Günlərin bir günü
Səhifə 6 / 8 · 63%
– Çəkimiz düz gəlməz. Mən ağır çəkiliyəm, o yüngül.
– Ay qız, doğrudan ərin yüngüldür?
Təhminə güldü. Əlbəttə, bayaqkı kimi gülmədi. Xəfifcə gülümsündü. Nemətin zarafatı ortalıqda qalmasın deyə güldü. Nemət özü də bilirdi ki, zarafatı bəzi qəzetlərdə dərc olunan bayram şarjları, dostluq şarjları kimi duzsuzdur. Amma “ər-arvad” mövzusunda sataşmalar şöbələrinin klassik yumoru idi.
Birdən Nemətin gözü Təhminənin paltarına sataşdı. İki düyməsi açıq idi və oradan mavi alt paltarı görünürdü.
Nemət fikirləşdi ki, bu mavi ərazi tamam başqa bir dünyadır – paltarın altındakı Təhminə, paltarsız Təhminə. Bir də onu fikirləşdi ki, bu ərazi onunçün əbədiyyən yasaq ərazidir. Bəlkə Dadaşın ora vizası var. Zauru da bilmirəm, deyə bilmərəm, amma mən heç vaxt, ömrümdə heç vaxt bu əraziyə keçə bilməyəcəyəm. Yalnız onun bir qarışını – iki açıq düyməlik maviliyini görə bilərəm.
Gözünü çəkdi.
Təhminə:
– Zaura yuxumu danışırdım, – dedi. – Yuxuda Riqanı görmüşəm. Ən qəribəsi odur ki, ömrümdə Riqada olmamışam.
Mavi ərazi yenə Nemətin gözünə doldu və o dedi:
– Bir vaxtlar mən də yuxumda heç bir zaman olmadığım şəhərləri görərdim... nə bilim, London, Paris... – o, pəncərəyə baxdı. Pəncərəyə səmanın mavisi dolmuşdu. – Ümumiyyətlə, pis vərdiş deyil. Otağından çıxmırsan, yatağından durmursan, pulsuz-pənəsiz bütün dünyanı gəzirsən. Bilet də lazım deyil, viza da.
“Viza” sözünü qəsdən işlətdi. Bayaqkı fikrini yada salıb özüyçün işlətdi.
– Bəs, indi nə görürsən?
– Eh, ay Təhminə, indi yuxularımın bütün fantaziyası qaçıb. İndi yuxu görmürəm, həyatdan parçalar, fraqmentlər görürəm. Gündüzkü həyatımın davamını görürəm. Məsələn, gündüz yarım list tərcümə eləmişəmsə, yuxuda dalını tərcümə edirəm, qonorarını da alıram, ya da mağazada növbədə dayanıram, kimsə növbəsiz almaq istəyir, onu məzəmmət eləyirəm, ya da bazarda çənə-boğaz oluram. Ən böyük fantaziyam o olur ki, Kislovodsk-Bakı qatarına bilet alıram. Ya da idarəmizi görürəm. İşçiləri – Səfdər dayını, Məmməd Nəsiri, Dadaş müəllimi, Qurbanı – əlavə etmək istədi “səni” ancaq Zaura baxıb demədi.
Zaur açıq-aşkar əsəbiləşirdi. Nemətin gəlib söhbətlərinə qarışması, Təhminənin diqqətini yayındırması onu heç açmırdı. Zaur:
– Mən heç vaxt yuxu görmürəm, – dedi, – hələ ömrümdə bir dəfə də görməmişəm.
Təhminə:
– Sən nə danışırsan? Ola bilməz! Heç vaxt inanmaram, – dedi.
– Canımçün düz deyirəm. Heç bilmirəm yuxu görmək nəyə deyirlər, nə deyən şeydir.
Zaur çox cavan idi, lap uşaq idi və Nemət başa düşürdü ki, bu qəribə, lakin yüz faiz uydurma iddiayla o, yalnız yenidən Təhminənin diqqətini, marağını özünə qaytarmaq istəyir.
Nemət:
– Mənim bir dostum vardı, – dedi, – deyərdi ki, yuxu görməyən adamlar Avstriyaya, İsveçrəyə bənzəyirlər.
Təhminə suallı baxışlarla Nemətə baxdı. Yenə də onu təəccübləndirən, marağını cəlb edən Nemət olmuşdu. Zaur bir qədər kəskin tonla:
– Niyə məhz Avstriya, İsveçrə, məsələn, Kamboca yox? – dedi.
– Kamboca? – deyə Nemət təkrar etdi və xəyalında xəritəni canlandırmağa çalışdı. – Yadımda deyil Kamboca dənizin sahilindədir, ya yox. O, Avstriya və İsveçrə deyirdi, çünki bu ölkələrin dənizə çıxışı yoxdur. O deyirdi ki, yuxu görməkdən məhrum adamlar dənizdən məhrum ölkələr kimidir. Avstriya, İsveçrə, daha hansı ölkələr dənizsizdir?
Təhminənin təəccübü açıldı:
– Aaa, o mənada...
Sükut çökdü, Zaur cibindən daraq çıxarıb, bir qədər əsəbi hərəkətlə saçlarını daramağa başladı. Nemət:
– Yaxşı, – dedi, – bağışlayın, söhbətinizə mane oldum.
– “Görəsən bütün günü belə gəzəcək, düymələrini düymələməyəcək?” – deyə düşündü və bir neçə addım aralanandan sonra özünü saxlaya bilmədi, dönüb bir də Təhminəyə baxdı:
– İşdi şayət təsadüfən yuxumda Riqaya düşsəm, mütləq səni axtarıb taparam, – dedi.
Dişləri narın, tən-bərabər, qarğıdalı dənələri...
Nemət otağa girdi. Futbol ehtirasları sinsiyib hamının içinə çökmüşdü. Başlarını aşağı salmışdılar, hərə öz işiylə məşğul idi. Deyəsən, Dadaş dünənki söhbətdən heç söz salmaq fikrində deyildi.
“Üzümə salım, deyim. Yox. Yaxşı düşməz”. Ancaq deməsəm də, özünün yadına düşən deyil. Bəlkə bir bəhanə tapıb deyim. Məsələn, “bu gün gedəcəm dublyajın pulunu almağa, deyirdim sizə, “Jivıye i mertvıye”. Yaxud “dünən şkafa baxdım, tapa bilmədim, bizdə burda yoxdur ki, o roman?” Yox, bu bicliklərin köhnə pulnan qiyməti beş qəpikdir. Dadaş qazdan ayıqdır. Ya bəlkə belə deyim: “Dünən oturub başladım bir az romandan tərcümə etməyə, pis getmir”. Yox, bu da yaramaz. Deyər başlamısan, əcəb eləmisən, qurtar gətir, plana salaq... “Əşi, nə götür-qoy edirəm?”.
– Dadaş müəllim, – dedi, – dünən müqavilə haqqında danışmışdıq, yadınızda?
Nemət duydu ki, otaqdakılar qulaqlarını şəklədilər.
Dadaş başını qaldırdı:
– Hə, hə, əlbəttə, yadımdadır. Yəhya, zəhmət çək, Təhminəni çağır, bir müqavilə doldursun.
Təhminə otağa girdi. Düymələri bağlanmışdı. Görəsən, Zaur deyib? Siyirtməsindən müqavilə çıxarıb doldurmağa başladı. Atanın adı, ünvanı...
– Dadaş müəllim, neçədən bağlayırsınız?
Bir an səssizlik çökdü. Guya Qurban da, Yəhya da, Cümşüd də öz işləriylə məşğul idilər. Amma Nemət bilirdi ki, üçünün də qulağı darı dənləyir.
Nemət düşünürdü: “Lap aşağısı 60, yuxarısı 150. Bunlar heç, indi, görəsən həştad olacaq, yüz, ya yüz iyirmi?”.
Dadaş:
– Yüz iyirmi, – dedi, – sanballı işdir.
Təhminə yazdı.
– Qol çək.
Nemət qol çəkdi. Dadaş da qol çəkdi.
– Bay, 120 yazmısan ki... – dedi, – bəs mən 100 dedim. Gülüşdülər. Bu da şöbə yumoru qəbilindən idi. Dadaş:
– Daha keçib, qol çəkdik, – dedi, – babalı Təhminənin boynuna. Yazılana pozu yoxdur.
Dadaş: “Yazılana pozu yoxdur” deyəndə səhərki xatirə – Bikə xalanın doğum evində dediyi sözlər ani bir qığılcım kimi Nemətin fikrində alışıb söndü.
Nemət:
– Çox sağ olun, – dedi. – Artıq dərəcədə minnətdaram.
– Beh haqqında ərizəni də yaz, aparım müdir ikisinə bir yerdə qol çəksin.
...Dadaş kağızları götürüb otaqdan çıxdı.
Yəhya başını qaldırıb:
– Sən çaldın, – dedi.
Nemət:
– Yetim əlində qoğal əcaib? – dedi.
Cümşüd:
– Ayəndə düşər şənbəyə novruz, – dedi.
Qurban heç nə demədi. Qaşqabağı yemən gedirdi. Nemət bilirdi ki, içini gəmirir.
Dadaş qayıtdı:
– Hə, indi get Səfdərə təzimə.
Səfdər dayı baş mühasib idi.
– Yox, yox, indi pulumuz yoxdur. Qəpik də.
Hələ idarənin tarixində elə hadisə olmamışdı ki, Səfdər bir adama gələn kimi əlüstü pul versin.
– Bəs, haçan olacaq?
– On gündən sonra.
Amma Səfdər dayının bir məziyyəti var idi. On gündən sonra deyirdisə, düz on gündən sonra arxayın gedib pulunu ala bilərsən. Sözünün ağası idi. Dadaş, Səfdər dayı, bir də Məmməd Nəsir bu idarənin ən köhnə işçiləri idi.
– Bilirsən ki, olsaydı, sənə yox deməzdim. Bayaq Dadaş gəlmişdi. Alacağı var. Birisi gün Riqaya gedir. Dedim yoxdur. Dalınca göndərərəm.
“Deməli, Dadaş birisi gün gedir. Bu nə pis oldu”.
Nemət çoxdan nərddə Dadaşa bir düşbərə-qutab uduzmuşdu. Özü də əhvalat yay məzuniyyətinəcən olmalıydı. İndi bir sabahkı gün qalırdı. Çatdırmaq olardı. Amma bir az yaxşı düşmürdü. Müqaviləfilan... Elə çıxırdı ki, əvəz-əvəzdi, xəcalətdən çıxır. Yox, əlbəttə, Dadaş onu tanıyır, xasiyyətinə bələddir. Bilir ki, elə adamlardan deyil. Ancaq işçilərdən elə düşünənləri olacaq. Elə biri bu Qurban... “Gördün, lələ, öyrən, bacarana can qurban. Eh dünya, məlik dünya, təpəsi dəlik dünya!” və sair folklor yaradıcılığı... hər halda Dadaşa təklikdə demək lazımdır. Xəbərləri olmasın. Ancaq əvvəl “baş vəkillə” razılaşdırmaq lazımdır. Dəhlizdən evə zəng elədi. Mətləbi Sürəyyaya açdı.
– Özün bilirsən də, – dedi, – lazımdır.
Bir müddət qulaq asdı.
– Əti özüm tapacam, – dedi, – səhər tezdən gedərəm. Hər nə lazımdır alaram. Yox, heç kəs, bir Dadaş olacaq, bir də Murtuzgilə deyərik. Tahirəgilə. Vəssalam.
Dadaşa dəhlizdə yanaşdı, dedi.
– Əşi, bu nə zəhmətdir, nə xəcalətdir, qoy qalsın payıza.
“Görürsən, müqavilə, nə bilim, əvəz-əvəz məsələsini heç ağlına da gətirmir”.
– Yox, canımçün, çoxdan hazırlıq görmüşük. İntəhası bilmirdim ki, biri gün gedirsiniz. Odur ki, belə bir az gec deyirəm.
– Uşaqlara demisən?
Nemət bir an tutulan kimi oldu.
– Yox, deyirəm, elə özümüz oturaq, necə deyərlər, xudmani, çünki bilirsiz, – dolaşıb səbəb tapmağa çalışdı. Dadaş dərhal onun imdadına çatdı.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-gunlerin-bir-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Başqa şairlərin şeirləri
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var,Heyif, öz aşiqinə çox kəmetinalığı var.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.