Üçüncü fəsil
Səhifə 1 / 4
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikcə, sərəncamı yamandır!
Zaur valideynlərini çox istəyirdi. Həm də yaşa dolduqca daha artıq istəyirdi onları. Daha doğrusu, yetkinlik yaşında o, öz valideynlərini lap körpə vaxtında sevdiyi kimi sevirdi – təbii və təmənnasız bir məhəbbətlə... Körpəliklə yetkinlik yaşı arasında qalan qısa bir dövrdə – beş-altı il çəkmişdi bu müddət – Zaurun təqribən 14-15 yaşından 19-20 yaşına qədər – valideynlərinə münasibəti başqa cür idi. Əlbəttə, sevirdi onları, amma bu sevgidə bir bəyənməzlik, üstüörtülü, bəzən də açıqdan-açığa rişxənd, istehza da var idi – valideynlərinin yaşayış tərzinə, köhnəlmiş anlayışlarına və zövqlərinə bir növ ağız büzərdi. Amma, eyni zamanda, bu bəyənmədiyi həyat tərzinin bütün niyaz-imtiyazlarından da bolluca istifadə edirdi, bahalı hədiyyələrdən – ali məktəbə daxil olduğu il atası ona, “Moskviç” bağışlamışdı – imtina eləmirdi. O illər Zaurun bütün marağı idmanla, caz musiqisiylə, rəqslərlə və qızlarla, xarici geyim-gecimlərlə və xarici filmlərlə bağlı idi.
Valideynləri ev-eşiklərini ağır, zəhmli, tünd mixəyi rəngli köhnə mebellə doldurmuşdular. (Belə mebel sonralar yenə dəbə mindi, amma o illər geriliyin, pis zövqün rəmzi kimi görünürdü Zaura). Valideynləri bufetlərinin üstünü, servantlarının içini bahalı qab-qacaqla doldurmuşdular, masanın, hətta röyalın üstünə də iri büllur güldanlar, mürəbbə vazaları, gülqabılar düzülmüşdü. Valideynləri hind filmlərindən zövq alırdılar, atası saatlarla radiocihazı qurdalayıb ərəb və İran musiqisinə qulaq asardı – ləzzətlə gözlərini də yumardı, qulağını dirəyərdi cihazın dinamikinə, necə deyərlər, “çorta gedərdi” və yalnız hərdən-birdən ağzını marçıldadıb “bəh-bəh” deyərdi. Valideynləri böyük cah-cəlallı məclislər düzəldərdilər, bu məclislərdə uzun-uzadı, adamın ürəyini çəkən duzsuz sağlıqlar deyilərdi. Və valideynləri elə bil iynə üstündə oturardılar: amandır, birdən qonaqların yeri səhv düşər, başda oturmalı qonaq aşağı düşər, aşağıda oturmalı adam başa keçər, amandır, birdən bir adam yaddan çıxıb qalar, sağlığına badə qaldırmazlar, amandır, birdən siyahının sırası, ardıcıllığı pozular: kiminsə ünvanına əvvəlcə sağlıq deyilər (halbuki onun sağlığı sonra deyilməliydi), kiminsə sağlığı sonra deyilər (halbuki əvvəl deyilməliydi) və belə məclislərdə tamadalığa məhkum olmuş bədbəxt, yumordan məhrum biçarə, dəridən-qabıqdan çıxardı ki, məzəli bir söz desin və dediyinə də bircə özü gülərdi, amma qonaqlar da başa düşəndə ki, bu yerdə gülmək lazımdır, birtəhər, zornan irişərdilər... Valideynlərinin bütün bu həyat sistemini Zaur öz-özlüyündə “müsəlmançılıq” adlandırardı və heç fikirləşməzdi ki, bədbəxt müsəlmanlar haçandan sağlıq deyiblər görəsən, haçandan bəri tamada seçiblər?
Bir də ki, saysız-hesabsız qohum-əqrəbaları vardı və tez-tez onlara təşrif gətirən bu yad adamlarla kəlmə kəsmək, xoş-beş eləyib, hal-əhval tutmaq məcburiyyəti vardı... Bir də evlərinə gələnlərlə anasının daimi söhbətləri, qeybətləri vardı: kim necə yaşayır, kimi hara qabağa çəkiblər və məlumdur ki, nə yolla çəkiblər, kim kimin adamıdır, kim kimin arxası, dayağıdır, kim kimin yerlisidir, filankəs filankəslə gəzir, filankəs də filankəslə, filankəs filan qədər qazanır, filankəs filan şeyi alıb, filankəs arvadını döyür, ya filankəs ərinin başına min fırıldaq açır...
Bütün bunlar Zaurçün yad və yabançı idi, onun sevmədiyi, bəyənmədiyi, bəzən, hətta nifrət bəslədiyi başqa bir aləmin bəlirləri idi. Və bu aləmin təzahürləri Zaurun canını lap boğazına yığan vaxtlarda o, hətta öz valideynlərinə də xor baxırdı. Amma qəribədir, bu cür münasibətin nəticəsi tamam başqa olurdu. Zaur bu anlarda valideynlərinə az qala ikrah hissi ilə yanaşsa da, onların sədəqələrindən imtina etmirdi, əksinə, elə bil daxilində valideynlərinə qarşı bir növ ifrat, təmənnaçılıq hissi oyanırdı: müxtəlif şəkillərdə, müxtəlif bəhanələrlə valideynlərindən elə hey bir şey çəkib qoparmaq istəyirdi. Valideynlərindən deyəndə – anası evdar qadındı, atası idi qazanan, amma atasına birbaşa müraciət etməyə cəsarəti çatmırdı, atasıyla aralarında müəyyən pərdə saxlanırdı, odur ki, tələblərini, istəklərini anasının vasitəçiliyi ilə edirdi: “palto, kostyum, almaq istəyirəm”, “səfərim var” və sairə səbəblər gətirirdi. Bəzən ürəyinin sözünü zarafata salıb deyirdi: “kiminçün saxlayırsız bu pulları, bilmirəm, tək bircə balanıza da xərcləməyəndə kimə xərcləyəcəksiniz professorun var-dövlətini?”
Hər istəyinə, hər arzusuna əməl olunurdu Zaurun və qəribədir – valideynlərinin oğullarına qarşı bu səxavəti, bu əliaçıqlığı oğullarında minnətdarlıq hissi oyatmırdı, olsa-olsa içi istehza qarışıq məmnun bir təbəssüm qonurdu dodaqlarına...
O illərdə Zaur su pərisinə oxşayan sarışın saçlı Tanya adlı bir qızla gəzirdi. Tanya idmançı idi, yelkənli qayıqları sürmək üzrə çempion idi. Məlum deyil ki, hansı yollarla Zaurun anası oğlunun kiminlə gəzdiyini iyləyib-çüyləyib bilirdi. Bu əlaqə heç ürəyindən deyildi Zivər xanımın və nədənsə həmişə o qız haqqında cəm halında danışardı:
– Yenə sənin Tanka-mankaların zəng eləmişdi...
Tanka-manka həmin o Tanya adlı qız idi, həmin o su pərisinə oxşayan qayıq çempionu. Və həmin o su pərisinə oxşayan sarışın qayıqçı qız günlərin bir günündə ata-anasıyla Lvova köçdü və Zaurun həyatından həmişəlik qeyb oldu... Zaur az-az xatırlardı onu, hər dəfə xatırlayanda elə bil yaddaşına ilıq bir bahar mehi əsirdi – uzun sarı saçları islanmış Tanyanı gözləri qarşısına gətirən kimi dərhal xəyalında dənizin sonsuz maviliyi – qızın gözləri rəngdəydi bu mavilik – bir də dalğaları yarıb aşan iri ağ yelkənli qayıqlar canlanırdı.
Zaurun atası, geoloji-mineraloji elmlər doktoru, professor Məcid Zeynallı nə qazanmışdısa öz əlinin zəhmətilə, uzun və çətin həyat mübarizələrində qazanmışdı. 30-cu illərdə ucqar bir dağ kəndindən Bakıya gələndə Məcid Zeynallının yamaqlı çəkməsi, bircə dəst boz şalvar-köynəyi və şalvarının cibində cəmi-cümlətanı üçcə manat pulu vardı... Məcid mədənlərdə qara fəhlə işlədi, vağzalda hambal işlədi, hətta bir müddət yeməkxanada aşpaz köməkçisi işlədi. Rabfakın axşam şöbəsində təhsil aldı. Xüsusi bir qabiliyyətə malik olmasa da zəhmətsevərlik, yuxusuz gecələr, inad gücünə universitetə daxil oldu, oranı əla qiymətlə bitirib Leninqrada aspiranturaya getdi... 1936-cı ildə Leninqradda dissertasiya müdafiə elədi, elmlər namizədi oldu. Bakıya qayıtdı və elə həmin il işə düzəldiyi institutun makinaçısı Zivərlə evləndi... Zivərgilin Dağlı məhəlləsində dədə-baba evləri vardı. İkimərtəbəli evin ikinci mərtəbəsini kirayə verərdilər, birinci mərtəbəsindəki iki otaqda isə Zivərin anası və bacılarıyla bir yerdə Məcidlə Zivər düz bir il yaşadılar. Bir il sonra Məcidgil şəhərin mərkəzində azad olunmuş mənzillərdən birinə köçdülər, sonralar qonşularındakı iki otağı da öz mənzillərinə qatdılar və indiyəcən də burada yaşayırdılar...
Qırxıncı ilin sentyabrında Zaur dünyaya gəldi...
Dava düşdü və topçu-zabit Məcid Zeynallı Sevastopolda yaralandı, qospitaldan sonra təcili Bakıya çağrıldı və bir dəstə geoloqla bir yerdə İrana göndərildi. Davanın axırınacan İranda qaldı. İrandan gətirdiyi şeylər içində Zaurun ən çox yadında qalan laklı çəkmələr və əlvan şokolad qutuları idi... Davadan sonra Məcid Zeynallı doktorluq müdafiə elədi, kafedra müdiri təyin olundu və Qırmızı Əmək Bayrağı ordeni aldı.
Təhminənin falında bir şey həqiqət idi: yaşa dolduqca Zaur, doğrudan da, yumşalırdı, mülayimləşirdi. Əvvəla, valideynlərinə qarşı mehribanlaşmışdı. Elə bil münasibəti daha təmənnasız olmuşdu. Doğrudur, yenə də hərdən-birdən anasına: “yaxşı, bir əlivizi cibivizə atın görək, – deyirdi, – professorun pulları kif atıb”, amma indi ata-anasından pulu da elə bil bir növ utana-utana, çəkinə-çəkinə alırdı... İşə girəndən sonra özü də qazanırdı. Doğrudur, donluğu xərcinin onda birini də ödəməzdi, amma, buna baxmayaraq, hər dəfə anasından pul alanda deyirdi ki, borc götürürəm, maaşda qaytaracağam: hər ikisi bilirdi ki, bu günü-gündən artan borc heç bir vaxt ödənilməyəcək...
Bir dəfə isə lap pərt oldu. Əslində bu pərtlik də deyildi, nə isə bir başqa hiss idi. Zaur biləndə ki, atası onun adına üçotaqlı kooperativ mənzil yazdırıb və pulunu da verib, həm bir qədər əsəbiləşdi – “kim bilir haçan hazır olacaq bu mənzil, ondansa bu pulları verəydi, indi xərcləyəydim” – deyə düşündü, həm bir az şəstinə dəydi – deməli, mənim gələcək mənzilim də atamın hesabınadır, amma bir tərəfdən də sevindi – hər halda özünün ayrıca evi olacaq... Belə ayrıca otaq həsrətində olurdu çox vaxt, tez-tez lazım olurdu ona belə bir məxsusi mənzil... Amma hər halda... Bir dəfə atası özü bu barədə söhbət saldı. Bu söhbəti açmaq üçün atası qəsdən elə vaxt seçmişdi ki, Zivər xanım evdə olmasın.
– Əlbəttə, – dedi atası, – biz istərdik ki, həmişə səninlə bir yerdə yaşayaq, amma bilirsən özün də, – bunu gizlətməyin nə mənası var – ananın xasiyyəti tünddür. Sənin gələcək arvadın lap məlaikə olsa da, ikisi bir yerdə yola getməyəcəklər. Ailədə narazılıq, dedi-qodu nəyə lazımdır, ondansa bu başdan işimizi elə tutaq ki, arada hörmət-izzət qalsın... Vaxtdır, sən də gərək evlənmək barədə fikirləşəsən. Bizim də daha baba, nənə olmaq yaşımızdır. Əməlli-başlı fikirləş, hər cəhətcə götür-qoy elə. O vaxta ev də hazır olar... İnşaallah, o vaxta gərək müdafiə də eləyəsən...
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?*Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?*
On altıncı fəsilƏgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,*Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.*
On yeddinci fəsilVəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,*Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.*
On səkkizinci fəsilYandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,*Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.*
Başqa şairlərin şeirləri
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.