Səhifə 1 / 2

Vəfa hər kimsədən kim istədim ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Mənə göstərdi gərdün, tirə bəxtim kövkəbin yüz gəz,
Məni – bədbəxt ona hargah kim, baxdım qara gördüm.

İstanbul duman içində... Yuxu kimi birdən-birə açıldı duman içindən İstanbulun minarələri, qülləli, qübbəli məscidləri... Səhərin bu erkən çağı duman Bosforun üstünü alıb çəhrayı üfüqəcən sərilirdi.

Bu gecəni yatmamışdı Zaur. İndi də gəminin göyərtəsində dayanıb ilk dəfə gördüyü şəhərin səhər oyanışını seyr edirdi. Dəniz elə bil ağır – tunc dalğalarıyla özü öz səthini hamarlayır, ütüləyirdi, şəhər, limandakı gəmilərin siluetləri, binaların konturları görünməz sarıçəhrayı projektorun şüalarıyla işıqlandırılmış dekorları xatırladırdı – projektorun özü – günəş də ağır-ağır üfüq xəttinin dalından yüksəklərə dartılır, dığırlanırdı.

Günəşin şüaları onların gəmilərinin göyərtəsindəki gecə çıraqlarını da işıqlandırırdı və gecənin qaranlığında belə parlaq işıldayan bu çıraqlar, indi gün işığında sanki solub-soluxmuşdular. Gəmiləri yavaş-yavaş İstanbul limanının körpüsünə yan alırdı və biraylıq səyahətlərinin son dayanacağı idi bu şəhər...

* * *

Gəmidə Firəngizin ürəyi bulandı, qusdu, sonra gecə kayutda – gəmiləri artıq İstanbuldan ayrılıb Odessaya yollanırdı – Firəngiz dedi ki, deyəsən, hamilədir.

Odessaya düşən kimi Zaur təyyarəyə bilet aldı. Murtuzgilə və atasıgilə teleqram vurdu ki, qarşılasınlar. Təyyarə Simferopolda yerə enib qalxdı və Bakıya yollandı.

* * *

Təyyarədən düşüb qarşılayanlarla görüşən təkin Zaur başa düşdü ki, nə isə bir iş var burda. Amma məsələ nədə idi, bunu başa düşə bilmirdi... Onları qarşılayanlar – Zivər xanım, Firəngizin atası və anası, Spartak, Spartakın bir dostu – Zaur onu üzdən tanısa da adını unutmuşdu – gülümsünə-gülümsünə Zaurgilə əl edirdilər uzaqdan, Zaurla Fira da əl edirdilər, amma Zaur uzaqdan belə gördü ki, anası Murtuzovgildən aralı dayanıb. Murtuzovlarla öpüşüb, görüşüb (onlar daha yaxın dayanmışdılar) anasının yanına gələndə Zaur anasının gözlərində nə isə oxudu – inciklik, narazılıq vardı bu baxışlarda. Zivər xanım Zaurla soyuq görüşdü, gəliniylə ondan da soyuq görüşdü.

– Atan gələ bilmədi, – dedi və əlavə etdi: – Mən sənin maşınınla gəlmişəm, onda da gedəcəm. Özün sür, yaxşı? – Zaur başını tərpətdi.

– Baqajı al, gəl maşına.

Zivər xanım keçib Zaurun “Volqa”sında qabaq yerdə əyləşdi.

Zaur bildi ki, onun maşınını bura Spartakın dostu sürüb gətirib və bu da təsadüfi deyil. Zivər xanım Murtuzovların maşınında, Murtuzovlarla bir yerdə gəlmək istəməyib və ümumiyyətlə, bu bir ayda iki ailənin arasında nə isə olub.

Alya xanım Firəngizi səyahətləri haqqında sorğu-suala tutmuşdu. Murtuz ətrafı şəstlə seyr edirdi. Spartakla dostu isə, nə isə, qeyri-adi bir tərzdə gah Zaura, gah Firaya, gah Zivər xanıma baxırdılar.

Alya xanımla Firəngiz qırağa çəkilib pıçıldaşmağa başladılar. Firəngizin pörtməsindən Zaur başa düşdü ki, hamilə olduğunu deyir anasına, Alya xanımın məmnun təbəssümündən bu xəbərin ona nə qədər ləzzət etdiyi də aydın olurdu...

Yüklərini gətirdilər. Spartakla dostu kömək elədilər Zaura, beş iri çemodanı maşınlarda yerbəyer elədilər.

Alya xanım:

– Fira bizim maşında gedər, – dedi və Murtuzovların hamısı Spartakın çəhrayı “Volqa”sına tərəf getdi. Spartakın dostu da onlarla mindi maşına.

Zaur öz maşınının sükanı dalına keçdi. Bir müddət motoru qızdırdı, sonra çəhrayı “Volqa”nın ardınca sürdü... Həmin o yola çıxdılar. Həmin o yola ki, bir neçə ay bundan qabaq bu yolla Zaur çəhrayı “Volqa”nı qovurdu... Amma Zaur həyatın qəribə dolanbacları haqqında düşünməyə macal tapmadı, Zivər xanım açıldı nə açıldı...

Hər şey məhz Zaurun düşündüyü kimiydi, Zivər xanım deyirdi ki, adamları tanımaq olmurmuş, neçə ilin qonşusudurlar, həmişə də Murtuzovları abırlı adam bilib, amma sən demə Alya şeytana papış tikənlərdən imiş. Özü də, əri də özlərindən elə müştəbehdirlər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Qızlarının da tayı-bərabəri yoxmuş onların gözündə, göydən qızıl zənbildə düşübmüş, bilməmişik... Hələ bütün bunlar dərdin yarısıymış, sən bir görəydin ki, o julik Spartakı necə tərifləyib göyün yeddi qatına qaldırır Alya xanım. “Spartak belə, Spartak elə”, dilindən düşmür arvadın Spartak. Arvadın həyasızlığına bax ki, düz Zivər xanımın gözünün içinə şappadan deyib ki, sən nahaq Zaurla Spartakı tən tutursan. Spartak hara, Zaur hara. Spartak müstəqil kişidir, bir evin dayağıdır, Zaur isə heç öz ailəsini əməlli-başlı saxlaya bilməz öz başına qalsa... Day mən də bu yerdə partladım, nə partladım. Nə olub, dedim, bəlkəm Zaur qapıva gəlib, səndən kömək-zad istəyib, ölüb-eləyib Zaurun atası-anası ki, sizlərə möhtac olsun... Zaurun, deyirəm, maşallah dalında dağ kimi dədəsi var... İndi gör bu ləçər qızı mənə nə cavab verir, – dədəsi, deyir həmişə olmayacaq ki. – Bəs sənin ərin necə, – dedim, – qurdla qiyamətə qalacaq? Hamımızın axırı bu qara torpaqdadır da, sən nə baxırsan ki, Zaurun atası xəstədir, heç kim bilmir ki, əcəl onu haçan və harda yaxalayacaq, görürsən bığıburma cavan yıxılıb ölür birdən, amma yaşlı, xəstə adam lap qoca yaşına kimi yaşayır. Bir də deyirəm, həkimlər deyib ki, professor yüz yaşı da sapsağlam başa vuracaq. Özüm qəsdən həmişə Alyayla danışanda atana professor deyirəm, qoy o polkovnik ərini çox gözümüzə soxmasın.

Zaur bütün bu ehtiraslara tamam biganəliklə yanaşırdı. Bilirdi ki, bütün ömrü bu dedi-qoduların içində keçəsidir indən belə. Bilirdi, qabaqcadan bilirdi ki, hər şey məhz elə bu cür də olmalıdır, odur ki, indi nə təəccüblənir, nə hirslənirdi. Əlbəttə, doğma şəhərə qayıdışlarının ilk dəqiqələrindən kefinə soğan doğramaq – anasının xasiyyətinə, təbiətinə uyğun idi. Amma məgər bu qayıdışın, bu dönüşün özü belə sevincli, belə fərəhli idimi Zaurçün?

Maraqlandığı üçün yox, nəzakət naminə soruşdu:

– Axı, bütün bu qalmaqal nədən başlayıb?

– Əşi, heç nə... Evinizin açarını Alyaya vermişdiniz. Nə deyirəm, öz işinizdir, yəqin elə məsləhət bilmisiz – ev sizin, ixtiyar sizin. Mən axmaq da fikir elədim ki, bəlkəm bir kömək lazımdır, yır-yığış eləmək lazımdır evdə, yəqin toz basıb da... Zəng elədim belə kamal-ədəblə dedim ki, Alya xanım, bəlkə onlar gələnə gedək bir evi yığışdıraq, künc-bucağı silək-süpürək, səliqəyə salaq. Yadımdadır axı, elə siz getməmişdən də ev tör-töküntü idi... Di, partlamadı. Alya xanım... Sən demə, şəstinə dəyibmiş xanımın: nə demək istəyirsən, deyir, tör-töküntü niyə olur Firanın evi?.. Nədi, baxmır deyirsən, evə?.. Nədi, deyir, neçə il onu naz-nemət içində böyütmüşük ki, sizin qulluqçunuz olsun? – Zivər xanım Alyanın zəhərli tonunu yamsılamağa çalışır, öz replikalarını isə həlim, yumşaq tonla tələffüz edirdi – yox, bacım, deyirəm, belə sözləri niyə gətirirsən dilinə, qulluqçu, qaravaş-zad nədir, intəhası cavandır da, hər şeyi get-gedə öyrənəcək. Hələlik biz, deyirəm, onlardan böyüyük, təcrübəliyik, gərək qollarından tutaq, kömək eləyək, gedək bir yır-yığış eləyək, nə olacaq xəncərimizin qaşı düşməz ki. Bəlkəm mənim də bir köməyim dəydi. Yox, deyir, heç bir kömək-zad lazım deyil, – mən, deyir, bacılarımla gedib hər şeyi öz qaydasına salaram onlar gələnə... Bacılarını da tanıyırsan da... Biri o atmaralıdır Tahirə, əri yazığı bir qoz qabığına soxub ki, yazıq cınqırını çıxarda bilmir... O biri də Süreyya – onu da tanıyıram nə yuvanın quşudur. Birinci ərini basdırıb, ili çıxan kimi bu Nemətə calayıb özünü – yanında da iki balası, neçə yaş cavandır özündən əri... Qızlarından da ki, olmaz.

– Yaxşı, ay ana, – deyə Zaur Zivər xanımın sözünü kəsdi, – bütün bu həngamə nədən başlayıb axı?.. Evi yır-yığış eləməkdən?

– İş yır-yığışda deyil e... İntəhası tanıdım bu adamları... Bu üç bacının xasiyyətiymiş bu – ərlərinin başında turp əkmək. Tahirəsi də elədir, Süreyyası da... Alyanın özü elə deyil? Sən bu Murtuzun qozqurablığına, bazburutuna-filana baxma, arvadından it kimi qorxur, nə buyursa arvad, ləbbeyk deyir, bəs necə... Səni də eləcə tryapka eləmək istəyirlər ki, onların hər nazıyla oynayasan, ata-anadan keçəsən, naxələf çıxasan, onların istədiyi budur, bə nə?

– Yaxşı, ay ana, boşla görək.

– Düz demişəm?.. Alya qaçırtdı da dilindən. Sən demə, Alya xanım belə hesab eləyir ki, bizim ailəyə böyük minnət qoyub – əziz-xələf qızını sənə verib. Sən guya heç layiq də deyilsənmiş belə dünya gözəlinə ər olmağa.

– İndi nədi, danışmırsız bir-birinizlə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri