Səhifə 1 / 7

Siqareti siqaretə calayırdı: “Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır”.

“Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da”.

Zaur maşının saatına bir də baxdı, sonra qol saatına baxdı. Sözləşdikləri vaxtdan düz 45 dəqiqə keçirdi.

“On beş dəqiqə də gözləyim. Olsun bir saat. Əgər gecikirsə, bir saat bəsidir. Ondan artıq mən heç Bricit Bardonu da gözləməzəm. Yox, əgər mənimlə zarafat eləmək fikrinə düşübsə, nə olar, heç eyib etməz, mən də papaq altında qalan oğlanlardan deyiləm”.

Yeddi dəqiqə də keçdi.

Son siqareti damağına qoydu. Boşalmış qutunu xışmalayıb ovcunda əzdi, tuşlayıb səkidəki zibil qutusuna atdı.

Maşının gözünü açıb təzə qutu götürdü, cibinə qoydu, rulu tumarlamağa başladı.

Lap qulağının dibində səs eşitdi:

– Bağışla, deyəsən, bir az gecikmişəm.

Bayaqdan bəri bu səsi gözləyirdisə də diksindi, qanrılıb baxdı. Təhminənin qırmızı paltarının ağ düymə cərgəsini gördü.

– Zərər yoxdur, – dedi, – keç bu tərəfə.

Qapını açdı. Təhminə içəri keçdi, əlindəki iri ala-bula çantanı Zaura uzatdı.

Zaur:

– Ver çantanı bura, – dedi, – arxaya qoyum. Nə yığmısan bura bir belə?..

– Heç, bir az yemək götürmüşəm.

Zaur maşını işə saldı, hərəkətə gətirdi...

– Yemək? Yemək neyləyirsən, evdə yeyəydin də, – üzünü Təhminəyə tərəf çevirib bığaltı gülümsündü, – iki saata qayıdarıq da...

Təhminə maşının güzgüsünü üzünə tuşlayıb, saçlarını düzəldirdi.

Yeməyinə yemişəm. Dedim birdən yubandıq. Acsaq...

– Aa... belə de, – mənalı-mənalı Təhminəni süzdü. “Pah atonnan! – deyə düşündü, – gör dünyanın nə günüdür?! Yad kişiylə plyaja gedir. Özü də bilir niyə gedir, amma tədarükünü də yaddan çıxarmır. Qarının da qeydinə qalır. Bəli, XX əsrdir, Zaur kişi. Romantika vaxtı çoxdan keçib”.

– Hansı tərəfə gedək? – deyə Təhminədən soruşdu. Təhminə dərhal:

– Pirşağı tərəfə, – dedi. – Pirşağıdan da o tərəfə bir plyaj var. Yaxşı yerdir, sakit, adamsız...

“Görünür, yaxşı bələddir. Kişinin qızının əməlli-başlı səriştəsi varmış. Kül başına, Manaf!”

– Uşaqlıqda Pirşağıda bağımız vardı. Atam sağ olanda. Çimməyə həmişə o tərəfə gedərdik. Bir qiyamət qayalıq var orda...

Səs-küylü, adamlı küçələrdən keçib geniş şoseyə çıxdılar. Yol basırıq idi. Şənbə günü axşama doğru elə bil bütün şəhər maşın-maşın, avtobus-avtobus sahil bağlarına tərəf axışırdı. Maşınların dal şüşələri bostanı andırırdı: xiyar, qovun pomidor...

Boy-buxunu, yaraşıqlı sifəti, idmançı inadı və başqa keyfiyyətləri Zauru erkən kişiləşdirmişdi. İyirmi üç yaşında çox şey görmüşdü. Təcrübədə kamilləşmiş fitri bir məharətlə hər növ, hər çeşidli qadınla söhbət sala bilir, söhbətdə hər şeyin faizini, dərəcəsini, məqamını da bilirdi. Nə dərəcədə qəlizdən qırıldatmaq, neçə faiz yumor, ikibaşlı eyhamlar. İncə mətləblərə keçmək məqamını da duyurdu, incə söhbətdə müvazinət saxlamaq ustalığı da vardı. Yeri gəldikcə gah adam üzünə həyəcan göstərir, tutulur, özünü itirir, gah da adamına görə açıq-saçıq danışırdı. Təhminənin özüylə də küncdə-bucaqda müxtəlif çeşidli söhbətlərdən az eləməmişdi.

Amma bax indi, onun, nağıllarda demişkən, arzu-kamına, muradına çatmasına lap az qalan bir zamanda, onu məqsədinə doğru saatda 80 kilometr sürətlə aparan bu maşının içində gözlənilməz bir acizliklə danışmağa söz tapmırdı. Bilmirdi nədən başlasın, hansı səmtdən gəlsin, Təhminə də susmuşdu.

Birdən Zaurun yadına Məmməd Nəsir düşdü.

– Nə olub, niyə gülürsən?

– Heç əşi, yadıma düşdü bir şey. Bayaq qayıtmışam idarəyə, bir də gördüm...

Məmməd Nəsirin öz-özüylə nərd oynamasını yerli-yataqlı danışdı. Deyəsən, əhvalatın duzu Təhminəyə çatmadı:

– Bəyəm adam öz-özüylə nərd oynaya bilər?

– Yox da elə məsələ ondadır. Heç kəsi tutub tovlaya bilməyib, odur ki, öz-özüynən oynayır.

Təhminə:

– Məmməd Nəsir çox qəribə tipdir, – dedi.

– Əşi, ayrı aləmdir. Keçən yay bunun bacısı qızı universitetə girir. Yəqin içib dəm olub, lovğalanıb ki, bəs mən düzəldərəm. Mənim bir yoldaşım universitetdə işləyir, o danışır: deyir, görürəm bir gün bu Məmməd Nəsir dayanıb universitetin qabağında yetim quzu kimi büküb boynunu. İçəri buraxmırlar. Özü də bir balaca dəmdir. Bəs, qapıçıya dedim ki, burax onu, bilirsən bu kimdir? Böyük adamdır. Buraxdırdım onu içəri. Bacısı qızı da yanında imiş. Deyir içəri keçən kimi belini düzəltdi, yanındakı qızın əlindən dartdı birbaş imtahan verilən otağa. Mən də, deyir, düşdüm bunların dalınca, görüm bu neyləyəcək. Açdı, deyir, sinif qapısını, girdi içəri, bəli, imtahandır, uşaqlar oturub. Komissiya-filan. Komissiyada da bir Rəhim var, odur, bir də Cavanşir var, köhnə müəllimlərdəndir, odur. Bəli, Məmməd Nəsir, deyir, kamal ədəblə bunlara salam verdi, dedi, bəs Cavanşir, məni tanıyırsan? – Bəli, tanıyıram. – Çox əcəb, çox gözəl. Rəhim, sən necə? – Bəli, mən də tanıyıram, Məmməd Nəsir. – Çox əcəb. Bax bu mənim bacım qızıdır. Bildiniz də? Daha ayrı söz demirəm. Bacım qızı! Bildiniz? – Bəli bildik. – Hə, qızım, keç otur. Xatircəm ol. Vəssalam! Di salamat qalın, – deyib otaqdan çıxıb, bir də qayıdıb ki, bağışlayın a, siz də bağışlayın, uşaqlar. Sonra çıxıb gedib, bacısıgildə basıb kəsib ki, bəs, sən arxayın ol, ürəyini buz kimi elə. Elə bil ki, qızın oturub universitetdə leksiyada.

Maşın bol gediş-gəlişli şəhərbasardan çıxıb, getdikcə seyrəkləşən yolla irəliləyirdi.

Susmuşdular. Bir azdan sonra Təhminə:

– Yaxşı, nə olub, qəbul eləyiblər qızı? – deyə soruşdu.

– Hardan qəbul eləyəcəklər? Tökülmüşdü. Kəsiblər gedib.

– Niyə?

– Necə niyə? Məmməd Nəsirin ağzına baxan kimdir? Adamı o cür tapşırarlar?

Təhminə:

– Əlbəttə, – dedi, – tapşırmağın da öz ritualı, qayda-qanunları var. Necə deyərlər, zəngin adət-ənənələri. Əvvəlcə kənar söhbətlər, sizin it bizim ərsini apardı, o yandan, bu yandan, havalar xoş keçir, daha nə var, nə yox, sonra belə sözarası kiçik bir işarə, ehyam, arifsən, gərək başa düşəsən, sən mənim işimi düzəlt, biz də xəcalətdə qalmarıq, filan-peşməkan, əl-əli yuyar, əl də üzü...

Zaur:

– Eh, kim kimədir, – dedi. Bir qədər susandan sonra Məmməd Nəsirlə əlaqədar başqa bir əhvalatı xatırladı. – Məmməd Nəsirin müdirimizlə olan əhvalatından xəbərin var?

– Yox.

– Bir gün Cəfər müəllim küçədə Məmməd Nəsirə rast gəlib. Deyib: axşamın xeyir, Məmməd Nəsir. Bir də görüb ki, Məmməd Nəsir iki əlini başına çəkdi ki, vay, Cəfər müəllim, bütün mayam batdı. Kişi başa düşməyib: – Nə danışırsan Məmməd Nəsir, nə mayabazlıqdır? Deyir: bəs, Cəfər müəllim, əməlli-başlı özümə maya qoymuşdum. İçib əntiqə dəm olmuşdum. Sizi gördüm tamam ayıldım. Bütün mayam batdı.

Təhminə güldü, Zaur:

– Neyləsin yazıq Məmməd Nəsir, – dedi. – O da kamını içməkdən alır. Tək kişidir. Ürəyi darıxır, içir də. Bədbəxt oğlu vaxtında bir halal süd əmmişin başını bişirib evlənməyib də, – udqunub əlavə etdi, – əlbəttə, bişirmək onunçün o qədər də asan deyil, amma...

Təhminə:

– Səninçün necə? – dedi, – səninçün asandır?

Zaur çırtmayla siqaretinin külünü atdı.

– Baxır da, – dedi və güzgüdə Təhminəyə göz vurdu. – Baxır atəşin hərarətinə.

– Onda mənə bir siqaret ver, bir də atəş.

– Oho, sən çəkirsən? Heç bilməzdim.

Kibrit çəkdi. Maşının içindəki yeldöyəndə kibritin odu yaralı quş kimi çırpınıb söndü.

Təhminə ikinci kibriti çəkib əlləriylə odu bələdi, bürüdü, ovuclarının içində gizlətdi. Bir qullab vurub:

– Sən hələ çox şeyi bilmirsən, əzizim, – dedi.

Bircə onu bilirəm ki, bu maşının içində indiyə kimi belə dünya gözəli oturmayıb.

– Yəni bura çox dünya gözəli mindirmisən?

Zaur nə isə qeyri-müəyyən bir səs çıxardı, həm təsdiq, həm inkar kimi qəbul etmək olardı.

– Maşını çoxdan almısan?

– Yeddi ay olar.

Kaş soruşmayaydı ki, hansı pula? “Atamın puluna” demək istəmirdi. Təhminə soruşmadı. Yəqin hamı kimi o da bunu bilirdi.

– Yaxşı işləyir, – dedi. Yarısual, yarıtəsdiq ifadəsi ilə dedi.

– Ceyran kimi qaçır. Zarafat deyil e, əlli at gücü var burda.

– Necə?

– Əlli.

– Mənim bir tanışım vardı. “Volqa”sı vardı. Elə hey qürrələnirdi ki, yetmiş at gücündədir. Bir dəfə lap zəhləmi tökdü, dedim bilirsən nə var, maşının yetmiş at gücündədir, amma başında yeddi at beynicə ağlın yoxdur. Küsdü məndən, o gedən getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri