Страница 1 из 3

Dördüncü şəkil

Ceyran xalanın otaqlarından biri. Yan otaqda qonaqlıqdır. Gülüş və danışıq səsləri gəlir. Sonra qonaqlar Qasımı əhatə edərək bu biri otağa keçirlər.

Qasım

Üz vurmayın, daha heç bir şey bacarmıram, yamsıladım, fokus göstərdim, daha nə istəyirsiniz? (Qonaqlar ondan “oyna, oyna” deyə xahiş edirlər) Hə, oynamağa sözüm yoxdur. Ancaq tək yox, tək oynamaq vəhşilikdir, cüt oynamaq mədəniyyət, Zərifə xanım, xahiş eləyirəm.

Zərifə

Mən bu paltarda oynaya bilmərəm.

Qasım

Əslində elə bu paltarda oynamaq lazımdır. Hamı elə biləcək ki, kəpənək uçur.

Musiqi çalınır. Qasımla Zərifə oynamağa başlayırlar.

Bir qonaq (Mirzə Salmana)

Mirzə, gör Qasım nə oynayır.

Mirzə Salman

İşdə də oynayır, ancaq əlaltı.

Bənövşə (Ceyran xalaya)

Ay ana, bayaqdan soruşmaq istəyirəm, yadımdan çıxır. Bu kişi kimdir?

Ceyran xala

Doğrusu, tanımıram, ay qızım. (Yavaşdan) Deyəsən, oğlan evindəndir.

Zərifə bir az oynayıb yan otağa qaçır. Qonaqlar Qasıma əl çalır.

Camal (doyunca güldükdən sonra)

Ay Qasım! Sənin nə məzəli oynamağın varmış.

Hamı yan otağa keçir. Camal da getmək istədikdə, Bənövşə onu saxlayır.

Bənövşə

Camal!

Camal

Bənövşə can, Qasım qiyamət adamdır. Görürsən, necə işçilərim var?

Bənövşə

Görürəm. Elə bu işçilərin haqqında səninlə ciddi danışmaq istəyirəm. (Camal gülür) Niyə gülürsən?

Camal

Ona gülürəm ki, axır zamanlar hamı mənə bu sözü deyir: “Səninlə ciddi danışmaq istəyirəm”. Guya, bu vaxta kimi zarafat eləyirdilər.

Bənövşə

Yəqin zarafat eləyiblər. İndi daha bu cür söhbətlər olmayacaq. Sabahdan mən işə başlayıram.

Camal

Axı, sənin iş nəyinə lazım idi, ay Bənövşə? Mən belə fikirləşirdim ki, toyumuzu eləyən kimi Bakıya köçərik. Gözəl bir ev düzəldərik. Sən də bu qədər əziyyət çəkmisən. Heç olmasa, beş-on il evdə oturub özünçün istirahət eləyərsən.

Bənövşə

Gündüzlər manikürə, portnixaya... Axşamlar kinoya, teatra... eləmi?

Camal

Kefin necə istəyir, o cür... Elə də eləyə bilərsən, tərsinə də.

Bənövşə

Əlbəttə, tərsinə də ola bilər. Gündüzlər kinoya, teatra, axşamlar manikürə, portnixaya.

Camal

İşə düşmədik? Bənövşə, qadası, sən mənə istehza eləyirsən?

Bənövşə

Yox, istehza eləmirəm, sənin fikirlərini aydınlaşdırıram. Sən bizim gələcək həyatımızı bir meşşan həyatı kimi təsəvvür eləyirsən.

Camal

Özün bil, mən sənə də, özümə də gələcəkdə xoşbəxt bir həyat arzu eləyirdim. Gözəl bir ev... Maşın, dəmli samovar kimi həmişə hazır qapıda. Priyomnik, teatr. Amma sən bunun əvəzində... (Hirslə ayağa qalxır)

Bənövşə

Əvəzində nə?

Camal

Əvəzində, nə bilim, nə? Özün bil, həvəsin yoxdur, olmasın, yaxşı, yenə burada qalıb palçıq tapdayarıq, daş daşıyarıq, ev tikərik. Sən hansı havanı çalsan, mən də oynayacağam. Amma daha təhqir eləmə.

Bənövşə

Mən təhqir eləmirəm, səndən haqq-hesab tələb eləyirəm. Hanı, təzə məktəb bitirəndə yeni fikirlərlə qaynayan Camal? Hanı böyük həyat idealları ilə yaşayan Camal, hanı?

Camal

Heç nə başa düşmürəm. Necə yəni Camal hanı? Camal budur ey, oturub qabağında.

Bənövşə

Mənim qabağımda oturan o Camal deyil.

Camal

Deməli, mən Camal deyiləm?

Bənövşə

Camalsan, ancaq o vaxtkı deyilsən.

Camal

Hə, başa düşdüm. Bilirsən nə var, Bənövşə can? Bu sözlər onu göstərir ki, səndəki məhəbbət ömrünü bizə bağışlayıb. Akt bağlamaq olar. Məhəbbət olan yerdə sual-cavab olmaz ki.

Bənövşə

Camal! Hər şeydən əvvəl, sən mühəndissən. Bir mühəndis kimi də mənimlə danış.

Camal

Mən baş mühəndisəm, sən də təzə rəis, sabah idarədə qulluğunda hazır dayanaram. Amma indi isə, gəl, bir az səmimi danışaq.

Bənövşə

Camal can, mən həyatı sənin kimi iki hissəyə bölmürəm: ev həyatı, idarə həyatı... Evdə səmimi, idarədə qeyri-səmimi.

Camal

Sən haradan bilirsən ki, mən idarədə səmimi deyiləm?

Bənövşə

Özün deyirsən ki.

Camal

Mən deyirəm?

Bənövşə

Sən deyirsən. (Ayağa qalxır)

Camal

Daha bu olmadı.

Camal da ayağa qalxır, onlar hirslə qabaq-qabağa dayandıqda, Ceyran xala içəri girir.

Ceyran xala

Maşallah, şirin-şirin danışın, balalarım, beş il nişanlı qalmaq asan məsələ deyil. (Camala) Necəsən, oğul, kefsiz deyilsən ki?

Camal

Yox, niyə, kefim çox kökdür.

Bənövşə

Heç qoyarammı ki, kefsiz olsun. Elə deyilmi, anacan?

Ceyran xala

Əlbəttə, elədir. Təki ürəyiniz bir-birinə düz gəlsin. Qoşa qarıyasınız...

Camal

Çox sağ ol.

Ceyran xala

Bənövşə, nişanlın üçün xüsusi şirniyyat bişirmişəm. Gedək, verim gətir.

Bənövşə

Xüsusi şirniyyat bişirmisən? Sən nə yaxşı anasan?!

Camal

Nə zəhmət çəkirsiniz, anacan?! Onsuz da Bənövşə bayaqdan mənə gözəl şirniyyat yedirir.

Ceyran xala

Mən bişirdiyim ayrıdır. Gedək, Bənövşə...

Çıxırlar. Camal durub pəncərəyə yaxınlaşır.

Camal

Mindilli, haradasan?

Mindilli səksəkə içərisində o yan-bu yana baxa-baxa içəri girir.

Mindilli

Hava alırdım, yoldaş Camal.

Camal

Bu qədər hava almaq olar? Xalq orada yeyir, içir, sən quru havanı uda-uda hərlənirsən?

Mindilli

Mən orada hərlənməsəm, qonaqlar burada şənlənməz. Orada mən güllərin, çiçəklərin içində məclis qurmuşam.

Camal

Hə, o ayrı məsələ. Bu qız da gah işdən danışır, gah idarəni qatır araya, heç nə başa düşmürəm.

Mindilli

Yoxsa aranızda söz olub?

Camal

Söz deyəndə... Müfəttişin də akt yazmağı bu günə qaldı. O zəhrimar girdi araya. Hə, bura bax, Mindilli, sən buralarda, əlimin altında ol. Elə ki, gördüm sözümüz düz gəlmədi, stulu tərpədəcəyəm, özünü yetir, aralığa bir söz sal.

Mindilli

Deməli, kənarda gözləyim? Stul tərpənən kimi mən də tərpənim?

Camal

Hə, nə qədər ki, nişanlıyıq, ehtiyat eləyirəm, evlənəndən sonra ayrı məsələ.

Mindilli (öz-özünə)

Bəs mən necə eləyim ki, Qəmərə rast gəlməyim?

Bənövşə gəlir, Mindilli çıxır.

Bənövşə (şirniyyatı stolun üstünə qoyur)

Gör anam nə bişirib, üstündə ikimizin də adı var. Otur görək, bayaq söhbətimiz yarımçıq qaldı.

Camal

Yarımçıq qalmalı söhbət idi. Gəl, mövzunu dəyişək.

Bənövşə

Yaxın otur, gör anam səni nə qədər istəyir?

Camal

Ana bu istəməyi qızına da öyrətsəydi, nə yaxşı olardı!

Bənövşə

Qızı öz nişanlısını dünyalar qədər sevir.

Camal

Bax, Bənövşə can, bu cür gözəl sözlərin hərəsinə bir ömür verərəm.

Camal stulu çəkib oturur. Mindilli tələsik içəri girir.

Mindilli

Mən hazır!

Camal

Nə var ki?

Mindilli

Qulağıma stul səsi gəldi.

Camal

Get, get, mane olma.

Mindilli

Yəqin ayağı ilişib. (Çıxır)

Bənövşə

Bu da oğlan evindəndir?

Camal

Bizim işçimizdir. Mindilli. Oddur, od.

Bənövşə

Elə Mindillilər, Qasımlar səni bu günə qoyub.

Camal

Evin yıxılsın, Mindilli, gül kimi söhbətimizi gəlib korladı!

Bənövşə

Bu adamlarla plan doldurmaq olar?

Camal

Dedim, o barədə sabah idarədə danışarıq. İşin bura nə dəxli var?

Bənövşə

İş insanın aynasıdır. İşinə verilən qiymət, sənin özünə verilən qiymət deməkdir. Budur, bax (aktı göstərir). Oxuduqca, sənin əvəzinə mən utanıram.

Camal

Bənövşə can! Qoy bu aktı-maktı bir tərəfə. Nə maraqla oxuyursan? Nə idi o əsərin adı... Hə, “Hərb və sülh” romanı deyil ki?

Bənövşə

Doğrudan da, “Hərb və sülh” romanı deyil. Sən bütün cinayətlərə qarşı sülh elan eləmisən, hərb olmayıb.

Camal

Öz-özümü işə salmadım? (Stulu tərpədir)

Bənövşə

Bütün işlərində böyük nizamsızlıq var.

Camal

Əşi, sənə elə gəlir. O nizamsızlığın özündə böyük bir nizam var... (Stulu bir az da bərk tərpədir).

Bənövşə

Nizamlı nizamsızlıq. Əcəb ad tapmısan.

Mindilli içəri girir.

Camal

Tanış ol, Mindilli. (Mindilliyə) Yaxın gəl də!

Mindilli

Salaməleyküm, Bənövşə xanım!

Camal

Mindilli mənim sağ əlimdir.

Bənövşə (gülə-gülə onunla görüşür)

Görəsən, sağ əlin elədiyindən sol əlin xəbəri varmı?

Mindilli

Nə olar ki, Bənövşə xanım, tənqid eləyərsiniz, səhvimizi boynumuza alarıq... Bizə nə var ki?

Bənövşə

Bax, Camal, əsl həqiqəti bu dedi. Sizə nə var ki?

Mindilli

Mən elə uşaqlıqdan həqiqətpərəstəm. (Camala) Gedim, dayanım?

Camal

Get, get.

Mindilli gedir. Qəmər bir boşqab meyvə gətirib stolun üstünə qoyur.

Qəmər

Sizin meyvə payınızı gətirmişəm. Heç o tərəflərə, qonaqların yanına gəlmirsiniz. Söhbətiniz çox şirindir, deyəsən?

Camal

Çox şirindir.

Qəmər

Camal qardaş da deyəcək ki, doktor qoymur, iki kəlmə danışaq. Əgər mane oluramsa, üzr istəyirəm.

Bənövşə

Bunlar, bunun sağ əli... hanı o? Səhvlərini boyunlarına almağa adət eləyiblər.

Camal

Mən heç vaxt səhvimi boynuma almamışam.

Bənövşə

Bu daha pis.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Nadir şah

Ərəblinski öz otağında geyinir. O, ikinci pərdədə quldur Nadir idi. İndi, üçüncü pərdədə Nadir xan olacaq, axırda da Nadir şah. Bu, tamaşaçıların gözü qabağında dəyişən, inkişaf edən mürəkkəb bir roldur. Hüseynin ən çox müvəffəq olduğu və sevdiyi rollardan biri. Hər sözünü, hər hərəkətini sənətkarcasına işləyib. Ancaq indi böyük həyəcan içindədir. Gündüz Nadir şahın papağını zərgərə göndərib ki, qaş-daşla bəzəsin. Zərgər muzdunu almamış papağı qaytarmaq istəmir. Beş manat pul lazımdır. Hardan tapsın?Yalnız Hüseyn Ərəblinski deyil, bütün aktyorlar həyəcan keçirirlər. Bilirlər ki, kostyumu tam olmamış bu böyük aktyor səhnəyə çıxmağı sevmir, məcburən çıxsa rolu mükəmməl oynaya bilməyəcək. Tamaşa isə pulsuz olduğuna baxmayaraq çox mühüm tamaşadır. Salon ağzına kimi doludur. Tamaşaçıların çoxu ziyalıdır. Şəhərə qastrola gəlmiş rus aktyorları da Azərbaycan teatrı ilə tanış olmaq üçün yan lojalarda oturular. Bəs necə olsun? Zərgərə İki dəfə adam göndəriblər, nə qədər yalvar-yaxar eləyiblər, dünyada qızıldan başqa Allahı belə tanımayan bu adamı sındırmaq mümkün olmayıb. Beş manat pul lazımdır, yalnız beşcə manat!

19635 мин
Ərəboğlu

1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.

196311 мин
At

Kislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.

19634 мин
Əllər

Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.

19637 мин

Стихи других поэтов