Страница 1 из 3

Xotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.
Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.
Bir gün, beş gün fikir, xəyal, axırda bu gün qoşun sərkərdələrini başına yığıb məsələdən onları hali elədi.
Koroğlunu tutmaq adı gələndə bütün sərkərdələr başlarını aşağıya saldılar. Camal paşa gördü yox, belə olmayacaq. Axırda əlacsız qalıb dedi:
– Kim gedib dəli Koroğlunun başını, ya da özünü gətirsə qızım Dünya xanımı ona verəcəm.
Sərkərdələrin içində Bolu bəy adlı birisi var idi. Bolu bəy çoxdan idi ki, Hasan paşanın qızı Dünya xanımı almaq fikrində idi. Ancaq nə qədər xərc qoymuşdu, pul tökmüşdüsə də, qızın ürəyini ələ gətirə bilməmişdi.
İndi işıq yeri görüb fürsəti fota verməyib yerindən qalxıb dedi:
– Mən gedib Koroğlunu tutub gətirərəm. Ancaq bu şərtlə ki, əzəl əhdinizə əməl eləyəsiniz. Sonra da Qəcəralını mənə yoldaş verəsiniz.
Qəcəralı Ərzincanda məşhur pəhləvanlardan idi.
Paşa razılaşdı.
– Qəcəralı!
Qəcəralı ayağa qalxıb dedi:
– Mən gedərəm, amma gərək mehtər Murtuzu da bizə qoşasınız.
Mehtər Murtuz yeddi il Koroğluya mehtərlik eləmişdi. Ona görə də Koroğlunu yaxşı tanıyırdı.
Bəli, Hasan paşa bütün şərtlərə razı oldu. Bolu bəy Qəcəralı ilə Mehtər Murtuzu götürüb, başında da çoxlu qoşun, Çənlibelə yola düşdü.
Bunlar getməkdə olsunlar, sizə kimdən xəbər verim, Koroğlunun dostu ərzincanlı bir tacirdən. Tacir bu əhvalatı eşidən kimi bir at mindi, kəsə bir yol ilə Bolu bəydən qabaq özünü Çənlibelə yetirdi. Elə ki, tacir Koroğlunu əhvalatdan xəbərdar eləyib geri döndü, Koroğlu dəliləri yığıb dedi:
– Paşalar, bəylər, xanlar mənim əlimdən zara gəlib, mənim qorxumdan gecələr evlərində yata bilmirlər. Heç inanmıram ki, Bolu bəy mənim üstümə gəlsin.
Dəlilərin içindən İsabalı yerindən qalxıb dedi:
– Koroğlu, nə qədər iyid olsan ehtiyatı əldən qoyma, ehtiyat ki var iyidin bəzəyidi. İzn ver yaraqlanaq, yasaqlanaq, düşmənin qabağına çıxaq.
Koroğlu razı olmadı. Məclis qurdurdu, dəlilər ilə yeyib-içib kefə başladı. O tərəfdən Bolu bəy başında qoşun gecə-gündüz at sürüb gəlib Çənlibelə yetişdi.
Mehtər Murtuz Koroğlunun Yağı qoruğunu görən kimi tanıdı. Dedi:
– Bolu bəy, bu qoruq Koroğlunun Yağı qoruğudu. Bura Koroğlunun oylağıdı. Bura Çənlibelin ətəyidi. Məni öldürsən də buradan o yana gedəsi deyiləm. Qorxuram, Koroğlu dədəmə od vurar.
Bolu bəy bir az fikirləşib əmr elədi ki, atdan düşsünlər. Bolu bəy, Qəcəralı, Mehtər Murtuz, qoşun əhli hamısı düşüb, atları Koroğlunun Yağı qoruğuna buraxdılar, özləri də bir tərəfdə oturub dincəlməyə
başladılar.
Səhər tezdən idi. Koroğlu yasaqsız-yaraqsız Qoşabulağın altındakı
qayanın yanına çıxmışdı. Bir də baxdı ki, bir bölük yəhərli-yüyənli at
Yağı qoruğunu başına götürüb. Koroğlu elə oradan tay heç kəsə xəbərzad
verməmiş Yağı qoruğuna yüyürdü. Qoruğa enəndə birdən-birə
Bolu bəylə üz-üzə çıxdı. Bolu bəy Koroğlunun təhər-töhürünə baxıb
dedi:
– Kimsən, burada nə gəzirsən?
Koroğlu dedi:
– Mən qoruqçuyam.
Bolu bəy dedi:
– Kimin qoruqçususan?
Dedi:
– Koroğlunun qoruqçusuyam. Qoruqda at gördüm, gəldim ki, çıxardım
sizə rast oldum.
Bu sözdə Mehtər Murtuz gəlib çatdı. Mehtər Murtuz Koroğlunu
görən kimi tanıdı. Dalı-dalı çəkilib Koroğlunun geri yanına keçdi.
Oradan Bolu bəyə göz vurdu ki, evin yıxılsın. Yalan deyir, qoruqçu,
zad nədi, Koroğlunun özüdü.
Bolu bəy hökm elədi, qoşun birdən tökülüb Koroğlunu tutdular.
Koroğlunun nə atı, nə yanında bir yarağı-yasağı yoxdu. Baxdı ki, yox
işlər şuluqdu. O, burada Koroğlu olduğunu boynuna alsa, səssiz-sədasız
başını kəsəcəklər. Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə, bir
o qədər də əyyar idi. Yeri gələndə özünü başqa qılığa salıb düşməni
aldadırdı. Bir də belə bir xasiyyəti var idi ki, düşmən əlinə düşəndə
ölsə də, Koroğlu olduğunu boynuna almazdı ki, özünün, dəlilərin, Çənlibelin
adı batmasın. Odu ki, indi də Bolu bəy onu nə qədər döydüsə
Koroğlu olduğunu boynuna almadı ki, almadı. Yaxında bir göl var idi,
axırda Bolu bəy Koroğlunu o gölə saldırdı ki, bəlkə Koroğlu olduğunu
boynuna ala. O yenə də Koroğlu olduğunu boynuna almadı. Axırda
Bolu bəy şübhəyə düşdü ki, bəlkə elə doğrudan da bu, Koroğlu deyil.
Bolu bəy düşdü fikrə ki, uzaq yerdən gəlmişik. Bunu aparrıq
Koroğlu olmaz, paşanın yanında yalançı çıxıb biabır olarıq. Axırda
üzünü ona tutub dedi:
– Gəl sən xoşluqla boynuna al ki, Koroğlusan. Yoxsa bu saat səni öldürrəm.
Belə deyəndə aldı Koroğlu görək nə dedi:

Bolu, nahaq gəl, eyləmə yamanlıq,
İnan Bolu, mən Koroğlu deyiləm.
İnnən belə yaxşılığın günüdü,
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu bir iyid, əsli, zatı var,
Həm namusu, arı, həm qeyrəti var,
Dəmir cilov altda Ərəbatı var,
İnan Bolu, mən Koroğlu deyiləm.

Gəl sənə söyləyim ay Qəcəralı,
Hələ eşitməyib qoç İsabalı,
Gəlsə bu qoşuna verməz məcalı,
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu deyiləm, yırtma yaxanı,
Ciyərimi eşq oduna yaxanı,
İyidin olmazmı qılınc, qalxanı,
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu dediyin bir bəl-bəllidi,
Çənlibeldə dövran quran dəlidi,
Öz adım Rövşəndi, atam Alıdı,
İnan Bolu, mən Koroğlu deyiləm.

Bolu bəy Mehtər Murtuzu yanına çağırıb dedi:
– Sən deyirdin bəs bu Koroğludu, bu ki, Koroğlu deyilmiş.
Qəcəralı bir tərəfdən Murtuzun üstünə düşdü ki, sən bizi aldadırsan.
Murtuz dedi:
– Əyər Koroğlu bir isə, siz axtardığınız da o isə, Koroğlu budu.
Bolu bəy ağzından köpük daşlana-daşlana əmr elədi ki, qoşun
atlanıb yola düşsün. Koroğlu gördü ki, yox, bunu aparacaqlar. Başını qaldırıb dedi:
– İndi sən məni aparıb paşaya verəcəksən ki, guya mən Koroğluyam, sən də məni tutubsan?
Bolu bəy:
– Bəs necə?
Koroğlu gülüb dedi:
– Yaxşı sənin ağlın yoxdu, bu adamın sözünə inanırsan. Paşanın da
ağlı yoxdu, ya mənim dilim yoxdu ki, onu başa salım. Niyə paşa kordu
ki, mən yaraqsız-yasaqsız bir adamam. Qoç Koroğlunu belə asanlıqla
tutmaq olmaz? Hamısını açıb paşaya deyib səndən şikayət eliyəcəyəm.
Bolu bəy qaldı məhəttəl ki, bunların hansına inansın. Axırda Koroğlunun
sözlərinə inanıb əmr eləyib onun əllərini açdırdı. Sonra üzünü ona tutub dedi:
– Deyirlər dəli Koroğlu çox mərddir, heç bir şeyi gizlədən deyil.
İndi olan oldu, keçən keçdi. Əllərin də açıqdı. İndi düzünü de görək
sən kimsən? Bu boy, heç qoruqçu boy-buxununa oxşamır.
Koroğlu dedi:
– İndi ki, belə adam kimi soruşursan, bəli, mən Koroğluyam.
Bolu bəy ayağa qalxmaq istəyəndə Koroğlu dedi:
– Dayan, sən tay məni tuta bilməzsən. Ancaq de görüm məni niyə aparırsan?
Bolu bəy dedi:
– Ərzincanlı Camal paşa əhd eləyib ki, hər kim Koroğlunu tutub onun yanına aparsa, öz qızını o adama versin. İndi mən səni aparıram ki, Camal paşanın qızı Dünya xanımı alım.
Koroğlu dedi:
– Mən Koroğluyam. Özüm də dediyimi eləyənəm. İndi ki, sən o qıza aşiqsən, qoy gedim yarağımı götürüm, atımı minim gəlim, apar məni paşaya təhvil ver, qızı al.
Koroğlu özünü Çənlibelə yetirdi. Qılınc qurşadı, qalxan götürdü, əmud asdı, nə dəlilərə, nə xanımlara bir söz deməyib, Qıratı minib birbaşa
Bolu bəyin yanına gəldi. Elə ki, yetişdi dedi:
– Bolu bəy, mən verdiyim vədəyə doğru çıxıb gəlmişəm.
Ancaq səninlə bir şərtim var. Sən məni tutmuşdun. İndi də ki, mən
səninlə gedirəm. Sonra elə bu sənin qulağında qalar. Elə bilərsən ki,
guya doğrudan da məni tuta bilərsən.
Gəl qabaqca səninlə bir vuruşaq, dava eləyək. Sonra haraya desən gedək. Özü də sinəmə üç xana söz gəlib, onu deyim sonra dava eləyək.
Aldı Koroğlu, görək nə dedi:

Əli beldə durub əmr eylərdin
Koroğlunu tutan günlər necoldu?
Hərdən-hərdən asıb kəsin söylərdin,
Koroğlunu tutan günlər necoldu?

Deyirdin zamana gedəcək belə,
Uymuşdun şeytana, fitnəyə, felə,
Hərdən hökm eləyib basırdın gölə,
Koroğlunu tutan günlər necoldu?

Çənlibeldə dövran quran dəliyəm,
Hədyan sözə çox çətindi əyiləm,
Yeddi min dəlinin kəltə kəliyəm,
Koroğlunu tutan günlər necoldu?

Koroğluyam, müxənnətə uymaram,
Qısasımı qiyamətə qoymaram,
Düşmənin qanından içsəm doymaram,
Koroğlunu tutan günlər necoldu?

Koroğlu acıqlanmışdı. Elə acıqlanmışdı, elə coşmuşdu ki, bilmirdi Bolu bəyə nə desin. Ondan hayıfını necə alsın. Yenə də götürdü görək nə dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов