Salam, Xoruz baba!

Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.

Xoruz baba, mənim Rəhilə yoldaşım var. Rəhilə yaxşı oxuduğu üçün müəllimə onu sinifkom seçib. Onların maqnitofonları var. Xoruz baba, ora sizin səsinizi yazıblar. Sən Rəhilənin adını radioda demisən. Rəhilənin atası səni yazıb maqnitofona, sən deyirsən Rəhilə Həsənova mənə məktub yazıb. Xoruz baba, mən də sənə məktub yazmışdım. Xoruz baba, atam bizə də maqnitofon alacaq. Xoruz baba, mənim adımı da radioda de. Atam maqnitofon alanda mən deyərəm səni maqnitofona yazsın. Maqnitofon almağı Karmenlə Cilda istəyir. Atam onlarçün alacaq. Atam dedi ki, dərslərini yaxşı oxusan, Xoruz baba sənin də adını çəkər. Rəhilə deyir ki, Xoruz baba sənin adını deməz, sən hesabdan üç almısan. Xoruz baba, mən hesabdan beş alacam. Xoruz baba, mən yaxşı qızam. Xoruz baba, mən ailəmizdə kiçik yaşlı olduğum üçün, atam, anam, nənəm və bacılarım mənə hörmət bəsləyirlər. Mən anamın sözünə qulaq asıram. Nənəmə kömək eləyirəm. Mənim nənəm mənə çoxlu nağıllar danışır. Xoruz baba, mən çoxlu nağıllar, mahnılar, şeirlər bilirəm. Mən pianinoda “Kukla” mahnısını çala bilirəm. Xoruz baba, mən həmişə radioda sənin bizim üçün verdiyin nağıllara qulaq asıram. Xoruz baba, sabah radioda mənim də adımı de. Xoruz baba, mən yaxşı qızam. Mənimçün “Telefon” mahnısını çaldır.

İmza: Sizin kiçik nəvəniz

Namazova Nərgiz Nemət qızı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri