Güllü, çiçəkli bir bağça. Bağçanın ortasında gümüş fəvvarəli bir hovuz vardır. Səhərdir. Kəniz qız həzin bir nəğmə oxuyur. Hovuzun kənarında Kosa və Sofi Həsən söhbət edirlər.

Kəniz Qızın Nəğməsi
Yatan baxtım dursana,
Nə olubdur de sana?
Aparırlar əlimdən, –
Ayırırlar gülümdən.

Bir maralam dağ hanı?
O gəzdiyim bağ hanı?
Tufan qopar, əs, külək,
İnsafsızdır bu fələk!

Harda qaldı o çoban,
Qılınc vuran, ox atan?
Aparırlar əlimdən
Ayırırlar gülümdən...

Kosa
Yenə də ağlayır yazıq kəniz bax,
Bağrımın başına sanki çəkir dağ.
Neyləyim... dövlətin olsaydı əyər
Sənin də qəlbinə heç dəyməzdilər...
Yoxsulsan, beləsən, satılacaqsan,
Gündə bir qucağa atılacaqsan...

Sofi Həsən
Oğul, bu qanundur qoca dünyada,
Dağ kimi oğlanlar gedibdir bada.
Odur ki, göz yumub bu əziyyətə,
İnsan baxmalıdır əbədiyyətə...

Kosa
Qoy görək, qoy görək... Ay Sofi Həsən
Elə sən də bizi ora çəkirsən?

Sofi Həsən
Nə varsa ordadır!.. Böyük Yaradan
Bir saf gözəlliklə gülür hər zaman.

Dünya vəfasızdır, de, nə var burda?
Görünməz bir aləm yaşayır orda!..

Kosa
Sənin nə vecinə... bir çöl, bir çadır,
Az yesən, çox yesən bir xurma çatır.
Mənim tək ayrılıb evdən, eşikdən,
Bir parça çörəyə heç işləmirsən?
Min cürə müsibət görürəm hər gün,
Doğrusu, bezmişəm saraydan bütün...
Görürsən? Ayrılıb nişanlısından.
Bir şaha bəxşeyiş gedir o canan!..

Sofi Həsən
Gəl sən də mənimlə ora gedək, gəl,
Göylərlə məşğul ol, göylərə yüksəl,
Baxıram gecələr, səyyarələrə,
Açılır gözümdə min cür mənzərə.
Bilirəm insanın taleyini mən,
Saysız ulduzların tərpənməsindən.
Yunanda bir alim olmuş qabaqlar,
Bu, ondan qalıbdır bizə yadigar...

Kosa
Yox, aşna göylərdə nə işim vardır,
Bu yer də, o göy də qəlbimə dardır.
Əgər qızılın var, azad et onu,
Sevindir bir yoxsul qızın könlünü!

Sofi Həsən
Nə qızıl? Mən şaham, tacirəm nəyəm?
Yaradan bir şamdır, mən pərvanəyəm.
Bütün qızılların anasıdır bax,
Yenə ayaqlanır bu qara torpaq!

Mən ona aşiqəm, o ülviyyətə,
Odur ilham verən hər bir sənətə.
Hər şeydə, hər yanda onun özü var
Onun nəfəsi var, onun sözü var!..

Kosa
Gəl, qardaş, dərinə salma sən məni,
Yorğunam, yatmadım bütün gecəni.
Gözlə, Nizami də gələcək əlbət,
Mən getdim!.. Onunla edərsən söhbət...

(Gedir. Sofi Həsən onun dalınca)

Sofi Həsən
Yorğunsan... Get dincəl, bir mənanmı var?
İnsan sayılmayır yaratmayanlar...
Ey Tanrı, ey Allah, bilməyirəm mən,
Onu insan deyə xəlq etdin nədən?!

Onun sözləri bitər-bitməz Nizami gəlir. Ona tamaşa edir. Saray adamları o tərəf-bu tərəfə gedib gəlir. Onların vacib bir şey üçün gedib gəlmələri sezilir. Sofi Həsən getmək istərkən, Nizami onunla qabaqlaşır

Nizami
Neçin hirsləndiniz o yazığa siz?
Dünyada olmayır heç şey səbəbsiz.
Bəlkə savadsızdır, bilməyir dərin
Böyük mənasını siz deyənlərin?

Sofi Həsən
(onu tanımır) Səndəmi beləsən... Tərk eylə məni...

Nizami
Olmazmı bir qədər dinləyim səni?

Sofi Həsən
Eşitdim Nizami gəlib-Gəncədən,
İstədim onunla bir görüşəm mən.
– O şeyxdir... Danışmaq mənasız olmaz,
Dedim ki, ürəyim açılsın bir az...
Görünür getmişdir, gecikdim yəqin,
O bir şöhrətidir bu təbiətin:..

(Getmək istəyir. Nizami əvvəl bilmir nə desin, sonra yarı utancaq bir halda)

Nizami
Dayanın, getməyin... Nizamiyəm mən...

Sofi Həsən
Məni aldatmayın, o, sən deyilsən!?
Bir şeyx paltarında o olsun gərək!..

Nizami
Ləbbadəm yoxsa da... o, mənəm, gerçək...

Sofi Həsən
(onun üzünə mənalı baxaraq) Sizdəmi düşdüdüz bu saraylara,
İlham sığışdımı bu dörd divara?
Buraxıb mənalı o sakitliyi,
Söyləyin, sarayda tapdınız nəyi?!

Nizami
Xeyr, saraylara düşmədim bir an,
Əzəldən həmdəmim olmuşdur insan.

Sofi Həsən
Demək ki, atdınız gözəllikləri?

Nizami
Sofilik, əxilik əzəldən bəri
Bir məslək olaraq dar gəlmiş mana,
Başqa yol lazımdır indi insana!..

Sofi Həsən
O nədir? Nə yoldur, söyləyin görək?

Nizami
İnsan qılınc çəkib vuruşsun gərək!
Hər zülmə döş gərib açmasa meydan, –
Haqqı tapmayacaq bu yazıq insan!..

Sofi Həsən
Kiriyin, kiriyin... Tökülməsin qan,
Xudanın eşqiylə dolansın cahan!..

Nizami
Dövrün çaldığını anlayın barı,
– Kim qızıl gəzirsə, yarır dağları!..

Sofi Həsən
(onunla görüşə heyfsilənir kimi) Sağ olun!.. Çöllərin aşiqiyəm mən,
Min məna tapıram hər gecəsindən...

Gedir. Xaqani gəlir. Nizami onun dalınca mənalı-mənalı baxır

XAQANİ. Burda Sofi Həsən deyirlər ona.
O, aşiq yaranmış bu asimana!..

Nizami
Yazıqlar... Səhrada nicat tapırlar,
Mənasız olsa da bir mənası var!..

Bu zaman xanəndə səsi gəlir. Səhnə adamla dolur. Şah, vəzir, gəlmiş qonaqlar görünürlər. Kəniz qız çox pərişandır. O, şahın ayaqlarına düşüb yalvarır.

Kəniz
Sən Allah, sən Allah!.. Dəyməyin mana
Aman, göndərməyin məni İrana!
Mənim öz sevgilim, öz nişanlım var,
Yazığam, çəkməyin sinəmə dağlar!..

Axsitan
Qız, bəsdir, ağlama!.. Ayağa dur sən,
Ürəyim yumşalmaz... Bil, gedəcəksən!
Olarsan bir böyük şahın həremi,
Ləzzətlə vurarsan başa aləmi!..

Kəniz
Bəs mənim nişanlım? O igid çoban!

Axsitan
Qurtardın çobanın patavasından!

Kəniz
Yazığam, dəyməyin, qurtarın məni!

VƏZİR. Böyük şah baş hərəm edəcək səni!

Kəniz
(ona, buna yazıq-yazıq baxır) Deyirlər Gəncədən şeyx gəlib, hanı
Osa da qurtarsın yazıq insanı!

Nizami
(Kənizi ayağa qaldırır) Dur, qızım! Ağlama, ey bəxti qara,
Sənin də gül ömrün tutuldu xara.
Bəsdir, sızıldama, alışdı sinəm,
De nədir, istəyin, ey taleyi kəm?!
Bir şeymi umursan, de zəmanədən?
Çox yaxşı bələdəm bu dövrana mən!..

Axsitan
Yetər, danışmayın... buraxın onu...

Nizami
Unutma bir yazıq qız olduğunu!
(o, belindən kəmərini açır)
Bu onun qiyməti... buraxın getsin,
Güldür, bülbülüylə murada yetsin!..

Axsitan
Satılmır, bəxşeyiş verilir şaha.

Nizami
Dünyaya bir sözüm qalmadı daha!
Bəxşeyiş verilir canlı bir insan,
Tfu hikmətinə, ey çərxi-dövran
(O, bir saray əsgərinin belindən qılıncı çəkib kənizə verir)
Qızım, Nüşabənin bacısısan sən,
Al, qoru haqqını hər bir düşməndən!..

(Ortada təşviş əmələ gəlir. Kəniz qılıncı alır.)

Kəniz
Əllərim titrəyir... titrəyir... ata!..

Nizami
Bir açıq gözlə bax sən bu həyata!
Bil ki, qorunmaqçün bağçada hər bir
Qızıl gül çiynində tikan bitirir!..

Bu vaxt ucaboylu, enlikürək, siyirməqılınc bir çoban gəlir. O, düz adamların ortasına yeriyir, hamını heyrət bürüyür.

Çoban
(kənizi görərək) Yasəmən!.. Yasəmən!..

Yasəmən
Səni gözləyirdim daş qəfəsdə mən,
Görünür bivəfa deyilmiş çoban!..
(ağlayır)

Çoban
Ağlayıb qəlbimə dağ çəkmə aman!

Yasəmən
Bəxşeyiş verirlər məni bir şaha!..

Çoban
İnan ki, zərbimdən uçar bu dünya!
(Şaha)
Şahım, bu yerlərin öz adəti var,
Namusla yaşamış bizim babalar!..

Nizami
(Xaqaniyə) Qardaşım, Xaqani, sən ona bax bir,
Sanki dağ yerindən tərpənib gəlir!
Onda Fərhadımın şücaəti var!

XAQANİ. O dağlar oğludur, sədaqəti var!

Axsitan
Onu rədd eyləyin... gedəcək kəniz!..

Çoban
Çarıqlı olsaq da, namusluyuq biz!..

Çoban Yasəməni aparmaq istəyir. Əsgərlər ona mane olur. Vuruşma düşür. Bir neçə əsgər yaralanır. Şah, vəzir özlərini itirirlər.

VƏZİR. (şaha) Şahım, o güclüdür... bir pəhləvandır,
Sarayı uçurar, durun, amandır!..

(Vuruş dayanır)

Axsitan
(bir qədər düşünərək) Verrəm nişanlını... bir şərtlə fəqət...

Çoban
Canımı alsa da xoşdur məhəbbət!..

Axsitan
Damda bir pələng var... öldürsən əyər,
Özünün olacaq o nazlı dilbər!..

Yasəmən
(şaha) Şahım, qəsd etməyin ona, amandır.

XAQANİ. Qızım, heç qorxma sən, o pəhləvandır!..

Axsitan
(çobana) Çoban, razısanmı?

Çoban
Razıyam, ey şah.

Yasəmən
Kömək et, Allah!

Axsitan
Aparın onu!

Çoban
Bəlkə xoşbəxtlikdir bu işin sonu!..

(Çoban Yasəmənə baxıb gedir. Onu aparırlar)

VƏZİR. (şaha) Sağ çıxmaz... kənizi aparacaqlar...

Kəniz
Onu böyütmüşdür qartallı dağlar!

XAQANİ. Kim bilir, nə oldu biçarə çoban?
Ah, yazıq məhəbbət. Ah, yazıq insan!

Çoban sağ əli ilə boğulmuş pələngi qaldıraraq gətirir. Hamını təəccüb götürür.

Çoban
(şaha) Bu da, bu, böyük şah... Nə sözünüz var!
(Pələngi onun ayaqları altına atır)

Axsitan
Apar, özünündür o gözəl nigar!..
(Sonra vəziri kənara çəkərək)
Vəzir, o təhlükə olacaq bizə!
Əsgərlər öldürsün gəlib üz-üzə!

Çoban Yasəməni alıb yola düzəlir.

Nizami
(çobana) Get, oğlum, sədaqət yaraşır sana,
Alqış bu torpağın igid oğluna!

Axsitan
(əsgərlərə) Qoymayın sağ getsin... öldürün onu,
Çəkin qılıncları, kəsin yolunu!..

Çoban Yasəmənlə bir az uzaqlaşırkən, əsgərlər onun dalınca düşür.

Birinci Əsgər
Ey, dayan, bir dur!

Çoban
(səsi gəlir) Kim yaxın gələrsə, bil həlak olur!..

Onlar vuruşa-vuruşa yenidən səhnədə görünürlər. Çoban qızı qoruyur. Birdən oxla vururlar. O, Çobanın qolu üstünə düşür.

Çoban
(vuruşa-vuruşa) Yasəmən!.. Yasəmən! Yazıq Yasəmən!..

Yasəmən
Çoban, igid çoban... məhv oluram mən.

(İki-üç əsgər Çobanın üstünə gəlir)

Çoban
(onlara) Çəkilin!.. Ölməmiş, o sağdır, aman...

Vuruşa-vuruşa səhnədən çıxırlar.

Nizami
(çobanın dalınca baxaraq) Nə günlər yaşayır gör böyük insan!
Alır xəyalını payız dumanı...
Bəs mənim ümidim, Məhəmməd hanı?
Onun da sevgisi dağıldı belə,
Tutuldu o gülüm acı bir yelə!..

XAQANİ. Bu axşam Məhəmməd asılır dardan,
Mərhəmət görmədik pərvərdigardan.

Nizami
Ah, nələr çəkmədi yazığın başı,
Ömür sarayımın tökülür daşı.
Saralır gözümdə çiçəklər, otlar,
Elə bil üstümə gəlir buludlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов