Səhifə 1 / 2

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.
Gərçi canandan dili-şeydam üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili şeyda nədir.
Hikməti – dünyəvü mafiha bilən arif deyil,
Arif oldur bilməyə dünyəvü mafiha nədir.

...bilmirdi ki, Təhminəni bir də görəcək ömründə... Bilmirdi ki, bir axşam Təhminənin səsini eşidib diksinəcək, televizorun qabağına qaçacaq və ekranda görəcək Təhminəni – həmin o Moskva verilişinin videoyazısını verirdilər. Həmin o verilişdə Təhminə Zauru ad günü münasibətilə təbrik etmişdi, təbriki kəsmişdilər, amma Təhminənin Zaura həsr etdiyi hərəkəti – əliylə alnından saçlarını atması qalmışdı. O axşam Təhminənin ölüm xəbərini bildiyi günün axşamı – Bakıya gəldikləri ilk axşam Zaur öz-özünə söz vermişdi ki, qızı olsa adını Təhminə qoyacaq. Bilirdi ki, ailədə narazılıq, söz-söhbət olacaq bunun üstündə, vaxt keçdikcə bu niyyətinin çətinliyindən qorxurdu Zaur və bilmirdi ki, doğrudan da, qızı olsa vəziyyətdən necə çıxacaq, öz-özünə verdiyi sözün üstündən keçmək də istəmirdi bir yandan, artıq-əskik söhbətlərdən, qeybətlərdən, dedi-qodulardan da qorxurdu. Xoşbəxtlikdən oğlu oldu və uşaq olmamışdan iki ay qabaq Firəngizin atası Murtuz rəhmətə getdiyi üçün oğlanın adını Murtuz qoydular, Murtuz Balayeviç infarktdan öldü, çünki Spartak tutulandan sonra kişinin lap beli qırılmışdı. Spartak valyuta məsələlərində ilişmişdi, beş il kəsmişdilər Spartaka və məhkəmənin bu qərarından sonra bütün Murtuzovlar ailəsinin, o cümlədən də Alya xanımın tamam tası yatmışdı və Zivər xanım da ürəyində sevinirdi ki, qudasıgilin əməlli-başlı burunları ovulub.

Zaur indi öz valideynləriylə az-az görüşürdü. Murtuzovgilə isə ildə-ayda bir baş çəkirdi, amma Alya uşaq olandan sonra qızı Firəngizə çox kömək elədi, Zaur bir müddət geoloji ekspedisiyada oldu, sonra Bakıya qayıtdı və atasının köməyiylə nazirlikdə işə düzəldi. Zaur artıq dəqiq bilirdi ki, heç bir vaxt dissertasiya-filan yazası deyil, odur ki, nazirin referenti vəzifəsini təklif edəndə ona məmnuniyyətlə razılaşdı. Bu iş Zauru yeni çevrəyə daxil elədi və ona indi qəribə gəlirdi ki, haçansa cavanlıq vaxtlarında bu sayaq vəzifələrə rişxənd edərdi. Yadındadır, haçansa Zaur başqa bir nazirin köməkçisi vəzifəsində işləyən bir dostunu lağa qoyardı. Dostu deyəndə ki, “sabah kişiylə Moskvaya uçuruq”, Zaur həmişə elə təsəvvür edirdi ki, dostu Moskvaya nazirin çemodanını daşımağa gedir. Ona elə gəlirdi ki, dostu nəinki nazirin çemodanını, hətta, nazir arvadının hamam boğçasını da daşıyır. Niyə belə düşünürdü – məlum deyil, axı, təbii ki, nazirin arvadının heç bir hamam boğçası-filan yox idi, çünki hamama getmirdi, özlərinin vannaları vardı, ona nə gəlmişdi ki, hamama getsin? Həm də boğçayla?.. Bəlkə bu təəssürat ondan doğmuşdu ki, Zaur bir dəfə həmin dostunu bazarda görmüşdü – nazirgilə bazarlıq edirdi. Zaur özü də təbii ki, heç bir çemodan-zad daşımırdı, bazarlıq-filan etmirdi, amma hərdən o da görürsən öz naziriylə Moskvaya gedirdi. Nazir sinli kişi idi, hərdən görürsən çox nəzakətli bir tərzdə Zaurdan xahiş edirdi ki, mehmanxanada onun yanında qalsın, lazım olanda növbətçidən çay dəmlədib gətirsin və bəzən nazir Qosplanda mühüm iclasa başı qarışanda Zaurdan onu da rica edirdi: madam boşsan, bir mağazaları gəz. Arvadının və qızının verdiyi siyahıya əsasən xırım-xırda şeylər almaq tapşırırdı. Təbii ki, pulunu da verirdi.

Nazirin arvadı da çox mədəni və nəzakətli xanım idi. Zaurla hörmətlə danışırdı həmişə, çalışırdı ki, heç bir tövrlə onun izzət-nəfsinə toxunmasın, amma əlacsız qalanda bir-iki dəfə Zaurdan xahiş eləmişdi, usta tapıb gətirsin, vannalarının xarab olmuş kolonkasını düzəltdirsin, çünki ərinin başı elə qarışıqdır ki, ev işlərinin qeydinə qalmağa heç cür macal tapa bilmir. Zaur başa düşürdü hər şeyi, amma əslində elə onun özünün də işi başından aşırdı, nazir üçün müxtəlif kağız-kuğuzlar, sənədlər, vəsiqələr düzəldirdi, qəbula yazılmışları yola verirdi, nazirə gələn məktubları seçib sahmana salırdı, nazirin imzasıyla cavablar hazırlayırdı. Tez-tez nazirlə rayonlara gedirdilər, gündüz işlərini qurtarandan sonra axşam tərəfi qonaq evində rayon rəhbərlərinin iştirakıyla keçirdikləri xudmani məclislərdə nazir azacıq içməli də olurdu və balaca dəmlənəndə Zaura “sən” deməyə başlayırdı. Həmişə rəsmi danışan bu sərt və quru kişinin elə bil çiçəyi çırtlayırdı, südü daşırdı. Zaura: “sənin işindən razıyam, – deyirdi, – bir neçə il də işlə, sonra səni pərvazlandırıb uçurdacam”, – deyirdi və əlavə edirdi ki, “sənin haqqında lazımi yerlərə də məlumat vermişəm, vaxt gələr, yaxşı müstəqil işə keçərsən...”

Amma bədbəxtlikdən günlərin bir günü hörmət və ehtiramla pensiyaya göndərdilər naziri. Yeni nazir nisbətən cavan idi, iş başına keçəndən bir müddət sonra yavaş-yavaş əvvəlki nazirin adamlarını təmizləməyə başladı və Zaura da qandırdı ki, onun yerinə başqa namizədi var. Zaur ərizəsini verdi və bu vaxta atası Məcid də artıq dünyadan köçdüyü səbəbdən yaxşı bir iş tapa bilmədi özünə. Ancaq Dadaşın mərhəməti sayəsində yenidən həmin o nəşriyyata – köhnə yerinə qayıtdı... Zaurun bir uşağı da oldu – bu da oğlan idi, iki ildən sonra üçüncü oğlu da oldu və üç ildən sonra axır ki, qızı gəldi dünyaya. Zivər xanım bu qız nəvəsini görə bilmədi, uşağın dünyaya gəlməsindən on gün qabaq rəhmətə getdi və qızın adını Zivər qoydular... Üç ildən sonra Alya xanım da öldü, otuz ildən sonra onların çevrəsindəki adamlardan Dadaş, Səfdər dayı, Tahirə, Cabbar artıq yox idilər dünyada. Muxtar da yox idi. Təhminə ölən il onun idarədə nə isə davası olmuşdu, köçüb bir müddət Moskvada yaşadı, orada işi pis gətirmirdi, sonra nədənsə yenidən Bakıya qayıtdı və avtomobil qəzasına düşüb həlak oldu... XX əsrin axırına onların çevrəsindəki adamlardan Nemət, Süreyya, Zaur və Firəngiz sağ idi. Spartak da beş ilini çəkib çoxdan çıxmışdı azadlığa və türmədən çıxandan sonra tamam başqa adam olmuşdu, dəyişmişdi. Bəli, bizə tanış olan bu adamlardan sağ qalanları – Nemət, Süreyya, Zaur, Firəngiz, Spartak bir gün yığışmışdı hamısı bir yerə nəyisə qeyd eləməyə, deyəsən, Murtuzun – Zaurun oğlu Murtuzun ad günüydü. Bəlkə də yox, heç ad günü deyildi, bəlkə də o vaxt, yəni XX əsrin axırlarında ad günlərini qeyd etmək heç dəb olmayacaq, kim bilir? Hər halda müəllif ki, bunu dəqiq bilmir və müəllif onu da bilmir ki, o vaxt kitab oxuyacaqlarmı, sevəcəklərmi, öləcəklərmi, yaxud bir üsul tapıb ölümdən yaxalarını qurtaracaqlarmı insanlar? Ölümsüzlük qazanacaq və bu ölümsüzlüyün öhdəsindən nə sayaq qurtarmağın fikrini çəkəcəklər? Nə isə əlqərəz, bir gün yığışmışdılar bütün bizim diri qalmış qəhrəmanlarımız, yaxşıca nahar edib nərd atırdılar (dadlı naharlar və nərd, şübhəsiz, o vaxt da olacaq) və söhbət arası kimsə birdən Təhminəni yada saldı. Nemət idi, deyəsən Təhminəni yada salan, dedi ki, bu gecə qəribə yuxu görmüşdüm, heç ağlıvıza gəlməz kim gəlib girmişdi yuxuma – Təhminə. Bəli, Təhminə, özü də o vaxtkı yaşında, cavan, hamımızın yadında necə qalıbsa, bax o sayaq – gözəl, yaraşıqlı, cazibədar... Bu sözün üstündən Spartak dedi ki, qəribədir, bu günlərdə küçədə bir qadına rast gəlib, elə bil Təhminəylə iki almadır tən bölünüb. Əgər Spartak qəti bilməsəydi ki, Təhminənin uşağı-zadı yoxdur, and-aman eləyərdi ki, yəqin qızıdır, adam da adama bu qədər bənzəyərmiş. Ən qəribəsi də odur ki, həmin o qadın bugünkü çağın dəbiylə deyil, Təhminənin cavanlıq illərindəki dəblə geyinib-gecinmişdi, yalançılar sözü, lap elə bil Təhminənin ovaxtkı paltarlarından birini keçirmişdi əyninə... Nemət dedi ki, yəqin insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar – fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar. Biz də yəqin Təhminəni xatırlayan axırıncı adamlarıq, sonuncu nəsilik.

Bu sözlər yaman beyninə batdı Zaurun, amma döymədə Spartaka iki tas uduzub unutdu bu fikri... Zaur bilmirdi...

* * *

Xəyalilə təsəllidir, könül meyli vüsal etməz
Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.

...bilmirdi ki, bir qədər də keçəcək və bir axşam, yağışlı bir axşam, yağışlı payız axşamlarının birində, qüssəli, yağışlı payız axşamlarının birində beli bükülmüş, sinli bir kişi avtobusdan düşəcək. Qoltuğunun altında nimdaş portfeli olacaq bu kişinin – portfelin içində kağızlar, çörək, kolbasa, pendir, bir də gündəlik qayğıları olacaq. Bəlkə kişi tindəki köşkün qabağında ayaq saxlayacaq, qəzet alacaq... Bəlkə yadına düşəcək ki, siqareti, kibriti qurtarıb, satıcıya pul verəcək (əlbəttə, əgər o vaxtlar pul hələ işlənəcəksə), siqaret alacaq, pulun qalığını hesablamadan cibinə atacaq. Sonra yavaş-yavaş evinə tərəf addımlayacaq... Televizorun (ya o zaman televizorlar olmayacaq, qoloqraflar olacaq, kim bilir) axşam proqramı haqqında, sabahkı işləri haqqında düşünəcək. Düşünəcək ki, oğluna çəkmə almalıdır, qızına palto, arvadına plaş və öz plaşını da təmizlənməyə verməlidir... Düşünəcək ki, qaz plitəsini təmir etdirmək və dama qır saldırmaq lazımdır, yayda kurorta getmək üçün pul yığmaq lazımdır (əgər o vaxtlar pul işlənəcəksə hələ). Düşünəcək ki, təzə müdirlə heç dil tapa bilmir, düşünəcək ki, hava yaman pisdir və düşünəcək ki, çox mənasız bir ömür sürüb bu dünyada.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri