Menşeviklərin yeni xəyanəti
Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.
Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Bibiheybət menşevikləri qulaqlarını şəkləyib İlyanın danışıqlarına qulaq asırdılar. Bolşeviklərdən gələn çox idi. Onlar bir-birinə yaxın oturub məsləhətləşirdilər.
İlya sözünü belə başladı:
– Yoldaşlar! Hərgah biz, məsələnin həqiqətini aramış olursaq, görəcəyik ki, bolşeviklərlə menşeviklər arasında heç bir fərq yoxdur. Biz ayrı deyilik, aramızda fərq olsa da, çox azdır.
Partiyamızın proqramı birdir, ikinci bir proqramı yoxdur; hərgah varsa, bunu iddia edənlər bizə göstərsinlər. Yoldaşlar! Bunu iddia edənlər, — aramıza ayrılıq salmaq, bundan istifadə etmək istəyənlərdir. Bizim aramızdakı fərq nədir? Onu gəlin çox açıq söyləyək.
Ayrılığımız yalnız xətti-hərəkətdədir.
Biz nə deyirik? Bolşevik nə deyir? Biz deyirik ki, fəhlə sinfinin fəlakətinə çalışmaq, tarixi bir xəyanətdir. Biz fəhlələri, öz yanlış xətti-hərəkətimizlə çar dustaqxanasına və jandarm qamçıları altına göndərmək istəmirik.
Biz deyirik ki, öz xətti-hərəkətimizlə fəhlələrin sürgünlərə, ölümlü səfərlərə getməsinə səbəb olmayaq, biz əvvəlcə fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Siyasi məsələlər sonranın məsələsidir!
Yoldaşlar! Silahsız, aciz və elmsiz fəhlənin hökuməti ələ almaq uğrundakı mübarizəsi xam bir xəyal deyilmidir? Bu hərəkət düşmənin vaxtından əvvəl hazırlanmasına səbəb olmayırmı? Bolşeviklərin siyasi mübarizə şüarı burjuaziyanın möhkəmlənməsinə və bizə qarşı mübarizə cəbhəsi düzəltməsinə meydan açmırmı? Bolşeviklər mübarizə cəbhəsini zəiflədir, fəhlə sinfinin xoşbəxtliyinə çalışmaq üçün lazım olan qüvvətin iki tərəfə bölünməsinə səbəb olurlar. Bizim bu ayrılığımızdan çar jandarmeriyası sevinir. Əlbəttə sevinir, çünki hökumət belə bir fürsəti çoxdan axtarırdı.
Bibiheybət fəhlələri boynunu uzadıb qulaq asır, arabir də yerlərindən səslənirdilər:
– Əlbəttə ki, belədir!
İclasda şendrikovçuluq ruhu getdikcə artırdı. Aldanmış qulaqlar İlyanın daha uzun danışmasını arzu edirdi.
İlya sözünə davam edirdi:
– Buna görə də, biz deyirik ki, siyasi məsələ ilə iqtisadi məsələni qarışdırmayaq! Bunu qarışdırmaq, fəhlə sinfinə xəyanət eləmək və çar jandarmının qoluna qüvvət vermək deməkdir.
İlya sözünü bitirdi. Danışmaq üçün söz istəyən yox idi.
Menşeviklər özünü qalib hiss edirdilər. İclasda İlya kimi dil pəhləvanının qabağına çıxaraq, onu ifşa edə biləcək bir kəsin olduğuna inanmırdılar.
Pavluşa danışmaq üçün söz aldı. Vasya özünü düzəltdi; o, Pavluşanın nitq deməyini və hazırcavablığını çox yaxşı bilirdi. Sevinclə dedi:
– Pavluşa, ayağa qalx!
Neçə gündən bəri Vasya Pavluşanı danışdırmırdı. Bu söz ona yeni bir qüvvət verdi, o ayağa qalxdı:
– Yoldaşlar! — dedi. — Bizim içimizdə elələri vardır ki, onlar hələ indi də fəhlələrin avamlığından istifadəyə çalışırlar, boyalı sözlərlə onların gözlərini pərdələmək istəyirlər.
Yoldaşlar! Fəhlə sinfinin bədbəxtliyi orasındadır ki, onlar bir neçə cəbhədə mübarizə aparmağa məcburdurlar. Onlar bir tərəfdən çar üsuli-idarəsi, Rusiya burjuaziyası və onların müdafiəsində duran polislərlə, bir tərəfdən də çar və burjuaziya ilə barışanlarla mübarizə aparırlar. Mən bir çoxlarına demək istəyirəm ki, daha gözdən pərdə asmaq vaxtı keçmişdir; fəhlə sinfi dostunu, düşmənini tanıyır və öz xətti-hərəkətini təyin etməyi bacarır.
İndi gələk İlya yoldaşın çıxışına.
İlya yoldaş öz nitqi ilə nəinki bolşevik fəhlələri öz doğru yolundan sapdırmağı bacarmadı, hətta menşevik fəhlələri də öz dediklərinə inandıra bilmədi. O deyir ki: «Bolşevik və menşevik birdir, aralıqda bir fərq yoxdur. Fərq olsa da çox azdır». İndi mən üzümü Bibiheybət fəhlələrinə tutub deyirəm: siz bilirsiniz ki, İlya yoldaş savadsız deyildir. O, bu iki cəbhənin arasındakı fərqləri də bilməmiş olmaz. İlya yoldaş bu iki cəbhənin bir-birilə barışmaz cəbhə olduğunu burada oturanların hamısından yaxşı bilir. İşin təəssüf ediləcək yeri burasındadır ki, nə İlya, nə də onun dalınca gedənlər üçün bu həqiqəti söyləmək əlverişli deyildir. Hərgah menşeviklər bolşeviklərlə öz aralarındakı fərqləri göstərmiş olsalar, o vaxt Balaxanının və Bibiheybətin fəhlələrinin avam və idraksız hisslərini öz tələlərində görə bilməzlər. O fərqlər açıq deyildiyi zaman, bütün fəhlə sinfi öz həqiqi partiyası ətrafına toplanaraq, barışdırıcı başçıları yalnız buraxmış olacaqlar. Lakin İlyanın özü «aralıqda fərq yoxdur» dediyinə baxmayaraq, haman fərqlərin ən mühüm bir hissəsini göstərir. O nə dedi? O dedi ki: «Biz, fəhlələrin ancaq iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışmalı, siyasi mübarizə və hökuməti ələ almaq şüarından vaz keçməliyik!».
Yoldaşlar! Bu sözlər bizimlə menşeviklər arasında olan böyük fərqlərdən birisidir. Bununla menşeviklər bizi fabrik-zavod sahiblərinin mərhəmətinə sığınmağa və onlara yalvarmağa çağırır. Bununla biz, yenə də burjuaziyanın sədaqətinə göz dikmiş olacağıq. Lakin menşeviklər yubanmışlar! İyul çıxışlarından və dekabr tətillərindən sonra iqtisadi tələblər üsuluna keçmək irticaçılıq və geri qayıtmaq deməkdir. Məncə bu üsulu təsdiq edə biləcək idraksız fəhlələrin sayı da gündən-günə azalır.
Yoldaşlar! İndi İlya yoldaşın məntiqsiz çıxışlarını sizin özünüz də mühakimə etməlisiniz! Siyasi mübarizə olmadan, iqtisadi vəziyyəti yüngülləşdirmək mümkündürmü? Nə üçün dinmirsiniz? Cavab verin!
Pavluşanın sualına menşeviklərdən cavab gəlmədiyi üçün o, yenə də sözünə davam etdi:
– Siyasi mübarizədə qalib gəlmədən, iqtisadi vəziyyəti yaxşılaşdırmaq iddiasında olanlar, fəhlələri aldadır, bununla da özlərinin burjuaziya ilə barışdıqlarını pərdələmək istəyirlər. Mən heç vaxt menşeviklərə qorxaq və savadsız demirəm. Ancaq bunu cəsarətlə demək istəyirəm ki, onlar burjuaziyanın ətəyindən əl çəkmək və onları acıqlandırmaq istəmirlər.
Mən sözümü qısa dedim. Həqiqət çox qısa, çox da aydın deyilməlidir. Bizimlə menşeviklər arasında olan fərq bundan ibarətdir. Bu həqiqəti gizlətmək, çıdanı çuvalda gizlətmək kimi xam və gülünc xəyaldır.
Məclisdə gurultu qopdu.
– Demaqoq!
– Siyasi savadsız!
– Xəyalpərəst!
– Südəmər!
– Xain!
Bu kimi sözlərlə bərabər, menşeviklərin dalınca gedən avam fəhlələr Pavluşanı söyürdülər də. Bu səslər Bibiheybət və Balaxanı fəhlələri oturan tərəflərdən eşidilirdi.
Bu səslər Vasyanı yerindən qalxmağa məcbur etdi. O danışmaq üçün söz istədi, sədr ona söz vermədən dedi:
Yoldaşlar! Biz çoxdan bəri bir yerdə əlbir işləmiş və bir sırada mübarizə aparmış yoldaşlarıq. Bizim cəbhələrə ayrılmağımızın tarixi də o qədər uzun deyildir. Buna görə də ümumi məsələlərdən danışdığımız zaman, tək-tək şəxsiyyətlərə toxunmamalıyıq. Mən sizdən ancaq bunu xahiş edirəm.
Vasyaya söz verildi. Vasya qısa paltosunu yerə ataraq dedi:
– Yoldaşlar! Nə çar kazakları, nə də burjuaziyanın əzici istismarı bizim ağzımızı yuma bildi. Beş-altı nəfər aldanmış və siyasi cəhətdən kor olmuş idraksızlarmı bizim ağzımızı yumacaqdır?! Biz heç vaxt satılmayacağıq! Bizi satanlarla, bizi burjuaziya ilə barışdırmağa çalışanlarla, onların dalınca gedənlərlə də biz mübarizə aparacağıq.
Hər tərəfdən səslər eşidildi:
– Səndə o hünər yoxdur! Çox da ağzını dağıtma!..
Vasya bu səslərə də cavab verdi:
– Söyüşü biz də bacarırıq. Lakin bu, məsələni həll etmir! Biz menşeviklərdən ayrıldığımız gündən bəri onlarla vuruşmağı qərara almışıq. Biz fəhlə sinfinin düşmənləri ilə də mübarizə aparırıq, lakin bu mübarizə söyüşlə deyil, menşeviklərin xəyanətini ifşa etməklə mümkündür.
Mən indi əsil məsələyə keçirəm. İlya yoldaş burada fəhlə sinfinin iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan çox danışdı. Yoldaşlar! İndi də mənə qulaq asın, fəhlələrin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün menşeviklərin sahibkarlara verdiyi tələblərin bir neçəsini misal olaraq sizə göstərəcəyəm:
Fabrik-zavodlarda əlüzyuyanlar qoyulmalıdır.
İçmək üçün qaynanmış və buzlu su olmalıdır.
Paltar qoymaq üçün şkaf olmalıdır.
Maaş iş vaxtında verilməlidir.
Zavod-mədən müdiri filankəs işdən götürülməlidir.
Yoldaşlar! Fəhlələrin iqtisadi vəziyyətini yüngülləşdirmək üçün menşeviklərin verdiyi tələblər bundan ibarətdir.
Biz bolşeviklər isə belə demirik. Biz deyirik:
Səkkiz saatlıq iş günü.
İldə bir aylıq istirahət məzuniyyəti.
Maaşlar otuz faiz artırılsın.
Xəstələnmiş fəhlələrin maaşı verilsin.
Fəhlələrin ailəsi xəstə olduğu zaman müəssisə və ya hökumət hesabına müalicə olunsun.
Zirzəmilərdə vərəm alan fəhlələrə təmiz və səhiyyə cəhətindən əlverişli yaşayış mənzilləri verilsin.
Yoldaşlar, indi sizin özünüz bizimlə menşeviklərin arasında olan fərqi müqayisə edin!
Fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq üçün doğru mübarizə aparan kimdir? Bizmi? Menşeviklərmi?
Yoldaşlar! Mübarizə bununla bitmir; biz bilməliyik ki, nə qədər çarizm yaşayır, nə qədər hökumət istismarçıların əlindədir, fəhlələrin halı yaxşılaşmayacaqdır. Budur ki, fəhlə sinfi çarizmi məhv etməyə, burjuaziyanı devirməyə can atmalıdır, bu isə yalnız silahlı üsyan yolu ilə mümkündür. Budur ki, biz fəhlə sinfinin, çar üsuli-idarəsini devirmək uğrunda mübarizəyə, silahlı üsyana çağırırıq. Bu yolda hər kəs bizimlə əlbir işləmək istəyirsə, buyursun, istəmirsə, bizə əngəl törətməsin, yolumuzda tikan əkməsin!
İclasda başqa danışanlar da oldu. Vasyaya yumruq göstərən və hədələyənlər də var idi. Bir çoxları da «sənə bayırda göstərərik!» — deyə onu söydü.
İclas qurtardı. Əsgər, Pavluşa, Ayrapet, Məmməd və sair fəhlələr iclas salonundan birlikdə çıxdılar. Ayrapetin şakirdi Heybət öz adamları ilə qapıda durub gözləyirdi. Vasya və Pavluşaya yumruq göstərənlər Heybətlə yoldaşlarından qorxub, səslərini çıxara bilmədilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-menseviklerin-yeni-xeyaneti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
XLVDünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,