Əgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?

Zivər xanım:

– Gözlərinin qadasını alım Zaur, – dedi. – Olan-olub, keçən-keçib, barış Spartakla... Day qohum olmusuz da – Murtuzovgilin qapılarının ağzına çatmışdılar. Zaurun qucağında iri bir tort vardı! Zivər xanım gecə hazırlamışdı onu. Professorun əlində də iri gül dəstəsi vardı.

Zaur anasına cavab vermədi və Zivər xanım sözünə davam etdi:

– Mənə Alya danışıb, deyir, guya haradasa dalaşmısız Spartakla.

Zaur:

– Niyə dalaşmışıq, – dedi. – Vur-tut bircə dəfə yumruq ilişdirmişəm çənəsindən, vəssalam.

– Yaxşı, indi keçmiş olsun bütün bunlar, gərək...

Qapını açdılar. Alya xanım:

– Xoş gəlmisiz, xoş gəlmisiz, – dedi.

Dəhlizə keçdilər. Zaur tortu asılqanın yanındakı kətilin üstünə qoydu, atasıyla bir yerdə otağa keçdilər. Zivər xanım isə qadınların yanına, mətbəxə keçdi. Otaqda, üstü bəzənmiş masanın yanında, ağ köynək geymiş Murtuz Balayeviç Cabbarla nərd oynayırdı. Stolun başına Murtuzun polkovnik pencəyi asılmışdı, pencəyin yaxası orden-medallarla dolu idi. Nemət nərd oyununu müşahidə edirdi... Hər üçü qonaqları görən kimi qalxdılar, əl verdilər. Murtuz Zaurun kürəyindən vurub:

– Hə, qoçaq, – dedi.

Cabbar:

– Buyurun, əyləşin, professor, – dedi.

Murtuz Cabbara baxıb:

– Bu saat bunun dərsin verim, – dedi. Nemət isə Zaurdan təzə işi barəsində soruşdu.

Masanın üstündə quş südündən başqa hər şey vardı. Lap o kababxana müdiri Nadirin sözü olmasın, ilin bu vaxtında təzə xiyar, pomidor. Qədim alman servizlərinin içində növbə növ salatlar vardı, rəngbərəng içkilər zəhmli ağır büllur qrafinlərə süzülmüşdü;

– Buyurun görək. – Alya xanım hamını masanın başına dəvət elədi... Stolun başında Murtuzla Məcid əyləşdilər, onlardan sol əldə Zivər xanım, Cabbar və Nemət... Sağdan Zaur oturdu və onun yanındakı stulu boş saxladılar. Bir azdan Alya Firəngizi otağa gətirdi. Firəngiz qıpqırmızı qızarmışdı və dümağ paltarı yanağının çəhrayı, saçlarının, göz-qaşının zil qara rənglərini daha da parlaq göstərirdi. Saçları yoğun hörüklər şəklində hörülmüşdü. Gözlərini qaldırmadan hamıyla salamlaşdı... Zaur ayağa durdu, Firəngizi yanındakı boş stula otuzdurdu... Sürəyya, Tahirə və Alya stolun aşağı başında əyləşdilər. Onların yanında üç qız, bir nəfər oğlan uşağı da var idi – Sürəyyanın qızları və Tahirənin oğlu. Alyanın, Sürəyyanın və Tahirənin anaları Bikə xala gəldi otağa. Zaurla Firəngizi öpdü, dedi ki, ömründə ən şad günüdür bu gün, sonra üzr istəyib mətbəxə getdi, plovu o bişirirdi.

Murtuz:

– Bəs Spartak hanı? – deyə soruşdu və Alya cavab verdi ki, indi gələr... – Zaurla Firəngizin sağlığına, valideynlərin sağlığına, qohumlarının sağlığına içdilər. Zaur Spartakın otağa daxil olduğuna diqqət verdi. Spartakın baxışlarında bir nigarançılıq sezdi... Amma Zaur Spartaka baxıb gülümsündü və Spartakın gözlərindəki nigarançılıq həmişəki sırtıq ifadəylə əvəz olundu, gəlib saymazyana Zaura əl uzatdı, görüşdülər...

Murtuz artıq bir balaca dəm idi, növbəti sağlığı demək üçün ayağa qalxmışdı. Murtuzovlar ailəsinin sağlığına Məcidin qaldırdığı badə istisna olunsa, bütün sağlıqları Murtuz özü deyirdi.

– Bu gün, bu gözəl nemətlər düzülmüş stolun başında ən yaxın qohumlarımız yığışıb və çox xoş, gözəl bir münasibətə görə yığışmışıq, – dedi Murtuz Balayeviç. – Adə, Spartak bokalıva içki tök görək. Amma bax, içib keflənməyəsən ha, sən haramzadanı yaxşı tanıyıram mən. Vurmağa başlayanda açarıvı itirirsən.

Spartak:

– Ay papa, – dedi, – bu sözləri özüvə de də.

Hamı gülüşdü və Alya xanım məzəmmətlə Murtuza baxdı:

Düz deyir də, – dedi, – sən də özünü saxla bir balaca, ürəyin yadından çıxıb?

Murtuzun kefi ala buludda idi, odur ki, arvadıyla oğlunun məzəmmətinə başqa vaxt hirsləndiyi təkin hirslənmədi, heç eyninə də almadı bu sözləri:

– Mənim hər şey yadımdadır, – dedi. Sonra kefli adamın “mənalı” inadıyla bir də təkrar etdi: – hər şey yadımdadır mənim... Qulaq asın, görün nə deyirəm... Bizim cavanların sağlığına içdik, onların gələcək təmiz, gözəl ailələrinin sağlığına içdik. Amma mən demək istəyirəm ki, – üzünü Zaura tutdu, – ailə qurana qədər, evlənənə qədər nə olubsa, kişi gərək evinin qapısından eşikdə qoysun hər şeyi. Nə olub, olub, madam ki, evlənmisən, zəhmət çək, day şuluqluq eləmə, ailə gərək möhkəm, sağlam olsun.

Hamı özünü bir qədər naqolay hiss elədi, polkovnikin eyhamları lap düzünəqulu idi, amma bu sözləri təkzib etməklə, ya onlara bir şey əlavə etməklə məsələni daha da ağartmaq olmazdı... Gərgin bir sükut çökdü. Yalnız professor arabir öskürür, boğazını arıtlayırdı.

Bütün bu sözlərə, bütün bu vaqiələrə tam bir biganəlik hissi – bu hiss axır bir neçə gün idi ki, Zaurun bütün varlığına hakim kəsilmiş yeganə duyğu idi – Zauru qoruyurdu. Hər cür mənfi emosiyalardan, hər növ qanqaraltısından mühafizə edirdi. İndi Murtuzun danışdıqlarını da sifətinin ehtiram dolu ifadəsiylə və daxilində səslənən rişxəndli gülüşlərlə qavrayırdı. Murtuzun söhbətləri bu ziyafətin lap əvvəlindən, yox əslində bundan da qabaq, elçilik məsələsi başlayandan bəri polkovnikin fikirlərində dolaşırdı və indi erməni konyakının təsiriylə ürəyinin içindəkilər dilinin ucundan tökülürdü.

İçdikcə Murtuzun fikirləri bu səmtdə daha da müəyyənləşirdi və görünür düyünü indi biryolluq açmaq istəyirdi...

– Cavanlıqda hansımızın başına belə-belə şeylər gəlməyib axı hə? – O, Məcidə göz vurdu, professor lap özünü itirdi, – yox, bir söz demirəm, bu da lazımdır, cavan oğlançün bu vacibdir də, hətta... Necə deyərlər, həyatın gərək hər kef-damağını görəsən, hərif olmayasan, inkişaf üçün də lazımdır bu, lap elə sağlamlıq, səhhət cəhətincə də... Təbabət də təsdiq edir bunu... Amma... burada bir iş var... nə iş? Gərək ailə qarşısında, cəmiyyət qarşısında borcunu da heç vaxt yaddan çıxartmayasan...

Murtuz sözlərinin dalını pıçıltıyla, tək bir Məcidə danışırdı, amma Zaur hər kəlməni bircə-bircə eşidirdi:

– Yadımdadır, mənim bir Zoykam vardı (Alyanın qulaqlarından iraq), arvad deyildi, vallah, od parçasıydı köpəyin qızı... Cavan sütül uşaqdım o vaxt, az qala ilişmişdim, bu Murtuz ölsün. Yamanca tovlamışdı məni, vallah, indi heç özüm də inana bilmirəm ki, necə olmuşdu, almaq istəyirdim hətta onu... Şükür, vaxtında ayıldım... İşdir də, düşəndə düşür... Amma indiki cavanlar, maşallah, bizlərdən çox-çox ayıqdırlar... Kefini-damağını da çəkirlər, amma day bizim kimi tələyə düşsünlər, gözləri tutulsun, xeyr, əstəğfürullah, hərif-zad deyillər... Bax elə götür bizim bu Spartakı, mənim oğlumdur, amma belə-belə işlərdə səni də, məni də, yüz nəfər yaşlı, təcrübəli kişini də cibinə qoyar. Dünyanın hər üzünə bələddir, arvad məsələsində də tükütükdən seçir zalım oğlu.

Sonra nədənsə Murtuzun fikri Spartakla Zaurun münasibətləri məsələsinə ilişib qaldı, uzun-uzadı sorğu-suala başladı ki, axı nə olub aranızda bir deyin görək.

Spartak da, Zaur da bir ağızdan:

– Əşi, heç nə, heç bir şey olmayıb, – deyirdilər. Murtuz da əl çəkmirdi, axırı:

– Yaxşı, indi ki, deyirsiniz heç bir şey olmayıb, onda durun öpüşün,

– dedi.

Zaur başa düşdü ki, bundan da keçməlidir. Keçmişlə birdəfəlik vidalaşdığını, keçmişdə qalanları birdəfəlik ömründən qoparıb atdığını öz-özünə isbat etməkçün bu sınaqdan da keçməlidir. Salfet götürüb plovun yağına batmış dodaqlarını sildi, Spartak da ona baxıb yağlı dodaqlarını sildi, öpüşdülər. O gün yolda olduğu kimi indi də Spartakdan odekolon ətri gəlirdi.

Çay gətirdilər, cürbəcür tortlar, pirojnalar, meyvələr gəldi süfrəyə, Murtuz indi də cəbhə xatirələrini danışırdı və birdən Zaur öz sifətinə zillənmiş zənli, kədərli baxışları duydu. Nemətin baxışları idi bu həsrət dolu baxışlar... Onların gözləri toqquşdu və Zaur bildi ki, bütün burda iştirak edənlərdən yalnız tək bir Nemət hər şeyi və o cümlədən, Zaurun halını həqiqi mənasında, olduğu kimi başa düşür. Hər şeyi, hər şeyi başa düşür. Zaurun halını da, Zaurun qərarını da, bu qərara gəlməyə onu vadar edən səbəbləri də və gələcəkdə onu, Zauru gözləyən nəticələri də.

* * *

– Sağ olun, sağ olun...

– Sən allah, gəlin də, xüsusi dəvət gözləməyin.

– Uzaqda oluruq da, pilləkənin o biri başında, ha, ha, ha...

– Day demə...

– Bıy, yağış yağır ki...

– Zaur aparar sizi maşınla.

– Spartak da apara bilər.

– Yox, Spartak çox içib.

– Əşi nə içmişəm, boşlayın görək. Bu saat qonaqları Zaurla ikimiz evlərinə aparacayıq. Görək kimin maşını tez gedir.

– Zaur, oğlum sabah bir bizə dəy.

– Baş üstə, Alya xanım.

– Professor, nərddə sizə borcum qaldı ha.

– Yaxşı, salamat qalın da, girin içəri, yağışda islanarsız, hələlik. Nə yaman qaranlıqdır, bir kibrit çəksənə.

– Bu saat maşını çıxarım.

– Mən də çıxardıram, bircə dəqiqə gözləyin.

– Zaur, tez qayıt ha.

– Spartak, yubanma ha.

* * *

Diksinib oyandı, tez qol saatına baxdı, düz səhər saat altı idi. Mat qaldı Zaur, bəlkə yuxuda eşidib bu səsi, amma telefon ikinci dəfə zəng çaldı. Əlini uzadıb çarpayısının yanındakı dəstəyi qaldırdı, yuxulu səslə:

– Allo, – dedi.

Telefon susmuşdu. Zaur dəstəyi yerinə qoymaq istəyirdi ki, musiqi səsi eşitdi. Əvvəlcə uzaqdan gəlirdi bu səs, sonra elə bil xəttin o başındakı telefon dəstəyini səsə yaxınlaşdırdılar və Zaur “Küçələrə su səpmişəm” mahnısını eşitdi. Dinlədikcə yavaş-yavaş yuxudan ayılırdı, bu qəribə erkən konsertə təəccüblənirdi. Birdən-birə başa düşdü:

– Alo, kimdir? – dedi, amma mahnı bitdi və dəstəyi asdılar...

Və o zaman Zaur hər şeyi başa düşdü. Bildi ki, kimdir zəng eləyən, bildi ki, səhər saat altıdır, zəng vuran belə ertədən durmayıb, yox, yatmayıb bu gecəni, musiqiylə, konyakla, həsrətlə, onun – Zaurun həsrətiylə dopdolu bu gecəni yatmayıb, gözünü də qırpmayıb.

İndi Zaur özü yığdı nömrəni, gümanın tam doğruluğuna inanmaq üçün. Dəstəyi dərhal qaldırdı, amma susmuşdu Təhminə, Zaur da danışmırdı. Telefonda başqa bir mahnı səsləndi: “Ay bəri bax, bəri bax...”

Pəncərədən daş gələr,

Xumar gözdən yaş gələr.

Səni mənə versələr,

Allaha da xoş gələr...

Mahnı qurtardı və dəstəyi asdı Təhminə. Zaur siqaret yandırdı və elə dərin, elə dərin bir həsrət duydu ki, az qala ulayacaqdı. Təhminənin necə bir gecə keçirdiyini təsəvvür elədi və bu zaman telefon yenə səsləndi. Dəstəyi qaldırdı, mahnıya qulaq asmağa başladı:

Ömrüm boyu daş daşıdım,

Gəmim dolmadı.

Gənc yaşımdan bir qız sevdim,

Mənim olmadı...

“Təhminə, ay Təhminə, axı niyə sən belə etdin?” demək istəyirdi Zaur, amma heç nə demirdi. “Özü də gör bir kimlə, Spartakla!” – demək istəyirdi Zaur, amma heç nə demirdi. “Təhminə, axı mən səni doğrudan da sevirdim və doğrudan da xoşbəxt idim səninlə” – demək istəyirdi Zaur, amma heç nə demirdi. “Hamısı yalan idi yəni? Yəni heç məni sevmirdin, sevirdinsə niyə belə yaraladın?” – demək istəyirdi Zaur, amma heç nə demirdi... “Axı mən bir də heç bir vaxt, heç bir vaxt xoşbəxt olmayacam, bilirsən ki, bunu, axı mən artıq yaşamıram, ölüyəm, canlı meyitəm” – demək istəyirdi Zaur, amma heç nə demirdi. Mahnı qurtardı. Təhminə dəstəyi asdı. Bir neçə dəqiqə keçdi və Zaur elə düşündü ki, hər şey bitib, bu zaman yenə zəng oldu, o, telefonu qaldırdı və mahnını eşitdi:

Qırmızı gül, sarı gül,

Bağçaların varı gül.

Gec açıldın, tez soldun,

Açmayaydın barı gül...

“Laçın” mahnısı idi... Təhminə bu mahnını dinləyəndə həmişə hıçqırıb ağlayırdı... Zaur özü də ağlayırdı indi, lap erkən uşaqlıq çağlarından bəri ilk dəfə idi ağlayırdı, səssiz-səmirsiz ağlayırdı, gözlərindən yanaqlarına süzülən damcıları silmirdi. Ağlayırdı, çünki bilirdi ki, bu son vidalarıdır və yer üzündə yalnız yeganə bir qadın bu cür vidalaşa bilərdi... “Laçın” mahnısının son bəndi səslənirdi, – Zaur bilirdi ki, Təhminənin kassetində bu, son mahnıdır və indi – Zaurla Firəngizin toyları ərəfəsində Təhminə onun həyatından əbədilik çəkilib gedirdi...

Araz üstə, buz üstə,

Kabab yanar göz üstə.

Qoy məni öldürsünlər

Bir alagöz qız üstə...

Mahnı qurtardı. Dəstək asıldı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri