Dadaşın professor Teymur Mahmudova məktubu
Moskva
Dobrolyubov küçəsi, 11-ci ev, mənzil 7
Hörmətli və əziz professor! Atəşin salamlar. Cürbəcür işlər adamın başını elə qarışdırır ki, heç bir macal tapıb Sizə məktub yaza bilmirəm. Nəhayət, bu gün, şənbə günü öz-özümə dedim ki, daha nə cür olursa-olsun, gərək vaxt tapıb Sizə bir-iki kəlmə yazam. Məktub yazmıramsa, bu o demək deyil ki, Sizdən xəbərsizəm. Moskvadan gələn tanış-bilişdən həmişə Sizi soruşuram. Səhhətinizin, kef-əhvalınızın sağlam və gümrah olduğunu eşidib çox sevinirəm. Tez-tez mərkəzi mətbuatda imzanızı görəndə ürəyim dağa dönür. Professor, Siz bəlkə heç özünüz də təsəvvür edə bilmirsiniz ki, Sizin adınız, işiniz, taleyiniz, ömrünüz bizim nəsil üçün nə deməkdir. Mən həmişə əsil insanı, yüksək ülvi bir humanist, bütün çətinliklərdən mərd-mərdanə və açıq alınla çıxan bir insanı təsəvvür etmək istəyəndə məhz Sizi düşünürəm. Sizin necə ağır illərdən çıxıb, haqsız ittihamlara məruz qalıb sarsılmaz inam və etiqadla, yenidən qurub-yaradan insanların içində belə ləyaqətli yer tutmağınız yalnız cavan nəslə deyil, elə bizim yaşlı nəslimizə də ibrət dərsidir. Doğrudan, bəzən elə adamlara rast gəlirsən ki, kiçicik bir haqsızlığı, ya kəsiri görüb laqeydləşir, yorulur, yaxasını kənara çəkir, heç nəyə qarışmır, başını girləyir. “Dəymə mənə, dəymərəm sənə, ya azacıq aşım, ağrımaz başım”. Siz isə bütün kəşməkeşlərdən sonra yenə də əvvəlki hünərlə, cavanlıq həvəsiylə, gənclik ehtirasıyla işləyir, çalışır, yaradır, xalqımıza, millətimizə xeyir verirsiniz. Əziz Teymur müəllim, bu təmtəraqlı və pafoslu sözlər üçün məni bağışlayın. Ancaq inanın ki, bu sözlər ürəkdən gəlir, qəlbimin ən dərin, ən səmimi hissələrini ifadə edir.
Əziz professor, keçən yay söz verdiniz gəlmədiniz, heç olmasa bu il sözünüzün üstündə durun. Universitetdə dərsləriniz qurtaran kimi istirahətə bura gəlin, necə deyərlər, doğma vətən torpağı yolunuzu gözləyir. Gedək bir əməlli-başlı Azərbaycanı gəzək. Qalxaq Göy gölə. Özüm öz əlimlə Sizə yaxşı bir kabab çəkim. Ötək ordan Şuşaya, Laçına, Kəlbəcər tərəfə. Siz ki maşallah, belə səyahətlərin aşnasısınız. Sonra da Bakıda bizdə bir köhnə dost-aşnaynan yığışaq, armudu stəkanlarda bir yaxşı məxməri çay içək, bir nərd ataq. (Nərd oynamağı unutmamısınız ki?) Yeri gəlmişkən, bildir Yəhyayla Sizə bir nərdtaxta göndərmişdim. Nuxada bir ustaya şəxsən özüm sifariş vermişdim. Belə ayrı aləmdi, əl işi... Bilmirəm xoşunuza gəldi, yoxsa, yox? Burda sağ-salamatlıqdır. Səfdər kişinin arvadı öldü. Mina xanım, bilmirəm yadınıza gələr, ya yox? Bəli, professor, bizim nəsil də yavaş-yavaş seyrəlir. Baxırsan köhnə dostlardan kim qalıb? Kimdi qalan o vaxtın adamlarından? O vaxt, Sizin işə götürdüyünüz adamlardan indi idarədə qalan bir mənəm, bir Səfdər, bir də Məmməd Nəsir. Məmməd Nəsir zalım oğlu da elə hey içir. Onu vaxtında evləndirmədik ki, bəlkə arvad ipə-sapa yığaydı. Yoxsa indi tək adamdı, nə vecinə? O gün az qala işdən qovacaqdılar. Qoymadım. Durdum dedim, atacaqsınız bayıra, neyləyəcək? Bayıra atmaq asandır. Gəlin bir məsləhət eləyək, qolundan tutaq, kömək eləyək. Köhnə işçidir, idarənin veteranıdır. Savadlı korrektordur. Hələ siz cavanlar ondan çox şey öyrənə bilərsiniz. Bilirsiniz də professor, cavanlardır, odlu-odlu danışırlar, elə bilirlər hamıdan ağıllıdırlar. Deyirəm onlara ki, biz sizin yaşda olmuşuq, amma siz hələ bizim yaşa çatmamışsınız. Odur ki, siz biləni biz çoxdan bilirik, amma biz biləni siz hələ bilmirsiniz. Uzun sözün qısası, saxlatdım Məmməd Nəsiri. Sizi də köməyə çağırdım. Dedim bəs professor da eşitsə, bizdən inciyər, axı, Məmməd Nəsiri bura işə o götürüb.
Nə isə, əziz professor. Sizə xeyli başağrısı verdim. Ancaq Sizə bir işim də düşüb. Bilirəm, indi Sizin yerinizə başqa adam olsaydı, düşünə bilərdi ki, hə, işin düşüb, elə məktubu da onunçün yazmısan. Ancaq mən sizin qəlbinizin genişliyinə bələdəm, bilirəm ki, belə dar fikirlərə düşməzsiniz. Hər halda, mənim haqqımda belə düşünməzsiniz. Məsələ ondadır ki, biz burada “Tarixi şəxsiyyətlər” seriyası buraxmaq haqqında təşəbbüs irəli sürmüşük və prinsipial razılıq almışıq. İndi bu məsələnin təsdiqini Moskvada bir az tələsdirmək lazımdır. Mən özüm bu iş üçün Moskvaya gəlmək istəyirdim. Ancaq sonra fikirləşdim ki, heç kəs bu işə Sizin kimi kömək edə bilməz. Sizin orada necə böyük nüfuza malik olduğunuzu yaxşı bilirəm və odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, bu işə himayədarlıq edin. Əgər prinsip etibarilə razısınızsa, konkret məsələlər barəsində Sizə yeni bir məktub yazaram:
Ayrı elə bir yenilik yoxdur. Bizim Aqil bu il orta məktəbi qızıl medalla bitirib. Meyili də Moskvayadır. Ali məktəbi orda oxumaq istəyir. Deyirəm, elə bilirsən asandır Moskvada imtahan verib ali məktəbə qəbul olunmaq? Amma heç bir şey eşitmək istəmir. Hələ özü də bilmir hansı sahəyə gedəcək. Bəlkə Siz bir məsləhət verəsiniz. Nə isə... bu da bir problemdir.
Hörmətli professor. Cavabınızı səbirsizliklə gözləyirəm. Daha böyük bir intizarla Sizin özünüzü burada gözləyirik.
Dərin hörmət hissiylə Dadaş
5 iyun 1965
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-dadasin-professor-teymur-mahmudova-mektubu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox,*Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox.*
On yeddinci fəsilVəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,*Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.*
On səkkizinci fəsilYandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,*Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.*
EpiloqÖylə sərməstəm ki, idrak etməzəm dünya nədir,*Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.*
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Təbriz gözəlinəAnır xəyalını könlüm, gözəl mələk, hər yaz,Qırıq qanadlı göyərçintək eləyib pərvaz.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım