İkinci fəsil
Səhifə 1 / 3
Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.
Bu ensiz sahil uzandıqca uzanırdı... Sahil xəttinin əyri-köndələn köbəri gah ləpələri yumruqlar kimi əzən qayalar boyu, gah dümdüz hamar çimərliklər boyu çəkilmişdi. Dəniz balaca, xudmani körfəzciklərdə sahilin bətninə girir, sivri, nazik, qumlu burunları öz altına çəkir, gah qabarıb sahili, qayaları qamarlayır, kiçicik qum adalarını basıb içinə alır, gah da çəkilir – yenidən üzə çıxmış qumlu sahələri – burunları, adacıqları mülayim ləpələriylə tumarlayırdı. Sahilin dənəvər qızılı qumlarını yavaş-yavaş sığallayır, oxşayır, pişik balasını yalayan kimi yalayırdı. Xırda daşları, qumları, balıqqulaqlarını təsbeh kimi bir-bir çevirirdi, sonra qəfilcən rəftarını dəyişir, dalğaları dəli rüzgarlarla qamçılanmış kimi şahə qalxırdı, bayaqkı nəvazişdən, sığaldan əsər-əlamət qalmırdı, külək qumları havaya sovurur, dəniz elə bil yüyürüb qan-tər içində qayalara çatmaq, daşların yalçın sərtliyinə çırpılıb çilik-çilik olmaq istəyirdi.
Bu sahil – Pirşağı tərəflərdəki Mayakdan Mərdəkandan o yana ucalan QRES borusuna qədər uzanmış bu sahil, sahil qəsəbələriylə – Buzovna, Zuğulba, Bilgəhlə Xəzər arasında qalmış bu sahil, qərbə doğru getdikcə Nardaranın, Sarayın, Coratın yanından keçib Sumqayıta çatır və Sumqayıtdan da yuxarı – şimala doğru uzanırdı. Dənizin uzaq üfüqündə tülu edən günəş bütün sahilin üstüylə kos kimi dığırlanıb keçir və axşamtərəfi Zuğulba təpələrinin ardında qürub edirdi. Amma günəş təpələrin dalında gözdən itəndən sonra belə onun maili şüaları – projektor işığı kimi – səmaya sancılırdı və bu şüaların əksi dənizin səthinə qızılı-paslı talalar salırdı. Şüalar get-gedə qısalır, hava get-gedə qaralır və dənizin üzündə qəribə kölgələr dolaşırdı – təpələrin, buludların, qayaların əcaib kölgələri. Sahil evlərinin qızılı rəngə çalan pəncərələri ətrafa həzin bir qəriblik hissi çiləyirdi elə bil. Axşamın bu çağında sahilə kədərli bir dinclik hakim idi – dənizin gecə həyatı başlanmazdan qabaq qısa bir müddət belə olurdu – təkəmseyrək adamlar hələ də çimirdilər, dənizdən çıxmışdılar, onların siluetləri bir qara ləkə kimi görünürdü. Sahildə bir-iki maşın yubanıb qalmışdı... Ala-toranlığın gecə qaranlığına keçdiyi bu son dəqiqələrdə çılpaq bir kişi oğrun-oğrun ətrafa boylanaraq – görən olmasın – qurulanır, geyinir, başını darayırdı... Yubanmış maşınlar səssizcə-səmirsizcə çimərliklə hərəkət edirdi. Çimməkdən qayıdan axırıncı dəstələrin hənirtisi, gülüşü artıq tam qaranlıqlaşmış havada eşidilib itirdi... Çimərlikdən çıxıb uzaqlaşan maşının arxa işıqları iki qan-qırmızı lent kimi maşının ardınca sürünüb gedirdi.
Bu sahil Zaurçün dünyanın ən cazibədar bir guşəsi idi və heç bir tərifli təbiət mənzərəsi-sıldırım dağlar, sıx kölgəli meşələr, gur şəlalələr, köpüklü çaylar, yaşıl vadilər, dərin dərələr, sərin təpələr – heç nə, heç yer qızmar günəşin yandırıb-yaxdığı bu quru, ağacsız-bitkisiz sahilin gözəlliyinə tay ola bilməzdi...
Təhminə: – Havalar soyuyub ha, – dedi.
Zaur uzun tiftikli iri sarı qətfəni maşından ona uzatmışdı. Təhminə qurulanırdı. Dənizdən indicə çıxmışdı və sulardan maşına qədər gəldiyi yolboyu damcı-damcı zəncirvarı iz salmışdı, maşının içinə isə ayağından səpələnən qumları gətirmişdi.
Day çimmək olmaz... Axırıncı dəfədir bu.
Zaur:
– Hə, – dedi və siqaretini sümürdü, – payızdır...
– Üç ay nə tez keçdi Zaur, hə? Yadında birinci dəfə bura gəlməyimiz. Onda iyun idi, hə?
Zaur:
– İyunun beşi idi, – dedi, – mənim dəqiq yadımdadır...
– 5 iyun 1965-ci il. Gərək bu tarixi qayalarda bir yerə həkk eləyəydin. Gələcək nəsillərə yadigar qalsın.
Zaur:
– Altında da yazaydım: Zaur Təhminə və oxla dəlinmiş ürək şəkli çəkəydim, hə?
Təhminə:
– Bəli, – dedi, – bu yay da belə keçdi... Bizim yay...
Zaur çevrilib arxaya baxdı: Təhminə saçlarını darayırdı.
– Gedək?
– Gedək.
Zaur motoru işə saldı və maşını qumlu sahil yollarıyla şoseyə tərəf sürməyə başladı.
Susmuşdular. Təhminə birdən-birə:
– Zaur, – dedi, – bilirsən ki, mən işdən çıxıram?
– Nə?
– Dəyişirəm iş yerimi.
Zaur maşının sürətini azaltdı, elə bil lap saxlamaq istəyirdi, çevrilib Təhminəyə baxdı:
– Necə yəni? Hara belə?
– Televiziyaya. Təsəvvür eləyirsən, məni diktor götürürlər. Bir dostum var, o düzəltdi... Neçə ildi elə hey məni dilə tuturdu ki, gəl televizorda bizimlə işlə, amma onda nədisə fikir vermirdim. İndi birdən yadıma düşdü onun təklifi, o gün götürdüm zəng elədim... Orda işləyir, amma vallah, belə tapşırıqsız-zadsız özüm öz gücümlə getdim, məni sınaqdan keçirtdilər, mətn verdilər, oxudum – azərbaycanca da, rusca da – bəyəndilər... Görünür, moqamına düşmüşəm, elə diktor axtarırlarmış, Moskvadan deyir, verilişimiz olacaq, elə lap yerinə düşdü. Böyüklərdən biri məni təriflədi də: hər iki dildə, deyir, mükəmməl danışırsınız, zahiri görünüşünüz də münasibdir.
Zaur Təhminənin indicə ona verdiyi bu təzə xəbər haqqında düşünür və özü də təyin edə bilmirdi ki, sevinir, yoxsa heyifsilənir. Təhminənin belə bir qərara gəlməsinin səbəblərini bilmirdi, amma hər halda başa düşürdü ki, bu qərar müəyyən dərəcədə onun özüylə – Zaurla, onların münasibətləriylə bağlıdır...
– Niyə birdən-birə bu qərara gəldin axı?
Bilirdi ki, Təhminənin cavabı dəqiq və dürüst olacaq, nə varsa, onu deyəcək.
Təhminə:
– Sənə görə, – dedi.
– Mənə görə?
– Əlbəttə. – Sonra əlavə etdi: – Gündə səni görmək mənə çətin olardı.
– Məni görmək yəni belə məşəqqətdir səninçün?
– Eşitməmisən, aşıq deyib: nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin. Hər gün səni görəcəydim, fikirləşəcəydim ki, daha mənimki deyilsən.
Zaur az qala dilindən qaçırtmışdı: “Məgər mən haçansa səninkiydim ki, indi daha səninki deyiləm”, amma demədi bunu, həmin fikri başqa cür ifadə elədi:
– Nə dəyişib bizim münasibətlərimizdə?
Təhminə səssiz gülümsündü. Zaur görməsə də, elə bil bu təbəssümü kürəyiylə hiss elədi, maşının güzgüsündə Təhminənin sifətinə baxdı. Təhminə təbəssümünü hələ silib atmamışdı üzündən.
– Zaurik, yəni doğrudan sən heç nə başa düşmürsən? – dedi: Doğrudan, başa düşmürsən ki, bizim axırıncı görüşümüzdür?.. Yaxşı, tutalım, axırıncı görüşümüz deyil, bir şəhərdə yaşayırıq, yəqin bir-birimizə rast gələcəyik təsadüfdən-təsadüfə... amma bu son görüşümüzdür. O mənada ki, – yenə gülümsündü, – bir daha bu cür görüşməyəcəyik.
“Niyəsini” soruşmaq istədi Zaur, amma dinmədi, səbəbini özü tapmaq istədi. Axı, Təhminə onu hey məzəmmət edirdi ki, həssas deyilsən, zərif deyilsən, qadınla kişi münasibətlərinin bütün incəliklərini duya bilmirsən. Hiss edə bilmirsan ki, bu əlaqələr nəylə düyünlənir və nədən qırıla bilər... Amma hər halda Təhminənin bu qərarı Zauru çox da sarsıtmırdı. Hətta, müəyyən biganəliklə qarşıladı bu sözləri. Bəlkə də bu, sırf fizioloci bir halla əlaqədar idi. Bir az qabaqkı ehtiraslı, çılğın məhəbbət görüşündən sonra Zaur özündə bir laqeydlik, boşluq, toxluq hiss edirdi. Axır vaxtlar çox tez-tez görüşürdülər, bir də bundan idi bəlkə bu doyğunluq. Bəlkə Təhminə bu xəbəri bir neçə saat bundan qabaq, onlar çimərliyə gələrkən, öpüşlərdən, ağuşlardan, pıçıltılardan və nəvazişlərdən qabaq desəydi, Zaur daha çox narahatlıq keçirərdi. Bir neçə gün, Təhminəni yenidən ağuşuna almaq istəyi çılğın, dözülməz bir ehtirasa çevrilincəyə qədər bu fikrə – “ayrılmaqları”, “bir daha görüşməyəcəkləri” fikrinə nisbətən sakit və biganəliklə baxa bilərdi. “Nə yaxşı ki, o axmaq məktubu cırıb atdım. Təhminəyə göndərmədim – deyə düşünürdü. – İlk yaxınlığın təsiri altında, həm də dəm vaxtımda yazdığım o kağızda nələr qırıldatmamışdım, ilahi... İndi bütün o fikirlər necə də gülməli gəlir mənə, məhəbbət-filan, sənsiz yaşaya bilmirəm, getmə gözümdən, gedərəm özümdən. Nə sevgi, nə filan, əşşi?.. İstək var, ehtiras var, arzu-kamına çatmaq intizarı var, bir də istədiyinə nail olandan sonra doyğunluq, bezginlik, biganəlik var, vəssalam. Qalan hamısı sözdür, havayı söhbətlərdir...”
– Bilirsən bu kimin bağıdır?
Təhminənin səsi Zauru fikirlərindən ayırdı.. Yolun sol tərəfində nahamvar boz daşlardan hörülmüş uca barının arxasında ikimərtəbəli, əyri-köndələn eyvanlı bir ev vardı. Eyvan bulanıq yaşıl rəngə boyanmışdı.
– Yox.
– Murtuzovgilin. Sizin qonşularınızın.
Zaur təəccüblə:
– Murtuz Balayeviçin? – deyə xəbər aldı. – Sən hardan onu tanıyırsan?
– Oğlunu tanıyıram.
– Spartakı? – dedi və elə bil içində nə isə titrədi. Spartakı yaxşı tanıyırdı. Bilirdi nə yuvanın quşudur, qadınlara, illah da gözəl qadınlara nə gözlə baxır. Ümumiyyətlə, bilirdi nə oyunlardan çıxır Spartak. Ağzını Allah yoluna qoyub, qadınlar haqqında nələr danışdığından da xəbərdar idi, Təhminənin Spartakla tanışlığı Zauru heç açmırdı. Amma qəsdən biganəliklə:
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Üç yüz otuz üç!Heç kəs hay vermədi.
Nərgizin Xoruz babaya məktubuSalam, Xoruz baba!Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.
İki – birFələk iki-bir atdı*Bəxtimin nərdi kimi*
Dadaşın professor Teymur Mahmudova məktubuMoskvaDobrolyubov küçəsi, 11-ci ev, mənzil 7