (Gedir).
Cavad ağa — (dəhlizə tərəf) Sizə yüz dəfə tapşırılıb ki, icazəsiz adam buraxmayın.
Səttar xan — (gəlir) Xoş gördük. Dilrüba, qızım, nə var, nə yox?
Dilrüba — Hacı Mehdi və Hacı Salman taxılları əksinqilab məhəlləsinə daşıtdırırlar.
Səttar xan — Hüseyn bağbanı telefona çağır.
Cavad ağa — Özləri də gəlmişdi, şəhərin aclığından şikayət edirdilər.
Dilrüba — (telefona) Kimdir danışan? Hüseyn əmi, sənsənmi? Sərdar səninlə danışacaq.
Səttar xan — (gəlib trubkanı alır) Hüseyn, salam. Hə, mənəm, Səttar xandır. Hüseyn, görünür ki, təşkilatınız yatıb. Sübut?.. Hacı Mehdi ilə Hacı Salman taxılları əksinqilab məhəlləsinə daşıtdırır. (Dilrüba gedir. Səttar xan bir qədər telefonda durub dinləyəndən sonra): Bu saat onların anbarlarına möhür vurub, qapısında mücahid qoyarsan! (Trubkanı yerinə qoyur).
Dilrüba — Cənab Sərdar, o gəlib sizi görmək istəyir.
Səttar xan — Kimdir? O da ad olarmı?
Dilrüba — Bilmirəm, sizin yoldaşınızdır.
Səttar xan — (gülür) Yoxsa Qüdrət gəlib?
Dilrüba — (utana-utana) Bəli!
Səttar xan — Xəbər ver gəlsin. (Dilrüba getmək istəyir) Dayan! Al, bu günkü xidmətin üçün sənə bu nağanı bağışlayıram.
Dilrüba — Təşəkkür edirəm, cənab Sərdar!
Səttar xan — İndi get, həmən adsız oğlana xəbər ver ki, gəlsin. (gülür, məclisə) Bir neçə il bundan qabaq kimin əqlinə gələrdi ki, Azərbaycan qızı əlində silah azadlıq mübarizəsinə çıxacaq. (Qüdrət gülə-gülə gəlir. Səttar xan ona): Salam! Bilirəm niyə gülürsən. Zeynəb və Dilrubalar böyük gələcəyin nümunələridir. De görüm, şəhəri lazımınca öyrənə bildinmi? İnqilab təşkilatları nə haldadır?
Qüdrət — Yemək işləri yaxşı deyil, hakim yenə mühtəkirlərdir. İnqilab təşkilatlarında laqeydlik vardır.
Səttar xan — Doğrudur, yoldaş, tamam doğrudur.
Dilrüba — Cənab Sərdar, bir qadın gəlib sizi görmək istəyir.
Səttar xan — Kimdir? Nə istəyir?
Dilrüba — Bilmirəm, adını söyləmədi. Şəxsən sizinlə görüşmək istəyir.
Səttar xan — Çağır gəlsin (Dilrüba gedir. Səttar xan Qüdrətə) Cəbhələri gəzdinizmi?
Qüdrət — Bəli, gəzdik. Döyüşçülərin ruhu olduqca yüksəkdir. Hücum üçün ürəkləri çırpınır.
Nina — (daxil olur. Qüdrətlə görüşür). Salam Qüdrət, gününüz xeyir, Sərdar!
Səttar xan — Xoş gəlibsiniz, Nina bacı, buyurun əyləşin!
Nina — Sağ olun, Sərdar, getməliyəm. Gəldim xəbər verim ki, hökumət qoşunu bu gecə şəhərə basqın edib sizi və Saları əsir almaq niyyətindədirlər.
Səttar xan — Belə...
Nina — Ordu generalı bu gün sərkərdə Böyük xanla görüşəcəkdir.
Səttar xan — Təşəkkür edirəm, Nina bacı, zəhmət çəkdiniz.
Nina — Xoşdur. Məni bağışlayın, getməliyəm; salamat qalın.
Səttar xan — Çox sağ olun. Xoş gəldiniz.
Nina Səttar xanla görüşüb Qüdrət ilə bərabər gedir. Qüdrət onu ötürüb gəlir.
Səttar xan — (Cavad ağaya) Biz onları qabaqlamalıyıq. Tez qoşun sərkərdələrinə xəbər ver, hazırlıq görsünlər.
Cavad ağa gedir. Səttar xan fikirli otağı gəzir, Hacı Mehdi gəlir.
Hacı Mehdi — Cənab Sərdar, gəlmək olar, ya yox?
Səttar xan — (etinasız) Buyurun, hacı.
Hacı Mehdi — Hacı Mehdinin sümüyü də, iliyi də, qanı da, əti də inqilabdır. Qaynayıb inqilaba qarışmışam.
Səttar xan — (istehza ilə). Bunların hamısını mən bilirəm, bir daha təkrar etmək nə lazım?
Hacı Mehdi — (əbasını atır, qılınc və kəfənini göstərir) Budur, bax! Əsil inqilabçı mənəm. Geyinib gəlmişəm, hansı səngərin zəifdir, buyur gedim ora.
Səttar xan — (Qüdrətə) Cənab hacı əyalət əncümənində tacirlər nümayəndəsidir. İnqilab yolunda malından keçən adamlardandır.
Hacı Mehdi — Malımdan yox, canımdan keçən adamam, cənab Sərdar nə vaxt buyursa, canımı qurban verə bilərəm. Amma mən necə ki, bir inqilabçı, bir şeydən razı deyiləm.
Səttar xan — Nədən razı deyilsiniz, hacı?
Hacı Mehdi — Əlli çörəkçi dükanından ikisi açıqdır. Biz inqilabçıyux, xalqımızı acından qıra bilmərux.
Səttar xan — Çörək qıtlığının səbəbi nədir, hacı?
Hacı Mehdi — Səbəbi odur ki, inqilab belə işlərlə məşğul olmur.
Səttar xan — Bundan sonra məşğul olacaq. Çörəkçilərə ucuz qiymətə buğda verəcəyəm.
Hacı Mehdi — (təəccüblə) Ucuz qiymətə?
Səttar xan — Bəli, ucuz qiymətə!
Hacı Mehdi — Hardan?
Səttar xan — İnqilab anbarlarından!
Hacı Mehdi — (kənarə) Bunu başa düşə bilmədim. Necə yə’ni inqilab anbarlarından?
Səttar xan — (Hacı Mehdiyə) Əyləşin. Deyin qəzet müdirləri gəlsin. (Hacı Mehdiyə) Cənab hacı siz «Əncümən» qəzetini oxuyursunuz ya yox?
Hacı Mehdi — Oxuyuram, cənab Sərdar.
Qəzet müdirləri gəlir.
Səttar xan — Xoş gəlib səfa gətiribsiniz, əyləşin. Mən qəzet işlərini yaxşı bilmirəm. Lakin qəzetlərin bu günkü vəzifəsini bilirəm... «Əncümən» qəzetinin müdiri kimdir?
Hacı Mehdi — Ağayi Həmidi.
Səttar xan — Oturun! (Stolun üstündən «Əncümən» qəzetini götürüb Qüdrətə verir) — Buyurun!
Qüdrət — (qəzeti oxuyur) «İnqilab məntəqəsində çörək işlərinə diqqət verilmir. Əlli dükandan ancaq ikisi açıqdır. Əhalinin qeydinə qalan yoxdur. İnqilab təşkilatı çörəkçiləri cəzalandırmır».
Səttar xan — Bu nə deməkdir?
Hacı Mehdi — Cənab Sərdar, bu ki, yalan deyil.
Səttar xan — Həm yalan, həm də iftiradır. Daha doğrusu, həyasızlıqdır. Siz bununla aclığın səbəbini inqilabda göstərməyə çalışırsınız. Nə üçün yazmırsınız ki, Hacı Mehdilər və Hacı Salmanlar taxılları əksinqilab qərargahına daşıtdırır?
Hacı Mehdi — Bu olmadı ki, cənab Sərdar, bəs mən bu kəfəni niyə geyinmişəm? Qohumlarıma bir çuval taxıl göndərə bilmərəm?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-dumanli-tebriz-pyes-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
İran milləti«Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir.*Ali Qacarı sevir, əlbət ki, İran milləti,
Dünyaya gəlirVyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər.*Yaz olan kimi toyuqlar da yumurtaya gəlir
Balaca felyetonAlmaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik.*Ol gün Parijin işçisi tufan qoparırdı.
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Allah, ölümün haqdıBu nə dərddi, nə bəladı,Imdada çat, qadir Allah!
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.