Üçüncü
Səhifə 2 / 7 · 14%
– Kimdi ki o?
– Çox bilsən, tez qocalarsan. – Zaurun tutulduğunu görüb, – eləbelə, bir tanışım idi, – dedi, – aramızda heç bir şey yox idi.
Zaur düşündü ki, ağlına gələn sualı versin, ya verməsə yaxşıdır, sonra qərara gəlib.
– Təhminə, – dedi, – bağışla, sənə bir şəxsi sual verim. Amma incimə.
– Aha.
– Bəs, Manaf səni qısqanmır?
Təhminə gülüb əlini onun başına çəkdi, saçlarını qarışdırdı. Xoş bir gizilti iynə-iynə Zaurun bədənini dolaşdı. Bir an gözləri dumanlanan kimi oldu, əlində rul oynadı, maşın sərxoş kimi ləngər vurdu.
Təhminə müvazinətini güclə saxlayaraq:
– Oho, nə yaman odlu cavansan, – dedi.
Zaur cəld özünü ələ aldı. Bir qədər əsəbi güldü.
Maşın yolu yumaq kimi təkərlərinə sarıyırdı. Ağaclar, teleqraf dirəkləri arxaya yıxılıb qalırdı. Uzaqda asfalt üzərində ilğımlar-gölməçələr parlayır və yoxlaşıb gedirdilər. Maşın yolu hərisliklə udur, udurdu.
Təhminə:
– Məndən sənə əmanət, – deyə sükutu pozdu, – əgər günlərin bir günündə işdi-şayəd evlənib eləsən, mütləq arvadını qısqan. Qısqanclıq duydun, duymadın, əsasın oldu, olmadı, heç təfavütü yoxdur, əgər istəyirsənsə arvadın səni saysın, sənə hörmət eləsin, yerini bilsin, mütləq qısqan onu. Əlbəttə, daha lap xırdaçılıq eləyib zəhləsini tökmə, yazıqdır. Görürsən elə kişilər olur e, yerli-yersiz səfeh-səfeh qısqanıb arvadı çərlədir, dığ edirlər. Əlbəttə ki, o cür yox, amma belə öz qaydasında, həmişə gərək arvadın elə bilsin ki, sən onu dəlicəsinə qısqanırsan, amma ağır kişisən, büruzə vermirsən. Onda bütün işlər yaxşı gedər. Görürsən sənə necə məişət dərsi verirəm, desələr kim öyrətdi, denən elə özüm bilirdim.
– Çox sağ ol, artıq dərəcədə minnətdaram.
Uzun bir qullab vurub sözünə davam etdi:
– Çünki bilirsən, qısqanmamaq arvadı təhqir edir, fikirləşir ki, yəqin ya ərim mənə biganədir, sevmir məni, ona görə qısqanmır. Ya da ərimin rəyincə mən elə idbar bədəncərəyəm ki, heç kəs, heç bir kişi ömründə mənə yaxın düşməz. Bildin? Necə deyərlər, əndazədən çıxmadan, həddi-ölçünü itirmədən belə qaydasınca bir balaca qısqanmaq mütləq lazımdır.
– Sənin ərin belə edir?
Təhminə onun atmacasını qulaqardına vurdu:
– Sənə bir dərs də verim, – dedi. – Heç olmasa bugünkü səfərimizdə təzə bir şey öyrən. Əgər arvadın bilsə ki, ona xəyanət etmisən, coşub özündən çıxa bilər, qab-qacağı sındırar. Çox dəlisovdursa, nə bilim, lap vurar özünü yandırar, ya gedib rəqibinin saçını yolar, üz-gözünü cırmaqlayar, dağıdar. Yox əgər insan adamdırsa, nəcibdirsə, xasiyyətcə həlimdirsə, üzə vurmaz, içinə salar, içini yeyər, içəridə yanıb-yanıb qovrular. Ərinə qəzəblənər, qızar, nifrət eləyər. Amma bu hisslərin heç biri həqarət deyil. Ərə qarşı həqarət, ikrah hissi ancaq bir halda baş qaldırır. O vaxt ki, arvad özü ərinə xəyanət edir, həm də bilir ki, əri bunu hiss eləyə-eləyə özünü bilməməzliyə, eşitməməzliyə, görməməzliyə qoyub. Bax, onda arvad kişidən iyrənməyə başlayır. Bütün başqa hisslər, qəzəb də, nifrət də sovuşub gedir, sönür, soyuyur, amma bu hiss, iyrənmək hissi ömürlük qalır. O adama daha yaxın dura bilmirsən. Elə bil qurbağa, kərtənkələyə toxunmaqdan çimkinən kimi çimkinirsən. Bildin? – O, əlini yenə Zaurun saçlarına tərəf uzatdı, lakin tez çəkdi. – Yox, yox, sən allah, – dedi, – yaxşı yadıma düşdü. Sən elektriklisən. Sonra maşını aşırdarsan, xataya düşərik.
Zaur:
– Bütün bunlar mənimçün çox mürəkkəbdir, – dedi, – onunçün də evlənmirəm.
– Bir yana baxanda elə yaxşı eləyirsən.
Yenə bir müddət sükut çökdü. İki dolu taksi hay-haraylı siqnallarla onları haqlayırdı. Qabaqdakı maşının sürücüsü əlini siqnala batırıb çıxarmırdı. Zaur çəpəki güzgüyə baxıb, ayağını qaza basdı. Maşının şüşələri titrədi. İndi maşınlar döş-döşə gedirdi.
Sürücünün yanında oturmuş bığlı kişi onlara baxıb irişir, dişlərinin iki cərgəlik qızılında günəşi əks etdirirdi.
Təhminə:
– Nə oyun çıxarırsan? – dedi. – Nə bəhsə-bəhsə girmisən? Qoy keçib getsinlər... Yavaş-yavaş sür, söhbət eləyirik.
Zaur ayağını pillə-pillə qazdan çəkdi.
Hər iki taksi güllə kimi ötüb qabağa çıxdı. Kəsik-kəsik siqnallarla qələbələrini qeyd etdilər, uzaqlaşdılar.
Təhminə:
– Mən idarəyə gələndə uzun zaman işçilərlə dil tapa bilmirdim, – dedi. – Mənə elə gəlirdi ki, çox kütdürlər. İçlərində bircə Nemət ağıllı, mədəni adama oxşayırdı. O da həmişə elə qayğı içində idi, elə bil alnında yazılmışdı ki, “neyləyim, necə eləyim, nə cür dolanım?” Mənə elə gəlirdi ki, heç vaxt onlarla dil tapa bilməyəcəyəm. Amma vaxt adamı bilirsən necə dəyişir! Adam heç özü də bilmir, – maşının küləklik pəncərəsini açıb siqaretin kötüyünü bayıra vıyıldatdı, – bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan. Əşi, yəni bu mənəm?
– İndi sən də belə dəyişmisən?
– Hərdən düşünürəm özümü tanımıram. Necə oldu ki, mən bu adamlarla uyuşdum? Uyuşdum yox e, dostlaşdım, mehribanlaşdım, eyniləşdim...
– Nə olar ki? Dostlaşmısan, dostlaşmısan da. Dostlaşmaq bəyəm pis işdir?
– Demirəm ki, pisdir. Məsələ onda deyil. Mən onlara alışdım. Başa düşürsən, meyillərinə, həvəslərinə, sözlərinə, zarafatlarına, ibarələrinə. Özlərinin, arvadlarının, uşaqlarının ad günlərinəcən əzbər bilirəm. Mövqelərinə də bələdəm, məclislərinə də, tostlarına, tamadalarına... əh!
– Yəni belə pis adamlardır?
– Eh, sən nə yapışmısan: pis-pis! Heç nə başa düşmürsən. Pis adam. Yaxşı adam! – əlini başına apardı, küləyin dağıtdığı saçlarını səliqəyə salmağa başladı, – dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
– Yox, baxma, yenə adamdan adama təfavüt var. Məsələn, tutaq ki, Dadaş necə adamdır?
Güzgüdə baxışları toqquşdu.
Təhminə güldü:
– Ay vələdüzzina, məndən söz almaq istəyirsən?
Zaur:
– Yox, – dedi, – mən camaatın şəxsi işinə qarışmaq istəmirəm.
Təhminənin baxışında əvvəlcə təəccüb oxundu, sonra nəyisə anlamış kimi:
– A, belə de, – dedi, ciddiləşdi və əlavə etdi: – Bax, bir şey məni çox maraqlandırır. Hamı elə bilir ki... – bir an tutuldu, qısa tərəddüddən sonra davam etdi. – Mən Dadaşın aşnasıyam. Çox yaxşı, indi məni maraqlandırır görüm, sən bu barədə nə fikirləşirsən? Bax, sən Zaur Zeynalov.
Zaur:
– Zeynallı, – dedi, – mən? Nə bilim, mənə elə gəlir ki...
– Sən özün də dedin ki, mən dünya gözəliyəm. Çox yaxşı. Deməli, istəsəm yüz sənin kimi cavan oğlan başıma fırfıra kimi fırlanar.
Zaur kəskin ədayla:
– Fırlansınlar da!
– Oho, damağına dəydi. Yaxşı, yüz yox, on, beş. Yaxşı, səndən bircə dənədir, bax, elə sən özün. Məndən xoşun gəlir, eləmi?
Zaur:
– Elədir, lap elədir, – dedi və əsəbi hərəkətlə qazı basdı. Maşın zəncirdən açılmış kimi irəli cumdu.
– Yaxşı, yaxşı, sakit ol. Dediyim odur ki, Dadaş mənim nəyimə lazımdır? Keçəl, yekəqarın, yekəburun, qoca. Ondan bir keçəcəyim, bir təmənnam da yoxdur. Müdirimdir. Çox olsun lap bəd başına məni işdən çıxartdıracaq, yəni bir yerdə bir parça çörək qazana bilməyəcəyəm? Siqaret ver görüm...
Yandırdı.
– Ay sağ ol. Məsələ ondadır ki, Dadaş özü də bunu başa düşür, hərif deyil. – Tüstünü halqa-halqa maşının tavanına üfürdü. – Dadaş barmağının ucuyla da mənə toxunmayıb. Yəni onda bir toxunası hal da yoxdur. Hay-hayı gedib, vay-vayı qalıb, – güldü, – amma burda bir məsələ var. Dadaşa şayiə, söz-söhbət lazımdır. Çünki o yaşda, o ağızburunda mənim kimi cavan, gözəl bir arvadın adamı olmaq onun başının ucalığıdır.
Yolun kənarında bir neçə nəfər dayanmışdı. “Moskviç”i görüb əllərini qaldırdılar. Maşın yanlarından ötüb keçəndən sonra arxadan qışqırışdılar.
– Məndən nə gedir? İndi ki bundan Dadaşın könlü xoş olur, qoy olsun, qoca kişidir.
– Düz demirsən. Mən eşitmişəm ki, söz düşəndə Dadaş həmişə bu şayiəni danır.
– Ay allah, nə yaman uşaqsan sən hələ! Əlbəttə, danacaq. O vaxt ki, bu şayiə yox idi, onu yaratmağa cəhd edirdi. Bəli, bəli, bu fikir onun özündən başqa heç kəsin ağlına gəlmirdi. Özü başladı belə rəy yaratmağa. Əlbəttə, çox ustalıqla, altdan-altdan. Nə bilim işdən bir yerdə çıxmaq, məni ötürmək, ikibaşlı sözlər, mənalı baxışlar. Məsələn, otaqda mənimlə qəsdən sırf rəsmi danışırdı. Çöldə-bayırda, dəhlizdə isə tutub uzun-uzadı söhbət edirdi. Özü də xısın-xısın, pıçıltıyla. Hamı da görür axı. Deyirlər, balam, bu nə söhbətdir ki, otaqda hamının yanında eləmirlər, xəlvətə çəkilirlər? Sonra başqa şeylər də vardı. Məsələn, bax belə xırda təfərrüat. Axşam bizə zəng eləyir, mənimlə, Manafla danışır. Görürsən, deyirəm ki, xəstəyəm, bəlkə sabah işə gələ bilmədim. Bəli, səhər, idarədə bunu belə xüsusi cür xəbər verir: Təhminə bir balaca kefsizləyib, bu gün işə gəlməyəcək.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-ucuncu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.