İkinci fəsil
Səhifə 3 / 3 · 67%
– Dad yarımçıq əlindən...
– Dalına qulaq as... Ən çətin sınaqdan orta yaşlarında keçəcəksən... Ömrün haçalanacaq – bax, görürsən, bu haçalanmış xətt – tale xəttidir – haçansa iki od arasında qalacaqsan... Sinnə dolduqca xasiyyətin daha mülayim olacaq, amma zəhmin, zabitən artacaq... Kaş sənin sinli çağını, zəhmli-zabitəli vaxtını görəydim. Zaurik, heç səni bu sifətdə təsəvvür edə bilmirəm...
Yaxşı, mənim məsələmi bildik. İndi öz falına bax.
– Yox, nə danışırsan, qorxuram, heç vaxt öz falıma baxmaram, qoymaram da ki, başqası baxsın. Bir dəfə baxdırmışam, bəs eləyib.
– Baxdırmısan, nə çıxıb ki?
– Demərəm.
Yaxşı, de görək, ürəyimizi çəkmə...
– Yox, yox...
– Özün bil...
Zaur təkid eləmədi və həmişə olduğu kimi indi də inadından vaz keçən kimi Təhminə özü razılaşdı:
– Yaxşı, deyərəm, ancaq bircə şərtlə, – dedi, – bu sirri heç kəsə verməyəsən. Bir sən bil bunu, bir də mən. Ovcumun içinə bax, bu xətti görürsən, burada qırılır, görürsən?
– Hə...
– Bilirsən niyə qırılır burda?
– Yox.
– Bu mənim ömrümdür. Qırılması da ölüm. Erkən ölüm... Bir qoca falçı vardı, o baxıb falıma, o dedi...
– Utanmırsan, ali təhsilli qızsan, başını belə cəfəngiyatla doldurursan.
Elə bil eşitmədi Zaurun sözlərini:
– Bəzən düşünürəm, Zaur, – dedi. – Birdən, doğrudan da, bütün bu sən demiş cəfəngiyat düz oldu, necə deyərlər, çin çıxdı. Günü sabah azarladım öldüm, təyyarədə, ya maşında qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə bilər... Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım gəlir, az qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm, kim mənimçün yanacaq? Ərim? Tutalım bir ay, üç ay heyifsiləndi, sonra hər şeyi unudacaq gedəcək... Başqa kim – qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki həftə yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də iki həftə, ya bağışla, iki həftə çox uzun müddətdir, bir həftə üç gün mənimçün matəm saxladın, dərdə-qəmə batdın, lap saldın ürəyinə... Sonra? Sonra axı sən də unudacaqsan, elə deyil?.. Hər şeyi unudacaqsan... Bu görüşlərimizi də, o sahili də, bax həmin bu eyvanı da... Düz demirəm?
– Səfeh-səfeh danışmaqdan yorulmadın? Nədi elə başına qara-qura fikirlər salırsan, gah ayrılmağımızdan dəm vurursan, gah ölümdən. Gəl yanıma...
Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin səliqəsizliyi vardı – küncdə sement qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı...
Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
– Qəsdən, qəsdən səni bura gətirdim, – deyirdi, – axırıncı dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim...
Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə onsuz – Zaursuz yaşaya bilmir. Buna lap qəti əmin olmuşdu Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə, deyəcəyəm ki, “balam, özün qərar vermədin, axır görüşümüzdür?”. Özü məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
Maşına minəndə Təhminə:
– Amma səni o bağa aparmağımın bir səbəbi də var idi, – dedi.
– Bu səbəbi heç vaxt bilməyəcəksən.
– Nə səbəbdir ki?
– Demərəm.
Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə onda, nə sonra.
...Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi.
Bəlkə də heç yox imiş belə bir səbəb, Təhminə elə-belə, onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?..
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə Zaurun boynundan öpdü:
– Əlvida, – dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı.
“Əlvida. Sağ ol. Hələlik”. Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin altında yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən sahilin qumu, dənizin duzu, isti günün təriylə birlikdə Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər, saçlarını əliylə alnından atdığını, dodaqlarında tükənmiş təbəssümün, gözlərinin dibində sönən son qığılcımlarını Zaur heç vaxt görməyəcək. “Əlbəttə, belə deyil, – deyə düşündü. – Əlbəttə, yenə görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək, vəssalam”.
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Üç yüz otuz üç!Heç kəs hay vermədi.
Nərgizin Xoruz babaya məktubuSalam, Xoruz baba!Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.
İki – birFələk iki-bir atdı*Bəxtimin nərdi kimi*
Dadaşın professor Teymur Mahmudova məktubuMoskvaDobrolyubov küçəsi, 11-ci ev, mənzil 7