Təhminə! Mən bu məktubu indi yazıram. Səndən ayrılandan bir saat sonra. Sənə qəribə gələcək ki, biz ayrılandan bir saat sonra, özü də gecə saat 4-də məktub yazmaq nə vacib düşüb. Bəlkə də səninçün bu vacib deyil. Amma mənimçün çox vacibdir. Məktubu niyə yazıram. Çünki məktubda deyəcəyim şeyləri elə-belə, sözlə, sənin üzünə deməyə, hətta telefonla deməyə belə heç vaxt cəsarət etməzdim. Heç bilmirəm, demək istədiklərimi məktubla deyə biləcəyəmmi. Demək istədiyim odur ki, Təhminə, mən bu gün çox şeyi başa düşdüm. Gülmə, Təhminə, yəqin ki, sən məni uşaq sayırsan, hissə qapılan sadəlövh bir uşaq. Nə olar, say. Hər halda mənimçün bu çox vacibdir. Heç bilmirəm nə yazıram. Elə hey yazıram vacibdir, vacibdir, nədir vacib? Heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, bu gün mənim gözüm açıldı, elə bil çox şeyi təzədən gördüm, anladım. Bir yandan Məmməd Nəsirin təkbaşına nərd oynaması, bir yandan bizim bugünkü səfərimiz, xüsusən sənin son sözlərin (həkimlərin sənə dediyi sözlər), bütün bunlar hamısı elə bil mənim varlığımı alt-üst etdi. Bilirsən, əgər mən yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri daha dəqiq təsvir edə bilərdim. Ancaq məndə bu məharət yoxdur, odur ki, fikirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə isə mənə elə gəlir ki, mən indiyə qədər hamını və birinci növbədə də özümü aldatmışam. Həqiqətdən qorxmamaq, həqiqət nə qədər acı olsa da, onun düz gözünün içinə baxmaq lazımdır. Bunu mənə sən öyrətdin. Doğrudan da dünyada ən murdar şey riyakarlıqdır, ruslar buna xanjestvo deyirlər. Mən də başa düşdüm ki, bundan sonra mən heç bir vaxt nə heç kimi, nə də özümü aldatmamalıyam. Bilirsən, Təhminə, səndən ayrılandan sonra maşınla boş küçələri dolaşırdım və başıma min cür fikir gəlirdi. Bir istəyirdim gedib bu saatca Manafa teleqram vuram ki, bəsdir bu yalan, Təhminə səni sevmir, məni sevir, biz onunla bir-birimizi sevirik. Biz evlənəcəyik. Gəl Bakıya, məhkəməylə Təhminəylə boşanın... Sonra istədim təzədən Pirşağıya dəniz qırağına, həmin o yerə gedəm. Sonra istədim maşınımı divara vurub əzəm. Sonra qərara gəldim evə gedib ata-anamı oyadam. Hər şeyi onlara danışım, deyim ki, çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü-özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, məni böyüdüb boyabaşa çatdırmısınız, oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın almısınız. Amma mən daha özüm yaşamalıyam. Götürün bu “Moskviç”i. O sizindir. Mənim onu öz maşınım hesab eləməyə haqqım yoxdur. Nə maşınımı, nə geyimimi, nə otağımı. Bundan sonra belə olmayacaq. Mən öz əlimin zəhmətiylə dolanmaq istəyirəm, öz iradəmlə, öz ağlımla yaşamaq istəyirəm. Yoxsa mən başdan-ayağa özümü kiminsə borcu hesab edirəm. Kiminsə qaytarılmamış borcu. Adımı siz qoymusunuz, məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. Bütün həvəslərim, işlərim də sizin razılığınızla olub. Bəs mən özüm nəyəm, kiməm, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir adam daxil olub ki, o yalnız mənimdir, yəqin siz onu qəbul etməyəcəksiniz. Yəni bu keçəri bir həvəs olsaydı, siz qarışmazdınız. Siz heç vaxt mənim belə işlərimə qarışmırsınız. Ancaq biləndə ki, məsələ ciddidir, siz hay-haray qaldıracaqsınız. Ancaq mən də ondan keçməyəcəyəm. Çünki o mənim özlüyümdür, özlüyümün təsdiqidir, o mənim etirazımdır. Təhminə, gör mən nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub güləcəksən. Bilirsən, mən bütün bunları tamam başqa cür hiss eləyirəm, ancaq kağızda yazanda hər şey nə cürsə bayağılaşır, adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə mən bu məktubu heç sənə göndərmədim, cırıb atdım. Ancaq göndərsəm də, göndərməsəm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən elə bilirsən mən kütəm, keyəm, heç nə başa düşmürəm. Mən sənin bütün dediklərini, duyduqlarını hiss eləyirəm. İnan mənə ki, hiss eləyirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya yox, ancaq mən səninçün həm ər, həm də övlad olmaq istəyirəm. Sənin davamın olmaq istəyirəm, həyatının mənası olmaq istəyirəm. Mən səninçün həm İkinci, həm də Üçüncü, Dördüncü, Beşinci, Altıncı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci olmaq istəyirəm. Məktubumu qurtarıram. Son sözü yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz... Təhminə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dadaşın professor Teymur Mahmudova məktubu

MoskvaDobrolyubov küçəsi, 11-ci ev, mənzil 7

4 dəq
Üçüncü

Siqareti siqaretə calayırdı: “Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır”.“Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da”.

46 dəq
Təklik tilsimi

Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on səkkiz pillə...– 17, o da 18, 35 – deyə ürəyində təkrar edib idarənin qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45.

18 dəq
Nərminənin atası Səfdərə və anası Minaya məktubu

Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu göynəyir. Əvvəlcə, sizə bir şad xəbər vermək istəyirəm: hər ikiniz baba və nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, yaman vasvasıdır. İndi hər şey yaxşı qurtarıb və on gün bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. Adını hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu qərib yerdə. Qız olsaydı sənin adını qoyacaqdım, ay ana. Ay ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su ver, hər ay müntəzəm mənə məktub yazır. Bizim əhvalımızı xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə xəstəliklər var ki, Allah göstərməsin. Camaat çox mehribandır. Amma çox kasıbdırlar yazıqlar.Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, köpəkoğlu yaman qarınquludur.

1 dəq

Başqa şairlərin şeirləri