Əfsanə gözəlliklərə uydum Qarabağda,Bir kimsə deməz ki, cana doydum Qarabağda,Ən nəşəli hisslərlə doluydum Qarabağda,Candan vurulub, qəlbimi qoydum Qarabağda,Mən bir Üzeyir türküsü duydum Qarabağda.

Bir dadlı diyardır, ulu sevdalı diyardır,Aləmdə bir aləmlə dolu aləmi vardır,Bir nəğməli gülşəndir o, bir canlı bahardır,Başdan-başa əfsanə gözəlliklərə yardır,Əfsanə gözəlliklərə uydum Qarabağda.

Bir sevgi ki, yazmaqla, deməklə başa çıxmaz,Şairlənən, əlbəttə bu yerlərdə darıxmaz,Bir zəlzələ bir gün bu mətin dağları yıxmaz,İlhamı olan yolçuların ruhunu sıxmaz,Bir kimsə deməz ki, cana doydum Qarabağda.

Bağlarda uçan quşlar ətirlərlə tütərdi.Andıqca ötən günləri bülbüllər ötərdi,Daldıqca unutdum orada qüssəni, dərdi,Duyduqlarımın nəşəsi bir ömrə yetərdi,Ən nəşəli hisslərlə doluydum Qarabağda.

Tarixi ərənlər yaşadırlar, aradırlar,Dünyanı quranlar, yaradanlar yaradırlar,Gördüm Qarabağ qızlarını ayparadırlar,Saçlar qara, qaşlar qara, gözlər qaradırlar,Candan vurulub, qəlbimi qoydum Qarabağda.

Yadlardan əsər yox, nə qədər doğma seyirdir,Gördüklərim orda bərəkət, orda xeyirdir,Bir musiqi şəklində olan incə şeirdir,Orda hara getsən, hara baxsan, Üzeyirdir,Mən bir Üzeyir türküsü duydum Qarabağda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине