Üçüncü
Səhifə 4 / 7 · 43%
– Ya moqu vzyat tolko dvoix. Vstretiş qaişnikov, nepriyatnostey ne obereşsya. Hara gedirsən, bunlar kimdir? Özün bilirsən də... budut spraşivat i o tebe.
Oğlan axsaya-axsaya gəlib maşına çatdı.
Zaur:
– Əmi can, – dedi, – iki yerim var. Ancaq ikiniz otura bilərsiniz.
– İkimiz? A bala, bəs bu üçüncü yoldaşı neyləyək?
– Üçüncü kimdir?
– Üçüncü? Gözümün ağı-qarası. Bircə oğlum. Gedib şəhərdə imtahanlarının hamısını beşə verib. Boyuna qurban olum onun.
Zaur əllərini yellədi.
– Təbrik edirəm, – dedi, – gözünüz aydın. Ancaq... daha neyləyək, yerimiz ikidir.
Əlimərdan:
– Dədə, ay dədə, – odey, bax avtobus gəlir...
– Ay səni xoşxəbər olasan. Əşi, bir saatdır gözləyirdik. Oğlum, bağışla, sizi də yoldan elədik.
– Allah bağışlasın.
“Moskviç” hərəkətə gəldi, uzaqlaşıb getdi.
Təhminə:
– Radio işləyir? – dedi, – bir şey tut.
– Hələ tezdir. Bir azdan...
Şlaqbaum lap “Moskviç”in burnunun qabağında endirildi. Maşın yerə mıxlanmış kimi dayandı. Dəmir yolunun o biri tərəfində də iri yük maşınları dayanıb gözləyirdi.
Təhminə:
– Bilmirəm niyə, – dedi, – axır vaxtlar tez-tez yuxumda şlaqbaum görürəm. Zol-zol şlaqbaum.
Zaur:
– Səndən də sözlər çıxır a, – dedi, – adam da yuxuda şlaqbaum görər?
Deməli, görərmiş də ki, görürəm. Əvvəllər həmişə yol görərdim. Uzun-uzadı yol. Getdikcə gedirsən, getdikcə gedirsən. Heç hara da gəlib çıxmırsan. İndi də şlaqbaum görürəm.
Uzaqdan qatar göründü. Yaxınlaşdı, hay-küylə keçib getdi. Səs-küy içindən Təhminənin sözləri qırıq-qırıq eşidildi:
Görürəm... haçan... zolaq...
Yol gözətçisi qalın məftilli hərləngəci fırlatmağa başladı, şlaqbaum yuxarı qalxdı.
Hər iki tərəfdə dayanmış maşınlar irəli cumdu. Zaur “Moskviç”i qabarıq relslər üstündən ehmallıca keçirdi. Maşınsız yola çıxıb sürəti artırdı. Külək pəncərələrdən içəri doldu.
Təhminə:
– Üçüncü! – dedi. – Fikir verdin? Yaxşı sözdür, hə? Bayaqdan bəri fikirləşirəm. Bundan yaxşı söz tapmaq çətindir, hə? Nə qədər məna var bu sözdə?
Hansı sözdə?
Suala cavab vermədi.
– Həyatın mənası da elə budur da!
– Xeyir ola, yenə həyatın mənasından dəm vurursan? Yoxsa, sənin də könlünə filosofluq düşüb?
– Bəs, nə bilirdin? Bilmirsən ki, mən filosofam, diplomum da var hətta? Fəlsəfə fakültəsini qurtarmışam.
– Yox əşi... Yatsam yuxuma da girməzdi.
– Sən ki yuxu görmürsən.
– Görsəm də, görməsəm də, hər halda heç təsəvvür eləyə bilməzdim ki, sən filosofsan.
– Niyə? Fəlsəfə hara, mənim kimi yelbeyin hara, hə?
– Yox, mən elə demək istəmirdim. Amma, ümumiyyətlə, mənə elə gəlir ki, fəlsəfə arvad işi deyil.
– Yox, əzizim, əsil elə arvad işidir. İntəhası kişilər fəlsəfəni kitablardan çıxarırlar, arvadlar qarınlarından. Bağışla a, deyəsən bir az kobud çıxdı... Xətrinə dəymədi ki... Sən geofakı qurtarmısan da?
– Bəli.
– Diamat keçmisən?
– Keçmişəm.
– Bilirsən tezis, antitezis, sintez nədir?
– Məni imtahan eləyəcəksən?
– Yox, bir fikir ver. Birinci tezis, həmi? İkinci, onun əksi antitezis. Üçüncü ikisinin sintezi, hə?
– Yaxşı, nə olsun?
– O olsun ki, bax, uşaq da üçüncüdür – sintez. Qadın tezisdir. Kişi antitezis. Uşaq sintez. Bax, mən tezisəm, sən antitezissən... – qəfilcən susub dayandı.
Zaur: “İşə düşmədik, – deyə düşündü, – heç bilməzdim ki, belə səftərəngidir. Sən tezis, mən antitezis, uşaq sintez. Bircə uşaq çatmırdı...”
– Heç fikirləşmisən ki, dinin də, fəlsəfənin də, cürbəcür etiqadların da əsasında üç rəqəmi var? Çünki həyat elə bu üçlük deməkdir. Üçüncü – uşaq deməkdir, nəticə, çıxış, yol, məna, məntiq deməkdir. Son deməkdir. Bəlkə elə ona görə də uşağı olmayan adama sonsuz deyirlər. Sonsuz! Dəhşətli sözdür, eləmi?
– Yaxşı, bu qədər “uşaq, uşaq” deyirsən, bəs, özünün niyə uşağın yoxdur?
– Mənim? Ha, ha, ha. Mənim ha? Əzizim, bütün bu dediklərim nəzəri mülahizələrdir. Dəliyəm ki, uşağım olsun? Dünya beş gündür, əzizim, gəz, dolan, kefini çək.
– Manaf da belə deyir?
– Manaf? Yox, Manaf yəqin istəyir. Kişilərə nə var ki? Onlara nə əziyyət düşür? Amma, bəs, mən yazıq deyiləm ki, cavan ömrümü uşağın cığ-vığında çürüdüm? Yox, əzizim, uşaq saxlamaq, böyütmək mənim təbiətdə adamçün deyil. Odur qonşumuzda bir arvad var, Mədinə. Görürəm də, uşaq dığ eləyib onu, canını boğazına yığıb. İndi üç yaşındadır. Arvada göz verir, işıq vermir. Əri də yazığı atıb gedib.
– Atıb gedib?
– Hə. Elə birinci il. Uşaq olandan altı ay sonra. Bir yandan namərdlikdir, bir yandan baxanda da, yazıq başını götürüb qaçıb. Uşaq aman vermirdi ki... Sutkada 24 saat ağlayırdı.
Aralığa yenə sükut çökdü. Dəniz hələ görünmürdü. Amma elə bil nəfəsi, havası, iyi duyulurdu.
– Uşaq olmamışdan kişi lap Mədinəni divara çıxardırmış ki, bəs, uşaq istəyirəm. Sonra bir gün Mədinə deyib ki, hamiləyəm. Kişinin az qalıb ürəyi getsin. Başlayıb şadlığına şitlik eləməyə. Səhərisi gün qoyun kəsdirib. Mədinə deyir ki, doqquz ay başıma pərvanə kimi dolandı. Deyir, gəlib qulağını qoyardı qarnıma, qulaq asardı, görsün nə eşidir; uşaq hərəkət eləyir, yoxsa yox. Diqqətlə, deyir, qulaq asırdı, dəqiqələrlə. Lap saatsaz saata qulaq asan kimi, – adəti üzrə yenə qəfilcən susdu, söhbətini yarımçıq kəsdi. Baxışları yenə də maşının güzgüsündə toqquşdu. Təhminənin gözləri uzaqlaşmışdı. Harasa çox-çox aralı bir aləmə çəkilmişdi. Susması kimi yenidən danışmağa başlaması da qəfil, gözlənilməz oldu, – axı mənim atam saatsaz idi. Yadımdadır, xarab saatları gətirərdi. Düzəldərdi, sonra qulağına qoyub dinlərdi. Tam dəqiq işləyib-işləmədiyini səsiylə təyin edərdi. Bax, o kişi də arvadının qarnına belə qulaq asarmış. Bir kinoda görmüşəm, kəndçilər də torpağa elə qulaq asırlar. Gördüm, lap atam yadıma düşdü. Geoloqlar da bəzən yerə qulaqlarını qoyurlar. Düzdür, hə, axı, sən geoloqsan?
– Hə, düzdür.
– Yaxşı, bəs geoloq dağda-daşda olar, sən nəşriyyatda niyə işləyirsən?
– Bu, uzun söhbətdir. Sonra danışaram... Deməli, kişi arvadının qarnına qulaq asıb-asıb, nə eşidibsə qaçıb gedib.
– Yox, uşaq olandan altı ay sonra getdi. Dedim ki, bayaq sənə.
İndi dənizin nəfəsi, havası lap aydın duyulurdu.
– Bilirsən, Mədinə danışır ki, hamilə vaxtı adam içəridən uşağın istisini hiss edir... Elə bil qarnında soba gəzdirirsən.
Zaur:
– Personalnaya peredvijnaya peç, – dedi, – zapas batarei 9 mesyatsev.
– Gülmə. Gör bir sənə bu gün nə qədər bilik verdim.
– Xüsusilə ginekologiya [?] mamaçalıq cəhətdən. Sabahdan rahat gedib doğum evində işləyə bilərəm.
Əlini uzadıb radionu qurdu. “Araz” proqramının çağırtısı eşidildi. Sonra qadın diktorun səsi gəldi:
– Danışır Bakı! Yerli vaxtla saat 17-dir. Son xəbərlər. Nyu-York. Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurası səhər iclasında...
Təhminə əlini uzadıb radionu keçirdi.
– Bilirsən, mən həmişə nə fikirləşirəm. Amma gülmə. Bax, uşaq dünyaya gələn kimi ağlayır. Hə? Görəsən bəs ana bətnində də ağlayır?
Zaur cavab vermədi. Çönüb Təhminəyə baxdı, başını buladı.
Təhminə hırıldadı:
– Təsəvvür eləyirsən? Küçədə arvad gedir, qarnı burnunda. Öz qarnını sığallayır, “ağlama, bala, – deyir, – ağlama, ağlama” – əlləriylə qulaqlarının ucunu dartdı, – Allah göstərməsin, – dedi, – Allah göstərməsin!
– Olmaz keçəsən ayrı söhbətə?
Ayrı söhbətə? Yaxşı, bu saat sənə gülməli şey danışacam. Mədinə ərindən ayrılandan sonra...
– Yenə Mədinə?
– Yox, dayan, indi ayrı şey danışıram. Kişi Mədinədən ayrılanda, deməli, otaqları böldülər. Biri qaldı Mədinəyə, biri – kişiyə. Sonra kişi dəyişdi, amma bir müddət qonşu oldular. Hə, Mədinə danışır, deyir bir gün Rafiqi yatızdırmışam, yaydı, çıxmışam şüşəbəndə, oxuyuram özüm üçün. Yaman deyib-gülən, çalıb-oynayan arvaddır. Ölmüşün yaxşı da səsi var. Hə deyir, oxuyuram, o mahnı var e, “Ətrini yastığından alıram, sənsiz?” Bəli, oxuyuram, getmişəm özümə, bir də görürəm o biri otaqda kişi pəhəpəh bərk boğazını arıtlayır. Dayandım, fikirləşdim, dedim ağrım ürəyinə, sonra elə bilər onunçün oxuyuram, onun ətrini yastığından alıram. Külbaş həmişə tənbəki iyi verərdi. Ay sən öləsən, dedim, yalansa səni görüm torpaq səndən hündür olsun! Nə uzadım, deyir, getdim, evdə nə ki balış vardı, hamısının üzünü çıxartdım, yudum, sərdim eyvandan, lap qapısının ağzından. Niyə gülmürsən, gülməli deyil?
– Əcəb arsız arvaddır!
– Yamanca arsızdır. Görürsən deyir ərindən, kişini yaş yuyur, quru sərir, söyür, nə bilim qarğayır, ağlayır, sonra başlayır oğlunu öpməyə, dişləməyə, deyir qurban olum buna, ər nəyimə lazımdır, atam da budur, qardaşım da, ərim də. Bir də görürsən gözlərinin yaşı qurumamış götürdü uşağı, düşdü ortalığa, başladı süzüb oynamağa.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-ucuncu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.