Epiloq
Səhifə 2 / 2 · 50%
Birdən diksinəcək: ona elə gələcək ki, küçənin o tərəfindən gənc bir qadın buruldu tini və dərhal da qeyb oldu... və bu qadının uzaq kölgəsi qəfil külək kimi onun ürəyinin içində əsəcək, unudulmuş bir qoxunu gətirəcək onun xəyalına... və qocanın qəlbində – dünyada ən basılmaz qüvvə olan bir hiss – ümid oyanacaq. Ümid bir anlığa çoxdan ötüb keçmiş gəncliyinin bütün şirin-acılarını qaytaracaq ona və sevdiyi bütün qadınlar okeanda itmiş uzaq adalar kimi gəlib keçəcək gözlərinin önündən. Keçib gedən kölgəni haqlamaq, tutub saxlamaq istəyəcək, amma dərhal da bu fikri başından qovacaq və aramla yoluna davam edəcəkdir. Tinə çatanda dayanacaq ki, nəfəsini dərsin, çünki bu yoxuş lap adamın kələyini kəsir. Öz-özünə kənar şeylər haqqında düşünməyi qadağan edəcək, ancaq axşamkı televerilişlər (yaxud qoloverilişlər) haqqında, hava haqqında və belindəki yel xəstəliyi haqqında fikirləşməyə icazə verəcək... Lap onun böyründən vıyıltıyla keçən motosiklet yağış gölməçəsini onun üstünə çıldırladacaqdır. Motosikletdə isə cavan oğlanla cavan qız oturacaqlar, qız oğlanın boynunu bərk-bərk qucaqlayacaqdır və qoca kişiyçün həmişəlik qırmızı görünən işıqfor cavan motosikletçilər üçün yaşıl çırağını yandıracaqdır... Nə biləydi qoca.
* * *
Həq bilir, yar deyil, canü-dilimdən qaib
Nola gər qaib isə dideyi-giryanımdan.
...Nə bileydi Zaur ki, bir neçə gün də keçəcək, bəlkə də bir neçə ay keçəcək, il keçəcək və Zaur yenə də günlərin bir günündə – daha buna heç şəkk-şübhə ola bilməz – yenə də günlərin bir günündə Təhminəni görəcək... Onlar az qala sifət-sifətə toqquşacaqlar – Zaur və Təhminə... Təhminə Zauru görüb gülümsünəcək – həmin o ağ düyməli qırmızı paltarında olacaq Təhminə, həmin o otuz il bundan qabaqkı paltarında və belə məlum olacaq ki, vaxtın Təhminəyə heç bir dəxli yoxdur – heç dəyişməyib Təhminənin nə sifəti, nə bədəni, nə yaşı... Otuz il əvvəlki təkin gülümsünəcək Zaura və Zaur da dili-dodağı titrəyə-titrəyə Təhminənin adını çəkəcək, amma adını çəkən kimi Təhminə çevriləcək, küçədəki adamlara qarışıb itəcəkdir. Bir az sonra Zaur onu metronun qabağında görəcək, dalıyca qaçacaqdır və yenidən görəcəkdir Təhminənin qırmızı paltarını metro vaqonunun içində... Qapıları bağlanmış, hərəkətə gəlmiş qatarın pəncərəsindən Təhminə ona əl eləyəçək, gülümsünəçək və Zaur o biri qatara minib dalınca gedəcəkdi. Daha Təhminəyə çatacağına ümidi olmayacaq, amma gələn dayanacaqlarda metrodan düşəcək. Bütün perronu ələk-vələk edəcək, eskalatorla yer üzünə çıxacaq, küçədə ora-bura döyükəcək və nəhayət, bir daha görəcəkdi onu – yeni mehmanxanaya girən vaxt görəcək... Dalıyca ora qaçacaq və görəcək ki, elə bu dəm Təhminə liftin içinə girdi. Zaur liftin qapısına tərəf atılacaq, amma qapılar bu vaxt bağlanacaq, Zaur divardakı işıq tablosuna baxacaq – tabloda liftin hərəkəti görünəcək – mərtəbələrin rəqəmləri bir-birini təqib edəcək – 2, 3, 4, 5, 6. Lift altıncı mərtəbəyə çatıb dayanacaqdır. Zaur düyməni basacaq və lift yenidən birinci mərtəbəyə qayıdacaq, tabut kimi ağır və əzəmətlə gələcək Zaurun qabağına; qapılar açılacaq, Zaur liftin içinə girəcək, altıncı mərtəbənin düyməsini basmaq istəyəcək və bu zaman məlum olacaq ki, altıncı mərtəbənin düyməsi yoxdur, çünki heç altıncı mərtəbənin özü də yoxdur, ev beşmərtəbəlidir. Çöldəki işıq tablosunda da yox imiş altıncı mərtəbə, Zaurun gözünə görünübmüş bu rəqəm. Zaur and içə bilərdi ki, lift məhz altıncı mərtəbəyə qalxmışdı. Hər halda beşinci mərtəbəyə qalxacaqdı Zaur, növbətçini sorğu-suala tutacaqdı, növbətçi də deyəcəkdi ki, heç bir qırmızı paltarlı qadın görüb eləməyib. Zaur bütün mərtəbəni gəzəcək, axtaracaq, sonra isə yanğın nərdivanıyla dama qalxacaqdı. Damda isə gözəl may gecəsindən, ulduzla dolu səmadan, eşqbazlıq edən pişiklərdən başqa heç nə və heç kim yox idi; təzəcə basılmış qırın iyi gəlirdi, vəssalam...
Bu qəribə və izahsız vaqiədən başqa Zaurun həyatında ömrü boyu heç bir əcaib, qəribə, anlaşılmaz hadisə olmamış və olmayacaqdı: işi, ailəsi, uşaqları, dostları, tanış və qeyri-tanış adamlar vardı Zaurun həyatında, onlar doğulurdu, ölürdü və bir də qəbiristanlıq vardı, bu qəbiristanlıqda qərib bir məzar vardı və məzarın üstündə Təhminənin adı, famili və 1941-1965 rəqəmləri yazılmışdı. Mədinənin, Manafın və Muxtarın ölümündən sonra daha bu qəbrin üstünə heç kəs gəlmirdi...
* * *
Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm.
Nə gördü badədə bilməm kim oldu badəpərəst.
Müridi-məşrəbü zöhhad gördüyün könlüm.
Füzuli eylədi ahəngi – eyşxaneyi Rum.
Əsiri-möhnəti-Bağdad gördüyün könlüm.
Səhər saat yeddidə dəmiryol vağzalının bufetində oturmuşdular, şirin çaxır içirdilər, boyat çörəklə, qupquru qurumuş holland pendiriylə yavanlıq edirdilər. Məmməd Nəsir Zaurun söhbətinə diqqətlə qulaq asıb soruşdu:
– Neçənci mərtəbəyə qalxdı?
Zaur:
– Altıncıya, – dedi – başımı verərəm ki, səhv etmirəm, öz gözlərimlə görmüşdüm 6 rəqəmini... Amma bina da beşmərtəbəlidir axı...
Məmməd Nəsirin yaşı həştadı çoxdan keçmişdi, amma hələ də gümrah idi və allahın var günü səhər tezdən bir-iki stəkan “Ağdam” portveyni vurardı bədənə. Doğrudur, indi əvvəlkindən çox-çox az içərdi, amma əvvəlki təkin mütəmadiyən hər gün içərdi... Axır vaxtlar tez-tez Zaurla içərdilər – illər keçdikcə onların yaş fərqləri itib getmişdi və indi kənardan baxan elə güman edərdi ki, iki qoca şərab içə-içə ötən günləri, keçmiş xatirələri yada salır, nəşriyyatda birgə keçmiş uzun ömürlərindən söhbət edirlər...
Zaur bir də təkrar etdi:
– Bina axı beşmərtəbəli idi...
Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil baxışlarıyla divarı deşib harasa çox-çox uzaqlara baxırdı, sonra qəfildən belə bir kəlam bəyan etdi:
– Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
1974-1978
Bakı-Moskva-Göyçay
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-epiloq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Başqa şairlərin şeirləri
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
چشمت به غمزه کشت دو صد بیگناه راکو داوری که داد رسد دادخواه را
Dənizin cinayətiGörməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Narın üzYaradanım qələm çalsa gözələ,Sən sürtəsən narın üzə narın üz.