Üçüncü
Səhifə 6 / 7 · 71%
Sonra Zaur dedi ki, yenə ər-arvad, uşaq söhbəti salma, içirəm sənin sağlığına.
Təhminə:
– Mən də sənin sağlığına, – dedi, uşaq istəmirəm, ancaq səndən istərdim.
Zaur dedi ki, xeyr, bağışlayacaqsan, sonra əlavə etdi ki, heyif duz yoxdur. Turpu duza batıranda ayrı ləzzətdir.
Sonra ulduzlar çıxdı və Təhminə dedi ki, elə bil göyə duz səpiblər. Duzlayıblar göyü elə bil, duzu səninçün səpiblər, batır turpu ulduzlara, ye, Zaur dedi ki, onda ulduzları hər nə istəsən, təsəvvür etmək olar, məsəlçün, tum.
Təhminə dedi ki, əlbəttə, olar, gəl götürək ulduzları çırtlayaq.
Tamam qaranlıq oldu və Zaur əlini Təhminənin paltarındakı düymələrə atdı. Təhminə onun əlini kənara çəkib dedi ki, dayan, sənə bir nağıl danışım. Zaur da dedi ki, nağıl istəmirəm, səni istəyirəm. Təhminə də dedi ki, elə bu nağıl mənim özüm haqqındadır. Bu nağılı ona nənəsi danışıb, lap çoxdan. Əsliynən Kərəmin nağılıdır. Deyir, toy günü Əslinin atası Əsliyə bir paltar bağışlayır. Bax lap bu mənim paltarım kimi yaxadan dizəcən düyməli. Sən demə bu paltar tilsimlənibmiş. Toy gecəsi Kərəm gəlib bir-bir düymələri açır, axırıncı düyməyə çatanda, bütün düymələr təzədən bağlanır.
Zaur dedi ki, çox sarsaq nağıldır. Kərəm də əfəlin biriymiş, heç vacib deyil ki, axırıncı düyməni açasan.
Təhminə dedi ki, elə əsil sarsaq sən özünsən, nağıl isə dahiyanə nağıldır, özü də lap mənim haqqımdadır. Çoxları elə bilir ki, mənim bütün düymələrimi açıblar, qalır lap axırıncı, mən isə təzədən yaxamacan düymələnib kilidlənirəm.
Zaur dedi ki, zərər yoxdur, açarıq düymələrini.
Təhminə dedi ki, belə sitizə gülmə, sənə yaraşmır, belə güləndə sən də başqalarına oxşayırsan. Amma mən istəmirəm ki, sən onlara oxşayasan. İstəyirəm sən heç kəsə oxşamayasan. İstəyirəm ki, səndən uşağım olsun. Sənə oxşasın, amma sən heç kəsə oxşama.
Zaur dedi ki, əşi, nə uşaq-uşaq salmısan! Belə uşaq istəyirsən təşkil elə də, maşallah ərinə nə gəlib. Yoxsa ərin...
Təhminə qədəhdəki konyakı Zaurun başına tökdü və dərhal peşman oldu. Dedi ki, heyf o konyakdan, sənin boş başına tökülməkdənsə, mənim qarnıma getsəydi daha yaxşı olardı, hər şeyi unudardım.
Sonra Təhminə əyilib onun üzündən öpdü və dərhal kənara sıçradı, – vəssalam, – dedi, – mənə yaxın gəlmə.
Sonra dedi ki, əgər uşaq istəsəydim on səkkiz yaşında olanda doğardım. Dedi ki, on səkkiz yaşında mən uşaq saldırmışam. Dedi ki, bu mənim ilk eşqim idi. İlk və son eşqim.
Sonra Təhminə ilk və son eşqini danışmağa başladı. Dedi ki, on altı yaşında olanda o adama rast gəlib. Onun adını çəkməyəcəyəm. Çünki onu hamı tanıyır, bəlkə elə Zaur da tanıyır. Yox, axmaq, əlbəttə, Dadaş deyil, nə yapışmısan bu Dadaşdan? Dadaş nə zibildir onun yanında? Dadaş onun heç dırnağı da ola bilməz. O, dünyalar gözəli idi, mən onu məlaikə, huri-qılman, Yusifi-Kənan, nə bilim, şahzadə, allah, peyğəmbər bilirdim. Onun yolunda hər şeyə hazır idim. Onu görəndə ağlımı itirirdim, öl desəydi ölərdim, qal desəydi qalardım. Bir gün bildim ki, hamiləyəm. Axmaq canım həm qorxudan ödümü udmuşdum, həm də sevinirdim. Getdim ona da dedim, elə bildim o da sevinəcək. Axı, bilirdim ki, uşaqları yaman sevir, özü də deyirdi ki, bu yaxında ev alacam, onda evlənəcəyik. Bax, bu kağız rəngində oldu. – Nə danışırsan, – dedi, ayağıma yıxıldı, yalvarmağa başladı. – Bədbəxt eləmə məni, mənim rayonda ailəm, uşaqlarım var. Apardı məni Ermənikənddə bir həkimin yanına. Saldırdım uşağı. Bu da mənim həyat universitetim idi. Eh, nə isə, gəl içək.
İçdilər, sonra Zaur soruşdu ki, bəs Manaf?
– Eh, nə Manaf! Bilmirəm bu Manaf səni niyə bu qədər maraqlandırır? Manaf kimdir? Mənimçün Manaf bir heçdir, sıfırdır, yoxdur. Odey Tiflisdə arvad-uşağı var, getsin onların yanına.
– Uşağı da var?
– Qızı var. Yeddi yaşında. Bu il məktəbə gedəcək. Çanta-zad alıb ona aparıb. Guya mən bilmirəm. Gizlədir məndən. Vaxtilə Manaf mənim dərdimdən ölürdü. Amma ona mən heç məhəl qoymurdum. Deyirdi öldürərəm özümü, gərək səni alam. Axır bir gün lap məni cəzana gətirdi, zəhləmi tökdü, dedim, bilirsən nə var? Bax, aç qulağını eşit: səndən əvvəl mənim adamım olub, özü də onunla əməlli-başlı yaxın olmuşam. Üzünə baxdım, yazığım gəldi. Ağappaq ağarmışdı, barmaqlarını qulaqlarına tıxadı, indiki kimi yadımdadır, sonra üzünü örtdü, bir müddət heykəl kimi donub qaldı. Sonra çıxıb getdi. Üç gün ilim-ilim itdi. Üç gündən sonra gəldi ki, bəs ölüb qurtarmışam. Doğrudan da üç günün içində gədənin ordu orduna yapışmışdı, gözləri düşmüşdü çuxura. Dedi ki, mənim üçün daha heç bir şeyin dəxli yoxdur. Qəbulumsan. Elə günü bu gün gedək ZAQS-a. Dedim xeyr, əvvəlcə şərtimi bil. Heç vaxt o adam haqqında nə məndən bir şey soruşacaqsan, nə də ayrı yerdən bilməyə çalışacaqsan. Bu bir. Heç vaxt üzümə vurmayacaqsan... – Sən nə danışırsan, – dedi. – Əlbəttə. Daha bu barədə danışmadıq. İki gündən sonra getdik ZAQS-a.
Toyumuz axşamı baxdım ona, yazığım gəldi. Gördüm çox sınıqdı. Bir gözü gülür, biri ağlayır. Dedim, bilirsən nə var, şərtimiz şərt yerində. Amma qoy sənə deyim: həmin o adam mənim nişanlım idi. Toyumuz bir həftədən sonra olacaqdı. Amma... uşaqlıq elədik... bilirsən də, olanda olur... axmaqlıq... Toyumuza iki gün qalmış getdi dənizdə batdı. Vallah, elə bil dünyanı Manafa bağışladılar. Az qala ayağıma yıxılıb ağlayacaqdı. Ay Allah, kişilər nə yaman axmaq olur!
Təhminə danışır, danışırdı. Zaur onun səsini eşidir, ancaq sözlərini qavramırdı. O, arxası üstə uzanıb ulduzlara baxırdı, saçlarında qumların gecə nəmliyini – torpağın tərini duyurdu. Uzaq ulduzlara baxır, dənizin xışıltısını, Təhminənin səsini eşidir və Məmməd Nəsirin çox sevdiyi və tez-tez təkrar etdiyi bir fikri xatırlayırdı. Düz deyir Məmməd Nəsir, dünyada ən gözəl səfər içki şüşəsinin boğazından dibinə etdiyin səfərdir. Bu səfərə ikimiz çıxmışıq. Gəlib çatmışıq lap şüşənin dibinə. Dibinə lap az qalır. İndi başqa bir aləmdəyik. İsti, mehriban, xoş, içki şüşəsinin dibi kimi kədərli bir aləmdə... xoş hara, kədərli hara? Eh, aləm başımda qatışıb! Təhminə! Təhminə!
Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu. Danışıqları qarmaq kimi keçmişə ilişir, illər, aylar arxasında qalmış xatirələri çəkib çıxarırdı. Təhminə düşünürdü ki, adam heç vaxt qəlbən, ya zehnən, fikirlə, ya hisslə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüflüyüdür. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxunuşun qəfil külək kimi yaddaşa qayıtması...
Təhminə xoşbəxt olduğu anlar haqqında düşünürdü, bu anlar o qədər tələsik, keçəyən, ötəyən idilər ki, onların xatirələrini də beyində aydın canlandırmaq olmurdu. İllah da içkiylə dumanlanmış beyində. Ancaq bir neçə cizgi, boya... yay gecəsi, Pirşağı bağı, gecə, ulduzlu göy...
Təhminə lap balacadır. Nənəsiylə axşamdan yatıb. Gecə səslərə oyanır, qatmaqarışıq səslər eşidir, adamların kim olduqlarını təyin edə bilmir, ancaq bilir ki, qohum-qardaşdır, şəhərdən qonaq gəliblər. Deməli, səhər hamısı dənizə gedəcək. Sevincli bir hiss qəlbini bürüyür. Yenidən yuxu onu çəkib aparır...
...Hər gün düz saat on iki radələrində dənizin üfüq xəttində təyyarələr görünür. Dənizin üstüylə ucadan uçurlar. Paraşüt buraxırlar. Ağappaq paraşütlər qönçə kimi açılır, çiçək-çiçək mavi dənizə tökülür. Nənəsi hələ sağdır.
...Sahil... Güclü xəzri. Atasıyla qayanın üstündə dayanıblar. Atasının qıçına sığınıb. Dəniz dalğalarını bayraq kimi qaldırıb. Dəniz nümayiş kimi üstlərinə gəlir.
“Səni gördüm. İllərlə səni görməyə bilərəm. Təki biləm ki, sən varsan. Varlığını uzaqdan-uzağa da duya bilərəm. Sahil kəndlərinin sakinləri dənizi görməsələr də, duyduqları kimi. Ancaq, əzizim, dəhşət odur ki, bir gün gedib görəsən dəniz yox olub”. – Uzun kişi barmaqları Təhminənin sağ əlinin barmaqlarını bir-bir sığallayır, bir, iki, üç, dörd, beş. Sonsuz təəccüblə Təhminədən soruşur: əzizim, sənin beş barmağın varmış?
Moskva. Biz Moskvaya gələndə may bayramının ərəfəsi idi. Aerodromdan şəhərə gəlirdik. Hər yan qırmızı geymişdi. Qırmızı bayraqlar, qırmızı şüarlar. Taksiylə mərkəzə gəlirdik və hər dəqiqə işıqforların qırmızı işığına büdrəyib dayanırdıq.
Biz Moskvadan gedəndə hər yan yaşıl geyinmişdi. Ağaclar, otlar, sarmaşıqlı eyvanlar. İşıqforun yaşıl işıqları, yaşıl yarpaqlar kimi, yağışlı-günəşli küçələrə – aerodroma tərəf yönələn maşınımızın təkərləri altına səpələnmişdi. Hər dəfə içən kimi Moskvadayam. Yağış yağır. Yay yağışı. Göy guruldayır. Adamlar qaçışırlar. Yağış kəsir. Hava açılır.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-ucuncu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.