Günbatanda soraqlaşdı başçılar
Əkbitənin Turər şahı dul qalıb.
Onun ilə qanbir olmaq yaxşıdır,
Əkbitənin Turər şahı dul qalıb.

Qız köçürək, yer götürək o yurddan,
Artırmaqçın uşaq alaq o qurddan,
Aş bişirək ona qanlı yovurtdan,
Əkbitənin Turər şahı dul qalıb.

Balasq, Misir, Asur, İlam düşündü,
Çox ölkələr bundan qorxub daşındı,
Bu gəl-getdə yol ağardı, aşındı,
ƏkbitəninTurər şahı dul qalıb.


Gəl-gəl indi əyri otur, düz danış,
Hər inama, inanana inanma.
Varlıq inam üzərində qurulsa
Hər inama, inanana inanma.

Yalan düzü hər bir yerdə aldadır,
Düz acıdır, yalan isə bal dadır,
Yalan öndə, düz düzlükdən daldadır,
Hər inama, inanana inanma.

Düz arxayın, yalan isə duyuqdur,
Biri xoruz, biri isə toyuqdur,
Tanrıya da yalan düzdən yovuqdur,
Hər inama, inanana inanma.


Tanrım, məni özünə qat, odlanım,
Buyuruq ver, bircə sənə inanım.
Ocağını, günəşini azaltma,
Buyuruq ver, bircə sənə inanım.

Yanılmışam inamımla çox işdə,
Basılmışam yalançıya döyüşdə,
Tək qalmışam bu dolambac gedişdə,
Buyuruq ver, bircə sənə inanım.

Acıqanı gümült yerə, gəbərsin,
Silkə onu, damı-daşı dəbərsin,
Kölə düşsün, qalsın gücsüz, təpərsiz,
Buyuruq ver, bircə sənə inanım.


Turər yürüş etməkdəydi Balasqa,
Öc deməkdir qan-qadaya qayıdış.
Yaraqlanıb neçə toplum apardı,
Öc deməkdir qan-qadaya qayıdış.

Mindiyarda başbilənlər söyündü,
Turər deyib, dirielli öyündü,
Hamı qanlar bir ürəkdə döyündü,
Öc deməkdir qan-qadaya qayıdış.

Bu yürüşü gözləmirdi yatanlar,
Turu tutub köləliyə qatanlar,
Qarıxaraq yarağını atanlar
Öc deməkdir qan-qadaya qayıdış.


Şah söylədi önərinə onların,
– Biz vuruşaq, toplum qalsın qıraqda.
Acıqanın tunc geyimli önəri:
– Biz vuruşaq, toplum qalsın qıraqda.

Bizuc, topbuz, qılınc, balta döyüşdü,
Yastılanıb bir-birini dəyişdi,
Qurşaq tutub baş ərənlər deyişdi,
– Biz vuruşaq, toplum qalsın qıraqda.

Döyüşçülər göz qırpmadan baxdılar,
Bunlar ondan, onlar bundan qorxdular,
Güləşənlər bir-birini yıxdılar,
– Biz vuruşaq, toplum qalsın qıraqda.


Tur önəri başı üstə qaldırdı,
– Turər, məni bu döyüşdə öldürmə,
Yerə vurdu, döşü üstə oturdu,
– Turər, məni bu döyuşdə öldürmə.

– Başçı məni köləsinə döndərib,
Sınaq üçün bu vuruşa göndərib,
Kölə ollam öz qapında gündəlik,
Turər, məni bu döyüşdə öldürmə.

Toplumumu döndərərəm geriyə,
Bu ölkəni yaxar, çapar, kürüyər,
Son qoyarlar bu yerlərdə dirriyə,
Turər, məni bu döyüşdə öldürmə.


Filip dedi: – Kral mənə inanmır,
Ana birik, biz atadan ayrıyıq.
Mənə qarşı dəyişməyir inancı,
Ata birik, biz anadan ayrıyıq.

Verir məni vuruşlarda qabağa,
Təki ölüm, ya da düşüm yatağa,
Çox işlərdə məni qoyur qırağa,
Ata birik, biz anadan ayrıyıq.

Mən buradan çıxıb getmək istərəm,
Qanı soyuq qardaşları pislərəm,
Hamı bilir ona acıq bəslərəm,
Ata birik, biz anadan ayrıyıq.


Hamı dedi, şah basdığın öldürər,
Şah düşündü, öldürməyim, öldürüm?
Doğmasına kölə olub bu yazıq,
Şah düşündü, öldürməyim, öldürüm?

Başı üstə qılıncını saxladı,
Ürəyində küskün inam laxladı,
Bir də, bir də öz-özünü yoxladı,
Şah düşündü, öldürməyim, öldürüm.

Sonra durdu döşü üstən önərin,
Silkələdi öz yurdundan dönəri,
Qılıncına bir də baxdı ötəri,
Şah düşündü, öldürməyim, öldürüm.


Bunu görüb Balasqelli sarsıldı,
Acıqanın toplumları dağıldı.
Basılmışdı bu ölkənin önəri,
Acıqanın toplumları dağıldı.

Çoxu durdu öz yerində asılı,
Nə edəsən önərləri basılıb,
Bir çoxları Tura yaxın, qısılı,
Acıqanın toplumları dağıldı.

Öcə dönər bu sarsıntı uzansa.
Tanrı yazsın bu günləri yazansa,
Neynər toplum bir üstünlük qazansa,
Acıqanın toplumları dağıldı.


Üç ay çəkdi uzaq eldə bu döyüş,
Kölə Filip arxa idi Turərə.
Çox yerləri tanıyırdı yaxından,
Kölə Filip arxa idi Turərə.

Bu ölkədə qızıl saxlanc doluydu,
Üzük, sırğa, bər-bəzəklər uluydu,
Arxayınca yaşayanlar ölüydü,
Kölə Filip arxa idi Turərə.

Yol geriyə bağlanmışdı qar ilə,
Çapqınçılar yüklənmişdi var ilə,
Minellilər öyünürdü Tur ilə,
Kölə Filip arxa idi Turərə.


Ağsaqqallar, başbilənlər gəldilər,
Bizdən vergi, kölə, bağış al, ərən.
Bu ölkəni qırıb, çatıb dağıtma,
Bizdən vergi, kölə, bağış al ərən.

Balasq sınıb, döyüşlərdə əzilib,
Kral qaçıb qorxusundan üzülüb,
Gəl, dağıtma bu minillik özülü,
Bizdən vergi, kölə, bağış al, ərən.

Minellilər qan-qadadan keçəndir,
Keçmişilə gələcəyi ölçəndir,
Hər bir yolda doğru yolu seçəndir,
Bizdən vergi, kölə, bağış al, ərən.


Düzər, Yüzər Yürüş etdi, baxmadı,
Qılınc səsi yeri-göyü bürüdü.
Almaq üçün ata Turun öcünü
Qılınc səsi yeri-göyü bürüdü.

Onlar gəlib Elladaya çatdılar,
Yüzminləri at döşünə qatdılar,
Acıqanın Başevində otdular,
Qılınc səsi yeri-göyü bürüdü.

Başçı duruş gətirmədi savaşa,
Qaçdı getdi ordan Misrə birbaşa,
Düzər, Yüzər qol qoymadı barışa,
Qılınc səsi yeri-göyü burüdü.


Soraqçılar soraq verdi uzaqdan,
Daşqıranlar Dirieli qırırlar.
Turər dedi, siz vuruşun mən gedim,
Daşqıranlar Dirieli qırırlar.

Düzər bilib bunu, lapdan atılıb
Çapdı yel tək Daşqırana atını,
Arxasınca axdı toplum yardımı,
Daşqıranlar Dirieli qırırlar.

Turər baxdı öz oğluna, öyündü,
Qızağ qanı ürəyində döyündü,
Oğlu Düzər teztov idi, yeyindi,
Daşqıranlar Dirieli qırırlar.


Ağsaqqallar bir də girdi ortaya,
Danışdılar, barışdılar, durdular.
Tanrı bu yol mineliyə dayaqdı,
Danışdılar, barışdılar, durdular.

Yüzər qaldı toplumuyla burada,
Neçə dəniz, neçə ada arada,
Ayırdılar bir-bir ağı qaradan,
Danışdılar, barışdılar, durdular.

Yüzər sözü danışığı izlədi,
Öc almağı, bac verməyi düzlədi,
Hər bir şeydə ortaq ölçü gözlədi,
Danışdılar, barışdılar, durdular.


Bölüşdülər yeri, yurdu, dənizi,
Paylaşdılar saxlancların varını.
Qızıl, gümüş, bəzək-düzək, naxır at,
Paylaşdılar saxlancların varını.

Qarışsa da göz yaşları gülüşə,
Yüklənsə də tay-tay qızıl-gümüşə,
Bu barışla son qoyuldu yürüşə,
Paylaşdılar saxlancların varını.

Şah yurduna başı uca qayıtdı,
El-obanı, yeri-yurdu ayıltdı,
Yükü-varı çoxlarını bayıltdı,
Paylaşdılar saxlancların varını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов