On yeddinci fəsil
Səhifə 2 / 2 · 50%
– Qulaq as... Demək, bir neçə gün keçir, sizdən də bir xəbər yox, yaman nigaranam, Alyaya zəng vururam, görüm bəlkəm onlar teleqramdan-zaddan bir şey alıblar. Zəng eləyirəm, ədəblə belə hal-əhval tuturam. Özün necəsən, ərin necədir... Di, düşmədi mənim üstümə. Nə yemisən turşulu aş, day dişinin dibindən çıxanı dedi mənə.
– Niyə axı?
– Qulaq as, danışıram da – ...Sitarəni tanıyırsan da, qonşumuzu. Gəlib bir dəfə bizə, deyir, eşitmişəm Zaurun, maşallah, əntiqə evi var, özü də aləm obstavit eləmisiz. Gələndə onlar, deyir, bir mənə də papaq elə, mən də gedim baxım... Mənim də ürəyim təmiz, nə bilim ki, camaat qan çıxmayan yerdən qan çıxardır, açarlar, deyirəm, Alyadadır. Ev sahibləri ona, deyirəm, etibar ediblər açarlarını, ona denən, deyirəm, aparsın səni Zaurgilə elə indi, daha gəlməklərin neyləyirsən gözləyib?.. Day bilmirəm mənim sözümü Sitarə nə cürə çevirib deyib Alyaya, od vurub Alyanın təpəsinə. Düşmədi mənim üstümə, nə deyir bütün şəhərə car çəkirsən ki, ay açar belə gəldi, ev elə getdi. Göndərirəm, deyir, Spartaknan o andıra qalmış açarlarını, o eviniz də ki, var, deyir, nə belə mataq şey imiş... Firoçka, deyir, istəsəydi min pay bundan yaxşı evlərə köçə bilərdi. Elçilər, deyir, qapımızın dabanını çıxartmışdılar.
– Hansı elçilər?
– Əşi, yalandır deyir də, gözünün içinəcən... Kim idi ona elçi düşən? Yəni – mən bilmirəm, camaatın gözü kor, qulağı kardır bəyəm?.. Allahına şükür eləsin ki, qızının bəxti belə açılıb... Eybi yox, mən də bir iki kəlmə şirin söz dedim ona. Qiyamətəcən yadından çıxmaz. Məni o deyil, e, özümdən çıxardan, o əri heyvərədir. Guya ki, belə ağır kişidir, ağsaqqaldır öz aləmində, amma arvad işlərinə qarışmaqdan utanıb xəcalət çəkmir. Götürüb telefonu bu da, deməli, mənim üstümə xoruzlanır.
– Mənim atam da ki, Alya xanımın cavabın verib, hə?
– Xeyr, bircə o çatmırdı... Sənin atan əsil kişidir, arvadnan ağızbaağız verən qurumsaqlardan deyil. Amma Murtuzla danışdı, özü də əməlli-başlı danışdı.
– Görürəm burda vaxtınızı şən keçirmisiz.
– Elə bilirsən bu hayıfı qoyacam mən onda? Məni yaxşı tanımırsan. Bircə bax sən sarıdan...
Zaur bu söhbətin gizli mənasını yaxşı başa düşürdü, anasının gözlərindəki nigarançılığın, qorxunun, tolaşın səbəbi də aydın idi ona. Anası ondan arxayın deyildi, qorxurdu ki, birdən Alyayla qızı Zaurun saqqızını oğurlayıb, öz tərəflərinə çəkərlər, bu ölüm-dirim mübarizəsində Zaur əks cəbhəni seçmiş olar... Zaur düşünürdü ki, anası gətirdiyi hədiyyələrdən xəbərdar olanda, biləndə ki, Zivər xanımla Alya xanıma eyni cür çəkmə, Məcidlə Murtuza eyni cür köynək alıblar, amma üstəlik, Spartaka iki qəşəng qalstuk da gətiriblər və bu qalstukları şəxsən Zaur özü seçib, gör onda nə mərəkə olacaq. “Bizim pulumuza səfərə çıxan öz oğlumuz qudalarımıza da elə bizə gətirdiyindən gətirir, hələ üstəlik Spartakı da yaddan çıxartmır, heç belə müsibət olar?..”
Şəhərin içinə girmişdilər və Zaur gördü ki, çəhrayı “Volqa” sağa buruldu. Deməli, Firəngizin valideynləri öz evlərinin qabağında düşəcəklər. Bəlkə Firəngiz də onlara gedir – ata evinə...
Bəlkə ümumiyyətlə, Alya xanım Firəngizi Zaurdan boşatmaq fikrinə düşüb?.. Çünki yəqin ki, o biri maşında da Alya xanım eyni hadisələri, eyni hiddətlə, amma tamam başqa şərhlə bəyan edir... Bəlkəm o biri maşında söhbət nisbətən sakit gedirdi, axı hər halda, Spartakın dostu da – tamam yad bir adam da var idi orda... Amma ehtiraslar elə qızışmışdı, elə püskürürdülər ki, yəqin orada da doğmaya, yada məhəl qoyan yox idi... Bayaq təyyarədən düşəndə uzaqdan Murtuzovlar hər ikisinə – Zaura da, Firaya da eyni cür gülümsəyirdilər, amma yaxına gələndə məlum oldu ki, bu təbəssümlər yalnız qızlarına aid imiş. Zaurla ağızucu görüşdülər. Deməli, bəlkə, doğrudan da, elə Alyanın niyyəti onların nikahlarını pozmaqdır? “Bəs uşaq necə olacaq görəsən?” – deyə düşündü Zaur və özü də başa düşdü ki, “boş fikirdir”, əlbəttə, heç kəs onları boşatmaq istəmir...
Evlərinə çatanda Zaur:
– Yaxşı axır kimdə qaldı açarlar? – deyə soruşdu.
Zivər xanım qürurla:
– Kimdə olacaq, əlbəttə, məndədir, – dedi.
Zaur çemodanları maşından çıxaran müddətdə Spartakın çəhrayı “Volqa”sı da gəlib çatdı və Fira da maşının içindəydi. Zaur, doğrudan, sevindi arvadının gəlməsinə... Spartak Zaura kömək elədi, şeyləri 8-ci mərtəbəyə qaldırdılar. Zivər xanım qapını açdı, dördü də mənzilə girdi... Zivər xanım amiranə bir tərzdə Spartaka göstəriş verdi:
– Çemodanları bax o küncə qoy. – O özünü evin sahibi hiss edirdi, istəyirdi ki, başqaları da bunu dərk etsin birdəfəlik.
Spartak:
– Yaxşı, mən gedim, – dedi. Spartak nə isə tamam başqalaşmışdı elə bil, yavaş danışırdı, həmişəki kimi səs-küylü deyildi və elə bil hətta gözlərinə də kədər çökmüşdü...
Zaur onu qapıyacan ötürdü, liftin düyməsini basdı, lift səkkizinci mərtəbəyə qalxmağa başladı. Spartak ona nə isə demək istəyirdi və Zaur yəqin bilirdi ki, nə demək istəyir, Spartak. Şübhəsiz, iki ailənin bu qarşılıqlı ədavət və nifrət toruna Spartak da düşmüşdü və bəlkə indi özü də istəmədən Zaura Alya xanımın, ya Murtuzun hansısa sözünü, hədəsini, ya təklifini, ya nə bilim, xəbərdarlığını çatdırmalıydı. Məcbur idi buna, ürəyində istəməsə də... istəməməyinə isə, açıqaşkar görünürdü ki, istəmirdi, yoxsa bu qədər kədərli ifadə çökməzdi sifətinə, yazıq biçarə... Lift axır ki, gəlib çıxdı, qapısı açıldı. Spartak, nəhayət, iradəsini toplayıb boğuq səslə:
– Bilirsən, Zaur... – dedi. – Sənə demək istəyirdim... Təhminə... ölüb...
Liftin içinə girdi və əlavə etdi:
– Serroz... Qara ciyəri... İyirmi günün içində yandı getdi yazıq.
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-on-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Üç yüz otuz üç!Heç kəs hay vermədi.
Nərgizin Xoruz babaya məktubuSalam, Xoruz baba!Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, duma, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş.
İki – birFələk iki-bir atdı*Bəxtimin nərdi kimi*
Dadaşın professor Teymur Mahmudova məktubuMoskvaDobrolyubov küçəsi, 11-ci ev, mənzil 7