Страница 2 из 2 · 50%

– Mən içəri girmək istəmirəm, yoldaşımı gözləyirəm, – deyə Rəşid cavab verdi.

– Burada durmaq olmaz, küçədə gözləyə bilərsiniz, – deyə qapıçı qapını örtdü.

Rəşid küçəyə çıxdı. Klubun qapısından bir qədər uzaqlaşıb pusquda durdu. Aradan bir az keçmiş oğlan ilə qadın klubdan çıxdılar. Oğlan göz gəzdirib faytom axtardı, tapmadı. Sonra qolunu qadının qoluna salıb yola düşdülər. Rəşid özünü bir darvazaya qısıb, onları irəli buraxıb arxalarınca düşdü. Onlar tinə çatdıqda durdular. Rəşid cəld bir sütunun dalında gizləndi. Küçədə bir kəs yox idi. Bu zaman yan küçədən faytom qaraltısı göründü, oğlan bir qədər irəliləyib: «Faytom, faytom» deyə səslədi. Rəşid bundan istifadə edərək tapançasını çıxarıb özünü qadının üstünə atdı. Güllənin atılması, qadının yerə sərilməsi bir anda oldu. Oğlan özünü itirib, qışqıraraq qaçmağa başladı. Rəşid istədi ki, güllənin birisini də onun başına sıxsın, Liya zəif bir səslə dedi:

– Rəşid, nə üçün məni öldürdün? Mən sənə nə etmişəm?

Tapança Rəşidin əlindən düşdü:

– Liya, sənmisən? – deyə qışqırdı.

Lakin Liyadan səs çıxmadı, çünki onun cavan ömrü bir cahalət gülləsinə qurban olmuşdu. Rəşid əyilib ona baxdı.

– Şübhəsiz, zavallı Liyadır öz əlimlə sevdiyim günahsız qızı qanına boyadım, – deyə fəryad etdi.

Güllənin səsinə, Liyanın nişanlısının qışqırığına küçələrdən milislərin fitləri qalxmağa başladı.

Rəşid qaçmaq fikrində deyildi. O, bacısını öldürmək qəslinə düşən gündən qət etmişdi ki, xahişini əmələ gətirdikdən sonra öz ixtiyarı ilə hökumətə təslim olacaqdır, o idi ki, milislər əllərində silah onu əhatə etdikdə, Rəşid qaçmayıb dedi:

– Bu yəhudi qızını bacım bilib, səhvən öldürmüşəm, sizə təslim olururam. Məni milis idarəsinə aparın ki, şahadətimi verim, – bunu deyə tapançasını onlara uzatdı.

Onu həbsə aldılar. Düşmənlər məramlarına çatdılar. İki qoca qadının ümid çıraqlarını söndürdülər.

Beş aydan artıq idi ki, Rəşid həbsxanada yatırdı. Bu günlərdə onun mühakiməsi olacaqdı. Bu mühakiməni Rəşid böyük intizar və təlaş ilə gözləyirdi. Lakin onun bu həyəcanına səbəb, qorxu hissi deyildi onu təşvişə salan o idi ki, şayəd məhkəmədə indiki yeni nəzərlərini, dərin düşüncələrini, onda əmələ gəlmiş böyük ruhani təğyirlərini son sözündə camaata layiqincə yetirə biləcəkdirmi? Ona inanacaqlarmı? Ya inki işini yüngülləşdirmək üçün bir hiylə sanacaqlarmı? Rəşid son fikirlərindən qorxmurdu, çünki özünü qurtarmaq məqsədində deyildi, bil, əks məhkəmədən özü üçün ən ağır cəza tələb edəcəkdi. O etdiyi silinməz cinayətdən sonra yaşamaq təmənnasında deyildi. Lakin ölümə gedərkən, indiyə kimi fəxr ilə tutduğu yolun yanlış olduğunu öz həmfikir və həmməslək olan gənc yoldaşlarına sübut etmək istəyirdi. Onda zühura gəldiyi təğyirlərin düz və səmimi olmasını onlara anlatmaq istəyirdi.

Bu təğyirlər Rəşiddə birdən əmələ gəlməmişdir. Əvvəlləri həbsxanada yatarkən sevdiyi qızı öldürməsinin baisi bacısını sanıb, ona düşmənçiliyi artmışdı.

– Liyanın əsil qatili mən deyiləm, bacımdır, – deyə ondan intiqam almaq istərdi. Anasına gəldikdə ona da ədavət bağlayıb görüşmək istəməzdi… Bu isə köməksiz qalmış zavallı ananın gecə-gündüz göz yaşı tökməyinə səbəb olurdu.

Hər cümə günü, başqa analar və arvadlar kimi Gülsüm həbsxananın qabağında saatlarca durub, oğlu ilə görüşmək istəyirdi. Lakin növbə ona çatdıqda xəbər verdilər ki, müqəssir anası ilə görüşmək istəmir. Hətta Rəşid anası gətirdiyi şeyləri də qəbul etmirdi. Biçarə ana həbsxananın divarına söykənib saatlarca ürək yaxıcı göz yaşlarını tökərdi. Başqa görüşə gəlmiş analar, arvadlar onun halına acıyırdılar. Buna baxmayaraq Gülsüm hər cümə yenə gələrdi ki, bəlkə bu dəfə oğlu fikrini dəyişdirib, onunla görüşəcəkdir, ya gətirdiyi şeyləri qəbul edəcəkdir. Ümidi puça çıxırdı. Onun halına həbsxananın qapıçısı yanırdı.

O, bir cümə günü, Gülsümdən Rəşidin dostlarının adlarını öyrənib belə bir hiylə qurdu; gələn cümə növbə Gülsümə çatdıqda qapıçı dedi:

– Ana, oğlan şeyləri qəbul edir, ver aparım.

Biçarə arvad sevindiyindən özünü itirmişdi, əlləri əsə-əsə qəzetə bükülmüş çayı, qəndi, papirosu və özü bişirmiş olduğu halva və külçəni ona uzatdı.

– Oğlum, bunu Rəşidə verəndə de ki, onun dərdindən belim bükülmüş, ağlamaqdan gözlərimin nuru getmiş. Bu gün-sabah bu qəm və qüssədən öləcəyəm, bircə mənlə görüşsün ki, qəbrə rahat gedim.

– Yaxşı, anam deyərəm. Qorxma, oğlun səninlə görüşəcəkdir, ancaq bir az səbir elə. Çox cavan dustaqlar sənin oğlun kimi əvvəl vaxtlar heç kəsi görmək istəmirlər, sonralar özləri qohumları ilə görüşməyə tələsirlər.

Qapıçı şeyləri ondan alıb dedi:

– İndi get ana, ümidini kəsmə.

Gülsüm ondan razılıq edib getdi. Qapıçı şeyləri Rəşidə dostlarının birisinin adı ilə verdi. Beləliklə, qapıçı bir müddət həm anasını və həm də oğlunu aldadaraq, hər ikisini razı etdi.

Rəşidi həbsxanada ayrıca kameraya salmışdılar. Buna onun özü də şad idi, çünki hələ elə sükut və təklığı tələb edirdi.

Rəşid bütün günləri saatlarca yerində uzanıb dərin fikirlərə dalırdı. Azadəliyin nə böyük səadət olduğunu indi düşünürdü… Uca və kiçik pəncərədən düşən günəşin işığının necə böyük bir ne’mət olduğunu indi anlayırdı:

– Mən nə üçün bacımı bu iki böyük ne’mətdən məhrum etmək istəyirdim? Bizim arvadlarımız, anadan olandan qəbrə gedənə kimi belə həbsxanalarda yaşayan dustaqlar deyildirlərmi? İnsafı, vicdanı olan şəxs belə ədalətsizliyə razı olarmı?

Açıq azadə gəzən qadınlarda namus, ismət olmaz… Bu fikir düzdürmü? Demək bütün mədəni millətlərin qadınları namussuzdur… Bu nəzəriyyə doğrudurmu? Çarşaf yavalığın qarşısını alar; bu haqlı bir tədbirdirmi?

Rəşid öz-özünə belə suallar verib, həqiqət harada olduğunu dərin düşüncələrdən sonra arayıb tapırdı. Uzun gecələr, tutduğu cinayətin qanlı mənzərəsi gözlərinin qarşısında böyüyürdü. Sevgili Liyasının solğun dodaqlarından çıxan «Rəşid, məni nə üçün öldürdün, mən sənə nə etmişdim?» səsləri qulaqlarından çıxmırdı. Bə’zən də bacısının pərişan üzü, müztərib gözləri, anasının zəif, qansız siması, məzlum baxışları gözlərinin önündə canlanırdı. Bə’zən də yuxusunda anasını küçələrdə dilənən görürkən diksinib oyandı. Bu zaman Rəşidin yadına anasının bu sözləri düşürdü:

«Oğlum, düşmənlərin vəsvəsəsinə qulaq asıb, məni küçələrə salma, əsil bigeyrətlik budur, oğlum».

Rəşid bu acı həqiqəti indi anlayırdı.

– Doğrudan da, düşmənlərimin bir sahta məktubuna inanıb üç ailəni bədbəxt etdim, buna namusmu deyərlər? Günahsız Liyanın qoca anasını küçələrə atdım, belə qatil bağışlanmağa layiqmi? Yox, yox, – deyə Rəşid suallarına cavab verirdi.

Rəşid daha anasının görüşündən boyun qaçırmırdı. Hər cümə gülərüzlə onu qəbul edib, mehriban söhbətlər edərdi. Ona təsəllilər verərdi. Gülsüm oğlunun belə təğyirinə artıq şad idi. Bir dəfə Rəşid soruşdu:

– Ana, nə üçün bacım məni görməyə gəlmir?

– Oğlum, səkdən qorxur, sən tutulan gündən bəri bacın evdən heç bir yerə çıxmır, gecə-gündüz ağlayır, bir an rahat olmur. Gördüyün sağlam Leyla, əriyib çənə dənmüşdür. Deyir: «Qardaşımın bəxtbəxt olmasına bais mən oldum. Kaş o yanımda olaydı, başıma çarşaf salıb evdən bayıra çıxmağıma izin verməyəydi. Mən onun əmrini şadlıqla qəbul edərdim».

Rəşid gülümsəyib dedi:

– Qorxmasın, mən irəliki Rəşid deyiləm. Bu gündən sonra daha heç bir kəsdən çəkinməyərək açıq azadə, könlü istəyən yerə getsin. Ana, onlara cəlladlıq etdiyimiz yetər, belə həbsxanalarda saxladığımız bəsdir, onların hüquqlarına, mal və canlarına, namuslarına toxunmağımız bir namussuzluqdur. Qadınlar hər cəhətcə, ərkəklərlə müsavidirlər. Bu sadəcə şeyi mən burada uzun müddət dərin fikirləşib, düşünüb anladım.

Gülsüm, oğlunun dediyi sözlərin çoxunu anlamadısa da, onda olan böyük dəyişikliyi hiss edirdi.

– Ana, bu dediklərimi bacıma yetir və gələn cümə də mənim görüşümə gətir. Ona deyəcək sözlərim çoxdur. Daha durma get, bacımı şad et…

Gülsüm şadlığından özünü elə itirmişdi ki, oğlu ilə belə salamatlaşmayıb cəld getdi.

Üç gün idi ki, vilayət məhkəməsinin cinayət şö’bəsi tərəfindən Rəşidin işinə baxılırdı. Başqalarına ibrət olmaq üçün məhkəmə çıxdı və təntənəli bir surətdə qurulmuşdu. Böyük məhkəmə salonu maraqlanan tamaşaçılarla dolu idi. Bu gün məhkəmənin sonu olduğu üçün gələn adamların sayı iki qat artmışdı. Salonda qadınlar şö’bəsinin üzvlərindən başqa geyri çarşaflı qadınlar da çox idilər. Onlar məhkəmədən qatil üçün e’dam cəzası tələb edirdilər. Bu isə Gülsümün və Leylanın ürəklərinə ox kimi sancılırdı.

Qadınlar şö’bəsi tərəfindən tə’yin olunmuş natiqin odlu çıxışı camaata böyük tə’sir buraxmışdı. Rəşidin hökumət tərəfindən tə’yin olunmuş vəkili bu tə’siri pozmağa səy’ edirdisə də, müvəffəq olmadı. Rəşid başını aşağı salıb heç kəsə baxmırdı. Dərin-dərin fikirlərə dalıb özünün harada olduğunu duymurdu.

– Vətəndaş müqəssir, söz sizindir, – deyə sədr e’lan etdi. Salonda elə sakitlik əmələ gəldi ki, milçək uçsa idi qanadlarının səsi eşidilərdi. Rəşid qalxdı. Yüzlərcə gözlər, onun zərif, gözəl, lakin solğun siması, uşaq baxışlı gözlərinə, uca, incə boyuna, qıvrımçıq saçlarına dikildi.

Rəşid həyəcana gəlmiş əsəblərini, şiddətli çarpan qəlbini sakit etmək üçün su istədi. Verdilər, içdi. Sonra zəif, titrək, xoş səslə son sözlərini başladı. Tərcümeyi-halını, içərisində yaşadığı mühiti, qoçu atasından aldığı tərbiyəni doğru, düzgün təsvir edərək, etdiyi cinayətə keçdi. Onun nitqi gəldikcə yandırıcı oda, kəskin qılınca dönürdü. Həbsxanada çəkdiyi böyük ruhi əziyyətdən sonra, özündə əmələ gəlmiş təğyirləri elə saf və sədaqətlə isbat etdi ki, kimsədə bir şübhə izi belə qalmadı. Hamının rəhmini, məhəbbətini qazanmağa müvəffəq oldu. İndi onun ölümünü heç kim tələb etmirdi, bil’əks azad olmasını diləyirdilər. Bir az bundan əvvəl e’damını tələb edən qadınların gözlərində mərhəmət və şəfqət yaşları görünürdü.

Rəşid nitqini bitirərək üzünü qadınlara tərəf çevirib:

– Bacılar, mənim kimi azad olmağınıza mane olan qara fikirli cavablar və bütün ərlər aradan götürülməlidir. Mən də sizin rə’yinizə şərik olaraq məhkəmədən özümə ən ağır cəza tələb edirəm, – deyə Rəşid oturdu.

Qadınlar tərəfindən «yox, yox, istəmirik» sədası qalxdı.

Məhkəmə üzvləri müşavirə otağına keçdilər. Salonda səslər uçaldı, qızğın bəhslər başlandı. Qadınlardan bir neçəsi Gülsüm və Leylanı əhatə edib:

– Qorxmayın, bacılar, bu işdə ölüm yoxdur, – deyə təsəlli verirdilər.

Aradan yarım saat keçmiş sədr üzvlərlə bərabər salona daxil oldular. Hamı ayağa qalxdı. Böyük sükut içərisində sədr qətnaməsini oxudu.

– Müqəssir dörd il müddətində azadlıqdan məhrum edilir, lakin onun cavan və səmimi bir insan olduğunu nəzərə alaraq cəzası iki il azaldılır.

Salonda şadlıq sədası yüksəlmiş, adamlar sevinc dalğaları arasında axın-axın bayıra çıxırdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sona xala

...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.

9 мин
Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

3 мин
Müalicə

Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».

11 мин
«Yoluxma xəstəlik»

İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.

4 мин

Стихи других поэтов